Ocaq günsırası ilə 28 Xəzan Ayı, 34-ildə “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” tədbiri keçirildi. “Ata Ruhuna Pənah gətrimişik!” Səcdəsi ilə tədbir açıldı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı sözünə başladı. O, Atanın “Təzadlar” kitabını oxuduğunu bildirdi və bununla bağlı yaranan qənaətlərini bölüşdü. Bu ayda Ocaq işlərində əldə etdiyi uğurlarını vurğuladı: “Nə qədər iş görsəm də ehtiyac tükənmir. Ata deyirdi ki, Ocaq üçün 5 ömür də azdır…
Cəmiyyətdə “satılmayan xarakter yoxdur, xəyanətə enməyən adam yoxdur” fikri formalaşıb. İndiki həyat biçimi bu fikri doğruldur. Ocaqda isə satılan xarakter yoxdur, dəyişən fikir yoxdur, sədaqət var, fədakarlıq var. Mühitdən üstün olan Həqiqətin varlığı bizim üçün əlçatmazlıq yaratmır. Ocaq Həqiqətin yaşadığı, Həqiqətin yaşatdığı mühitdir…
Həqiqətçilər ömürləri ilə zamandan, mühitdən üstün olublar, ucalıqları bilinib, görünüb. Zamana sığmadıqları üçün dışlanıblar, daşlanıblar. Zamana sığmayanı zamandakılar sevmir, həyata sığmayanı həyatdakılar qəbul etmir. Həyata sığmayanlarda həyatın mənası yaşayır.
Ulu Atam…
Səni indi daha yaxşı anlayıram. Çünki həyatla daim təmasdayam. Həyatdan gözləntilərin hər vaxt uçuruma yuvarlandığını görürəm. Görürəm adamların münasibətini, həyatın keçiciliyini, maddiyyatın insanı ucaltmadığını. Qələbə sayılanın əslində qələbə olmadığını, var olanın əslində yox olduğunu görürəm. Əbədilik axtarıram Amalda. Qısa ömrümü Amala həsr etmək, yaşatmaq, əsl fərəh hardadır deyə içimin yanğısını yönəltmək istəyirəm. Həyatdan ağrı alıram, Amalda ağrını sağaldıram. Həyatda kədərlə qarşılaşıram, yenilmirəm, yenilmək istəmirəm. Çünki bir ömrüm varsa, niyə onu yenilərək yaşamalıyam?! Ruhumun gücünü aşkarlamaq üçün hünərə doğru yürüyürəm. Məgər o qədərmi uzun ömür yaşayacam?! Məgər mənim kamilləşmək, – içimdəki adamlıqdan xilas olaraq yaşamaq haqqım yoxdurmu? Bu haqqı mən qazanmalıyam, mən gerçəkləşdirməliyəm.
Həyat məni qamarlayırsa, Amal mənə geniş üfüqlər açır. Amal məni özümə yaxınlaşdırır, Sənə doğmalaşdırır, gələcəyimi göstərir. Dünənim, bugünüm, gələcəyim daha aydın görünür Amalın işığında. Nə qədər sevsəm, o qədər daha artıq sevgi yolu açılır. Nə qədər fərəhlənsəm, o qədər ucalığa yetmək istəyim artır, nə qədər qayğı göstərsəm, o qədər var olduğumu anlayıram. Yaşamağın cövhərini Amalda tapdım, ömrümdə yaşadıram, ömrümü yaradıram, sənə qovuşuram!”.
Nurtəkin Atalı xalqlaşma əməllərindən də danışdı. Ayrı-ayrı fərdlərlə görüşlərinin davam elədiyini bildirdi. Bu görüşlərdən doğan əhvalları, münasibətləri izah elədi.
Göylü Atalı: “Bu ayım hər mənada zəngin keçib. Ən böyük qazancım isə odur ki, idraki axtarışlarım var və bu axtarışlar içimi təmizləyir. Adi düşünmək, adi yaşamaq istəmirəm.
Uzun müddətdir oxuduğum fəlsəfə tədqiqatından ibarət olan romanı bitirmək üzrəyəm. Kitabı gec oxuyuram. Çünki kitabda adı keçən hər bir fəlsəfi baxışı, şəxsiyyətlərin yaradıcılığını özüm üçün incələməyə çalışıram.
Mən kitabın müəllifinə sağ ol deyirəm. Düşünməyim üçün ciddi səbəblər verir. (Baxmayaraq ki, bu kitabda Şərq fəlsəfəsi açılmır, ötəri yanaşılır). Amma ən böyük minnətdarlığım Asif Atayadır. Özüm də fərqində olmaya-olmaya bir fəlsəfi məktəb keçmişəm. Hərçənd ki, mən Atanı da sistemli öyrənməmişəm. Əsasən kitabların üzünü köçürə-köçürə anlayışlar əldə etmişəm. Fərqinə vardım ki, illər boşuna getməyib. Atanın bütün yaradıcılığı müəyyən etkisi ilə qəlbimə yığılıbmış.
Bir dəfə Rafiq Əliyev facebook-da mənə məsləhət görmüşdü ki, başqalarının da təbliğatı ilə məşğul olsan yaxşıdır. “Dünyada təkcə Asif Ata yoxdur” demək istəyirdi. Mən söz altda qalmaq istəməyib yazdım ki, başqalarının təbliğatı ilə başqaları da məşğul ola bilər…” və s. Bir az da geniş yazdım. O, qətiyyətimdən razı qalmışdı. Amma bu gün mən oxuduqca şahidi oluram ki, bəli, dünya təkcə Asif Atadan ibarət deyil. Amma Asif Ata mənim üçün təkcədir. Təkcəliyi nədədir?
Asif Ata dünya mütəfəkkirlərindən çox ciddi bəhrələnib. Atanın qoyduğu problemləri başqaları da düşünüb. Bu, fəlsəfənin bütün dövrlərdə qarşıya qoyduğu suallardır. “Dünya necə yaranıb? İlkin başlanğıc varmı, yoxsa dünya həmişəmi mövcud olub?”; “Biz gerçəkliyi ağlımızlamı, yoxsa duyğularımızlamı dərk edirik, yoxsa ağıl-duyğu vəhdətimi gərəkdir?”; “Dövlətin cəmiyyətdəki rolu; Dövlət necə idarə olunmalıdır?” və s. onlarla belə sualları bir çox filosoflar çözməyə çalışıblar. Onu da deyənlər olub, bunu da. Hətta təməl prinsiplərdə də yaxın cəhətlər tapmaq mümkündür. Daha doğrusu, ortaya çıxan nəticə odur ki, filosoflar, hətta peyğəmbərlər axtardıqlarını, demək istədiklərini ya sözlə ifadə eləyə bilməyiblər, ya da düşüncə məhz o nöqtədə qırılıb və əksəriyyət səbəbin kənarda olması fikrinə gedib çıxıb. Asif Atanın axtarışları isə hesab edirik ki, gərəkən nəticəyə gəlib. Doğru nəticə, doğru qiymət nədir? Dünyalıq, Həyatlıq, İnsanilik Dünyanın qırağında deyil, özülündədir. Asif Atada Mütləqilik yaşamın ölçüsünə çevrilir. Məna Əzəli, Əbədi, Sonsuz və Kamildir. Məna Dünyanın daxilindədir və ondan artıqdır. Dünyanın nizamıdır, ahəngidir…
Özüylədöyüş əməlimdən: Mən bir çox duyğuları – sevinci, kədəri, sevməyi, sevilməyi, fədakarlığı, təmənnasızlığı düşünmüş, anlamış fərdəm. Bunu mən dar çərçivədə götürmürəm, böyük mənada götürürəm. Amma mən ilk dəfədir Fərəhi yaşayıram. Bir yana gedirəm, daim fikirli oluram, düşüncələrim məni çəkib aparır. İdrakım, duyğularım elə aydınlaşır ki, sevinirəm. Bu, sevgidə yaşanan halın eynidir. Bu, Mənaya vurulmaqdır. Üzümü güldürən səbəb idrakımın gözünün açılmasıdır. Obrazlı desəm, mütaliəyə başlayanda mənə elə gəlirdi ki, ucsuz-bucaqsız dənizə atılmışam. Bir az da çaşmışdım. Sonra fikirlərimdə aydınlıq yarandı – bu dənizin sınırları bəllidir. Asif Ata isə əlimdən tutur, qarşımda geniş üfüqlər açılır.
Bunun bir səbəbi də odur ki, içimdəki səsləri daha yaxşı tanıyıram. Adətən adam addım atanda, bəzən kəskin reaksiyalar olur. Bu, adamdakı paxıllığın səsidir, bu həsədin səsidir, bu yaltaqlığın səsidir, bu qadının səsidir, bu riyakarlığın səsidir və s. Mən o səsləri artıq doğru ayırd edirəm. Sevinirəm ki, o səslər məndən xeyli uzaqdan gəlir…”
Ulusəs Atalı Ailə Günü haqqında fikirlərini bölüşdü: “Ocaq – Mütləq Həqiqətə inam – İdeala İnam əsasında dünyanın dəyişə biləcəyinə inanır və özü bu yöndə mübarizə aparır.Ocaqçı olmaq – İnsan olmaq deməkdir. İdealı dərk etmək. Dərk etdiyin İdealın tələblərini yaşamında gerçəkləşdirmək deməkdir. Bu yaşam uğrunda daim döyüşmək gərəkdir…
Gedişatda sual var “Ocaq fəaliyyətim məni qane edirmi?” Bu suala o saat “yox” cavabı vermək olar. Amma suala bir başqa yöndən yanaşdıqda “Ocaqçı olmaq – yəni, insan olmaq, əlbəttə, məni qane edir. Bu, artıq mənim yaşamımdır. Ocaqçılıq əməllərim isə təbii ki, özümü qane etmir”.
Türkel Atalı Ay ərzində “Atagün” Ailəsinin “Ailə Kitabı”nı oxuduğunu dedi: “Bu kitabı oxuyana qədər halımda hər gün enirdim. Oxuduqca düşüncələrimə işıq düşür”. O, Qurban bayramı haqqında fikrini söylədi, onunla təhsil alan dindar gənclərlə söhbət etdiyini dedi: “Günev Atalının sözləri ilə desək, xalq özünə yadlığın gözü ilə baxır. Mən də Ocaqda yaranan özünəməxsus İdrakımın gözü ilə xalqın durumuna baxıram. Çaşmıram, amma qəzəblənirəm. Bu, mənim içimin həqiqətlə yetərli səviyyədə bir olmamasından irəli gəlir. Bu, mənim Ocaqçılığımın bir mərhələsidir. Müəyyən qədər artandan, yəni xalqı böyütməyə qədər artandan sonra qəzəb olmaz. Qəzəb ona görə var ki, ağlım hələ də balacadır. Adam balacalığı ötəndə qəzəbdən azad olur, böyüklüyə çatır. Ancaq böyüklükdən balacalığa enmək olmur. Bu cür yüksəlişin əsasını geriyə dönməzlik təşkil edir. Qəzəb balacalığa sığır, böyüklüyə çatmır. Ocaq Yükümlüsü çıxışlarından birində deyir ki, “Mənim Məkkəm burdadır. Bizim burada Amalın ətrafında yığışmağımız Müqəddəslikdir”. Hər il İslamın ziyarətgahlarını milyonlarla adam ziyarət edir. Yurdumuzda nə dəyişir, nəyi dəyişdirir. Amma bir nəfərin milli ruhda ziyarəti xalqın aqibətində görün, nələr deməkdir. Xalqın İnamının, özümlüyünün, özünün yaranmasıdır. Və bu, hər bir şeydən yüksəkdə duran hadisədir. İslamda isə ziyarət fərdin pula, şöhrətə, adına xidmət deməkdir. Sonra Günev Atalıdan başqa fikir: “Evlad Ocaq halı ilə elə dolur ki, sonra xalqın özünə biganəliyindən çaşmasın və geri durmasın”. Burda Ocaq halı ilə dolmaq məsələsi haqqında düşündüm. Ocaq halı ilə dolanda həyati düşüncələrdən, duyğulardan uzaq oluram, ancaq azad olmuram. Kitabı oxuyanda ordakı fikirlərlə doluram, ruhani hala köklənirəm. Halım məni həyati düşüncələrdən uzaqlaşdırır. Bilirəm ki, bu, bir məqama bərabər olmamalıdır. Ocağın ruhani aqibətə çevrilməsi nəticəsində tamamilə həyati düşüncələrdən uzaqlaşmalıyam. Müəyyən məqamlarda zəmanəyə sığıram. Böyüyənin zəmanəyə enmək imkanı yoxdur, bu geriyədönməzliyin arxasında sığmazlıq dayanır.
Günev Atalının fikri: “Atagün Ailəsi öz işində qətidir, fərəhlidir və inadlıdır”. Onun bu sözləri hansı halla və hansı formada deməsi ağlımda aydın canlanır. Onun içinin halını, inamını görürəm, hiss edirəm. Sonra Elana Atalının deməsi ki “Biz hamımız elə qurulmuşuq ki, Ocaqla nəfəs alırıq”. Ocaq Yükümlüsünün hesabatlarında gördüm ki, Ocaq necə ömrünə, ruhuna hakim kəsilib. Biz ruhaniyyatçılar Atayla, Ocaqla nəfəq alırıq. Bizim yaşamımız, qurulmağımız bir şeyə xidmər edir – o da Mütləqdir. Bunları oxuduqca, halı da, ömrü də dərk elədim, yaşamımıza, dərkimizə görə Mütləqimiz, Peyğəmbərimiz Asif Ataya səcdə etdim”.
Üstün Atalı Atanın “Mütləqləşmək – Var olmaq” kitabını oxuduğunu dedi. O, maddi və ruhani ehtiyac haqqında fikirlərini bölüşdü: “Maddi ehtiyac insanı yırtıcılığa, ağalığa, hərisliyə, şöhrətpərəstliyə sürükləyir – şirnikləndikcə özünə yadlaşır insan. Bu səbəbdən mənə görə Ocaqçı olmaq – Var olmaqdır. Ömrü Ocağa vermək – onu xilas etməkdir”.
Ulunur Atalı bu ay heç bir ruhani işlə məşğul olmadığını söylədi. Həyata baxarkən daha çox yalanın yer tutduğunu, adamların münasibətlərində bir-birini aldatmağın üstünlük təşkil etdiyini vurğuladı: “Bunları fikirləşərkən yeni bir dünya istəyirəm. Yenidən həyata gəlmək, – yeni bir həyat tərzi, yeni bir baxışla həyata baxmaq istəyirəm. Ruhani yaşamaq həyata hər gün yenidən gəlməkdir. Həyatı gözəlləşdirmək üçün, bu dünyaya yeni, ülvi dəyərlər vermək üçün gəlməkdir. Həyatda fədakarlıq etməsən, həyatın heç olar. Xeyir həyatı doğruldur. Biz Xeyirin tələbiylə yaşamaq üçün Amala gəlmişik.
Doğrudan da deyiləsi sözlər çoxdur. Ancaq yaza-yaza fikirləşirəm ki, mən bu dediklərimə əməl edirəmmi? Yalana meyil edirəmmi? Dünyaya nə dəyər verirəm, nə kimi fədakarlıq edirəm? Bu suallarla üz-üzə qalanda əl saxlayıram, yazmıram, özümə hesabat vermək istəyirəm”.
Ulunur Atalı din haqqında da fikirlərini bölüşdü. Qurban Bayramında kəsilən qurbanlara Allahın ehtiyacı olmadığını vurğuladı. O, İnamın gələcəyinə ümid bəslədiyini dedi.
Yasin Türksoy Ocaq üstə düşüncələrini qeydlərdən oxudu: “Əsrlərdir ki, din müqəddəslik anlayışını göylər səltənətindəki Allaha aid mücərrəd bir anlam kimi yeridib. Əslində Müqəddəslik insanın halındadır, – doğma, səmimi, mehriban münasibətlərimizdədir. Bugünkü Ocaq toplantısındakı halımızdadır.
Özüylə döyüş yönüm:
Yenə də halım qarışıqdır. İdrakla duyğu arasında bağlılıq yaratmaq, bütövlüyünün aşkarlanması üçün körpü qurmaq istəyirəm. Ancaq hələ də bunu bacarmır, qərarlaşa bilmirəm. Mütləq Mənanı dərk edib irəlilədinsə, addımladınsa, pillə-pillə böyüyürsən. Gərək dayanmayasan. Məişətçilik bir yanda, Ruhaniyyat bir yanda. Biri insanı şirnikləndirir, o biri isə haraylayır. Şirnikləndirmədə şirəyə getmə olur. Haraya yetmədə isə yol olur. Ağrıya qatlaşmaqda ruhən böyümək olur.
Hər gün topa-topa adamlarla qarşılaşırsan. Bir şəhərdə nə qədər adamlarla görüşürsən, ancaq ruha doğma olanı yox, doğma sanıb bağlaşa biləcəyin yox. Həmdəm bilib ürəkləşəcəyin yox. Yaşammı bu? İnammı bu? Sevgimi bu? Getmək istədiyin yerlərdə İnam yox, Gəlişinə sevinc yox, doğmalıq yox. İstəkmi bu, sevincmi bu, gedişmi bu?
Ancaq İnsan nə qədər yan getsə də, bəşəriliyin, insanlığın tələbindən kənara çıxa bilməyəcək…
Dünya ərəbin Leyli-Məcnun sevgisini türkdən öyrəndi”.
Yasin Türksoy əlavə etdi ki, hər gün Asif Atanın keçirdiyi görüşlərin görüntüsünə baxır. Atanı dinləməklə daha dərin düşüncələrə varır.
Soylu Atalı “Ailə Günü”nün tələblərindən danışdı. Verilən hesabatların bu tələblərə uyğun olmasının gərəkliyini vurğuladı: “Amallaşmadan nə öyrəndim, hansı qənaətə gəlinirsə, o açılmalıdır. O, həm səni Amaldaşına tanıdar, həm də əsərin olar. İkinci, Özüylədöyüş özündən giley deyil. Yetkinləşmə hesabatı vermək gərəkdir. Hesabatın özünü verməyə güc lazımdır. Özüylədöyüş özünü dəyişmək üçün axtarış və cəhddir. Özünü dəyişmək üçün özünü tanımaqdır. Bütün insanlar öz davranışını toplumun diqqətinə hesablayır. Cəmiyyətin gözünün baxarı ölçüyə çevrilir. Öz yanında, öz içində özünü aç-tök ki, sən toplumun içinə çıxanda göründüyün kimi olasan. Görüntü yaratmayasan. Hər bir yaxşı şeyi biz kitablardan oxumuşuq. Bizim ömrümüz, davranışımız kitab olmalıdır. Yaşamın özüylə, idealın özüylə ömrün ahəngi yaranmalıdır. Nə yazırıq biz? Ağılda, düşüncədə, idealda olanı, yaxud qədimlikdə, tarixin dolanbaclarında olanı, yoxsa, yaşadığımız ömrün tələbini yazırıq?! İnsanda çatışmayan budur. Sənət, incəsənət gərəkli şeylərdir. Amma sənətlə, incəsənətlə ömür arasında təzad olmamalıdır. İncəsənətlə ömür arasında təzad yarananda o olur muzey hadisəsi, yaşama daxil olmur. Cəmiyyət bütün yaxşı şeyləri, fəlakətləri rol kimi oynayır. Hər şeyi səhnələşdirirk, – faciəni, fəziləti. Həyat aktyorluq gedişlərindən ibarət ola bilməz. Ocağın yaratdığı odur ki, Sənətlə ömür arasında bağlılıq olsun. Örnək göstərsin Sənət. Gerçək həyatın özünü, ictimai həyatın özünü, onun fəzilətlərini örnək göstərsin. Asif Atanın istəyi odur”.
Soylu Atalı maddiyyat və ruhaniyyat fərqindən danışdı. İnsanın maddi və ruhani tələblər arasında qalmasını söylədi: “Asif Ata deyir ki, insan bədən və ruh birliyi olsa da, əsasən ruhani tələblə yaşamalıdır. İnsan öz ilkinliyinə, İnsanlıq adlı mahiyyətinə yetməlidir. Özünü dəyişməli, mahiyyəti əsasında yaşamalıdır. Biz Ruhumuzu – İnamımızı, İdrakımızı, Mənəviyyatımızı, İradəmizi yaradırıqsa, o, xalqın düşüncəsinə, həyat tərzinə, sevgisinə daxil olur və xalqda iş görür. Xalq vasitəsilə bizim işimiz, düşüncələrimiz nəsillərə ötürülür, ədəbiyyatda yerini tapır.
Asif Atada ilkinliyə qayıtmaq məsələsi İnsanlığın tələblərini daim ömürdə aşkarlamaqdır”. Soylu Atalı İnamın ulusallığını geniş şərh elədi, onun türklüyə münasibətini izah etdi.
İlham Mustafa tədbirə dəvət edildiyi üçün təşəkkürünü bildirdi: “Çıxışları dinlədim və özüm üçün qeydlər də etdim. Anlayıram ki, hələ Ocaq halına gəlib çata bilməmişəm. Çalışıram gəlib çatmağa. Toplantılarda indiyə qədər də iştirak etmişəm. Soylu bəylə söhbətlərimiz isə çox olur. Ocaqçı olmaq üçün qarşımda aşa bilmədiyim şeylər var. Asif Ata Yolunun uzun və çətin, ağır yol olduğunu anlayıram. Mənə elə gəlir ki, Soylu bəy gücündən də artıq bir yükü tək çiyninə götürüb aparmaq istəyir. Bu işin qarşısında min adam da təkdir. Əsrlərdir insanlığa çatmaq və dünyanı ruhaniyyatla nizamlamaq bütövləşmir. Nə qədər ölüm, əzab, insan qanına susamışlar var dünyada.
Kaş ki, sizin etdiklərinizin 5%-ni mən edə biləydim. Təşəkkür edirəm ki, siz çox dərin, fədakar, əzəmətli iş görürsünüz. Var olun. Atamız var olsun!”
Maqsud bəy tədbirdə iştirakından məmnunluğunu bildirdi: “Burda danışılanları dinlədikcə görürəm ki, daim məni düşündürən şeylərdir. Hər kəsin öz fikrini bu cür sadə, səmimi, anlaşıqlı ifadə etməsi də maraqlıdır. Bunu insan üçün əhəmiyyətli addım hesab edirəm. İçimdə belə bir əminlik var ki, yaxın müddətdə dünyanın günəşi bizim regiondan çıxacaq – Biz türklərin. Hər bir insanın həyatında səhvlər çoxdur. Belə bir sistemli şəkildə getsək, öyrənərik bir-birimizdən. Bu gün mən də özüm üçün çox şeylər öyrəndim, qeydlər də apardım. Belə bir mühiti hər zaman arzulamışam. Mənim üçün insan amili çox mühümdür. Biz öz mədəniyyətimizlə göstərməliyik ki, türkçülük budur. Yaxşı şeyləri təbliğ etmək gərəkdir, – insanlığın təbliği, millətçiliyin təbliği. Bu da əziyyətlər hesabına başa gəlir. Sizə uğurlar diləyirəm.
Mahmud bəy də dəvətə görə təşəkkür etdi və Türkiyənin durumu ilə bağlı fikirlərini bölüşdü.
Müqəddəs Oxuma hissəsində “Daxildən gerçəkləşmək” kitabından parçalar oxunb şərh edildi.
“Dünyadakı Mütləqlə Axşam Təması” və “Ataya Axşam Ricası” deyildikdən sonra tədbir başa çatdı.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!”
Yağış Ayı, 34-il.