Xəbərlər

“Uluyol-Hünər”, “Ulufərəh” və “Atagün” Ailələrinin birgə “Ailə Günü” toplantısı

“Uluyol-Hünər”, “Ulufərəh” və “Atagün” Ailələrinin birgə “Ailə Günü” toplantısı


Ocaq Günsırası ilə 24 Ata Ayı, 36-cı ildə İnam Evində “Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” mərasimi keçirildi. Öncə İnam Bayrağı qaldırıldı – hamı səcdə duruşunda“Ata Ruhuna pənah gətirmişik!” dedi və mərasimə açılış edildi. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Hesabatıma ümumi başlayım. Öncə öz halımdan, əməllərimdən danışmaq istəyirəm. Ay ərzində, demək olar ki, hər gün Ocaq işləri görmüşəm. Bilgisayarım həmişə açıq olur. Vaxtaşırı işlərimizdən görürəm. Atanın kitabının düzəlişini edib çapa hazırlamışam. Son Tədbirlərdən birini kitablaşdırmışam. Ümumi “Tədbirlər kitabı”nı hazırlamışam (Mərasimlər və Bayramlar kitabını).

Amallaşma işimə gəlincə, konkret Atanın hər hansı bir kitabının üzərində işləməmişəm. Ayrı-ayrı düşüncələrim olur, əlbəttə. Amma məqsədyönlü amallaşma işinə vaxt ayırmamışam. İşlərin çoxlu­ğun­dandı. İşlər üst-üstə gəlir, özümü kökləyə bilmirəm ki, bir saatımı məhz Amallaşmaya ayırım. Yalnız “Ailə Günü”nə son bir gün qalmış düşünmüşəm ki, köklənim, hazır olum. Hər mərasimin öz halı var, “Ailə Günü”nün də xüsusi halı var. Ona görə də hazırlaşmağımdan, əlbəttə, razı deyiləm. Amma “Ailə Günü”nə gəlmək və burda hesabat vermək həmişə mənim Ocaqçı məsuliyyətimi artırır.

Burdakı mövzular üstündə danışmaq istəyirəm. Burda elə mövzular qoyulub ki, bu əslində bizim həyat təzimizdir. “Hər kəsin öz yörəsində ruhani mühiti və bu mühitlə bağlı Ocaqsevərləri varmı? Onlarla vaxtaşırı görüşüb iş apara bilirmi?” Mən bununla bağlı, çox təəssüf ki, keçmiş vaxtdakı kimi danışacam. Çünki indi mənim vaxtımın məhdudluğu ona gətirib çıxarır ki, məhz səfərlərüstə iş aparmağa imkan tapa bilmirəm. Mən yalnız bəzi Ocaqla ilgilənənləri tədbirə dəvət edirəm və ara-sıra internetdə yazışmalarım olur. Doğrudur, mən texniki cəhətdən Ocaq işləri çox görürəm, bir az Ocaq yazarlığıyla da məşğul oluram. Bu da fərəhlidir. Amma məhz xalqlaşma işimin ciddi olmaması mənim fərəhimi yarımçıq edir. Mən görürəm ki, halım bütöv olmur. Hər bir Ocaqçı, məsələn, Üstün səfərdən hesabat verir. Soylu Atalının görüşləri olur. Mənim içimdə o həsrət var. Bilirəm ki, xalqla görüş, Ocağı vermək, danışmaq, bölüşmək nə deməkdir, onun fərəhi nə deməkdir. Onun məsuliyyəti və yükü nə deməkdir. Bax, mən ona ciddi həsrət hiss edirəm. Dediyim kimi, bu yöndən hələ həsrətimi gerçəkləşdirə bilmirəm. Vaxtilə mən redaksi­yalara gedirdim, orda halımı soruşanda mən ancaq Ocaq işlərimdən danışırdım.

Hər kəsin öz yörəsində ruhani mühitinin olması nə deməkdir? Mən özümlə döyüşürəm. Halımı ətrafdakılarla bölüşürəm. Ocaq əməllərimi bölüşürəm. Yəni mən öz üzərimdə işləyirəm ki, o düşüncəmi, o işimi bölüşüm. Özü üzərində işləməyəndə bölüşməyə də bir şey olmur. Belə olduqda görülən işlər adamın ağlına daha yaxşı çatır.

İkinci mövzu ki, “Hər yerdə Atanın İnamını demək və toplumun yanlış dünyagörüşünün üzərinə davamlı getmək cəsarətinə nə dərəcədə yetmişəm?!”. Mən keçən “Ailə Günü”ndə istəyirdim qorxu duyğusu haqqında danışam. Son vaxtlarda özümü hərtərəfli təhlil eləmək istəyirəm. Atanı oxuyanda Atanın bir fikrinə rast gəldim: “qorxu, həsəd, şəhvət… bunlar insanda instinkt şəklində olur və instinkt kimi gəlir ilk gələn duyğu”… Mən özümü təhlil eləyəndə də görürəm, bəzi şeylər var ki, hər hansı bir hadisəni ilk eşidəndə, ilk xəbər tutanda halımda ilk hissim “qorxu” olur. Bir hadisə demək istəyirəm. Vaxtilə bunu Soylu Atalıyla bölüşmüşəm. Mən Şəki bölgəsinə səfərə gedəndə orda belə bir məqam oldu. İnstitutda görüş keçirdim tələbələrlə. Görüşün sonunda məni sorğu-suala tuta-tuta ötürdülər. Mənə rəğbət bəsləyənlər də oldu, qarşı çıxanlar da. Amma mühit elə idi ki, sanki üstünlük mənim tərəfimdə idi. Mən həmin gün Şəkidə qaldım. Səhərisi gün mənə zəng elədilər, dedilər ki, bəs siz instituta yenə gəlin, sizinlə görüşmək istəyirik. Mən getdim ora. Dünən mənim görüş keçirdiyim bir qrup tələbə, dinçi uşaqlar məni çağırdılar ki, söhbət eləsinlər. İnstitutun yeməkxanasında biz söhbət elədik. Böyük yer idi. Tələbələr vardı orda. Orda elə bir məqam oldu ki, onların hamısı mənim üstümə yeridilər. Bir oğlan vardı, o daha çox qızışıb danışırdı. Ayaq üstə durub mənim üstümə yeriyirdi. Mənim xalqlaşma işimdə qorxu ən çox o məqamda olub. Mən gördüm ki, artıq elə bir səs-küy yaranır ki, qıraqdakıların da diqqətini çəkirik. Mən onları sakitləşdirdim. Dedim ki, bura bizim söhbət edəcəyimiz mühit deyil. Mən vəziyyətə uyğun hərəkət elədim. Gördüm ki, söhbət eləmək mümkün deyil. Onlardan ayrıldım… Bu halı indi də özümçün təhlil edirəm. Orda iki məqam yarana bilərdi. Ya Soylu Atalı kimi haray çəkməliydim, onları otuzdurmalıydım. Ya da ki, elə bir müdrik və sabit əhvalla yenə də onları sakitləşdirib hal yaratmaq gərək idi. Müdriklik tələb olunurdu. Mən nə o hala yetmişdim, nə də bu hala. Sadəcə durumdan uzaqlaşdım. Bildim ki, idarə edə bilməyəcəm bunları. İndiyədək çox olub Soylu Atalının görüşlərində bizə qarşı çıxanlar. Qıraqdan dinləmək, Soylu Atalının harayını eşitmək başqadır, amma məhz o halın özünün içinə düşəndə görürəm ki, məndə qorxu var. İndi o qorxunu xalqlaşma işində görmək istəyərdim ki, nə dərəcədə ötmüşəm. Kükrəyən kütləni nə dərəcədə sakitləşdirməyə, nə dərəcədə haray çəkməyə yetmişəm? Ondan sonra mənim elə bir görüşüm olmadı. Ancaq bugünkü səviyyəmlə fikirləşirəm ki, indi qorxmalı heç nəyim yoxdur. Bunu sübut etməliyəm, özümü çox məqamlara hazırlamalıyam. Çox ciddi məsələdir bu.

Adam bilməzlikdən qorxur. Qarşıda onu nə gözlədiyini bilmir. Ona görə də hadisəylə qarşılaşanda ilk instinkt qorxu olur. Halın sabitliyi – ruhun – İnamın, İdrakın, Mənəviyyatın, İradənin sabitliyidir. Özümə inanıram, qorxuma inanmıram. Bunu özümə hər dəfə deyirəm. Qorxu gələndə ancaq qorxu olur, mən olmuram. Hər şeyə hazır olmaq haqqında düşünürəm. Ata deyir ki, köklənməyən alətdə çalmazlar. Həmişə kökdə olmaq sabit, dayanıqlı hal deməkdir. Bax, məhz özünə inamın sabitliyi, iradənin sabitliyi, dayaq, elə bir təməl qurulmalıdır ki, ruh elə bir dayaqda, elə bir kökdə olmalıdır ki, məhz o həsəd gələndə, qorxu gələndə, şəhvət gələndə, o instinktiv duyğular gələndə təsir eləyə bilməsin. Yaxud da gəlməsin. Gəlməsin deyəndə ki, gələ bilər, amma onu tənzimləsin, dəf eləsin. Bu mövzu haqqında belə düşünmüşəm.

Bir neçə yazım var, onları oxumaq istəyirəm:

                                                                    xxx

Quruluş dəyişəndə mədəniyyətin, ədəbiyyatın, musiqinin qonuları da dəyişir. Əvvəlki ideolo­giyanı tənqid edir, ya da lənətləyir. Halbuki ədəbiyyat, mədəniyyət, musiqi ayrıca hadisədir. Hansısa ideologiyaya bağlı olmamalıdır, həqiqəti təsdiq, şəri tənqid etmək görəvi daşımalıdır. Təəssüf ki, mədəniyyət asılılıqdan çıxmayıb.

Qəlibçi mədəniyyət deyil, həqiqətçi mədəniyyət yaratmaq gərəkdir.

Bunu ona görə yazdım ki, əvvəllər biz fərqli böyümüşük. Sovet ideologiyasını təbliğ eləyən filmlər çəkilərdi. İndi isə məhz inqilabı pisləyən filmlər çəkilir. Yəni quruluş dəyişib, sovet inqilabının iç üzü açılıb, başlayıblar inqilaba qarşı filmlər çəkməyə. Yəni bir dövrdə bu cür çəkirlər, bu cür ədəbiyyat olur, başqa bir dövrdə başqa cür.

xxx

Dünyada əzilənlər çoxdur, əzənlər az. Əzənlər özlərini güclü sayır. Çünki əzilənlərin birliksizliyinə, iradəsizliyinə, inamsızlığına əmindir, arxayındır. Əzilənlər birləşsələr əzənləri yıxarlar. Ancaq onlar özlərinə əzənlərin gözüylə baxır. Ona görə də bir olmaq haqqına yetmək haqqında düşünmürlər. Həm də gərək haqq nədir, onu da biləsən. Gərək haqqa yetəsən ki, qorunasan.

xxx

Qərb filmlərinin təməl xətti xaotik dinamizmdir. Hərəkətlər bolluğu, hadisələr bolluğu düşünməyə imkan vermir. Uşaqlar üçün çəkilən cizgi filmləri də robotlaşır, dinamikləşir. Məqsəd seyrçi toplamaqdır. Düşündürmək, bəhrələndirmək deyil. Məqsəd düşüncəsizliyə alışdırmaqdır.

xxx

Məmur özündən aşağıdakıları əzir, onlara soyğun, azğın, aşağılayıcı münasibət bəsləyir. Özündən yüksək vəzifəlilərdən qorxur. Yüksək vəzifəlilər aşağı vəzifəliləri əzir, onlara soyğun, azğın, aşağılayıcı münasibət bəsləyir. Zəif dövlətlər güclü dövlətlərdən qorxur. Beləliklə, qorxu təbəqəsi yaranır. Bütün münasibətlər qorxuya dayanır.

xxx

Həyat adama öyrədir ki, xeyirdən ziyan gəlir, şərdən mənfəət. Buna görə də şər məqsədləşib.

xxx

İmperiya o deməkdir ki, ölkəni əsarətə salır, işğal eləyir, sonra işğal etdiyi günü həmin ölkəyə bayram elətdirir. Hətta həmin günü ölkənin yaranma günü kimi də qəbul elətdirir…

Mənim bu ay üçün hesabatım bu qədər. Ocaq işlərim yenə də davam eləyir. Özümlə daha ciddi məşğul olmaq, düşüncələrimi yetkinləşdirmək, xalqlaşma işimi artırmaq qətiyyətindəyəm. Səfərlərə getmək, bunu Bakı şəhərində də eləmək olar. Atanın tələbi  – Amallaşma, Kamilləşmə, Xalqlaşma hamısı bir yerdə, ömrümə daxil olmalıdır.

Atamız Var olsun! Bayrağımızı öpürəm.

 

Günev Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali səcdəylə!

Söz deməmişdən öncə Bayrağımızı öpürəm.

Bugünkü “Ailə Günü”müzün məğzi, mənası hər birimizə aiddir. Asif Ata Ocağı Ailələrdən ibarətdir. Bizim “Atagün” Ailəsinin Evladları Soylu Atalı – Ocaq Yükümlüsü, Amaldaşım və həyat yoldaşım Elana və mən Beyləqanda Atagün Elində bir Ailənin Evladlarıyıq. Bu gün üç Ailənin birlikdə “Ailə Günü” toplantısıdır. “Ailə Günü”ndə hesabatlarımızı veririk. Ay ərzində nəyə nail olmuşuq, ruhani ugurlarımız nədən ibarətdir?! Bir də ki, qoyulan suallar, o suallara cavab öz düşüncələrimizdə bizi yeni bir mərhələyə aparır.

Mən Amallaşmağımla bağlı hesabat vermək istəyirəm. Nə öyrənmişəm Asif Ata irsindən bu ay müddətində?! “Qutsal Öyrənim Günü”ndə məktəb səviyyəsində Asif Ata irsini öyrənirik. Hər dəfə şəhərə gəlib bu tədbirdə iştirak edə bilmədiyim üçün həmin hesabatımı məhz Ailə Günlərində verirəm. İki mövzunu – “Gözəllik” və “Xeyir” mövzularını düşünmüşəm, özüm­ləşdirmişəm, bunları yığcam şəkildə yazmışam. Mən bütünlüklə “Mütləqə İnam”ı həmin yığcam­lıqla ardıcıl yazıram. Gələcəkdə bu yığcam sistemləşdirmədən yararlanıb “Mütləqə İnam”ın məzmununu qısa bir müddətdə oxuyub öyrənmək mümkündür. Burda Gözəllik haqqında yeni meyarlar, Xeyir haqqında yeni meyarlar məni o qədər fərəhləndirir, o qədər açır ki, bunu hər kəsə çatdırmaq, oxutdurmaq istəyirəm. Yığcamlaşdırıb hazırladığımı sizə də oxumaq istəyirəm…

(Günev Atalı “Mütləqə İnam” Bitiqindən “Gözəllik” və “Xeyir” izharlarından özümləşdirdiyi fikirləri oxudu – G.A.)

İkinci, Kamilləşməyim haqqında. Mən hərdən fikirləşirəm ki, niyə mənim ömrüm bu qədər çarpışma ilə keçir?! 25 il elə belə ömür deyil. Yəni bəlli ideyanın ardınca 25 il gedəsən, düşünəsən, Asif Ata kimi bir ideya yaradıcısını davam edəsən, ancaq bunlar həm də özümü təmin eləməsin. Əgər doğrudan da buna həyat baxımından yanaşmaq mümkün olsa idi, deyərdim ki, təmin eləyir, ancaq Mütləqçi baxışıyla yanaşanda təmin eləmir. Çox düşünmüşəm ki, nəylə bağlıdır bu? Gəldiyim nəticə odur ki, özüylədöyüş ardıcıllığı yoxdur. Ümumi mənada özüm özümün nəzarətimdəyəm. Eyni zamanda cəmiyyətin nəzarətindəyəm. Məndə hər hansı bir nəsnə tapan kimi, sən də beləsən deməyə haqqı var. Təbiidir ki, hələ cəmiyyətdə mənə qarşı elə bir fikir yaranmayıbdır. Çünki özüm özümü cəmiyyətdən daha yaxşı görürəm. Vicdanın gözüylə baxıram. Amalın tələblərinə uyğun baxıram. Mütləqçi kimi baxıram. Buna görə də, özüylədöyüş ardıcıllığı hər anda mənə gərəkdir.

Xalqlaşma işində də uğurlarım var. Səfərlərim olub. Beyləqan rayon Mərkəzi Kitabxanasına getmişəm. Orda işçilərlə söhbətlərim olub. “Türkdən başlayan Yeni Bəşər İnamı”nı onlara təqdim eləmişəm. İkinci səfərim Baharabad kəndinə olubdur. Orda Məhsəti türkləri yaşayır. Xeyli vaxt öncə bir tanışla söhbət eləmişdim. Nəsə o çəkilmişdi qırağa. Yenidən getdim onun ardınca, söhbət elədik. O da heyrətini bildirdi ki, doğrudanmı bu qədər vaxtda sən bu işi hələ də davam eləyirsən. Deyirəm, biz çox uzaq deyilik axı, eşidə bilərdin. Bu hadisələr qulağının dibində baş verib. Atanın dəfni baş verib, sonra nələr nələr… O da dedi ki, eşidirdim. Amma bu dərəcədə bilmirdim. Ona yeni kitab, özəl buraxılışlar verdim.

Fərdi görüşlərim çox olubdur. Kənd mühitində hər hansı bir məsələyə münasibətdə Ocaq gözüylə yanaşıram, Ocaqçı münasibətimi bildirirəm. Təbii ki, diqqət yaranır.

Hesabatım bu qədər. Burda qoyulan suallara qarşı münasibətim desəm ki, kənddə  konkret bir Ocaq mühiti var, elə deyil. Ancaq ümumilikdə bütün bölgədə, buna Ocaqçılar şahiddirlər, xüsusilə Soylu Atalı şahiddir, – bütün bölgədə bu mühit yaranmaqdadır, yaranır da. O mühit yox deyil. Amma konkret on nəfərlə, ya beş nəfərlə vaxtaşırı yığışırıqmı, danışırıqmı, təbii ki, o səviyyədə deyil. İnanıram, o işləri ki, biz başlamışıq Atagün Elində, İnam Məbədinin tikintisi, Amal Bağı, bunlar davamsız ola bilməz. Mümkün deyil. Heç bir qüvvə, inanmıram ki, onun qarşısını ala biləcək. Mən ona yiyə dura biləcək şəxsiyyətlər də görürəm. O da var. Amma gözlədiyim adamlar hələ özlərini yaratma işində Mütləqçi yönündə deyil. Amma heyrət var, istək var. Mən inanıram ki, o davam edəcək. Yəni Günev Atalı getdi, elə Asifçilik də qaldı orda yalın – belə olmayacaq.

O ki qaldı camaatla təmasımda cəmiyyətin köhnə dünyabaxışından çəkinirəmmi? Mənə elə gəlir ki, bu mənim ömrümdə çoxdan həllini tapmış bir şeydir. Qətiyyən yer yoxdur. Heç nə narahat eləmir. Hər hansı qorxumu deyim, narahatçılıqmı deyim, istehzalı baxışlardan çəkinməkmi deyim, o mərhələni keçdim getdi. Maneələr hər vaxt olacaq. Dünyada elə bir yenilik yoxdur ki, o maneəylə rastlaşmasın.

Mən fikrimi bitmiş hesab eləyirəm. Hesab eləyirəm ki, bu ayım mənalı və zəngin olub.

Son dövrlərdə zəngin olmayan ayım yoxdur. Çünki evindən çıxdın, darvazadan çıxdın, artıq həmin münasibətlə qarşılaşıram. İş gedir, söhbət gedir.

Milli Təhlükəsizlik idarəsi tərəfindən haqqımda bütün ətraf kəndlərdə sorğu keçirilib. “O müqəddəsdir” deməyən qalmayıb. Hətta narazılar belə. Hətta bəziləri “O, çox düzgündür, amma heyf ki, bu yola düşüb” deyir. Yolu qiymətləndirmək gücü yoxdur. Bunun yaxşılığı varsa, elə bu yoldandır da, bu dünyabaxışdandır.

Bu gün səhər Bakıya gələndə Bakı Dövlət Universitetində dərs deyən bir müəllimlə söhbət elədim. Özünü millətçi sayırdı. Dünyabaxışı da islamçı. Deyir “kaş mənim kimi Azərbaycanda beş faiz millətçi olaydı”. Mən belə türkçülüyü başa düşmürəm dedim. Sən təpədən-dırnağa özgəçisən, ərəbçisən, özün də deyirsən türkəm. Hanı sənin türk dəyərləriylə özünü yaratmağın,  düşüncələrin? O, onda artıq susdu, dedi ki, bağışla, deyəsən mən bu məsələləri nəzərə almamışam. Yəni belə-belə hər addımımız, hər anımız Ocaqlaşmaq, xalqalşmaq olur. Həmişə deyirəm, indi də deyirəm, özümü çox xoşbəxt sayıram. Ocaqçı düşüncəsinə bağlı olmayan vaxtım olmur. Atamız Var olsun.

Göylü Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə!

Əslində mən bu gün yox, sabah danışmaq istəyirdim. Nəyə görə? Nədənsə mən bu əhvalı hələ də ötə bilmirəm. Mərasim öncəsi gərginlik çökür halıma. Hər dəfə çalışıram ki, mərasimi sakit qarşılayım. Bəlkə də yaxşı bir gərginlikdir. Hər halda bilirəm ki, məsuliyyətdən irəli gəlir.

Mənim də ay ərzində deyə biləcəyim Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatım var. Sistemli hazırlaşmadığıma görə nəticələri deyəcəm.

Amallaşmam – Atanın “İçdən Yaranma” Bitiyini oxudum. Həm də Dostoyevskini oxuyuram, müqayisə aparıram. Dostoyevskidə çox güclü təsvir etmə qabiliyyəti var. Adamlığı duymaq, göstərmək qabiliyyəti çox güclüdür. Amma müqayisə aparıram, Atanı oxuyanda adam ruhən yüksəlir, doğrudan da, dəyişmək istəyirsən, artmaq istəyirsən. Amma Dostoyevskini oxuyanda mənə elə gəlir ki, əhvalımı geri çəkir. Əlbəttə, yenə də oxuyuram onu, bəhrələnirəm. Ata isə dəyişir insanı.

 Dəyişmə demişkən, mənim bu ay içdən dəyişmələrim var. Yenə mən nəticələri deyəcəm. Vüqarımda təzələnmə oldu. Eləcə də Amal eşqimi, Amal təpərimi bu ay yenidən özümə qaytardım. Ay ərzində, demək olar, hər gün özümü mərasimə kökləmişəm. Hər gün də oyananda ilk dediyim o olur ki, bu gün Ocaqla bağlı neyləyəcəyəm. Qarşıma məqsəd qoymuşam. Ayın 15-dən bu yana hər gün nəsə eləmişəm. Ocaqla bağlı hər gün addım atıram. Bir neçə məktəblərdə oldum. Onlardan üçündə təhsil şöbəsinə göndərdilər. Birində Sərt Ayında geniş görüşə söz verdilər. Ocaqla bağlı təxminən 15-20 dəq. söhbət elədik. Ocağın hal-hazırda qurum kimi necə yaşadıldığını soruşdu. Soylu Atalının adını eşidən kimi oxumuşam onun yazılarını dedi. Ordan çıxanda içimdə fərəhli bir əhval var idi. Cağın təsiri görünür.

Jurnalla bağlı addımlar atmışam. Sənədləşmə işi tam yekunlaşmaq üzrədir.

Burdakı mövzulara da toxunum. Mövzu belə qoyulub ki, “Hər kəsin öz yörəsində ruhani mühiti və bu mühitlə bağlı Ocaqsevərləri varmı, onlarla vaxtaşırı görüşüb iş apara bilirmi?” Mənim Ocaqda özümü tanıyandan belə bir problemim var. Səfərlərə gedirəm, kütləvi görüşlər keçirmişəm. Bir də var insanlarla fərd-fərd görüşüb onların ruhunu böyütmək, ağlını, ürəyini böyütmək. Bu, məndə alınmayıb. Bunu özümçün qüsur hesab eləyirəm. Deyim ki, ağlımın gücü çatmır, o deyil. Mən bələdəm özümə. Bunu aydınlaşdırmağa çalışıram. Bu hardan irəli gəlir? Təkliyə çəkilməkdimi, biganəlikdimi? Özümə bu yöndə daim suallar verirəm, bu niyə belədir? Mənim olduğum mühit əsasən iş və evdir. İş mühitimdə hər kəs bilir kim olduğumu. Hər kəs mənim dinə münasibətimi də bilir, inancımı da, mövqeyimi də. Bunu bilirlər, amma mənim onlara təsirim daha çox əhvalımladır, davranışımladır.

İkinci mövzu: ”Hər yerdə topluma Atanın İnamını demək və toplumun yanlış dünyagörüşünün üzərinə getmək cəsarətinə nə dərəcədə yetmişəm”. Mən özümdən qəti arxayın idim ki, qorxunu ötmüşəm. Qardaşımla bağlı olaylardan sonra (Ocaqçılar bilirlər), o dönəmdə mən o duyğuyla çox görüşmüşdüm. Nəhayət, dedim ki, deyəsən mən ötmüşəm bu duyğunu. Sonuncu dəfə Günev Atalının anasının yas mərasimində olan hadisələrdən sonra bir də o sualı özümə verdim ki, doğrudanmı ötmüşəm? O suala Nurtəkin də cavab verdi, qorxuyla bağlı. Məndə durum belədir. Bilirəm ki, ölüm-qalım məsələsi meydana çıxsa, ya var, ya yox məsələsi meydana çıxsa, mən “var”ı seçəcəm. Qorxunun üstünə gedə bilirəm. Ancaq hər halda azadlığımı tam əldə eləmək istəyirəm ki, toplumun da üzərinə daha cəsarətlə gedim.

 ( Bu arada Göylü ilə Soylu Atalının Göylünün halına yönəlik fikir bölüşməsi oldu – G.A.)

 

Güntay Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə bayrağımızı öpürəm!

Mənim içimdə bir az tərəddüdlər var idi son 15 gündə. Metroda gələ-gələ düşünürdüm, burda yazılanlar beynimdən keçdi. Cəsarətə yetə bilmişəmmi? Burda hesabata başlayanda, Göylü bacım demişkən, nəsə insanın üzərində bir basqı olur. Bu da nədən irəli gəlir? Cavabı bəllidir mənim özüm üçün, hələ içimdə söz (Ocaq Sözü)  demək sistemli oturuşmayıb.

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatım. Amallaşmamda Atanı oxuyuram. Oxuduq­larım ağlımdan çox halıma çatır. Atanı böyük bilirəm. Atanı qüdrət bilirəm. Atanın ideyasını yol bilirəm. Yeganə yol bildiyim üçün mənə qanad verir. Bacardığım qədər çalışıram ki, Amallaşma yönündə əhvallar sərgiləyə bilim. Özüm də sonra görürəm ki, bu məndə heç də yaxşı alınmır. Son 5 gündə özümdə elə şeylər müşahidə eləmişəm ki. Hansı məqam məni öz təsirinə çəkə bilib, məni özümdən çıxarda bilir, məni ələ ala bilir, məni idarə edə bilir. Düşdüyüm vəziyyətə görə özümü qınayıram da. Bu da ondan irəli gəlir ki, içim kasaddır. Belə tərəddüdlərim var.

Ocaqda mən sonuncuyam. Fərəhli aylarım olubdur. Amma Ocağın tələbləri qarşımda açıldıqca ki, Ocaq nə istəyir, sən kim olmalısan – bu tələbləri qarşımda açıldıqca sabitliyim pozulur. 2-3 ay əvvəl mənə elə gəlirdi ki, artıq sabitəm, ziddiyyətsizəm, düz yola çıxmışam. Amma görürəm ki, yox, düz yola çıxmağa hələ çox varmış.

Öz ətrafımda mən mühit yarada bilmişəmmi? Hərdən mənə elə gəlir ki, evimdə hal yarada bilmişəm. Ən azı evimdə mühit yarada bilmişəm. Sonra elə şeylər olur ki,  görürəm ki, yox, mən evimdə mühit yarada bilməmişəm. Son vaxtlarda Ocaq hansısa qurumlarla müqayisə olundu bizim evdə. Əməlli-başlı hidddətləndim, qəzəbləndim. Çox kəskin şəkildə etirazımı bildirdim. Mən özümü bilirəm, tanıyıram. Bilirəm ki, təsirə düşməmişəm. Sadəcə mən tapdığım həqiqəti tapmayıb evdəkilərim. Mən tapdığım işığı tapmayıblar evdəkilərim. Söhbət bundan gedir. Ona görə belə şeylər məni bir az hiddətləndirir. Sən Ocağı hər hansı siyasi təşkilatlarla müqayisə eləyə bilməzsən. Müqayisəyə də gəlmir. Belə şeylər var.

Mühitlə bağlı, məsələn, mənə işdə sayğılı olan iş yoldaşlarım var. Onlar bilirlər mən Ocaqçıyam, Asif Atanın Evladıyam. Mən bilirəm ki, özümə görə qüsurlarım nədir. Ancaq qıraqdan baxan insanlar bizi ya ideal, ya da ideala çox yaxın sayır. İş yoldaşlarımın sayğısını görürəm. Bu da Ocağın sayəsindədir…

Mənim mühit yaratmağım, mühitə söz deməyim özümü qane edəcək səviyyədə deyil. Mən özümə deyirəm ki, belə gediş kölgədə durmaqdır. Lap Ocağın kölgəsində. Nəsə eləməlisən. Sən söz qoymalısan ortaya, daha ciddi əməl qoymalısan.

Hər yerdə toplumun yabançı dünyabaxışının üstünə gedə bilirəmmi? Əlbəttə, biz bütün dünyabaxışları, xüsusən də səmavi dinləri yanlış sayırıq. Bunu hər yerdə də deyirik. Amma mən gedə bilirəmmi? Mən bu yaxınlarda Mingəçevirə ezamiyyətə gedəsi oldum. Qayıdanda da kəndə gedəsi oldum. Hüzür yerlərini atam gəzməli idi. Belə bir adət var. Mən də atama yoldaşlıq elədim. Orda mən gördüm ki, hələ mən toplumun üzərinə gedə bilmirəm. Hələ ki, dişimə yem axtarıram. Qarşımdakı adam idraklıdır, idraksızdır deyə yox, sadəcə səviyyəsi nədir, ucadan danışmayaq, birdən diqqət cəlb eləyər. Bu hamısı yəqin qorxu duyğusundandır. Məndə yəqin ki, var. Yəqin ki, yox, var! Narahatçılıq keçirirəm. Bunlar da zaman-zaman yəqin ki, həllini tapacaq. Başqa yol yoxdur. Biz hansı yükün altında olduğumuzu bilirik. Bu mənim içimə çatıbdır…

 

Üstün Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğımbərim Asif Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram! Bayrağımızı öpürəm.

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatım. Bu ay ömrümə gözəl bir ay kimi yazıldı. Çalışdım ki, yaratdığım halı bu ay da qoruyub saxlaya bilim. Keçən ay bölgələrdə oldum. Bu ay işimlə əlaqədar bölgələrə səfərə çıxa bilmədim. Bakıda oldum. Təzə kitablarımızı kitabxanalara təqdim elədim. Hətta birində təklif elədim ki, bir vaxt təyin edək, görüş keçirək. Müdir özü də istədi. O da dedi ki, baxmayaraq ki, mən kitabxana işçisiyəm, Asif Ata, onun ideyaları haqqında məlumatım yoxdur, elə işçilərin də. Yaxşı olar ki, belə bir şey təşkil edək. Həmin o görüş bu gün alındı. Yaxşı görüş oldu. Mən çoxdandır Soylu Atalının görüşlərində olmurdum. Özümçün müqayisə apardım –  əvvəlki hal və indiki hal. Mövzuya necə giriş vermək, necə danışmaq. Özümçün nələrsə götürdüm. Orda xanımın biri bir az inkarçı mövqe sərgilədi. Soylu Atalı bütün suaalları cavablandırdı. Mənimçün bugünkü görüş çox xoş oldu.

Sonra mən özüm Sumqayıt kitabxanasına kitab verməyə gedəndə işçilərlə yığcam söhbət elədim. Onlar mənə arayış verəcəkdi, gözləyirdim. Özüm maraqlandım ki, sizə bu qədər kitablar gətirib veririk, onları oxuyan varmı? Söhbətdən bəlli oldu ki, nəinki Asif Atanın, təzə gələn kitabların oxucusu çox azdır… Mən Şəkiyə gedəndə orda mənə dediər ki, bu kitabın yiyəsi filan adamdır. O, həmişə gəlib belə kitablar oxuyur… Mən də Sumqayıtda dedim ki, yəqin sizin oxucuların da içində elə adamlar var ki, belə kitabları oxuyur. Dedilər var.  Mən inanıram ki, zaman-zaman bu kitabların axtarışında olanların sayı artacaq. Başqa çıxış yolu yoxdur.

Bir nəfərlə görüşdüm. Mən onu əslində Soylu qardaşımla görüşdürmək istəyirdim. Sosial şəbəkədən tanış olduğum Cavid adlı bir nəfərdir. Asif Atadan, Ocaqdan xəbəri var idi. Amma tam olaraq Atanın nə istədiyini bilmirdi. Onunla da yaxşı söhbət elədim.

Özümün ümumi halımı deyim ki, fərəhliyəm. Niyə? İşlədiyim mühitdə ətrafımda insanların çox adi, qarışıq halını görürəm, özümün bu haldan uzaq olduğumu görürəm. Bu mənim içimə bir fərəh gətirir. İnsanlar hər şey üstündə bir-biriylə intriqaya girir, mübahisə edir. Mənim ağlıma çatır ki, bunların hər biri ötəri, keçici hadisələrdir. Nəyinsə üstündə dava eləmək, bir-biriylə rəqabət aparmaq, artıq bu səviyyəyə enmirəm. İstəyirəm ki, ətrafımdakı insanlara da o yöndə təsir edim. Onların içində elələri olub, mən insanlıqdan danışanda lağ ediblər ki, indi insanlığa kim baxır, həyatda əsas rol oynayan maddiyyatdır, puldur. Amma bu gün görürsən ki, həmin adamlar sözlərinin qarşısında aciz qalırlar, divara dirənirlər İnsanlıq olmayanda. Mənim də dediyim odur ki, insanlıq yoxdur ki, insanların bir-birinə münasibəti maddiyyatçılıq şəklindədir.

Gedişatdakı mövzuyla bağlı: Bir də bir məqamı demək istəyirəm. Həyət evimdə apardığım tikintiylə bağlı məni bir az narahat elədilər. Mən rəsmi adamla pul söhbəti eləməli oldum. Rüşvət verib işimi davam eləmək. Mən o məqama gedəndə düşündüm ki səhvmi edirəm, düzmü?! Bunun bir hüquqi tərəfi yoxmu, varmı? Məsləhətləşmələr elədim. Məlum oldu ki, proses uzana bilər… Mən nəyi qeyd eləmək istəyirəm? İnsanların, xüsusən də onun timsalında Azərbaycan kişisinin pul qarşısında bu qədər acizliyi. Mən özümü onunla danışanda kökləyirdim ki, əslində o mənim qarşımda alçalır, mən onun qarşısında yox. Onun qarşısında nə əzilmirəm, nə yalvar­mıram. Mən ona pul verirəmsə, məcburamsa ki, işimi görüm, o mənim qarşımda alçalır.

 

Soylu Atalı: Belə söhbət gərək deyil. Bilirsənmi, bizim hədəfimiz kiminsə aşağı, alçaq olduğunu sübut eləmək deyil. Bu söhbət gərək deyil. Mən öz işlədiyim mühitdə rəhbərliklə mübarizə aparıram. Deyirəm ki, tələbkarlığını elə, amma Azərbaycan kişisini aşağılama. Hər yerdə, bütün müəsssisələrdə Azərbaycan kişisini aşağılayırlar. Ümumi Azərbaycan kişisi haqqında belə ifadələr gərək deyil. O özü-özünü aşağılayıbdır. Bu bir bəladır. Amma “mən ondan üstün oldum, ya o məndən aşağı oldu”, belə söhbətlər gərək deyil. Bu, Ocaq söhbəti deyil. Xahiş edirəm, belə söhbətlər gələndə eləməyin.

 

Əlisəfa bəy: Bu Ocağın Yükümlüsü olmaq həyatda hansısa bir sahədə nəsə eləmək deyil. Bu mümkün deyil. Nə olursan ol, gərək bu işin gerçəyi, özəyi olasan. Həddindən artıq çətin işdir. Lamalar silaha yox demişdilər. Çin işğal elədi, hamısı kütləvi qırğına getdi, özlərini müdafiə üçün silaha əl atmadılar. Cəmiyyət başdan-başa bulaşıq, pırtlaşıq, Sədi Şirazi deyirdi, dünya zəncinin saçları kimi qarışmışdı. Bu günləri bu qədər sivilizasiyaların dialoqları içərisində, hərə ağzına, ağlına gələni danışdığı bir vaxtda durub təmizlik, “cənnət” ovqatı yaratmaq, o dünya mənasında yox təbii ki, həddindən artıq böyük yükdür. Asif Atanın kitablarında cəmiyyətin münasibətləri incədən incə incələnib. Bütün o müqəddəs sifətlərin hamısına tərif verilib. Konkret olaraq, ruhani ucalığa yüksəlmək üçün də İnsan adının daşınması nə deməkdir.

Mənim kəndçilərim demiş, amma dərd bundan sonra başlayır. Tarixdə konkret şəxsiyyətlər olur ki, onlar cəmiyyətin düşüncə yönünü dəyişirlər, ehkamları dəyişirlər. Bundan sonra kim nə iş görmək istəyirsə, onların qoyduqları təfəkkürə, o ideologiyaya köklənirlər. O məcrayla gedirlər. Onlar öz sözünü deyiblər. Bizim tariximizdə Nizami Gəncəvi, Füzuli, ondan sonra uzun illər bu torpağın yiyəsi kimi, mən kiməm sualına cavab axtarıblar, bu torpaqda yaranmış o dövlətçiliyi yaradanlar Babək və s. İndi bax, bizim cəmiyyətimizdə bu Ocağın qalanması bu cəmiyyətə o səviyyədə stimul verəcəkmi? Məni maraqlandıran budur. Söz yox, mənə ləzzət eləyir. Mən də istəyirəm ki, cəmiyyət sizin istədiyiniz kimi olsun. Bunun formaları fərqlidir… Danışıqlardan belə anlayıram ki, konkret Günevin davranışını, yerişini, baxışını, təbəssümünü görənlər bəs eləyir ki, ondan öyrənsinlər. Ondan sonra Günev bu dünyadan gedəcək, bu duruşu, bu baxışı, sözsüz, o davranışı görənləri də tərbiyə edəcək özündən sonra illərlə. Məsələ burasındadır. Amma bunu kütləviləşdirmək, bayaq dediyim kimi, o boyda nüvəni ortaya qoymaq ki, cəmiyyət kütləvi şəkildə bu boyda ədaləti özlərində görə bilsinlər, anlaya bilsinlər. Buna köklənmək, bunu gerçəkləşdirmək çətindən çətin bir işdir.

Soylu bəy qalın-qalın kitablarını yazır, amma o boğazlar ki, onu keçirdə bilmirlər də, yemin keçməsi üçün də bir ölçü olmalıdır.

Hitler bir dənə əmriylə, deyək ki, Stalin bir dənə göstərişiylə cəmiyyətdə konkret qaydalar qoydu. Yəni gücün, zorun bir qayda kimi ortaya qoyulması həddindən artıq asandır. Bəşər də 30-40 min ildir ki, bu qoyuluşla formalaşıb gəlib. Bu günə gəlib çıxıb. Birdən-birə gətirib sən konkret sırf ruhani bir qayda ortaya qoymaq istəyəsən, bunun da yükünü çəkəsən…

Günev Atalı: Xoşbəxtlik başlamaqdır.

Əlisəfa bəy: Xoşbəxtlik bunun içində yaşamaqdır. Siz özünüz xoşbəxtsiniz ki, onun içində yaşayırsınız. Doğrudan ha. Yəni meşənin içində, səhranın ortasında, bu qədər arzuladıqlarının ətrafında olmadığı bir yerdə sən özünü onun içində görürsənsə, bu böyük xoşbəxtlikdir. Əgər ruhani dünyanı görən insanlar gəlib burdan keçsəydilər, sizin bu ovqatınızı görsəydilər, sizə qibtə eləyərdilər. Siz nə qədər xoşbəxt adamlarsınız. Niyə? Siz uşaqlar kimi dupdurusunuz. Sizin içinizdə heç bir qərəz yoxdur. Acıq yoxdur. Deyək ki, Üstünün qarşılaşdığı bir həyat hadisəsindən danışdığı bir vaxtda o dəqiqə onun əlindən tutub saxlayırsan, yox, onu demə. Elə demə, bu cür deynən.

Günev Atalı: Məktəbdir də…

 

Əlisəfa bəy: Əgər bu Ocaqda sizlərdən çox olsaydı, bu Ocağa gələnlərin və bu cəmiyyətin daşıdıqlarının təfəkkür səviyyəsi elə bir irqin nümayəndələri olardılar ki, ondan sonra nə var idi ki. İndi çoxdan burdan köz-köz gəlib daşıyıb aparardılar. Yüzlərlə Ocaq qalanmışdı. Günəş boyda işıq var içərimizdə.

Soylu Atalı: Sizin bu söhbətiniz özü bir nəğmə kimi gəldi mənə. Çox sağ olun. Bu istək, bu görüm, bu arzular, kaş bu olaydı, o olaydı, həm müşahidə aparmaq, həm də bunu öz xalqının taleyinə arzulamaq, bu da bir nəğmədir. Bir qəlbdə də nəğmə belə çalınır.

Əlisəfa bəy: Və böyük hərflərlə sonda nida işarəsiylə “alqış” sizə.

 

Soylu Atalı: Əlbəttə, doğru müşahidədir. Asan bir iş deyil, olduqca çətindir. Ancaq eyni zamanda bu da bir məsələdir ki, mənim üçün Əlisəfa bəyin dediyi bu söz özü bir stimul verdi. Deyir 30-40 min ildir bəşər həyatı belə gəlib, zorun diqtəsiylə həyat axarına düşüb. İndi siz təsəvvür edin, bu özü gözəl bir şeydir. Deməli, 30-40 min ildir bəşərin başlamaq istədiyi, başlaya bilmədiyi bir işi Asif Ata gəldi başladı. Yəni bəşəriyyət indiyə qədər zor axarında həyatını qurub. İndi isə Asif Ata tamam ayrı bir şey istəyir. Nə vaxt bu hakim olacaq? Söz yox bu 3 ilin, 5 ilin söhbəti deyil. Amma bu başlayıb. Deməli, bəşəriyyət hansısa bir nöqtədə başlamalıydı. İnsana qarşı hansısa bir zor eybəcərliyini dayandırmalıydı. Ordan başlamalıydı. Asif Ata başlayıb. Biz onun ilk carçılarıyıq.

Çox sağ olun. Həqiqətən ağlıma bir işıq damcısı kimi düşdü. İnsanların bir yerdə olması ona görə lazımdır. Birgə fikir bölüşməsi ona görə lazımdır. Birdən sənin dediyin məndə, mənim dediyim səndə gözəl bir stimul yaradır. İfadə edə bilmədiyini ifadə edir. Sənin ifadə edəcəyin, doğrudan da, başqası üçün düşüncə qaynağı olur.

 

Nurtəkin Atalı: Bizim carımız burda öz yerini tapır: “Ruhani mühitimizdən böyük dünyamız yoxdur”. Bu elə bizim dünyamızdır, bir-birinə qovuşan…

 

İnamlı Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə!

Atanın bir tələbi var. Deyir, Ocaqçının Ocaqda 3 borcu var: Amalı öyrənmək, – Atanın həqiqətini, fəlsəfəsini öyrənmək, özünü öyrənmək və bu həqiqəti xalqla bölüşmək, xalqa vermək. Ocaqçının nə haqqı var ki, bildiyini xalqa verməsin.

Bu gün səhər tezdən Atanı oxumağa başladım. Ağlıma bir fikir gəlmişdi, onu aydınlaşdıra bilmirdim. Mən niyə Ocağa gələn kimi hər şeyi kortəbii götürdüm. Bu mənim cahilliyimdirmi, ya bəxtiyarlığımdırmı?! Mən həqiqəti görürəm, göydə tuturam. Bunu Ata deyibsə, qəbul edirəm. Bu mənim bəxtiyarlığımdır ki, həqiqəti görürəm, çək-çevir eləmirəm. Mübahisə etmirəm. İkinci də fikirləşirəm ki, bu gün islamın dünyada yayılmasının tək səbəbi insanların kortəbii axına qoşulub dini qəbul eləməyidir. Biz kortəbii istəmirik. Mütləqə İnamımızı, fəlsəfəmizi öyrənək, öyrənməsək, qarşımızdakına onu yaşatmaq öyrədə bilməyəcəyik.

Atanı mən tam oxuyub qurtarmamışam. Təbii ki, öyrəndiklərim şeylər var. Ata deyir Mütləqə İnamı elə-belə öyrənmək yox, özümləşdirmək gərək. Mən fikirləşirəm ki, görəsən Mütləqdən o qədərmi uzağam ki, bəzən dilimə islama aid andlar gəlir. Mən içimdə özüm özümü söyürəm. Kaş ki, dilimdən “vallah” sözü yerinə “Ata haqqı” sözü çıxa. Mən onda deyəcəm ki, Mütləqçiyəm. Mən bu gün özümə dərində Mütləqçiyəm sözünü deyə bilmirəm…

…Mənim bir tanışım var, fizikdir. O sübut eləməyə çalışır ki, həyatda mütləq yoxdur, nisbi var. Mən də ona deyirəm ki, bizim inamımızın adı Mütləqə İnamdır. Ata deyir ki: “Mütləq bugündə nişanələriylə, əbədi sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi hadisələrin daxilində yaşayan və onları özündən kənara çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, həyata, insana ali daxili qüvvə olan ruhani qüdrətdir.” Müsəlmançılığa görə dünya Allah tərəfindən yaradılıb 6 gündə, hər şeyi də Allah yoluna qoyub.

Ata deyir ki, dünya yaradılmayıb. Dünya öz mənasından yaranıb. Əzəli, Əbədi, Sonsuz, Kamil mahiyyətə malikdir. Dünyanın dağılacaq, pozulacaq vaxtı olmayıb, olmayacaq. Nisbi ona görə var ki, Mütləq var. Mütləq olmasaydı, nisbi olmayacaqdı.

Ona görə mən Ocağa gəlmişəm ki, Atadan sonra Atanın yolunu davam elətdirim. Ötürüm məndən sonra gələn nəslə.

Mövzuyla bağlı deyim, mən əsasən məktəblərdə iş apara bilirəm. 3 ay yay müddətində zəmin yaratmışam. Mənim işdəki işim ikitərəflidir. Fiziki işimlə bərabər, ruhani iş də görürəm, həm də kim ki, məktəblərdə işləyir, söhbət edirəm, ünsiyyət qururam. Bir az içlərinə Ata közü atıram. Yəni demək istəyirəm ki, qorxudan uzağam…

 

Azər bəy: Mən Atanı institutda oxuyanda oxumuşam. Mən müsəlmanam və islam dininə sitayiş edirəm. Amma Atanın türkçülüyü məni valeh elədi. Mən ona inandım. Lev Tolstoy bütün Rusiyanı əsərlərində tənqid edib. Əziz Nesin ateistdir, ancaq Türkiyənin bütün problemlərini yazıb. Dediyim kimi, mən islama sitayiş edirəm, amma Atanın ideyalarını, Türk Dünyasını bütöv görmək istəyini qəbul edirəm. Ata uzun illər əziyyət çəkib, təzyiqlərə uğrayıb. Fikirləri gərəklidir. Bizim bir müəllimimiz vardı, deyirdi ki, deyələr ki, xristian olaq hamımız, gedək Qarabağı işğaldan azad eləyək, mən ona razı olaram. Ateist olaq, amma Qarabağı işğaldan azad eləyək. Razı olaram onunla. Vətənpərvərlik ruhu budur. Mən Atada həmin ruhu gördüm. Onu başa düşəndən sonra başlayırsan oxumağa. Mən onun kamil oxucusu deyiləm, amma Atanın fikirləri mənimçün stimul yaratdı, mən düşünməyə başladım Babək haqqında, Nəsimi haqqında, Dədə Qorqud haqqında. Ən əsası türkçülük haqqında Atanın fikirlərinə valeh oldum.

 

(Yasin Türksoy Ocağa hədiyyəsini verdi. Bu “Duyğulu Könüllər” verilişinin disqdə görüntüsü idi – G.A.)

 

Yasin Türksoy: Çoxdandır demək istəyirdim, sonərklə bağlı, Mütləqə İnamçıların “Ölügötürmə quralları” kitabda əks olunubdur. Burda tam quralın yerinə yetirilməsi A-dan Z-yə izah edilibdir. Ona görə də sonərkimi (vəsiyyətimi) bəribaşdan vaxtında bildirirəm. Mən, Yasin Türksoy, vəsiyyət edirəm ki, mən öləndə torpağa gömülməm tam Asif Ata Ocağının qaydalarıyla icra olunsun. İndidən deyirəm qoy yazılsın, bəlkə sabah başıma bir iş gəldi.

Soylu Atalı: Yaxşı eləyirsən. Ancaq hələ yaşa və yaşat! Xalqımıza qulluq elə. Cavansan. Ancaq sözünü də demək doğrudur. Ayrı-ayrı insanlarımız millət qarşısında öz mövqeyini ortaya qoymalıdır.

 

Soylu Atalı: Mən də hesabat verməliyəm. Mən “Atagün” Ailəsinin Evladıyam. Ancaq bu dəfə ənənəmizi pozacam, qısa, yığcam danışacam. Çünki vaxt baxımından axşamdır, gecdir. Sabah da bizim mərasimimiz var. Sabahkı mərasimdə biz daha geniş iş görəcəyik.

Bu gün Ocaq Ailələrinin birgə keçirdiyi qutsal “Ailə Günü”dür. Bir neçə fikir demək istəyirəm. Hesabat vermək istəmirəm. Mənim hesabatım qalır gələn tədbirimizə. Atamıza səcdə edib bayrağımızı öpürəm.

Ata ona görə deyib ki, Ailələr 3-5 adamdan ibarət olsun. Çünki 10-15 adam olanda onun hesabatı da uzun çəkir. İkinci bir tərəfdən bu Günün adı Ailə Günüdür. Tutaq ki, səhər saat 10-dan başlamalıdır axşam 6-ya kimi. Ata elə nəzərdə tutub əslində. Bu Ailə saatı deyil, Ailə Günüdür. Ayda bir gün Ailəçilər özlərinə ayırırlar. Orada fasilə edə-edə ardıcıl gün keçirirsən.  Əvvəllər olub günün daha çox hissəsini Ailəyə həsr eləmək. Uzun illərdir, elə Atanın sağlığında da, bizdə Ailə Günü deyil, Ailə saatı olub. Yığcam deyirik, ümumiləşdirib deyirik.

Ailə Günüylə bağlı konkret hazırlaşmaq lazımdır. Yaşadığın ayı hazırlaşıb yığcam, aydın hesabat vermək lazımdır.

Üstün ay ərzində çox böyük işlər görüb. Amma bu çox işləri düşünüb ümumiləşdirmək lazımdır. Burada hadisələri sadalamaq zəruri deyil. Zərurət olar, fikrini izah eləmək üçün fakt demək olar. Amma bütün vaxtı hadisələr sadalamaq gərək deyil. Məğzi açmaq lazımdır.

Amallaşma – nə öyrəndim, necə Amallaşdım. Kamilləşmə – özümlə necə döyüşdüm, nəyə yetdim, nədə yetə bilməmişəm. Xalqlaşmada konkret Atanın filan kəlamını bu cür çatdırdım. Belə də reaksiya gördüm.

Sonra İnamlı qardaşımız özü, çox böyük işlər görüb, özəllikcə də Ocaq Eviylə bağlı, sonra özü vurğu elədi, görüşlər təşkil eləməsi, ancaq o fikirlər ki, görüşlərdə deyilməlidir, hər dəfə onu Ailə Günündə deməyə gərək yoxdur.

Ailə Günündə konkert bu mövzular – Amallaşma, Kamilləşmə, Xalqlaşma üzrə hesabat verilməlidir. Buna tamam hazırlaşın. Belə ənənə olmalıdır. Ailə Kitabı yaranır. Ailə Kitabını gələcəkdə əlinizə alacaqsınız, onda görəcəksiniz ki, bir çox hallarda özünüz özünüzü təkrar eləmisiniz. Hər dəfə eyni şeyi təkrar vurğu eləmək gərək deyil. Bax, bu baxımdan hazırlaşmaq lazımdır. Söz yox ki, burda lüzumsuz fikir yoxdur ha. Amma dediyim kimi, hər dəfə eyni şeyi vurğu eləməyə lüzum yoxdur. Yaxud da xalqın içində deyəcəyin şeyi Amaldaşlarının yanında deməyə ehtiyac yoxdur. Bunu bilirlər Amaldaşların. Yeni bir şey ki, sən içində aşkarlayırsan, onu açmaq lazımdır. Bax, bu yöndən öz üzərində işləmək yaxşı olar.

Mövzulara hərə bir cür münasibət bildirdi. Əski baxışların üzərinə gedə bilirəmmi, cəsarətim varmı, azdırmı, çoxdurmu, yaratmışammı, bunlar təbiidir. Burada həyəcanlar var. O narahatlıqlar mənim özümdə var. Yaşayıram onu. Heç bir səfər mənə həyəcansız başa gəlmir. Dönə-dönə mən görüşlər keçirmişəm, özümü tamam unutmuşam. İçim Asif Ata ilə dolu olduğu üçün kükrəmişəm. Həm də özümü unutmuşam. Ancaq dodağım quruyub həyəcandan. Niyə? Bir ziyalı, bir tarixçi, bir yazar, bir şair gedər bölgələrə, gedər toplumun qarşısında çıxış eləyər. O çox rahat danışa bilər. Çünki o, adamların düşündüyünü və istədiklərini deyir. Biz söz dediyimiz adamların düşündüklərini, istədiklərini demirik. Onların içindəkilərə qarşı deyirik sözümüzü. İçində daşıdığı baxışlara qarşı deyirik. Bu baxışlar səni kiçik saxlayır deyirik. O öz üzərinə götürmür. Necə yəni kiçik saxlayır? Deyir Azərbaycanda hər şey əladır, qaydasındadır. Hardadır qaydasında? Qaydasındadırsa, belə çıxır ki, biz dəliyik. Dəliyik ki, Azərbaycana əyri deyirik və bu əyrini düzəltmək istəyirik. Hər şey düzdür və biz də onu əyirik, əyri görürük. Bax, məsələ burasındadır. Asif Ata ortaya yeni bir  İnam qoyub. Sən gedib xalqa deyirsən ki, sənin içindəki yanlışdır. Bu doğrudur. Bu sənin mənliyini qurur. Ancaq bunu qəbul eləmək asan bir şey deyil. Hərə bir yandan gözlərini döyür o saat ki, nə danışır bu?! Bu elə-belə başa gəlmir. Ona görə bu həyəcandır. Sən xalqın içini dəyişirsən. Bayaq qardaşım deyir ki, 30-40 min ildir bəşəriyyət zorla yönəldilir. Zorakılıqla yönəldilir. Sən də deyirsən ki, indiyə qədər bəşəriyyətin yaşadığı bu yol, xətt doğru deyil.

 Baxın, bizdən siyasi dəyişiklik cəsarəti, gücü, qüdrəti umurlar. Biz siyasi dəyişikliyə gəlməmişik. Asif Ata bəşəriyyətdə insan haqqındakı fikri, mövqeni dəyişməyə gəlib. İnsan haqqında fikir yanlışdır. Asif Ata onu dəyişməyə gəlib. Və deyir, nə qədər ki, insan haqqında fikir dəyişməyib, dəqiqləşməyib, doğrulaşmayıb, sən bəşər olaraq heç nəyə nail ola bilmə­yəcəksən. Heç bir xilasa, özgürlüyə yetə bilməyəcəksən… Asif Ata insan haqqında fikri dəyişməyə gəlib. Qardaşımızı da (Əlisəfa bəyi nəzərdə tutur-G.A.) mən anlayıram. Ancaq bu fikri dəyişmək üçün zorla mümkün deyil. Bundan ötrü böyük səbrin olmalıdır. Nə qədər böyük için olmalıdır. Nə qədər böyük idrakın olmalıdır. Min il sən bu xalqa bu sözü deməlisən. Bəşəriyyətə deməlisən. Min il. 30-40 min ildir sənin ağlın, düşüncən yanlışdır. O yanlışı əsaslandırırsan, sübut eləyirsən. O yanlışı sübut eləmək üçün Antraktidanın buzunu əritmək lazımdır. Zarafat məsələ deyil. Ona görə də hər bir Ocaqçı öz içində Asif Atayla bağlı o qədər böyük, dəqiq yəqinliklər yaradır ki. O qədər ciddi, əsaslı fikir yönü, yolu, ölçüsü yaradır ki, o xalqın içinə gedir, sözünü deyir, xalqın reaksiyası bu gün sayğı ilədir, sabah etirazlıdır. Buna baxmayaraq o, daim gedir və deyir. Xalq deyilən toplum, mən sənin içinə axıra qədər gələcəm. Gələcəm o vaxta qədər ki, sənin içində buzu əridim.

Fikir verin, mən deyirəm Asif Ata insan haqqında fikri dəyişməyə gəlib. Bu gün iki fikir mövcuddur. Bir fikir odur ki, insan öləndən sonra gedəcək cənnətə. Cənnətə gedəcək fikri insanlığa xəyanətdir. Niyə xəyanətdir? Asif Ata insana, bəşəriyyətə əbədiliyi öyrədir. Əbədiliyin nə demək olduğunu öyrədir. Bizə cənnət vəd edənlər isə cənnəti maddi nemətlər əbədiliyi kimi təqdim edirlər. Maddi nemətdən əbədilikmi olar?! Eyş-işrətdən, kefdən əbədilikmi olar?! Ölməzlik eyş-işrət deyil, kef deyil, kef maddidir, öləridir. Əbədilik ayrı şeydir. Əbədilik xoşbəxtlik deməkdir. Bəs o xoşbəxtlik nədir? Mən bir yazı yazmışam, “Tərəqqi və Antitərəqqi”  yazımın detallarıdır bunlar. Bir var xəstə, bir var bədbəxt. Xəstəyə fiziki qulluq gərək olur, bədbəxtə mənəvi qulluq. Fiziki qulluq bütün bəşər toplumu içərisində 99 faiz insanlar onu bacarır. Azdan-çoxdan mərhəmət hissi hər kəsin içində var. Mənəvi qulluğu isə 0,99 faiz bacarır. Çünki bədbəxtə mənəvi qulluq göstərmək üçün, gərək özün içindən xoşbəxt olasan. Xoşbəxt olasan ki, bədbəxtlik nədir, xoşbəxtlik nədir biləsən. Biləsən ki, bax, bu bədbəxtlikdir, bu da xoşbəxtlik. Bədbəxtliyi tanımaq lazımdır. Bədbəxt özü bilmir ki, o bədbəxtdir. Bilsəydi bədbəxt olmazdı ki. Ancaq sən xoşbəxt, bilirsən ki, bu bədbəxtdir. Bəs xoşbəxtlik nədir? Həmin dediyim məsələ. Bu maddi tələblərə bağlı deyil. Məsələn, mən heç bir vəzifə tutmuram, məmur deyiləm, amma tutalım ki, normal bir həyatım var. Normal bir yaşayışım var. İşim də, maaşım da imkan verir, ailəm yaxşı dolanır, özüm də hər yeri gəzirəm, dincələ bilirəm. Bu, xoşbəxtlik deyil! Bu fiziki mövcudluğa, fiziki həzzə bağlı öləri məqamlardır. Bəs xoşbəxtlik nədir? Gəlirəm Asif Atanın dediyinin üzərinə. Ata deyir “adam içində ilan, tülkü, canavar gəzdirir”. Baxın, o ilan onun mənliyini, mənəviyyatını çaldıqca, o da başqalarının üzərinə zəhər qusur. Sənin içindəki ilan sənin mənliyini çalır, sən də başqalarını çalırsan. Həyat qana qərq olur.

 Sənin içində tülkü var. Bu tülkü sənin mənəviyyatını, mənliyini alçaltdıqca, sən də başqalarına qarşı hiylə işlədirsən. Məkr, fırıldaq işlədirsən. Sənin içində canavar var. O canavar sənin mənliyini, mənəviyyatını parçaladıqca sən də başqalarına qarşı vəhşi münasibətdə bulunursan. Bax, Asif Ata deyir ki, içindəki ilanı öldür! Mənliyini xilas elə. İçindəki tülkünü öldür! İçindəki canavarı öldür! Özüylədöyüş budur. İçin təmizlənəcək. Mənim içim o canavardan, ilandan, tülküdən azad olandan sonra bütün dünya mənim olur, gözəllik mənim olur, sevgi mənim olur, insan mənim olur, vətən mənim olur, hər şey mənim olur. İçimə yerləşir onların hamısı. İçimdəki canavar içimdən çıxandan sonra hər şey içimə yerləşir. Hakim olur mənim varlığıma. Xoşbəxtlik budur. O içimdəki mənliyimi məhv edənlərdən azad olmaqdır xoşbəxtlik. Mən içimdəki canavardan azad olum, ola bilər bir tikə çörəyə möhtac ola bilərəm. Amma bir tikə çörəyə möhtac olmağım mənim fiziki, öləri varlığıma bağlıdır. Gedərəm deyərəm, Elana bacım, mənə bir tikə çörək ver, ehtiyacım var. Amma içimdə xoşbəxtəm. Həqiqətən bu mümkündür. Həqiqətən bu nağıl-zad deyil. Dühalar olub. Buna çatanlar olub. Çünki o xoşbəxtlik özü əbədiliyə bağlı anlayışdır. Mən sabah öləcəm, o bir tikə çörəyə möhtaclıq da qurtaracaq. Amma xoşbəxtlik örnək olaraq sənin bütün nəslinə, xalqına gedəcək. Budur əbədilik. Əbədilik cənnət şirəsi deyil. Ona görə bu gün deyirəm, iki baxış mövcuddur. Biri deyir, insan cənnətdə həmin nemətlərə qovuşacaq, yəni əbədiliyə qovuşacaq. Bir qismi deyir ki, mənə o cənnətin nemətləri gərək deyil. Bu həyatın nemətləri lazımdır. Cənnətin nemətinə inanmayan (mənim kimi yox ha) bədbəxt materialist, ateist deyir ki, cənnəti verdim sənə. Dini, ibadəti verirlər yoxsullara. Get Allahla, dinlə başını qat. Mənə bu dünyanın neməti lazımdır. Bütün dünyanın nemətini yığacam mədəmə və başlayacam gövşəməyə.

Asif Ata nə deyir bəs? Asif Ata deyir, bu iki yanaşmanın ikisi də insanı öldürür. Asif Ata yeni ölçü gətirir. Bəşəriyyətin yolunu, yönünü dəyişir ki, nəhayət, burdan sonra ayrı yol başlamalıdır. Bu nöqtədə dayanmaq və başlamaq lazımdır. Dayandı və başladı. Hara qədər gedəcəyik, hara qədər nail olacağıq, bu məsələdə mən münəccimlik eləyə bilmərəm. Amma onu bilirəm ki, mən öz içimdə bu xoşbəxtliyi yaşayıram. Bu mücərrəd deyil, müşkül deyil. Mən içimdə buna çata bilirəm. Özümü qura bilirəm. Bütüm varlığım buna bağlıdır. Bütün varlığım Asif Atanın dediyinə bağlıdır. Ayrı bağlılığım yoxdur. İnsan buna çatdıqca, yetdikcə yetirir. Bu örnəkdir. Biz göydən zənbillə sallanmamışıq. Biz seçilmişlər deyilik. Bu xalqın balalarıyıq. Biz bunu yaşaya biliriksə, zaman-zaman nə qədər çətin olsa da, xalqın ümumi halına bu daxil olacaq. Biz demirik ki, qurd quzuyla yanaşı otlayacaq, bu mümkün də deyil. Ancaq böyük mühit yaranacaq. Yaranıb da. “Ruhani mühitimizdən böyük dünyamız yoxdur.” Bu bizim mühitimizdə var. Yaranıb. Bu genişlənməlidir. Ocaqçıların hamısı eyni səviyyədə deyil, amma mühitdə bu Ocaqçıların hamısının ülvi, gözəl qatqısı var. Hərənin özünəməxsus təsiri, qatqısı var. Xalq da hamı standart bir şey olmur ki. Xalq da yaranır. Xalq da baxır görür ki… yaxşı, bur vaxtlar sənin Vedalarından öyrəndim, Misir hekayələrindən öyrəndim, dindən öyrəndim, bəs bu türkdən mən nə öyrəndim? Türkdən Asif Atanın qoyduğu ümumbəşəri bir ölçünü! Buna görə də Ocaqçının cəsarət etməyə haqqı var. Xalqın içində söz deməyə imkanı var. Xalqın ümumbəşəri dəyərlərinin cövhərini çıxarıb işıq kimi ona təqdim edirsən. Buna Ocaqçının daha çox haqqı var. Ocaq nədir? Ocaq Türkçülükdür, Bəşərçilikdir, Şərqçilikdir, İnsançılıqdır, Vətənsevərlikdir, Həqiqətsevərlikdir. Hər şeydir. Bəşər həyatında bütün dühaların gözəlliklərinin hamısını Asif Ata, “Mütləq” izharında yazdığı kimi, yığıb qəlbinə və onlardan daha gözəl, daha ali bir surət yaradıb bəşəriyyətin özünə təqdim edir…

 Bununla da söhbətimi bitirirəm. Sizə də mən təşəkkür edirəm. Biz bir mühitə toplaşmışıq. Bu özü bir yaşamdır. Təkcə “Ailə Günü”müzün tələbiylə yox, içimizlə qatıldıq.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

Atamızın bayrağını öpürəm.

 

“Dünyadakı Mütləqlə Axşam Təması”nı və Ataya Axşam Ricası”nı Günev Atalı dedi.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”,

“Atamız Var olsun!” səcdəsiylə Gün başa çatdı.

 

Ata Ayı, 36-cı i. Atakənd.

(sentyabr, 2014. Bakı.)`

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir