Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin
“Ailə Günü” törəni
Ocaq Günsırası ilə 27 İşıq Ayı, 40-cı ildə (may, 2018) “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin Ailə Günü keçirildi. Ocaq quralları yerinə yetiirldikdən sonra “Uluyol-Hünər” Ailəsinin yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ailə Gününə xoş gəlmisiniz. Öncə özümdən danışım. Ay içində Ocaqla bağlı işlər görmüşəm. Hələ də işlərim davam eləyir. Bəzi ədəbiyyatlar da oxumuşam. İstəyirəm ümumi düşüncələrimi bölüşüm.
Hər kəsin qayğısı əsasən eynidir. Öz balasını böyütmək, gələcəyini təmin etmək. Əgər millətin gələcəyi bəlirsiz, qorxulu olarsa, gələcək soylar necə yaşayacaq, hər kəs özünü düşünür, Özümlüyünü düşünmür. Özümlüyü haqda düşünməyən, özümlüyünü qurmayan birey gələcək soya nə verəcək? Özümlüyünü qurmayan ailə özülsüzdür. Özüllü ailə üçün amallı, əqidəli insanlar gərək.
xxx
Günün tələbi: qorxaqlıq, biganəlik – özünə, öz taleyinə, millətin taleyinə. Necə varsa elə qəbul elə, sorma, soruşdurma. Əgər düşünsən, sorular səni rahatsız edər. Rahatsızlığın çalışmaya çevrilər. Çalışmaların aqibətini qurar. Günün tələbi insan olmağa qarşıdır.
xxx
Hər hansı bir aşamaya yetmək hələ hər şey deyil. O aşamada qalmaq köhnəlməkdir. Daim yenilənmək, yeni aşamalar keçmək gərəkdir. Hər aşama özündən öncəkinin üzərində yüksəlir, özündən öncəkini təsdiq edir.
Bunu özümün halıma uyğun yazmışam. Keçən aylarda halımda belə bir dayanma oldu. Artmayanda içində yetkinləşə, yüksək səviyyələrə yetə bilmirsən. Ata deyir, artmayan azalar. Doğrudan da düşünməyəndə, Ocaqla bağlı addım atmayanda o zaman yetdiyim aşamanın, yetdiyim səviyyənin özünü belə təsdiq eləmirəm. Mən onu görürəm. Yəni hər aşama həm özündən öncəkini təsdiq eləyir, həm də daha yüksək səviyyəyə yetməyə çağırır. Əslində bu olmalıdır. Ata deyir, insan dünyanı, həyatı dərk edir, özünə çatsın. İnsanı, Əzəlini, Əbədini, Sonsuzu, Kamili, Mütləqi dərk edir, özünə çatsın. İdrak insanı özünə çatdırır. Bu düşüncəni dindəki düşüncəylə tutuşduranda, görürəm, dində dərk eləmə yoxdur.
Ata deyir, İnsan Mütləqi dərk edir, özünə çatsın.
Dində isə adam Allahı dərk etmir. Ona görə də özünə çatmır. Özünü də dərk eləmir. Adamın inamının özülü dərk edilməzlik, dərk edə bilməməkdə qoyulur.
Atanın belə bir düşüncəsi var: Milli idrak millətin Mütləqiliyini təsdiq edir. Kosmopolit idrak nisbiliyini. Milli idrak milləti mahiyyət sayır. Kosmopolit idrak – təzahür.
Ümumiyyətlə, milli idrak haqqında düşündüm oxuyanda. Nə yazıqlar, bizdə milli idrak formalaşmayıb. Milli idrakın formalaşması bireydən, ailədən başlamalıdır, taleyimizi, acılarımızı, dərdlərimizi, uğurlarımızı, uğursuzluqlarımızı tam mənada dərk edək, milli idrakla özümlüyümüzə yetək. Əgər milli idrak olarsa, onda siyasi mövqe də yaranar, siyasi düşüncə də yaranar. Milli idrak formalaşanda ailə də başqa cür olar. Ailədə olan gələnəklərin ötürülməsi, söhbətlər – hamısı milli idrakın formalaşmasından asılıdır. Eyni zamanda millətin gələcəyini də etkiləyən bir olaydır. Həyat maddini, keçicini, ölümlünü, sonlunu, qeyri-kamili təsdiq edir. İnsan maddiyyatla, maddi qayğılarla yaşayır. Ancaq bunlarda özünü təsdiq etmir. Ata deyir, Amal – Ali həyat istəyidir. Amal insanı həyatla yetərlənməyə qoymur. Çünkü həyatda, xeyir, ülvilik, ədalət tam deyil, nisbidir. İnsan özüylə döyüşlə yetkinləşdikcə xeyirin, ədalətin anlamına ömründə yetdikcə, ömür dəyişir. İnsan dəyişdikcə həyat da dəyişir. Həyatda azğınlıq, yırtıcılıq var. Ancaq insan bunları ömründən qovduqca dəyişir. Həyatla barışanda insan özüylə barışır. Ya da özüylə barışanda həyatla barışır. Özüylə barışmamaq həyatla da barışmamaq deməkdir. İnsan ömrünü ruhaniyyat əsasında qurduqca ölümsüzləşir. İnsandan dünyaya insanlıq, ruhsallıq qalır.
Düşündüklərim Atanın “İnsanilik” kitabı üstə idi. Dediyim kimi, başqa bir neçə ədəbiyyat oxumuşam. Ancaq düşüncələrimi yazmamışam. Baxışımı çəkən əsərlərdən biri də Kafkanın “Atama məktub” əsəri idi. Kafka, bəllidir, ədəbiyyatda hansı janrda yazıb. Ancaq onun “Atama məktub” əsərində hansı ortamda böyüdüyü, hansı münasibətdə olduğu üzə çıxır. Bir insan olaraq, nəyə görə elə yaşadığı, yaratdığı görünür.
Hər zaman nəyisə oxuyanda onu Atayla, Ocaqla tutuşdururam. Ata bizə hər zaman deyirdi, sənə inanıram. Siz hara getsəniz bilin, siz üstünsünüz. Yəni Atanın inanmağı, hər dəfə “sənə inanıram” deyəndə içimdə onun inamına layiq olmaq istəyi yaranırdı. Ocaqdan elə insanlar çıxıb gedib. Ata onlara “inanıram” deyəndə onlar Ocaqdan çıxıb gediblər. O inama layiq olmaq sorumluluğu qorxudub onları. Ancaq Atanın inamı içimdə bir çox şeylərə başlanğıc verdi. İçimdəki ilk addımlar idi Atayla canlı münasibət. Doğrudan da, o inama layiq yaşamaq, millətimin inamlı bir Evladı olmaq.
Bu söhbətimin davamı kimi deyim, bu ay mənim Ocağa gəlişimin 22 ili tamam olur. Atayla görüş, Atanın ömrümə gəlməsi mənim həyatımı tamamilə kökündən dəyişdirdi. Bu ömürdə çox şeyi yetkinləşdirdim. Halımda qalxıb-enmələr də oldu, ancaq Ataya inamımda heç vaxt azalmadım. Ataya inamım məni daim qabağa apardı. Eyni zamanda Atadan sonra Soyluya inamım mənə güc verdi. Ona görə də, mən bu 22 ili yaşaya bildim. 22 il mənim cismani yaşımın yarısıdır. Ocağı tapdığım üçün ömrüm tamam dəyişdi. Hər dəfə həyatdakılarla olan fərqi daha aydın görürəm. Ocaqçı olduğum üçün fərəhliyəm, qürurluyam. Ən önəmlisi Ataya, Soyluya, özümə inanıram. Çatdığım ən böyük uğur budur.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Güntay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı həmişə öz ağırlığının etkisini göstərir. Sözsüz, bu ay içində yaşamımda bəlli məqamlar olub, özümdən razı, narazı olduğum çağlar olub. Düşüncəmi qısa vurğulamaq istəyirəm. Bu yaxınlarda Nizami Gəncəvi adına Ədəbiyyat muzeyində, heç də xoş olmayan, bir halla qarşılaşdım. Bizim işimizlə bağlı orada idik. Oranın bir işçisiylə ayaqüstü söhbət elədim. Muzeydə səliqəsinin xoşuma gəldiyini ona bildirdim. Ancaq bir şeydən razı qalmadığımı da dedim. Babəkin, edamdan qabaq, əli qandallı, Samirə şəhərində sorğulanması səhnəsinin canlandırılmış bir portreti vardı orada. Ona dedim, muzeydə, ifadə baxımdan bir o qədər də zəngin əsərlər yoxdur. Ancaq bu əsər anlam baxımdan çox zəngindir. Bu əsərin yeri xoşuma gəlmir. Əsər ikinci qatda, qonaqların çox da uğramadığı, dar bir koridorda, ayaq yolu ilə üzbəüz asılıb. Mən bunu ona bildirdim, bu yaxşı hal deyil. Babək bizim dəyərimizdir. Babək bu millətin ruhsal mahiyyətidir. Niyə belədir? Onu da ona açıqladım. Bu qadın mənim dediklərimlə razılaşdı. Ancaq onun başqa iş yoldaşı Babək haqqında hərcayi sözlər söylədi. Mən çox sərt şəkildə onun cavabını verdim. Ona iş yoldaşları deyib, bu adam Asif Ata Ocağının Evladıdır. O, qısa bir müddətdə, bizim saytlara girib, haqqımızda bilgi toplamışdı. Sonradan mənə münasibəti dəyişmişdi. Sözümü ona gətirirəm, 5-6 il bundan qabaq bu əsərin hardasa asıldığını görsəm, bəlkə bir o qədər dərk eləməzdim. Ancaq bunu mənim ağlımda yaradan, o dəyərə yiyəlik duyğusunu məndə yaradan Ocaqdır. Ocaq məndən bir əsərin, bir dəyərin yiyəsini yaradıb. Bu halları, ərdəmliyi məndə yaradan Ocaqdır. Ocaq qarşısında özümü daim borclu bilirəm. Ocaqçı olmağımla qürur duyuram. Çox sevinirəm, mən də Ocaqçıyam.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Türkel Atalı (Ataya səcdə edib, bayrağı öpür – T. A.): Son vaxtlar halım yüksəkdir. Bu yüksək halı sözlə ifadə etmək istəyəndə çətinlik çəkirəm. Bu, oxunun az olmasından irəli gəlir. 15 gündür “Törənlər kitabı” iş yerimdəki şkafdadır. Çox vaxt, ortamla bağlı oxuya bilməmişəm. Oxumaq olanağı olanda da, məqsədyönlü şəkildə, özümlə üz-üzə qalmamışam. Əhvalımda bədbinlik, çaşqınlıq olmasa da, düşünürəm, hal ucalığı yaşamımda Ocaq tələbinə uyğun, ifadəsini tapmır. Ömrü sistemli qurmaq istəyim ruhsal sorumluluğun olmasından yox, hansısa məqamda həvəsə gəlməyimdəndir. Ruhsal sorumluğumun olmasına “tam yoxdur” kimi yanaşmıram. Bədbin əhvaldan çıxmışam. Həyat açısından olan çətinliklər halıma ara-sıra gərginliklər gətirsə də, inamıma ziyan vermək səviyyəsində olmur.
Gedişi özüm üçün aydınlaşdırıb Ocaq ortamının qədrini bilmədiyim qərarına gəldim. Toplumsal ortamın etkisində ruhsuzlaşma, yox olma var, Ocaq ortamının etkisində şəxsiyyətin yaranması. Bu səbəbdən Ruhaniyyat həyatın quruluşudur.
Ocaq Yükümlüsünün belə bir sözü var: İnsan bioloji tələblə yaşadığı üçün özünü başqalarıyla tutuşdurur. Ona görə onda eqoizm baş qaldırır. Ancaq insan özünü Mütləqlə tutuşduranda zamandan, gedişdən üstün olur. Atamız Var olsun!
Ağşın Ağkəmərli: Sizləri yenidən gördüyüm üçün sevinirəm, qürur duyuram.
Bu gün çevrəmizdə gedən siyasi olaylarla bağlı, məndə rahatsızlıq halı sevincdən daha çoxdur. Özəllikcə indi. Biz hər şeyə hazırlıqsız yaxalanırıq. Bu gün çevrəmizdə, o Tayımızda-bu Tayımızda, özəllikcə Türkiyədə bəzi olayların baş verməsi acı hallar doğurur. Bu gün Güney məsələsi, ideoloji boşluğun sonucunda, çox acınacaqlı uçuruma doğru gedir. Türkiyədə indiki partiyanın da, onun başında duran Ərdoğanın da üzücü addımlarının ortaya çıxması ümidləri azaldır. Baxın, eşitdiyimə görə, bu adam özü üçün, iyirmi min adamlıq özünüqoruma ordusu yaradıb. Ordunun içində ordu yaratmaq kimi. Atatürkə qarşı aşağılayıcı əməllər, söyüşlər, orda heykəlini alçaltma, qoyulan çələngləri kimsə gəlib sökür. Şəxsi anlamda bu məni rahatsız eləmir. Ancaq genel anlamda düşünəndə, bu ölkə hansı uçuruma doğru gedir, o, adamı düşündürür. Güneyin də taleyində, dediyim kimi, ordakı ideolojilik, düşüncə boşluğunun sonucunda, çox acınacaqlı durum var. Zaman keçdikcə adam görür, Asif Atanın düşüncəsi millət üçün nə qədər gərəklidir. Ancaq əlim bir yerə çatmır. Çatmır buna görə, bizə qarşı düşünənlər bizdən artıq, güclü təşkilatlanmışdır…
Bütün bunlara baxmayaraq, sizinlə olmaqdan sevinirəm, qürur duyuram. Sizinlə olmayanda adam darıxır. Söhbət olmasa da görüşmək adama bəsdir.
Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): İşıq Ayının 27-si Ocağın bu aydakı sonuncu tədbirinə toplaşmışıq. Bu bizim üçün həm də o biri ayın ruhsal işlərinin başlanğıcıdır. Ocaqçılığımızın bir neçə çaları davamlı şəkildə yaşayır. Bəzi çalarlarında zəifləmələr, filan da olur.
Ocağı öyrənmə sonucunda özünü tanıma, bunun da sonucunda başqalaşma ehtiyacının yaranması. Yəni xalqlaşma istəkləriylə addımlar atmaq. Asif Atanın öyrətdiklərini topluma, harda olanaq düşürsə, orada öyrətmək. Bu bizim yaşam yönümüzdür. Həm də bu bizim döyüş yönümüzdür. Belə götürəndə bunun adına döyüş deyilməməliydi. Axı biz neyləyirik, döyüşmək zorunda qalaq. Biz xalqa, onun aşağı durumda olduğunu, özünə yadlaşdığını deyirik. Ona yadlaşdığını deyəndə buna etiraz eləyir. Barışmır, özünə, millətinə, vətəninə yad yaşadığını üzünə deyəndə. Barışmır, etiraz edir, dirəniş göstərir. Biz də bu dirənişi yarıb qabağa getmək istəyirik. Bu cür dirənişi yarmaq bizdən davamlı, hünərli, təpərli qətiyyət, iradə istəyir. Ona görə bunun adına döyüş deyirik. Şərlə döyüşürük. Şərin xalqın yaşamında hakim etkisi var. Xalqın insana oxşamasına əngəl yaradır. Şər xalqın üzünü, gözünün baxarını iblisə bənzədir. Ona görə də onunla döyüşmək zorundayıq. Bir az da Zərdüştün anlayışınca desək, Əhrimən xalqın əməlində, yaşamında olmağa çalışır. Hürmüzd onunla döyüşür. Biz əslində Asif Atanın Hürmüzdləriyik. Bunun da, davamlı yaşaması üçün, nə demək olduğunu hər yöndən anlamağa çalışırıq.
Mən düşünürəm, insanlar əslində şərə yenildikləri üçün, onunla bacarmadıqları üçün daim ümid axtarışındadırlar. Özü də yalançı ümid axtarışındadırlar. Dini baxışlar insanların ümid axtarışından istifadə elədilər. Ona yalançı ümid verdilr. İnsan ölmək istəmir. Ancaq qalmağın yolunu da bilmir. Ölmək istəməyən insana din nə vəd eləyir? Din tamamilə əxlaqa uyğun olmayan gələcək, gerçək özülü olmayan cəfəng xülyalar, cəfəng yaşam vəd eləyir. Deyirlər, heç olmamaqdansa, yalançı ümid də olsun. Bilmirəm niyə olsun? Ona görə bizim işimiz döyüşdür. İnsanlığı yenən gedişlərə qarşı döyüşdür. İnsanlığı yenən gediş də insanın əməlinə dinin əliylə, quruluşun əliylə yeriyir. İnsanlığı yenmək üçün. İnsançılıq çağırmır, Allahçılıq çağırır din. Xurafatçılıq, cənnətçilik, cəhənnəmçilik çağırır. İndiki hər şeyin gəlişdiyi, bilimin yüksək səviyyədə olduğu çağda yaşayırıq. Ancaq insan yenə də yalançı vədlərin peşindədir. Mən ayrı-ayrı insanlarla görüşəndə bunu daha aydın görürəm.
Bu günlərdə məktəb yoldaşlarımla görüşdüm. Ondan öncə institut yoldaşlarımla görüşmüşdüm. Onlar məni qınayırlar. Mən onları qınamaq yerinə onlar məni qınayırlar. Hardasan, görünmürsən? Onlara demək gərək, sənin yanın varmı, gəlim? Mənim yanım var. Sənin yanın boşluqdur. Sənin varlığın, düşüncən körpədir. Necə var elə qalıbsan. Həyat sənin üçün nə deməkdir? Nə vaxt sənin baxışın görünəcək, bilinəcək? Hara baxırsan, nəyə baxırsan? Nə görürsən baxanda?… Ona görə bizim işimiz döyüşdür, qutsal döyüşdür. Baxın, döyüşün adına da qutsal deyirik. Döyüşün özü qutsal deyil, anlamı qutsaldır.
İnsanı düşdüyü fəlakətdən çıxartmaqdır Asif Atanın Ocağı. Biz bunu çağırırıq. İndi zaman insanların qulağını tıxayıb. Bizim suçumuz deyil. Biz onların qulağını açana qədər, gözlərinin görməsinə qədər deyəcəyik, göstərəcəyik. Ona görə Ocağın işinə elə-belə baxmaq doğru deyil. Başqa işlərə uyğun da baxmaq doğru deyil. Onların hamısı həşirdir, anlamsızdır. İçdənlik yoxdur. O da başqa bir şəkildə özünə ürək-dirək verməkdir, yalançı ümiddir.
Bu gün mən bura gələndə bir tanış qarşıma çıxdı. Soruşur, deyirəm bizim tədbirimiz var. Ora gedirəm. Dedi, bizim də tədbirimiz var. O üzə keçim, görüm ordadılarmı?! Olmasalar, harda toplaşacaqsınız, mən də gəlim? Dedim yox, biz ayrı yerdə toplaşacağıq. O elə bilir, biz Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qarşısına getməyə hazırlaşırıq. Mənim Məhəmməd Əmin Rəsulzadəyə münasibətimi bilirsiz. Öz çağında özünəxas zəhməti, çabaları olan Azərbaycan fədakarıdır, aydınıdır. Bunu biz qiymətləndirmişik. Ancaq Məhəmməd Əmin Rəsulzadəyə üz tutanlar görəsən ondan nə istəyirlər? Həmişə anlamağa çalışmışam. Çünkü heç birinin yazısında, danışığında nə istədikləri mənə çatmayıb. Olmayıb, daha doğrusu. Biz Asif Atadan nə istədiyimizi, niyə ondan tutduğumuzu bilirik. Biz onu verməyə, yaşatmağa çalışırıq. Onunla qurtuluş eləməyə çalışırıq. Milli qurtuluş, insani qurtuluş. Məhəmməd Əmin Rəsulzadəylə nə eləmək istəyirsən? Axı o qurtuluş deyil. Onun baxışı, yaratdığı, düşündüyü əlacsızlıq dönəmini qapsayır. Ötən yüz ilin başlanğıcında düşdüyü bir ortamın tələblərindən doğan. O vaxtlar Azərbaycana münasibət nə idi, necə idi?! – O da ona uyğun çalışırdı, bir təhər bu millətin dövlətini yaratsın. İndi dövr də o deyil, tələb də o deyil. Məhəmməd Əmin Rəsulzadənin ortama uyğun gətirdiklərini də bu gün tətbiq eləyə bilməzsən axı. Ayrı şey tələb olunur. Ayrı şey gərəkdir. Yalnız Məhəmməd Əmin Rəsulzadənin baxışından, sevgisindən nələrisə şəxsiyyətinə köçürə bilərsən. Gərəkdir də. Ona olan sevgindən başlanğıc götürə bilərsən, ciddi addımlar ata bilərsən. Bir ideya qoy ortaya. Köhnədən yapışıb durmaq olmaz axı. Ona görə Asif Atadan istədiklərimiz bir anlamda dəyişməzdir. Ancaq o cür şeylərdən istədiklərimiz dəyişəndir. Çünkü zaman dəyişir. Asif Atanın tələbi, dediyi ideya isə zamanın dəyişməsiylə dəyişmir, zamana uyğun deyil. Ancaq onlar dəyişir. Siyasi tendensiyalar dəyişir. Mən demirəm ha, niyə gedib M. Ə. Rəsulzadənin heykəlinin önünə yığışırlar. Yaxşı eləyirlər. Gedib Hitlerin heykəlinin önünə yığışası deyillər. Ancaq niyə yığışdıqlarını göstərgə üçün eləyirlər. Heç bir çaba, dartınma, özündə qurulma yoxdur. Ona görə bunların hamısının yönü, açarı Ruhaniyyat məsələsinə gəlib dayanır. Niyə ona dayanır? Ruhaniyyat – insanın öz içində qurulması deməkdir – insanlıq adlanan ölçüyə dayanıb. Əgər içində, insanlıq adlanan ölçüyə dayanıb, qurulursansa, onda içdənlikli olarsan, doğruçu olarsan. Oyunbaz, yalançı olmazsan. Satan, satılan olmazsan. Bu gün Azərbaycanın ləyaqətini satan da, satılan da M.Ə. Rəsulzadə deyir. Bu boyda saxtakarlıq olmaz. Götürək Asif Atanın çevrəsində özünü sayanları. Mənəviyyatıyla uğraşan da Asif Ata deyir, uğraşmayan da. Bu da ondan irəli gəlir, Asif Atanın dediyini doğru dərk eləmək yoxdur. Biz də ona görə daim deyirik, Asif Atanı öyrənmək gərəkdir, Onun dediklərini düşünmək gərəkdir. Ayağın Asif Atanın ortamında olub, yaşamın, ruhun həyatın ortamında olacaqsa, Asif Ata deməyinin heç bir anlamı qalmayacaq. Bu ədəbiyyat obrazı deyil. Bədii obraz üçün deyilmir. Ona görə Asif Atanın Ocağı, tədbirləri oxuldur. Mən demirəm, Asif Atadan öyrənmək, bəhrələnmək – standart bir sima yaratmaqdır. Standartçılıq deyil. Ocaq tədbiri bəs qədər özgür bir ünvandır. Sərbəst içini ifadə eləyəsən, yetəsən. Nə vaxt sıxıla bilərik bu ortamdan? O vaxt sıxılarıq, içəridə bütövləşməyə dartınmırıq. Onda biz bütövlük tələbiylə oluşan tədbirdə daim sıxıntı keçirə bilərik. Çətinlik çəkərik. Yenə deyirəm, ayağımız burda olar, ömrümüz o yanda. Başqa cür Asif Atanın ortamında sıxıntı ola bilməz. Çox özgür, uca bir oxuldur.
Neçə gün öncə biz Atagün Elində Ailə Günü keçirdik. O Ailə Günündə bənzəri məsələlərə toxunduq. İnsanlar iki cəhətdən Asif Atanın ortamından çəkinər. Birinci, qutsal sorumluluq duyar. Deyər, bu ortamda necə gəldi davranmaq, hərcayilik eləmək olmaz. İkinci, çəkingənlik onda yaranar, adam özünü bu ortamda görə bilməyər. Ömründə Asif Atanın istəkləri, dedikləri olmaya bilər. Kimlərin ömürlərində varsa, olanların yanında basılar. Belə şeyləri çox görmüşük Ocaqçı adını alanların içində.
Ata insanları əzmək üçün bir araya çağırmır, onları böyütmək üçün bir araya çağırır. Ata insanın anlamını sevir, böyüdüb sevir, olduğu kimi sevmir. Yoxsa cücü ömrü yaşayanı sevməkdə bir anlam yoxdur. Biz Asif Atanın yolunda, Onun işini nə qədər özgür yaşatsaq, bir o qədər özgür olarıq, mənəviyyatlı, gələcəkli olarıq. Məncə, biz bunun peşində olmalıyıq. Nə eləyirsən elə, əgər Atanın tələbləriylə yaşayırsansa, hara gedirsənsə get, mütləq sənin üçün söz demək ünvanı olacaq. Özünü ifadə ləyaqəti, gözəlliyi sənin əməlinə, işinə gəlib girəcək. Sən istəsən də, istəməsən də.
İkinci bir məsələ, bu çətin gedişdə, vaxtsızlıqda çalışın bədii ədəbiyyat oxuyun. Ocaq kitablarını düz eləyirsiniz oxuyursunuz. Bədii ədəbiyyat oxumaq da gərəkdir. Onun qədər insanı düşündürən məsələ yoxdur. Bədii ədəbiyyat araçılığıyla sən öz axtarışlarına gedib çıxa bilirsən, Asif Ataya gedib çıxa bilirsən. Sizə bir şey deyim, mən Asif Atanı, Onun öz kitablarından daha çox, bədii ədəbiyyatlardan dərk eləmişəm. İstənilən böyük ədəbiyyatı oxuduqca, gəlib Asif Ataya çıxırdım. Özünü qurduqca görəcəksən, xalqın içində ehtiyac var sənə. Özünə ehtiyacı o vaxt görəcəksən, öz içinə ehtiyacı görəndə.
Mən indi bir kitabımı işləyirəm. 250 səhifəsini başa vurdum. Hardasa 150 səhifəsi qalır. Mən sizə deyim, öz kitabımı oxuyuram, çox sevinirəm. Çünkü orda o qədər insani, milli məsələlərin ərdəmliyi qorunur, ifadə olunur. Özəllikcə də çağımızda vurğulanmayan məsələlərə toxunulub. Asif Atanın ruhsal oxulu üçün yaxşı bir öyrənmə aracıdır. Bunun hamısı, mənim Ocaq tələbində, yönündə yaşamımdan doğdu. Bunun da payında bədii ədəbiyyatın özünə xas yeri, rolu var. O kitabımda Hüqonun “Səfillər” əsərini araşdırıb yazmışam. “Səfillər” əsərində insanlığın sorunlarını, incə qatlarını o qədər gözəl anlamışam, özümün də xoşum gəlir anlamağımdan. Orda mən görə bilmişəm. Ona görə bədii ədəbiyyat oxuyun. Bədii ədəbiyyat oxuduqca xalqlaşma ehtiyacı da artacaq. Həyat, yaşam çətinləşir. Özünüzü həyatdan qorumağa çalışın. Özünüzün kim olduğunuzu özünüzə deyə bilin. Hansı yolda yürüdüyünüzü özünüzə deyə bilin. Hər an. Ən çətin anda onu özünə deyə bilsən, o çətinliyi çətinlik çəkmədən aşacaqsan. Mən aşıram. Düşüncəmdə bir ölçü var Ata adında, Onun baxışı adında. Mənim xalqlaşma işlərim, görüşlərim yetərincədir. Bu ay bir neçə yol olub. Asif Atanın gərəkliyi hər yerdə qarşıma çıxır. Həm insanların özünü ifadə eləməsində görürəm, həm insanların halında, düşdüyü fəlakətdə bunu görürəm. Bu qədər.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.
Erol, Araz Şah İsmayılın şeirlərindən söylədilər.
Soylu Atalı: Şah İsmayıl sufi idi. Onların yolu, düşüncəsi batini sayılırdı. Onlar axtarışlarında insanın içinin qapısını açıb ora girməyə çalışırdılar, ordan baxmaq istəyirdilər dünyaya. Bu gözəl bir axtarış idi, tapıntı idi. Məna tapırdılar. Ona görə sevinirdilər, insanlıq dünyasında nə qədər böyük zənginlik var deyə. O zənginlikdə insan əbədi ola bilər, ölümsüzlüyə çata bilər. Tarixdə Bilqamıs gedib ölümsüzlük axtarır səhralarda. Sonra başa düşür, ölümsüzlük insanın içindədir.
Bütün dünyanın hər yerinə getmək olar. Ancaq öz içinə girmək çətindir. Onlar da ora üz tuturdular, həqiqəti orda tapırdılar.
“Qutsal Oxuma” bölümündə Atanın “Adamdan İnsana” qutsal Bitiyi oxunur.
Soylu Atalı: Ata deyir adamda heyvan da var, insan da. Adam ən çox yaşayanda, davrananda heyvanın etkisində olur, ən az insanın. Ona görə onun davranışında, yaşamında pis şeylər ortaya çıxır. Beləsinə də toplumda deyirlər, filankəs ikiüzlü adamdır. Bu həmin şeydir elə.
İkiüzlü adam nə deməkdir, insanın iki üz ola-ola belə bir obraz hardan yaranıb?! İkinin bir olması anlamı. Bu sufilərdə də var. Yəni canla mənəviyyatın bir olması. Deyir, filankəs ikiüzlüdür. Yəni baxırsan bayaq belə deyir, indi belə. Asif Ata da ona görə deyir, insan öz mahiyyətinə doğru can atmalıdır. O, insanlaşmalıdır. İnsanlaşmalıdır, onun ikiüzlülüyü aradan getsin. Yaltaqlığı, nökərliyi aradan getsin. Nə qədər getməyib, o insanda daim eybəcərlik görəcəksən. İstəyəcəksən onda daim yaxşı bir şey görəsən. İstəyəcəksən onu sevəsən, ona inanasan, bağrına basasan, dost olasan, yaxın olasan. Görəcəksən hər addımda ortaya eybəcərliklər çıxardır. İyrənəcəksən, peşman olacaqsan onun növündən olduğuna görə. Ona görə Ata deyir insanlaş. Qurtuluş, fərəh, gözəllik bundadır. Mənana bərabər yaşa. Onda hər şey gözəlliyə doğru gedəcək. Nökərlik, ağalıq, xudbinlik dediyin nə varsa, hamısı sarsılacaq. İnsan özünə oxşadıqca, onlar sarsılacaq, ömrünü tərk eləyəcək. Ata göydən düşmə bir şey demir. Yerdən çıxma bir şey demir. Yetərincə aydın, gerçəkçi bir şey deyir.
(Nurtəkin Atalı oxumanı davam edir – T.A.)
Soylu Atalı: Mən hal-hazırda bu kitab üzərində işləyirəm. Önsöz yazıram ona. Çox gözəl düşüncələrə gəlmişəm. O qədər gözəl şeylər açılır ki. İş yerimdə onunla uğraşıram. Mənə çox gözəl əhval verir. Atanın fəlsəfəsi aforizmlərdir.
Ağşın Ağkəmərli: Bir şey demək istəyirəm, oxuduqca sən onun zərurətini dərk eləyirsən. Necə ki, hərəkət elədikcə içində Asif Atanı öyrənməyin vacibliyini hiss eləyirsən. Bayaq Güntay bir söz dedi. Çox xoşum gəldi. Dünən Güntay bu Ocaqla tanış olmasaydı, orda, Babəkin şəklinə etinasızlığa bəlkə bir söz deməyəcəkdi. Ancaq bu gün Ocaq ona bir sistem verir, bir pəncərə verir. İndi bu pəncərədən o, dünyaya baxır. O şey ki, öz dəyərlərini qorumaq onun ən vacib məsələlərindən biridir. Bunun zərurətində bir şey durur. Odur ki, hərəkətdə olmaq gərəkdir. Əgər biz oxuya-oxuya qalırıqsa, hərəkət yoxdursa, onun heç bir mənası yoxdur. Yəni hərəkət nə deməkdir. Hərəkət kontakta girmək deməkdir.
Soylu Atalı: Özünə vətəninin bir parçası kimi baxmaq gərək.
Asif Atanı əzbərləmək səviyyəsində oxuyarsan, adam irəliləyiş duymaz. Oxumaq elə-belə kef üçün olmur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə tədbir sona yetdi.
Şölə Ayı, 40-cı il. Saray-Soylu.
(iyun, 2018).