Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Uluyol-Hünər”, “Ulufərəh”Ailələrinin
“Ailə Günü” törəni
Ocaq Günsırası ilə 16 Çiçək Ayı, 39-cu ildə (aprel, 2017) “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin Ailə Günü” toplantısı keçirildi. Törən quralları yerinə yetirildi. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə düşüncələrini bölüşdü: Hamınız xoş gəlmisiniz. Bu gün iki Ailənin Ailə Günüdür. Keçən ay, tədbir açısından, zəngin ay oldu. Həm “Yeni İl”, həm “İnsanilik” Bayramı, həm “Qutsal Bitiqlərin qəbul törəni”. Bu zənginlik əhvalımı uğurlara köklədi.
Keçən Ailə Günündən bu yana Ocaq işləri görmüşəm, tədbir kitablaşdırmışam. Keçən ay xalqlaşma işim də olub. Amallaşma baxımından son bir həftədə Atanın “Münasibətlər” kitabını oxumuşam. Bununla belə, Amallaşmaya gərəkən vaxt ayıra bilmirəm. Həm tədbirlər çoxluğundan, həm işlərimin çoxluğundan. Hər dəfə oxuduqca Ata ruhumu qidalandırır, mənə hava-su kimi gərək olur. Halım köklənir.
Bəzi düşüncələrimi yazmışam. Onu oxumaq istəyirəm.
Ruhum zəif olanda həyat, maddi qayğılar gözümdə elə böyüyürlər, heç nə görmürəm. Ruhsal əhvalda olanda, Atanı oxuyanda, Soylu Atalıyla ünsiyyətdə olanda başqa əhvalda oluram. Yəni əslində qayğılar yox olmur, sadəcə yorucu etkisi ürəyimdən aralanır. Ona görə həyatı, özümü anlamlı görürəm, nikbinləşirəm. Maddi qayğılar ruh dünyamı qapamır, məni idarə eləmirlər. Böyük düşüncə böyük əməl yetirir. Ona görə Ocaqda görülən bütün əməllər böyüklüyü təsdiq eləyir.
xxx
Ata Mütləqi gördü, Mütləqə inandı. Mütləqə inanmaq zaman tələbindən, zaman axtarışından doğmadı. Qutsallıq tələbindən doğdu. Ona görə zamandan, həyatdan üstün oldu.
xxx
Mən özüylə döyüşdükcə inam tələbinin içsəl tələb olduğunu duyuram. Məndə özüylə görüş, özünü araşdırma bir ara zəiflədi. Dediyim kimi, bir az maddi qayğılar, həyat qayğıları. Atayla üz-üzə duranda inam tələbi qarşımda durur. Mən görürəm, nə dərəcədə mənə fərəh gətirir. Ruhsal dünyamda düşüncələrimlə, fərəhimlə iç-içəyəm. Bu günümü yaşayıram, sabahıma inanıram.
xxx
Yalana inandıqca yalanlaşır adamlar. Həqiqətə inandıqca, həqiqət uğrunda döyüşdükcə həqiqətləşir.
xxx
Bütün dövrlərdə zor öz sözünü deyib, öz hökmünü yeridib. Bütün dövrlərdə zora qarşı duranlar da öz sözünü deyib. Zora qarşı yaşayıb. İnsanlığın qiyməti zora nifrət, zora qarşı çıxanlara isə sevgi yaradıb.
xxx
Ata “Münasibətlər” kitabında fərd-kollektiv münasibətlərini açır. Ata deyir: “Adam kollektivdə mütiləşir, orda özünün ən naqis keyfiyyətlərini aşkarlayır”.
Kollektiv ortamı, qohumluq ortamı elə bir tabelik yaradır, insan özü olmur. Başçı idarəsi, toplum ölçüsü onun aqibətini özü istədiyi kimi qurur. Ocaq da bir qurumdur. Ocağın özünün qanunları var, quralları var. Atanın “Həyat, Cəmiyyət, Amal” anlayışlarına belə qiymət var: “Cəmiyyət əhilləşdirilmiş həyat deməkdir. Yəni zorakılığa uğramış, tabeləşdirilmiş, ram edilmiş.
Amal ülviləşdirilmiş həyat deməkdir. Yəni yüksəlmiş, müqəddəsləşdirilmiş, Mütləqə çatdırılmış”.
Ocaq dünyası bu cür müqəddəsləşdirilmiş münasibətlər əsasında qurulur. İnsanlaşdıqca münasibətlərin də aydınlaşır. Həyatın necə davranacağı bəllidir. Mənim də yetkinləşdikcə necə davranacağım bəllidir.
xxx
Adam adamlığıyla barışır. Ona görə həyatla da barışır. Atanın Birinci Yan Bitiqdən bir fikri var. Deyir, “İnsana mövcud olmaq aqibəti verilib, var olmaq aqibəti verilməyib. Var olmaq üçün insan özünü yenidən yaratmalıdır”.
“Adam yoxluqdan qorxmur, yox olmaqdan qorxur”.
xxx
Ailə Günü qonulaımız var. Yolundan dönməmək qüdrətinə yetmişəmmi? Mən bununla bağlı düşünəndə: 20 ildir Ocaqdayam, buna ruhsal qüdrətim çatır. Mənim aqibətim artıq bu yol üstə köklənib, qurulub. Ata öləndən sonra mənim içimdə belə bir duyğu vardı, Ataya sədaqətli olmaq istəyirdim. Atanı yaşatmaq istəyirdim. Ancaq necə yaşadacağımı bilmirdim. O vaxtlar içimdə o qüdrət yox idi. Mən elə istəyə-istəyə də həyatlaşa bilərdim, əgər Soylu Atalı olmasaydı. Soylu Atalının bizi ruhsal anlamda böyütməsi, fərəhləndirməsi, xalqlaşdırma əməlinə çatdırması, xalqa həqiqəti demək, o fərəhlərlə, o sorumluluqlarla görüşmələrimiz, bütün bunlar Atanın yolunu mənə anlatdı. Bu içdən elə quruldu, mən bu gün rahat deyə bilərəm, yolumdan dönməmək qüdrətinə yetmişəm. Başqa cür yaşaya bilmərəm. İndi əsas işim Ocaq əməllərimi artırmaq, həyat qayğılarımın məni üstələməsinə yol verməməkdir.
Ailələrimizdə doğmalıq hansı səviyyədədir? Mənim Soylu Atalıyla doğmalığım var. Güntayla doğmalığımız daha da artır. Söhbətlərimiz daha artıqdır. Ulusəslə bir başqa cür. Məsələn, Türkellə mənim söhbətim yoxdur. Ya gərək mən Saraya gedəndə söhbət eləyim, ya da Türkel gəlsin. Doğmalaşaq, düşüncələrimizi bölüşək. Ailə Günündə bir-birimizi dinləyirik, bu azdır. Üz-üzə oturmaq, doğmalaşmaq ayrı aşama başlayır. Eləcə də Ömürtayla ünsiyyətim. Mən Ömürtayla bağlantı yaradıram, ancaq işindən ayrıla bilmir, təəssüf. Doğmalığı artırmaq gərəkdir. Ümumi yol doğmalığı var, ancaq bir-birini tanımaq gərəkdir. Bunlar amalı yaşatmaq üçün çox gərəklidir. Bəzən üz-üzə söhbətin özündən əməllər yaranır.
Sözüm bu qədər. Bayrağımızı öpürəm.
Türkel Atalı (Ataya səcdə edərək bayrağı öpür – T.A.): Atanın hər bir fikri insanın qarşısında məna üstə yaşamaq tələbi qoyur. Buna görə ruhsal yaşamım nə qədər zəif olsa belə, amallaşanda çaşmıram, “bu boyda yüksək düşüncələrin qarşısında, heç vaxt bu deyilənlərə çata bilmərəm qənaətinə gəlmirəm. Tərsinə, gərgin, davamlı hünər yiyəsi olmaq, olanla yetərlənib ömrü boşuna yaşamaq yox, olmalıya yetmək təpəri yaranır içimdə. Ata deyir, həyat mövcudluğunda adam başqa canlılardan fərqlənmir; Özünə çatmır. Həyat mövcudluğunu qədərində qırağa qoyub, amalda necə, nəyimlə varlığımı yarada bilərəm barəsində düşüncələrim olur. Bu düşüncələr çevrəsində özümə çoxlu suallarım olur. Məsələn, yaşadığım zamanda bu günkü səviyyədən hara qədər yüksələcəm? Dünəndəki balaca duyğularımın hansını ötmüşəm?..
Bu ay yas törəninin səsdən sözə çevrilməsində amalın tələb etdiyi səviyyədə sorumluluğumun olmadığını gördüm. Bu əməli vaxtında eləmədiyimi bilə-bilə rahatlığım pozulmursa, heç nə olmamış kimi davranıramsa, gün içində sərbəst vaxt tapmağı gözləyirəmsə, bu qüsura görə özümü döymürəmsə, özümlə sabaha aparıramsa, deməli, Ocaqçı olsam belə, gerçəklikdən, zamandan, mühitdən üstün yaşamıram.
Ailəmizdə doğmalığımız hansı səviyyədədir? Adi həyatda heç kimlə doğmalıq alınmır. Hər şey o qədər üzdə, o dərəcədə gerçəkliyə bağlıdır, balaca bir şeyin üstündə hər şey alt-üst olur. İnsani münasibət əsasında doğmalığı yalnız amalda görürəm. Baxmayaraq, amaldaşlarımla sıx ünsiyyətdə olmuram. Naqisliklərim olsa da, nisbi yaşasam da, ailəmizdə doğmalığın uca olduğunu düşünürəm.
“Yolumdan dönməmək qüdrətinə yetmişəmmi?” sorusuna cavabımı Atanın düşüncəsi ilə demək istəyirəm. “Ruhaniyyat insanı məna üstə kökləyir. Ruhaniyyat insanı maddiyyat, zaman, mühit üzərində ucaldır. İnsan məna yolundan dönmür – içsəl hökmə əməl edir. Bununla da düşünürəm, ruhaniyyata bağlılığımla yolumdan dönməmək qüdrətini yetirəcəm.
Atamız Var olsun!
Üstün Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Bu günkü qonuları cavablamağa hazır deyiləm. Ancaq ümumi halımı deyəcəm. Ailə Gününə belə hazırlıqsız gəlmək həm də durumla bağlıdır. İnsanların halını düşündüm. Cəmiyyətdə hər şey adiləşib. Dünən yas yerində olduq. Hər şey adiləşdiyi kimi, ölüm də adiləşib. İnsanların üzünə baxırsan, kədər görmürsən. Çox az insanlarda hiss eləyirsən bunu. Kimi itirdim, nə itirdim? Bunu düşünən yoxdur. Bu da insanı acıdır sadəcə.
Nurtəkin doğru dedi, Günəş Ayı uğurlu ay oldu. Həm halımızda, həm işimizdə yenilənmə ayı. Vaxt elə gəlib keçir, elə bilirsən dünən olub tədbir.
Doğmalıq haqqında qonu qoymuşuq. Doğmalıq haqqında onu deyə bilərəm, insan özüylə birgə olanda, öz içiylə olanda başqalarıyla doğmalığa can atır. Özünlə hər hansı doğmalığa yetirsən, onu paylaşmaq istəyirsən. Onda doğmalıq, birlik yaranır. Mənim ailəçilərlə doğmalığım yüksək səviyyədə deyil, ancaq bilirəm, onu yetirmək üçün gərək özümü indikindən daha uca yaradım. Ruhsal fərəhə yetim, o fərəhi bölüşüm. Onda doğmalıq dərinləşir. Hara addım atıram, hara baxıram, görürəm, Atanın yolundan üstün bir yol yoxdur. Atamız Var olsun!
Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – T. A.): Mənim üçün həmişə Ailə Günlərində, mərasimlərdə söz demək çətin olub. Mən hələ yetirə bilməmişəm özümdə qeydlər aparmağı, qələmlə doğmalaşmağı. Ancaq onu demək istəyirəm, Ocaq haqqında, amaldaşlarım haqqında çox sıx-sıx düşünürəm. Özüm üçün artıq qəti mövqe oturuşubdur. Amalın incəliklərini həryönlü ifadə eləməkdə bəlkə də çətinlik çəkərəm. Ancaq özüm üçün bilirəm Amal nədir, Atanın yaratdığı Ruhaniyyat sistemi nədir. Bizi hara apara bilər, neyləyə bilər? Hansı ucalığa qaldıra bilər? Ona görə bunun qədrini bilirəm. Bunu yaşatmaq üçün özümü ən çox çaba göstərən Ocaqçılardan biri hesab eləyirəm. Tam səmimi deyirəm, həyat qayğılarının əsiri deyiləm. Ancaq neyləyək, həyat qayğıları bizim yan-yörəmizdədir. Onun özünü də nizama düzməyə, mənə elə gəlir, qüdrətim çatacaq.
Qonularla bağlı bir şeyi özüm üçün bəlli elədim, ailələrimizlə doğmalığımız səviyyəsi. Bizi birləşdirən Amaldır, Atanın Ocağıdır. Bizim doğmalığımız Ocağa olan doğmalığımızdan yaranır. Ayrı cür mümkün deyil. Çünkü Amaldan qopanla, ayrılanla, aydın məsələdir, münasibət saxlaya bilmirsən. Süni olaraq münasibət saxlamaq alınmır, alınmaz. Biz Amala doğmalaşdıqca doğmalaşacağıq. Həyat qayğıları məni alarsa, aydın məsələdir, mən Türkel üçün, Nurtəkin üçün təbii olaraq yadlaşmalıyam.
Ötən ilimizin son aylarında bəzi Ocaq əməllərim oldu. Çox fərəhli anlar yaşadım. Onda Nurtəkinin, Göylünün, indiyə qədər olan, zəhmətini dərk elədim. Bunun özü doğmalığa xeyli yol açdı. Nə qədər çətinliklər yaşansa da, düşünmürəm, mən Amaldan dönə bilərəm. Dönmərəm, dönməyəcəm də. Yaşımın elə vaxtı deyil, başqa şeylər gəlsin həyatıma, ağlıma, düşüncəmə. Mümkün deyil. Həm də yol vermirəm. Yol verməmək üçün ünsiyyət çox gözəl bir aracdır. Mənim ünsiyyətim son çağlar Üstünlə, Ulunurla, Türkellə zəifləyib. Yavaş-yavaş bunları bərpa eləmək gərəkdir. Başqa aşamaya keçmək, Amalı yüksək səviyyədə yaşatmaq gərəkdir. Atamız Var olsun!
Nurtəkin Atalı: Ocaqda doğmalıq var. Ancaq daha da dərinləşməlidir, yetkinləşməlidir. Məsələn, Soylu Atalıyla görüşməyə gedəndə o, düşüncələrini bölüşür. Soylunun özünün idrak dünyası var, məni o dünyaya daxil eləyir. Mən görüşürəm. Daha da doğmalaşıram. Duyğulanıram, düşünürəm. Bizim heç birimizdə yaradıcılığı idrak baxımından ortaya qoymaq gücü yetərli deyil. Bu yöndə düşünmək gərəkdir.
Ulunur keçən ayda iki tədbiri işlədi. Mən bilirəm, tədbir işləmək nə deməkdir, o vaxtını ona həsr eləyib. Onun o zəhmətini görəndə içdən bir doğmalıq yaranır.
Ayaz bəy: Asif Atanın adı qarşısında insan özünü daxilən yığışdırır, məsuliyyət daşıyır. Filosofların sözü var: hünər əhlinin özünü tanımaq özü hünərdir. Bu anlamda Asif Atanı tanımağın özü hünərdir. Həqiqətdir çünkü. Sözsüz, heç kimi qınamaq da olmaz, Asif Atanı tanımırlar, ya da bunun içində Asif Ata yoxdur. Elə bilirsiniz, hər oxuyan, hər savadlı həqiqətə tapına bilir? Tolstoy kimi yazanlar çox olub. Ancaq Tolstoy kimi həqiqətə tapınan adam olmayıb. O, düşünə-düşünə, insanı özüylə aparır. Atanın işi də budur. Ona görə deyirəm, gərək sənin özünün içində ola. Tutaq min dənə yazı şəklində qoyulsun o həqiqət. O, olmaqla deyil, onu görməklədir.
Doğmalaşmaq haqqında. Dostoyevskidə belə bir söz var. Deyir, sevgi, dostluq içsəl bərabərlikdən irəli gəlir. Bu bərabərlik olmayanda o dostluq, sevgi olmur. Məsələn, Ocağın çərçivəsindən çox-çox uzaqda olası olan adamlar olub, bir vaxtlar o çərçivənin ortasında dayanıblar. Ora gəlməklə o demək deyil, bu adam həqiqəti tanıyır. Ata mənim üçün həqiqət deməkdir. O həqiqəti tanımır. Ata mənim üçün bir yaşamdır. O mənim içimdədir. Mən başqa cür yaşaya bilmərəm axı. Mən başqa cür düşünə bilmirəm. O düşüncə tərzidir. Sən həqiqətə çatmaq istəyirsən. İnsanı başqa canlılardan fərqləndirən də odur. Həqiqət hardadır? Necə olar ki, biz bu ömrü düz yaşayaq? Necə eləyək, həyatda bu qədər çirkinliklər olmasın? Bu qədər əzab-əziyyətlər olmasın. İnsan bu qədər ağrılar çəkməsin. Atanın dediyi bunun harayıdır. Ona görə də Ata deyir, insan, sən bir az öz üzərində çalış. Özün fikirləş. Yəni hər şey səndən başlayır. Soyluyla oturub danışanda həmişə demişəm, Nurtəkin söz deyir. Bilirsən nəyə görə? Nəsə yazır, onu oxuyur. Bax, o məndə doğmalıq yaradır. Onun yazdığı, içindəki, doğmalığı yaradır.
Elçin bəy: Bəzən insanlar düşüncələrini dəyişməyəndə, ya da başqa yol gedəndə, əvvəllər qınayırdım. İndi başqa yollar axtarmalıyıq. Söhbət təkcə Asif Ata Ocağından getmir. İnsanlar başa düşürlər, başa düşmək istəmirlər, bilmirəm, bu gün Asif Ata kimi xalqın yolunda canından, hər bir şeyindən keçəni anlamamaq qəribə görünür. Qıraqdakı insanlar da bilir o, haqq yolundadır. Mən öz içimdə ədalət gəzdirirəm, bunu yetirməliyəm. Bu günkü cəmiyyət bunu başa düşmür. Qınamaqla bir şey olmur. Yolumuz düz yoldur. Ancaq bu yolu beş adamla getməklə məsələni həll eləmək olmur.
Soylu Atalı: Mütləqim, Müqəddəsim, peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə!
Bu gün 16 Çiçək Ayı, 39-cu il “Ulufərəh”, “Uluyol-Hünər” Ailələrinin keçirdiyi aylıq törəndə söz deməzdən öncə Bayrağımızı öpürəm, Ataya səcdə qılıram.
Ocaqçının köklənmək məsələsi nədən asılıdır? Bir var bütövlükdə Ruhaniyyata köklənmək, bir də var hansısa anda ortama köklənmək. Məncə, Ocaqçılarımız haqqında demək olar, onlar Ruhaniyyata köklənib. Ruhaniyyata köklənməyin sonucudur, bunlar 10 il, 20 il yol gəlir. Ancaq konkret bir ortama köklənə bilmirlər. Burda da bir çətinlik ortaya çıxır. O çətinlik nədəndir? Ruhaniyyata köklənibsən, ancaq gərək ruhaniyyata köklənməyin üstə davamlı yaşayasan. Davamlı yaşamayanda ayrı-ayrı anlarda ortama köklənmək çətin olur.
Bir də söz demək məsələsi var. İçində sevgin var, yola, gələcəyə aydın baxışın var. Ancaq onu ifadə eləyə bilmirsən. Ya da hansısa bir məqamda ifadə eləyə bilmirsən. Bunların hamısı, bir daha vurğulayıram, məişət qayğılarına qapı açmaqdan doğur. Gərək bu qayğılara qapı açmayasan. Nə deməkdir qayğılara qapı açmaq? Həyat qayğılarını əsas götürürəm. Gərək həyatla sövdələşməyəsən. Həyatla sövdələşirsən, həyat səni vurub sıradan çıxardır. Gərək həyatı yoluna qoyasan, yerinə qoyasan. Onunla qol-boyun olmayasan. Əgər bunu eləyərsənsə, onda sənin köklənməyin, kökdən düşməyin soruna çevrilməz. Mən buna çox yüksək səviyyədə əminəm. Niyə əminəm? Sizə böyük kimi görünməsin xahiş eləyirəm mənim dediyim. Çünkü belə bir sorunu mən yaşamıram. Ruhaniyyata sadəcə köklənməmişəm, ruhaniyyatı yaşayıram. Yaşadığım üçün hansısa bir məqamda köklənməyim, kökdən düşməyim mümkün deyil.
Sonra, doğmalaşma məsələsiylə bağlı deyirsiniz. Deyək, filan əməli görürsən deyə, xoşum gəlir səndən, sayğım yaranır sənə. Ancaq filan əməlin yaratdığı doğmalıq ötəri doğmalıqdır. Bir də var ideyanı içində yaşatmaq. İdeyanı içində yaşadanda mən sənin ideyayla yaşadığını görürəm, sənin, sadəcə olaraq, hansısa bir məqamda filan əməli gördüyünü yox. İdeyanı yaşadırsan, mən də ideyanı yaşadıram. Onda mən səni sevirəm, doğmalaşıram, sənə bağlanıram. Səninlə mənim içim bir-birinə bağlı olur. Obrazlı desək, həmin ideyanın bir ucu sənin içindədir, bir ucu mənim. Səni mənə bağlayıb. Doğmalıq budur.
İndi insanların çoxu gücü qıraqdan alır sanki. Güntay yaxşı çalışır, yaxşı söz eşidəndir, mənimlə onun çalışmaları üst-üstə düşür. Ümid yaranır. Bu ümid, adam elə bilir, güclüdür. Gücün qaynağı qıraqdadırsa, güclü deyilsən. Gücün qaynağı içində olmalıdır. Bu nə deməkdir? Məsələn, bu mühiti götürək. Ailə Günü keçirirsən. Bu Ailə Günü bir mühitdir. Bu Ailə Günündə söz deyən olar, olmaz, gələn olar, olmaz. Bundan asılı olmayaraq, mənim içimdə güc var. Heç vaxt içimdəki güc məndən ayrılmayacaq. Qırağımda, çölümdə kim əyilir, kim qalxır, bundan asılı olmayaraq, içimdə güc əyilmir. Mənim içimə dayanıqlığım məndə güc yaradır. Mənim yalnız çöldə insanlara ümidim sarsıla bilər, bu insan yaşamaq istəmir – xalq, dövlət, millət olmaq istəmir. Mənim ona münasibətimdə sarsıntılar əmələ gələ bilər. Öz içimə dayanıqlığımda sarsıntı ola bilməz. Mənim içimdə güc var, dayanıram ona. Niyə güc var? Mən ideyanı tanıyıram. Gücü yaradan, ümidi yaradan, gələcəyə yol göstərən ideyadır. Burada güc – gənc, hələ düz-əməlli həyatın yükünü üstünə götürməyən Ulunur deyil. Nə də elmi araba kimi zirvələrə çəkən alim deyil güc, lider güc deyil. Ulunur o ideyayla iç-içə olanda güclüdür. Ulunur o ideyayla iç-içədirsə, alimdən güclüdür. Ona görə sizə elə görünməsin, 5 nəfər gənc gəlib Asif Atanın adından yapışıb, bu ortam neyləyəcək? Ancaq filan yerdə 50 alim gəlib dəyirmi masada oturur. Ulusal ideya yoxdursa, gücsüzdür dəyirmi masa. Orda güc yoxdur. Beş nəfər gənc o ideyayla iç-içədir, doğrudan da, o ideyadan qoparmaq mümkün deyil. Güc odur. Yenə deyirəm, bir dəyirmi masanın ətrafına 50 alim yığarsan, hamısı gəlib öz gördüyündən, öz düşündüyündən danışıb, dağılışıb gedəcək öz işinin dalınca. Gedəcək dəftərinə özünün elmi düşüncələrini yazacaq. Alimin elmi düşüncəsindən yazmaq ən çox elmə gərəkdir, istehsalata, sənayeyə gərəkdir. İnsan dünyasını quran, qoruyan Ruhaniyyat ayrı şeydir. İnsan dünyasını quran ruhaniyyata həmin gəncin ideyayla iç-içə yaşaması gərəkdir. Güc odur. Asif Atanın Ocağında gənc adamlardır, bunların heç bir rütbəsi yoxdur. Yetər, Asif Atanın dedikləriylə iç-içədirsə, qalan şeylərə gərək yoxdur.
Burada insanımızın ideyayla bağlı anlayacağı bir məsələ onu həm daha da güclü eləyər, həm də gələcəkli eləyər. Təbiətdə özünü bərpa imkanı var. Atanın da fəlsəfəsi deyir, bir dağ uçur, başqa bir dağ əmələ gəlir. Bir çay soğulur, başqa bir çay yaranır. Yəni bu, təbiətin özünü bərpa imkanlarıdır. Mənadan gəlir, məna var onda. Onda ondan artıq olan var. Orqanizmdə də özünü bərpa imkanı var. Bir yerin ağrıyır, xəstələnirsən, içində başlayır özünü bərpa eləməyə. Lap ağır fəsadları çıxmaq şərtilə. Mən niyə tutuşdururam?! Xahiş eləyirəm, mənim tutuşdurmamı ciddiyə alasınız. Orqanizmdə özünü bərpa imkanı var, gücü var. Ancaq fəsad güclü olanda orqanizmin gücü çatmır. Ona qıraqdan kömək gərəkdir. Bəşəriyyətin də özünü bərpa, mənəviyyatı bərpa imkanları var. O imkanlar yüz ildə, min ildə bir dəfə meydana çıxır. Asif Ata bəşəriyyətin – mənəviyyatı bərpa eləmək imkanıdır. Ortaya çıxıb o. İndi Asif Ata adlı mənəviyyatı bərpa imkanını gərək tutasan. Bir an təsəvvür edin, orqanizmin özünü bərpa gücü var. Ancaq fəsadlar aşırıdır, gücü çatmır. Onu, birtəhər çıxmasın, qıraqdan müalicə eləyirsən. Orqanizm o dərmanı götürməlidir, özünü bərpa eləsin. İndi bəşəryyətin Asif Ata adlı mənəvi bərpa imkanı ortaya çıxıb. Biz ondan yapışmalıyıq. Biz onu ömrümüzə çevirməliyik. Ömrümüzə çevirəndən sonra Ölçü yaranır, örnək yaranır. Bax, insanın gücü odur. Dünya dağılır, ancaq sən dağılmırsan. İdeyayla iç-içə yaşayırsan, sağlam mənəviyyatlı, sağlam iradəli ömür yiyəsi olursan. Bununla əslində hər yerə ismarıc verirsən, insanlaşma mümkündür. Asif Ata deyir, İnsanlaşın–İnsanlaşdırın. Bunu təkrar demək hələ çıxış yolu deyil. Onu içində yaşayıb ölçüyə çevirəndə ömür örnəyə çevrilir, qıraqdan görən insan başa düşür, İnsanlaşmaq mümkündür. Örnək vermək məsələsi var – görənə, eşidənə, bilənə. Bayaq söhbətin başlanğıcında dedik: filankəs cümə verir, üzü tüklüdür. Heç bir qaydaya əməl eləyə bilmir. Özündən başlaya bilmir. Özündən başlamağı bilməyən, cəmiyyətə necə deyə bilər insanlaşmaq gərəkdir?! Yəni sənin sözün kimə etki göstərəcək? – Heç kimə. Ona görə Asif Atanın bəşəriyyətin özünü mənəvi bərpa imkanı olduğunu dərk eləmək, onu içinə çevirmək gərəkdir. Bu həmişə olmur. Yarım min ildə bir dəfə olur. Yarım min ildə bir dəfə olan bütün bəşəriyyət üçün örnəyə çevrilir, işığa çevrilir. Bunu davam eləsən bəşəriyyətin səmti dəyişir. Harda durursan dur, üzün, sözün bir olsun. Üç-beş adam görsün, sənə inanmaq olar. Ona görə deyirəm, Asif Atanın dediyi insanların içinə oturmalıdır. Siyasətin liderinin də içində oturmalıdır, Ruhaniyyatın liderinin də içində oturmalıdır, elmin liderinin də içində oturmalıdır. Hər kəsin içində oturmalıdır. Hər şeyi hər kəsi yönəldən içdir. İçi yönəldən ruhaniyyatdır. Ona görə Asif Atanı hər kəs eşitməlidir. Harada durmasından asılı olmayaraq, Asif Atanı eşitmək gərək. Birbaşa onun işinin aparıcısı olmasan da, onun ideyasını eşitməlisən. İçinə almalısan, gözünə almalısan. Gözünə almalısan, gözün işıqlı olsun, ağlına almalısan ağlın işıqlı olsun. Mən amaldaşlarıma niyə bir-birinizlə ünsiyyətdə olun deyirəm?! Bilirəm çətindir, hərənin öz işi var. İşdən, qayğıdan vaxt almağı bacarın. Həftədə bir dəfə ünsiyyətdə olun. Siz eyni ideyanı yaşıyırsınız. Arxanızda Asif Atanın ideyası kimi böyük bir hikmət dayanır. Siz elə bir ideya daşıyırsınız, bu ideya böyük dəyişikliklər eləməyə qadirdir. Mən həmişə demişəm. Həyatın boğazına bir tikə çörək qoymalısan, nə iş görürsən gör. Ancaq ürəyin Asif Atanın yanında olsun. Onda biləcəksən həyat nə deməkdir.
Sizə yorulmazlıq, usanmazlıq, ölməzlik diləyirəm. Mən Ocaqlaşdıqca içim yaranmağa başladı. Yaranmaq boşuna söz deyil. Sözüm bu qədər. Çətinlikləriniz qutlu olsun, ömrünüz də ona yar olsun.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Qutsal Oxuma hissəsində Atanın “Ruhaniyyat” Bitiyindən “Ruhaniyyat-Din” içsəsi oxundu.
Soylu Atalı (bəzi şərhlər verdi): Məhəmmədin dediklərinin hamısını araşdırsan görərsən, onun Allahla bağlı dediyi, Allahın davranışları ya o dövrün padşahında var, ya tayfanın ağsaqqalında var, ya qonşusunda var. Harda nə görübsə onu Allaha özgün eləyib. Ona görə biz deyirik, din yarandığı yüzilin ideyasıdır. Qalmalıydı orda. Onu gətirənlər məsuliyyət daşıyırlar. Onu daha çox sufilər gətirdilər. Sufilər ona görə sorumluluq daşıyırlar. Düzdür vəhdəti-vücudçular fərqli şeylər çox deyiblər. Ancaq dayaq nöqtələri din olduğuna görə ona çox böyük yardım elədilər.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetir.
İşıq Ayı, 39-cu il. Saray-Soylu.
(may, 2017.)