Xəbərlər

“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” tədbirindəki çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

 “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin
birgə “Ailə Günü” tədbirindəki çıxışlar

Ata-Ocaq Günsırası ilə 21 Çiçək Ayı, 40-cı ildə “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurətkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bu aykı halım haqqında danışmaq istəyirəm. Əslində bu ay özümə doğru-düzgün bir vaxt ayıra bilmədim. Çünkü nə işdə, nə evdə özümlə üz-üzə qala bilmədim. Bunun suçunu ya iş yerimin, ya da ev qayğılarımın ayağına yazmaq istəyində deyiləm. Ancaq bu ay fiziki cəhətdən, doğrudan da, çox yoruldum. Ocaq yönündə işlərim yalnız kitab düzəltmək, saytı işlətmək oldu. Söz yox, hər mənada duyuram, Ocağın varlığı məni qoruyur, məni bəsit haldan çıxarır. Ancaq Ocağın varlığı həm də mənim varlığımdır. Mənim ona qatqım olmadan, varlığım yetkinləşmədən Ocağa qatıl­ma­ğım, yəni Ocağın varlığını yaşatmağım dərindən duyulmur. Ocağın varlığı mənə güc verir, ancaq mənim özümün varlığım Ocağa güc qatmaqda yetərsizdir. Bunu əksiklik kimi görürəm. Əslində yol birdir: Ata hər zaman deyib, imkansızlıqdan imkan yaratmaq. Ancaq bu ay mən bu tələbə yetə bilmədim.

“İnsanilik” kitabından oxumuşam. Yeni bir şey isə yazmamışam. Ancaq Ailə Günü öncəsi halımı köklədim. Mən anlayıram, həyatın gerçəkliyinə nə qədər yadlaşarsansa, mənasına o qədər doğmalaşarsan. Mən demirəm gerçəkliyə doğmalaşıram, ancaq mən gerçəkliyə bac verə bilirəm. Bu mənim zəifliyim oldu. Doğrudan da, iş görməyəndə danışmaq çətin olur. Ocaq əməliylə, Ocaq düşüncələriylə dolmayanda danışmaq da olmur. Ona görə də Amaldaşlarımı dinləmək istəyirəm.

Atamız Var olsun!

Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Ocağın, geneldə, xalqa, insanlığa gərək olduğu günbəgün ağlıma, halıma daha çox çatır. Bu səbəbdən, özümdə özəl artım yarada bilməsəm də, halımda bəlli bir yetkinləşmə yaşayıram. Özümə doğma gəlir bu hal. Son zamanlar iş yerimdə, bulunduğum ortamda, öncəki çağlara baxanda, açıq-aydın, çəkinmədən, Ocaq yönün­də söz deyə, söhbət apara bilirəm. İstər işdə, istər işimizlə bağlı olan ayrı-ayrı yerlərdə, milli kim­liyin dərki yönündə, bildiyim qədər, Ocaqdan  bilgi verməyim ruhumu kökləyir. Sözümə, söh­bə­timə qatılanlar olur. Bu məsələdə özümdə maraq oyanıb. Nizami adına Ədəbiyyat muzeyində işləyirəm. Son bir həftədir ordayıq. Orda da işçilərlə yaxşı bir münasibət qurmuşam. Nahar vaxtı olanda, onlar vaxt eləyən kimi, ya çay vaxtı ayrılanda, çox yaxşı söhbətimiz olur. Mənim Ocaq yönündən düşüncələrimi insanlar sayğıyla dinləyirlər. Bu açıdan, Ocaqdan güc alıram. Ocaqdan bəhrələnirəm. Həyata Ocaq ölçüsüylə yanaşanda söz deyə bilirəm. Düşünürəm, mən bunu qoruyub daha da artırmalıyam.

Amallaşmamın, az da olsa, irəlilədiyini düşünürəm. Kamilləşməm də elə Amallaşmama bağlı­dır. Xalqlaşmam həmçinin. Xalqlaşmamın daha sistemli olmasını düşünürəm. Düzdür, həyat, qayğılarıyla, hər birimizin yaxamızdan yapışıb. Gündən-günə bizi kəskin şəkildə almağa çalışır. Ancaq bizim  birliyimiz, bir-birimizlə münasibətimiz , görüşümüz, təmasda olmağımız hər biri­mi­zin böyüməmizə başlanğıc verir. Bayaq Soylu bəyin Günev qardaşımızla telefonda danışmağı məni o qədər etkilədi. Mən o danışığın içində olmasam belə, orda Soylu bəyin danışdıqlarından bəhrələndim. Bu o deməkdir, Ocaqçılar nə qədər iç-içə olsa, nə qədər bir-birinə vaxt ayıra bilsələr, bir o qədər ağlımız, idrakımız böyüyər, içimiz də durular. Hər şey daha da yaxşı olar.

Daha yaxşı işlərlə sizin, Atamızın qarşısına çıxacam.

Atamız Var olsun!

Bayrağımızı öpürəm!

Göylü Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Bu ay psixoloji cəhətdən bir az gərgin olmuşam. Həm ailəiçi münasibətlərdə, həm işdə. Fiziki, bioloji, hər şey üst-üstə gəlib. Ona görə bir az o gərginlikdən dolayı istər Ocaq ədəbiyyatlarına, istər başqa ədəbiyyatlara, keçən aya baxanda, az vaxt ayırmışam. Ancaq ayırmışam. Düşündüyüm məsələlər var. Bunlar da əsasən iki cəhətdir: Nəfsə qalib gəlmək, ölməzlik. Öləri olan nədir, ölməz olan nədir? Bu ikisinin arasında insanın nəfsi harda dayanır? Harda dayanmalıdır? Bu haqda düşünmüşəm.

Ruhun ucalığı, dərinliyi nədə özünü göstərir? İnsanın taleyi yaxşı da ola bilər, pis də ola bilər. Tutuşdurma edəndə görürsən, dəyərli ömür gərgin taledən gəlişir. Yəni insanın taleyi keşməkeşli olanda daha da möhkəm olur, nəinki asan yaşayanda. Söhbət təkcə qayğıdan, maddi firavan­lıqdan getmir. Psixoloji-mənəvi cəhətindən gedir söhbət. Ruhu möhkəmləndirməkdən gedir söhbət.

Əslində oxuduqlarımdan düşündüyüm məqamlar vardı. Əhvalım, bunları sizinlə bölüşməyi, bir az ertələyir. Özümdən gözləntim odur, artıq yeni bir aşama başlanmalıdır ömrümdə. Ömür gedir…

Atamız Var olsun!

Bayrağımızı öpürəm!

Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Atamıza, hər an məni böyüdən, hər an məni düşündürən, gələcəyə yönəldən, bir səcdədə bulunuram. Bəri başdan deyim, Ailə Günü özünü doğrultmur. Mən bunu çox deyirəm, siz bir o qədər fərqinə varmırsınız. Hələ ciddi bir şey deyə bilmirsiniz, demirsiniz. Bunun sorumluluğunu yaşamırsınız, daşımırsınız. “Özümdən nara­zıyam. İnanıram yaxşı olacaq. Özümdən filan bəkləntim var”. Demək olar, eyni şeylər deyirsiniz. Ailə Günü doğrultmur özünü, əzizlərim. Çünkü Ocaqüstə həryönlü yaşamırsınız. Yaşayanda adamın içi eşqlə dolur. Bir şeyə əmin olun, içinizdə nə qədər dərin eşq yoxdur, idrakınızı nə qədər dərin işlətmirsiniz, Ocaqda bərkiyə bilməyəcəksiniz. Zaman qoparıb apara bilər sizi. Sizi Ocağa bağlayan möhtəşəm tale gərəkdir. Möhtəşəm düşüncə gərəkdir. Ocaq olasan, illərlə yol gələ­sən, eşqin qaynamaya, bunu düşünməyiniz gərəkdir.

Doğrudanmı sizin işiniz mənim işimdəm çoxdur?! Təsərüfatın içindən çıxmışam səhər-səhər. Burdan iş yerim, ordan onunla bağlantı, bununla bağlantı, onun çağırışına get, bunun çağırışına get, üstəlik dünyaya söz deyə biləcək düşüncə. Yüz illəri qapsaya biləcək düşüncə qoyuram ortaya. Kitabıma baxıram, özüm öz kitabıma heyrət eləyirəm. Yüz il bundan sonra hələ belə kitablar yazılmayacaq. Bunu, səcdə elədiyiniz insanın məni böyütməsi ilə eləyirəm. Sizin bulunduğunuz Ocaqda bulunuram. Mən sözü birinci sizə deyirəm. Siz eşitməlisiniz, toplum da eşitsin. Toplum sizin araçılığınızla eşidəcək bu sözləri.

Bəşəriyyətin yaratdığı sufilər olub, mürşidlər-müridlər məktəbi olub. Filosoflar məktəbi olub. Onların toplandığı ortamdan dala qalmayan, bəlkə də artıq olan, daha ciddi bir ortamdır Ailə Günü.

…Mən toplumdakı bilim adamlarına ürəklə söz demək istəyirəm, siz yoxsunuz. Bunu mən özümün varlığıma, düşüncəmə, Atamın düşüncəsinə dayanıb deyirəm. Siz də onu deməlisiniz. Azər­baycan bilimi çox düşüncələrin, çox təbliğatların qabağında yalındır. Fars deyir, azərbaycanlılar türk-filan deyil. Onlar sonradan türkləşiblər. Onlar farsdırlar. Firdovsi də “Şahnamə”də deyir, türk-filan yoxdur, onlar farsın tör-töküntüləridir. Bunun qabağında Azərbaycan bilimi dirəniş göstərmir. Söz demir. Ocaq deməlidir. İndi mən onu işləyirəm, deyəcəm. Hamısı Azərbaycan deyə bir şeyin sonradan formalaşdığını deyirlər. Onun-bunun hesabına formalaşdığını deyirlər. Sən isə Azərbaycanı qutsal bir yer kimi, ortam kimi sunmaq istəyirsən. Nə ilə? Bunları bilməsən, bunları dərk eləməsən, bunlara dirəniş göstərməsən, fəlsəfi düşüncəylə dirəniş göstərməsən Asif Atanı götürməyəcəklər səndən. Deyirlər, Asif Ata filan şeyi filankəsin dediyi kimi deyir. Elə də görünür. Bilmək gərəkdir, nə Asif Ata, nə Asif Atadan qabaqkılar, nə də sonrakılar böyük, dərin anlamda mütləq yeni bir şey demir, deməyəcək. Mütləq yeni bir şey yoxdur. Bəs nə var? – Gələnəklərin gəlişməsi. Asif Ata qədim türk baxışının gəlişməsidir. Budur yenilik. Yenilik – mütləq yoxluqdan ortaya çıxan bir şey deyil. Bunu biz sübut edirik. Heç kim də durub deməsin, Asif Ata filankəsin dediyini deyir. Filankəsin dediyini demir. Bəşəriyyətin yanlışlarını qırağa qoyub, düşüncəni sağlam aşamaya çıxardır, zirvəyə çıxardır. Nə islam, nə xristianlıq, nə iudaizm, nə buddizm, nə sintoizm, heç biri, belə götürəndə, mütləq yenilik deyil. Heç bir filosof mütləq yenilik deyil. Bunu ideya baxımından, ideyanın aydınlaşdırılması baxımından demirəm. İdeya özündən öncəki baxışlardan bəhrələnib, qaynaq­lanıb yeni aşamaya keçir. Budur yenilik. Ona görə Asif Atanı heç kim durub qınaya bilməz. Asif Atanın özü də, özül prinsipləriylə yox, yaşam prinsipləriylə, gələcəkdə yeni aşamaya qaldırılacaq. Biz bunu dərk edib, aydınlaşdırıb ortaya qoyandan sonra, topluma, oxumuşlara, bilim adamlarına deməliyik: çox nala-mıxa vurma, sağa-sola getmə. Sənin Asif Atanı zorla keçmişin təkrarına bağlamağın anlamsızdır. Buna cəhd eləmə. Sənin baş vurduğun, öyrənə bilmədiyin keçmişi biz səndən daha yaxşı bilirik. Bunu demək cəsarəti, hünəri gərəkdir.

İndi mən öyrənirəm, araşdırıram, görüm niyə bizi farsın əlavəsi kimi göstərirlər?! – Çünkü, baxın, başlanğıcda mən sizi qınadım. Bu qınaq bizim qədimliyimizdə yaşayanlarımıza yönələn qınaqdır həm də. Onların da, sizin kimi, gözəl ürəkləri olub, gözəl düşüncələri olub, yaşamayıblar onu, sözə, yazıya çevirməyiblər. Ona görə də, farslar türk dövlətçiliyini devirib, yerində özlərinin hakimiyyətini qurandan sonra, Avestanı dəyişiblər. Dövlət qurulanda, başqa sözlə, milli hakimiyyət dəyişikliyə uğrayanda, söz yox, hər şeyi dəyişib yenidən başlamalıdır. Yenidən başladılar. Zərdüştlüyü öz düşüncələrinə uyğunlaşdırdılar. Bu gün də biz Zərdüşütün adını tutanda deyirlər, bu fars zehniyyətidir. Madayların yaratdığı dövləti öz adlarına çıxdılar. Avestanı bütünlüklə öz adlarına çıxdılar. Avesta arı yazılıb. Zərdüşütün düşüncələrinin davamında Maqların (Muğların) düşüncələri də orda toplanıb. Böyük bilik sistemidir. Muğların düşüncələri, yazdıqları fəlsəfədir, əski türk filosoflarıdır onlar. Filosof sözünü yunanların adına bağlamaq olar, fəlsəfə sözünün anlamını yox. Maqlar yunanlardan çox-çox qədim olubdur. Qədimdə böyük düşübcələri olubdur. Dövlətin yönətilməsində qatqıları olub. Hökmdarlar Maqlarla hesablaşırdı. Diplomatiyanı elə qururdular, guya yuxu görüb, yuxusunu yozdururdu. Gerçəkdə isə, nə edəcəklərini öyrənirdilər onlardan. Bunların heç biri tarixə alınmayıb, yazıya çevrilməyib. Ona görə də türk hökmdarlığını devirəndən sonra hər şeyi götürdülər ixtiyara, əl gəzdirdilər, yazdılar, pozdular, onu dəyişdilər, bunu dəyişdilər, ad da qoydular, oldu onların.

Mən bilmirəm Zaratostra hara sözüdür. Fars sözü deyil. Bəlkə öntürk (prototürk) sözüdür. Onu heç bir bilim adamı araşdırmır. Sadəcə sonradan, Zartoşt, yəni farsların qoyduğu adla qaldı. Mən də deyirəm, əgər Zaratostra Zərtoştdursa, onda elə Alp Ər Tonqa da Əfrasiyabdır da. Verin onu da farslara. Bəs bu Alp Ər Tonqanın dastanı var, kimliyi var. Başında durduğu Turan vardı, dili, yasaları, yönətim quralları vardı. Bunlar necə oldu?! Bunları necə farsınkı saya bilərsən?! Asif Ata filosofdur, peyğəmbərdir. Asif Ata bunları işləyə bilməzdi. O, sadəcə deyəcəkdi, Zərdüşt bizimdir, burada o, Zərdüştdə əsas götürülən Od İşığı ideyasına dayanır. Biz də onu əsas götürürk-filan. Türk ruhu da ordan qaynaqlanır. Asif Ata bunu deyəcəkdi. Peyğəmbərin bundan o yana deyə biləcəyi bir şeyə vaxtı yox idi. Desəydi, onda gərək o, tarixçilik edəydi. Bunu tarixçi eləməlidir, eləyə bilmir. Tarixçinin şüuru, başı yoxdur. İndi Asif Atanın arxasında, onun yorumu, onun aydınlaşdırılması, sunulması bizim öhdəmizə düşür. Bunu biz Asif Atanın işığında aydınlatmaq zorundayıq. Öyrətmək zorundayıq. Bax, sən milli kimliyini öyrədirsən, qədimdən gələn milli kimliyi. Asif Ata “Dünənimiz, bu günümüz, sabahımız” rubrikası altında dəyər­lərimizi öyrədirdi. Dünənimizin ruhsal anlamını, bu günümüzü, gələcəyimizi. Dünənimizin ruhsal anlamı deyə sayırdı: Zərdüşt, Babək, Dədə Qorqud, Hürufilik, Füzuli, muğam saz. Bunu da özünəxas, ruhsal açıdan qiymətləndirirdi. İndi gəlin bunun içinə girək, Asif Atanı qoruya bilək. Zərdüştü idealımız saymırıq. Ancaq Zərdüştün Od İşığı ideyasının Asif Atanın milli-insanı çağırışlarında yer tutduğunu dərk eləməliyik. Dədə Qorqudun adını çəkir, yaxşı edir. Ancaq o da bilir, təkcə Dədə Qorqudla bu gün yeni dünya qura bilmərik. Təkcə Dədə Qorqud yasalarıyla. Hürufiliyə dəyər deyirsən, başqaları Hürufiləri İslamın təriqəti kimi tanıyırlar, bilirlər. Ancaq heç kim ordakı özəlliklərin içinə girmir, aydınlaşdırmır. Qədim türkün varlığından, kimliyindən gələn cəhətləri kimsə araşdırmır, sadəcə deyirlər bu, İslamın təriqətidir, üstəgəl fars zehniyyətidir. Nəimi də fars idi, Astrabadda doğulub. Belə sayırlar. Asif Ata da bunları təbliğ edirsə, deməli, fars zehniyyətçisidir. Bunca bəsit yanaşırlar. Asif Ata bunları təbliğ eləmir. Asif Ata Zərdüştçü deyil, Mütləqçidir, bunu anlamaq istəmirlər. Mən də Zərdüştçü deyiləm, Ataçıyam. Bunu əsaslandırmaq, sübut edib ortaya gətirmək – Ailə Gününün qonularıdır. Amallaşmanın qonuları bunlardır. Türk kimliyindən danışırıq. Araşdırmaq, öyrənmək gərək, türk kimliyi nədir?! Onun keçmişində hansı ruhsal dəyəri olub?! Hansıları biz Asif Atanın baxışında dəyər kimi görürük?!

İnsanlığın gərəkliyi. Bunu hərə bir üsulla çatdırmağa çalışdı. Asif Ataya qədər, bunun ən böyük üsulu, üslubu “Vəhdəti-vücud” fəlsəfəsidir. Varlığın birliyi fəlsəfəsi. Asif Ata bunu bilir­di. Bunun içinə girib-çıxmaq çətindir. Bizdən qıraqda insanlar bu ideyanın içinə girib gərəkən səviyyədə çıxa bilmirlər. Ona görə Asif Atanın adına nə deyirsən, deyirlər orda var. Mən də deyirəm, görməmisiniz, görə bilməmisiniz, bir də öyrənin. Yalın girmisiniz, yalın da çıxmı­sınız. İndi Asif Atanın düşüncələrinin içinə girmədən deyirsən, Asif Ata filan yerdə var. Hardan bilirsən Asif Ata orda var? Ora baş vurdun qayıtdın (yalın qayıtdın). Asif Atanın içinə baş vurdunmu? Vurmadın.

Bütün bunları topluma necə öyrətməyimiz üçün Asif Ata bir Ocaq yaratdı, Ailə Günü yaratdı. Buradan, Onu vermək üçün, oxuyursan, öyrənirsən, başlayırsan yorumlamağa. Başlayırsan yazmağa, qoyursan beyinlərə. Bax, Ailə Günü bundan ötrüdür. Şəxsiyyət yaratmaq. Şəxsiyyət nə deməkdir? Şəxsiyyət kamil idraklı, kamil mənəviyyatlı insan deməkdir. Buna yetmək gərəkdir. Bütün çətinliklərə sinə gərib də, yetmək gərəkdir. Bir yola çıxmısan. Nağıllarımızda qəhrəman yola çıxır. Başına min dənə oyun açılır yolda. Min dənə sehrin, cadunun içinə düşür. Hamısıyla döyüşə-döyüşə hədəfə doğru gedir. Bu bizim insanlığımıza öyrədilən, onun ilkin şüurunu formalaşdırmaq üçün ortaya gətirilən folklor örnəkləridir. İnsanların, aşağı yaşdan yuxarı yaşa qədər, şüurunun oturuşması üçün, şüurunun sonradan yaşa dolması üçün, gəlişməsi üçün, idrakının gözünün açılması üçün yetişdirilən bir tələbdir. Bu tələblərdən insanlar bu gün uzaq düşür. İndi bütün yük düşür Ocaq insanının üzərinə. Birbaşa şüur verirsən ona.

Dedim, qəhrəmanlar uzaq səfərə çıxırlar. Çox ciddi çətinliklərin içinə düşürlər. Döyüşə-döyü­şə hədəfə gedirlər. Belə bir qəhrəmanlıq örnəyini Ocaq özündə yaratmalıdır. Ailə Gününün məqsədi budur. Səni yolda qorusun. Sənin yolda atacağın addımları bəlli etsin. Deyəcəyin sözləri bəlli etsin. Vurğulayacağın düşüncələri formalaşdırsın – Ailə Günü bundan ötrüdür. Ailə Günün­də bilgiləri də saymaq olar. Deyək, filan yerdə görüşdüm, filankəsə söz dedim. Ancaq nə söz dedim?! Onu daha dolğun açmaq gərəkdir. Sözün incəliklərinə girmək gərəkdir. İnam – insan. Bunların bağlılığı. Aç bunları. İnsanın yetməli olduğu idrak səviyyəsi. Aç bunu. İnsanın özünün yerini həyatda bəlli etməsi, bəlirləməsi. Aç bunu. İnsan-dünya bağlılıqları, aç bunu. Açdıqca dünyalaşacaqsan! Açdıqca insanlaşacaqsan. Açdıqca doğalaşacaqsan. Açmasan, alınma­yacaq. Açmasan, dünyalaşa bilməyəcəksən, insanlaşa bilməyəcəksən. Belə bir açıdan yanaşmaq gərək­dir özünə.

Mənim sizə bir amaldaş, qardaş önərim, elə eləyin, Üstün sizə örnək olsun. 20 il Ocaqda oldu. Sözü olmadı deməyə, ömrü olmadı göstərməyə, ruhsal kimliyi olmadı ortaya qoymağa. Axırda çox asanlıqla yıxıldı. Misli görünməmiş bir asanlıqla. Bunu özünüzə deyin. Aşiq olmaq gərək. Sürüyə qarışıb cücüyə çevrilməkdən qorxmaq gərək. Bu qədər ciddi yolu tapmışkən, ona varmışkən cücü kimi yoxluğa düşməkdən qorxmaq gərək. Bunu görməyənlər üçün bu doğal bir şeydir. Görüb qanan, dərk edənlər üçün faciədir. Bu, Ocaqçı üçün faciədir. Sizin qalıcı bir ömrünüz var Ocaqda, onun qədrini bilin.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın bayrağını öpürəm.

 

(Bundan sonra Ocağın işlərinə, gələcəyinə yönəlik düşüncələr bölüşüldü).

“Qutsal Oxuma”da Atanın “Adamlıq-İnsanlıq” Bitiyi oxundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsiylə “Ailə Günü” sona yetdi.

 

İşıq Ayı, 40-cı il. Atakənd.

(may, 2018. Bakı).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir