Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin “Ailə Günü” tədbiri keçirildi

34-ilin ilk “Ailə Toplantısı” İnam Evində (İçərişəhər) keçirildi. Toplantıya qonaqlar da qatılmışdı. Tədbirin gedişatını “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı nizamladı və tədbiri öz hesabatı ilə açdı. O, Asif Atanın “Mənalar” kitabını oxuduğunu və düşündüyünü dedi. Atadan bəzi fikirlər oxudu. “Ailə Günü” tədbirində qoyulmuş mövzulara fikrini bildirərkən qeyd etdi ki: “Dildə həyatını yaşamaq” ifadəsi var. Həyatını yaşamaq, yəni maddi cəhətdən təmin olunmaq, karyerası olmaq, şöhrət və s. Bu, meyar ola bilərmi? Və ya adam bu cür həyatla kifayətlənə bilərmi? Nə zaman və harda insan özünü təsdiq edə bilər? Həyatla bağlı arzular onu haraya qədər doyura bilər? Mən də yaşamaq istəyirəm. Amma mənim yaşamaq istəyimin içində adi həyata, həyatın nemətlərinə susamaq yoxdur. Mənim üçün ruhaniyyat maddiyyatdan üstündür və bunu yaşatmaq, qorumaq üçün Amala ehtiyacım var. Amal meyarımdır. Amal mənə deyir ki, özündən yüksəyə qalx, özünü arılt, durult, döy, yarat və həyatla kifayətlənmə, həyata sığma, onu öt. Həyata uyğunlaşanı həyat mənimsəyir, həyatı ötən isə həyata ruhanilik gətirir. Həyat mənimsədiyində bitir, tükənir, həyatı ötəndə isə həyat ali mənasına yüksəlir. Ali Həyatı ömürlərində təsdiq edən insanlar ölümü ötən insanlardır”. Sonra Nurtəkin Atalı vurğuladı ki, özüylədöyüş insanda dünyaya, həyata, insana münasibəti dəyişdirdirir. “İnsan Özümlüyünə qovuşduqda fərəhi artır, nikbinliyi böyüyür”. Nurtəkin son ayda apardığı Ocaq söhbətlərinin, gördüyü Ocaq əməllərinin ona fərəh verdiyini qeyd elədi.
Ulusəs Atalı “Ailə Günü”ndə hesabat verməyin məsuliyyətini izah elədi. Özünün “ Özüylədöyüş” halından danışarkən qeyd etdi ki: “Mən özümlə ardıcıl döyüşürəm ki, Ali, Kutsal duyğularıma sahib olum; Heyrət, Heyranlıq, Aşiqlik kimi müqəddəs duyğulara yetim. İnsana, Dünyaya, Həyata ruhumun gözüylə baxa bilim. Mən içimə vardıqca insan mənim gözümdə insaniləşir, Dünya Dünyalaşır, Həyat – Aliləşir, Müqəddəsləşir, Mənaya bənzəyir. Bu zaman mən insanı nə üçün sevdiyimi dərk edirəm. Amala aşiq olmağımın mənasını anlayıram. Bütün boşluqları doldururam. Hər şeyi öz rəngində, öz ahəngində görürəm. Şərin mənim üzərimdə nüfuz dairəsi daralır. Şərə məndən istifadə etmək imkanı yaratmıram, aldanmıram ona, özgələşmirəm, özümə yad olmuram. …”Maddi dünyada yaşaya-yaşaya mənəvi yaşamaq olar” deyir Asif Ata. Dünya mənəviyyatsızlıqda boğulsa da, sən mənəvi yaşaya bilərsən, yaşamalısan. Bu, mümkündür deyir Ata. Çünki mənəviyyatsız cəmiyyəti insan özü yaratdığı kimi, insan da düzəltməlidir. Bunun üçün insan əvvəl özü düzəlməlidir, kamilləşməlidir, sonra kamil insan kamil cəmiyyət qura bilər, qurmalıdır”.
Türkel Atalı Ataya Səcdə ilə sözünə başladı. O, Soylu Atalının “Amalımız – Yeni Bəşər halı” kitabını oxuyarkən Amalı nə dərəcədə anladığını dedi. Amalı nəzəriyyə kimi deyil, bilgini yeniləmək deyil, yaşama çevrimək kimi anlamağın zəruriliyini vurğuladı: “Kitabda Amal elə açılır ki, orda hansı fikrə münasibət bildirməyinə ehtiyac qalmır. Sən yalnız o fikri özünə yönləndirib o barədə fikirləşə bilərsən. Kitabda həmçinin Ocaq Yükümlüsü Amalın onun ömrünün var olmasına nə dərəcədə gərək olduğunu göstərir. Yaranan keyfiyyətlər onu yaratdı”. Türkel bəzən söhbətlərində anlaşıqlı olmadığının da fərqində olduğunu vurğuladı. Ancaq bununla belə, burada söhbətlərin təməlində doğmalığın və səmimiliyin dayanması onun halına yaxşı təsir etdiyini qeyd etdi. Özünə qarşı məsuliyyətli olmaq, Amala yönəlik təşəbbüskar olmağın gərəkliyini dedi. Həmçinin o, qeyd etdi ki: “Adətən münasibətdə kimsə ya öz böyüklüyünü göstərir, ya da öz üstünlüyünü qabardır. Böyüklüyü görəndə bu, münasibətlərin inkişafına yaxşı təsir edir”.
Nurtəkin Atalı təşəbbüs vermək haqqında danışarkən qeyd elədi ki, Ocağa gəldiyi vaxtlarda nə edəcəyini bilmirdi: “Asif Ata istəyirdi ki, Evladlarının xalqlaşma əməlləri olsun, Ocaq əməlləri olsun. Atanın vəfatından sonra Asif Atanın kitablarının çap olunmasında əməyim, başqa əməllərə köklənməyimdə Soylunun rolu böyükdür. Soylu mənə deyəndə ki, get görüş keçir, mən özümə inanmırdım. Amma addım atdım və alındı. Qorxu ilə, həyəcanla və eyni zamanda özümü təsdiq etməklə qarşılaşdım. Onun fərəhi ilə başqa addım atdım. Kənardan təkan olmasa, inkişaf da olmur. Bəzən fərdin imkanlarını yönəldici daha yaxşı görür! Soylunun təşəbbüsləri sayəsində əməllərim oldu, onun məsləhəti ilə təklif etdiyi mövzularda düşünməyə, yazmağa alışdım. Hələ ki, mən yaşadıqlarımı tam ifadə edə bilmirəm. Ocaq tədbirlərini kitablaşdırarkən ordakı fikirləri yenidən düşünürəm. Bu zaman Ocağın çox ciddi ruhani məktəb olduğunu görürəm”.
İnamlı Atalı öz halını və düşüncələrini bölüşdü. Həyatın onun halına təsir etdiyini vurğuladı. Ocaqçı olduğunu və məsuliyyətini anlasa da, Ocaq tələblərinə yetmədiyi üçün fərəhsizləşdiyini və ruhunun qeyri-rəvan olduğunu dedi. Amalla həyatın fərqini getdikcə daha aydın gördüyünü açıqladı: “Amalda səhv etmək olmaz. Amal güzəştsiz bir Həyatdır. Amalda ya qalırsan, ya ölürsən”.
Üstün Atalı Ocaqçıların həyatının hər zaman ətrafda təpkilərlə qarşılandığı haqqında danışdı. Bir vaxtlar Soylu Atalının Saraydakı evinə və öz evlərinə polislərin gəlməsini, sorğu-sual etməsini və o zaman özünün keçirdiyi halı bölüşdü: “Onlar narahat olursa, demək ki, özünü təsdiq edirsən. İnad göstərəndən sonra qarşı çıxa bilmirlər. Ya cəmiyyət inad edib səni özünə bənzədəcək, ya da sən inad edib cəmiyyəti dəyişəcəksən. O vaxt Nurtəkinin inadı ilə fikrim dəyişdi, Ocağa gəldim”. Üstün Atalı “Amal – Ali həyat istəyidir” mövzusu ilə bağlı fikirlərini bölüşdü. Cəmiyyətlə təmasda Ocağın qədrini daha yaxşı anladığını, Ocaq tədbirlərindən güc aldığını, Ocaqçıların fikilərindən və hallarından bəhrələndiyini qeyd elədi: “Məni Həyata hələ ki, daha çox bağlar bağlasa da, nəyə çatmalı olduğumu anlayıram. Adicə bir Ocaq əməli yerinə yetirəndə necə fərəhlənir və təzələnirəm”.
Ocaq Yükümlüsü Soylu Atalı Tədbirin mahiyyəti haqqında danışdı: “Bugünkü tədbir Ocaq fərdinin özünü hərtərəfli ifadə eləməsi üçün bir məktəbdir. Yığcam, aydın, uğurlu hesabatlar olmalıdır. Fərdə özünü ifadə eləmək üçün imkan vermək lazımdır. Ata deyir ki, özüylədöyüş əsasında özünü elə yaratmaq gərəkdir ki, zamanı gələndə mən deyim ki, qalxın ayağa. Fərd özünü yaratdıqca ruhani dirçəliş yolu, ruhani intibah yolu keçir. Elə bir mərhələ gəlib çatır ki, o mərhələ bəlkə də qlobal dəyişiklik mərhələsi olur. Biz monastr yaratmırıq, yaratmağın da əleyhinəyik. Asif Ata molla yaratmır,özünə sahib olan sağlam, mübariz insan yaradır. Bu həqiqətdən yan keçənlər çox oldu. Bundan sonra da olacaq. Ocaq Yolu beş günlük deyil, kimsə nəyəsə tələsiyirsə səhv eləyir. İnsan özünü niyə yaradır?! Ona görə ki, möhtəşəm cəbhələrdə mübarizə apara bilsin. Asif Atanın ölümündən sonra əgər biz Atanın tələbləri ilə özümüzü yaratmasaydıq, səfərlər edə bilməzdik. “Xalqın içinə çıxın” deyirdi. Xalqın içinə kim çıxa bilir? Xalqın içinə həqiqəti bilən çıxa bilir, həqiqəti bilməyən xalqın içinə çıxa bilmir. Həqiqəti bilən dörd divarın içində qala bilməz. Ocağın tədbiri, məktəbi o fərdi yaradır. Ata deyirdi ki, kamilləşin, amma kamillik ölçü deyil. Kamilləşəndən sonra başlayır hər şey – döyüş də, təsdiq də! Özünə qarşı amansız olmaq gərəkdir, ancaq özünə ziyan vermək səviyyəsində yox. Ata deyirdi ki, özünə qarşı amansız ol, inamsız olma. O zaman döyüşkən insan yaranır. Daxildən qurulan fərd xalqla üz-üzə gəlir. Sığmır özünə. Xalq əbədiliyimizdir, biz ona xidmət edirik…”
Sabir Yanardağ tədbirə dəvət üçün təşəkkür elədi. Çıxışların uğurlu təsir yaratdığını dedi və Ata haqqında duyğularını bölüşdü. O, qeyd elədi ki, bilik, bacarıq və münasibət bir yerdə olarsa, Mütləqə İnama xidmət eləmək olar.
Bəhmən Sultanlı tədbirdə iştirakından məmnunluq bildirdi. Ocaq tədbirində iştirakdan ümid tapdığını dilə gətirdi. İnam olmayan yerdə, iradə, Amal olmayan yerdə heç bir şeyə nail olmaq mümkün deyil. Amma bunlar olan yerdə nail olmayacaq heç bir şey yoxdur”.
Azər bəy, Şəhriyar bəy, Ramin bəy də dəvət üçün təşəkkür etdilər, tədbir haqqında xoş sözlər dedilər.
“Müqəddəs Oxuma” hissəsində “Mütləqə İnam” kitabından “İnam – Şübhə” hissəsi oxundu və şərh edildi. “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsiylə tədbir sona yetdi. Sonda Çay süfrəsi ətrafında doğmalaşmaqla söhbətlər davam etdi.

Günəş Ayı, 34-il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir