Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin I “Aİlə Günü”ndə deyilmiş fikirlər

IMG_1703Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
37-ci ildə I “Aİlə Günü”ndə deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 23 Günəş Ayı, 37-ci ildə (mart, 2015) “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin I “Aİlə Günü” toplantısı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra “Uluyol-Hünər” Ailəsinin yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Amallaşmamın oxu (mütaliə) yönü az olub, Ocaq işlərim çox olub. 36-cı ilin Tədbirlər Kitabını hazırlamışam. Ailə Günü, Mərasim və Bayramlar kitabı çap üçün hazırdır, yəqin ki gələcək mərasimlərdə onu hədiyyə edəcəyik. Atanı az oxumuşam, ancaq oxuduğum zamanlar bəhrəli olub, həm düşüncə, həm də düşüncələrimi yazmaq anlamında. Mən son ildə ancaq evdə oluram. Atanı oxuduqca isə elə bil evdən çıxıram. Evin içi məni nə qədər məişətə bağlayırsa, Atanı oxuyanda duyğularımda, düşüncələrimdə durulma yaranır, fərəhlənirəm.

Kamilləşmə yönündə özümü ələşdirmə haqqında bir şey deyə bilməyəcəm. Günümü elə kökləyirəm ki, vaxtım olanda ya oxuyum, ya da nəsə iş görüm. Hər gün az və ya çox Ocaq işi görürəm. Artıq elə bir hal yaranıb ki, iş görməyim, ya da oxumağım günümün qiyməti, dəyəri olur. Bunu edə bilməyəndə sanki gün gözümdən düşür. Ona görə də oxumaq, ya nəsə iş görmək, ya da Ocaq Yükümlüsünün saytla bağlı tapşırıqlarına əməl etmək. Bir çatışmazlığım həmişə özünü göstərir: hansı işlərə ki, mən özüm diqqət eləməliyəm, onu mənə Ocaq Yükümlüsü deyir, edirəm. Bununla belə, Ocaqla bağlı gördüyüm bütün işlər mənə fərəh gətirir. Mənim üçün bu nizam hava-su kimi gərəkdir.

Xalqlaşmamın görüşlər səviyyəsini yetirə bilmirəm. Uşağa qayğı, diqqət məni bu işdən hələ ki ayırır. Buna görə də, yetdiyim düşüncəni, fikri insanlarla bölüşməyəndə həm özümün səviyyəmi görə bilmirəm, həm bölüşmək fərəhini ala bilmirəm. Bu mənada əskikliyim var. Yaxın gələcəkdə bu əskikliyi aradan qaldıracam.

İndi bəzi yazılarımı oxumaq istəyirəm:

xxx

Həyatla hər bir görüşdə Amalın üstünlüyünü daha dərindən anlayıram. Bu anlam məni həyatın bəsitliyindən nə qədər uzaqlaşdırırsa, Amala o qədər doğmalaşdırır.

IMG_1702

xxx

Fərəh yeni fərəh yaradır, əməl yeni əmələ çağırır, insanın içini irəliyə aparır. Bu ardıcıllıq yola çevrilir.

 

xxx

Bizim bütün yazılarımızda, düşüncələrimizdə insana münasibət, dünyaya münasibət, özümüzə münasibət görünür, bilinir. Bu münasibət həm də bizim özümüzə münasibət yaradır.

Biz özümüzdə hansısa düşüncəyə yetirik, onu təqdim edirik. Onu sevgiylə təqdim eləməyin özü sevgi yaradır, acıqla təqdim eləmək əks təsir yaradar.

 

xxx

İki doğma insanın münasibəti bir-birinə mühit ola bilir. Ona görə mühit ola bilir ki, yol doğmalığı var. Adamlar bir-biri ilə görüşürlər, danışırlar, hər kəsin danışığı ya məişətə bağlıdır, ya da özgəsinə. Ona görə də o söhbətdən heç nə qalmır. Mühit odur ki, bitir insanın içində. Duyğuları, düşüncələri bölüşdükcə daha da aydınlaşır, yetkinləşir, çiçəkləyir, bəhrə verir. Heyrətli, şəfqətli, sevgili, qayğılı, sayğılı dünya yaranır.

Bunu nədə hiss eləmişəm. Soylu Atalı ilə telefon söhbətlərində o, elə fikirlər söyləyir ki, mən onun idrakının mühitinə düşürəm. Onun dediyi, düşündüyü məni də düşündürür, mən görürəm ki, o mənim üçün ruhani mühit olur. Mən bundan bəhrələnirəm. Doğrudan da, belə ünsiyyət bir-birinə dünya ola bilmək mənası daşıyır özündə. Elə bir mühit yaranır ki, onun  özünə inamının halı, idrakının dərinliyi mənim idrakımı da tərpədir, düşündürür, mənim üçün mühit yaranır. Həmin gün mən o halla nəsə oxuyanda görürəm ki, əvvəlki söhbətin etkisidir, məndə yeni bir düşüncə yaradır, halım yüksək olur.

 xxx

Hər başlanğıc asan başlamır. Əngəllərlə döyüşməli, dəf etməlisən ki, başlanğıca yetəsən.

İnamsızlığın sonu – İnamın başlamasıdır. Ömrün yenilənmsi yeni aşamaya qədəm qoymasıdır. Sona yetdikcə başlanır, başlandıqca davam edir yol.

Mənim inamımı artırmağım inamsızlığımla döyüşümdür. Mən nə qədər inamımı artırıramsa, inamsızlığımla o dərəcədə döyüşürəm. Nə qədər düşünürəmsə, həyatdan, məişətdən ayrılıramsa, o elə idraksızlığımla döyüşümdür.

 

xxx

Cəmiyyət insanı itirib təbəqələrdə.  Biz cəmiyyət deyəndə gözümüzün qarşısına təbəqə gəlir. Əgər aşağı-yuxarı təbəqə varsa, orda heç cür insanı tapmaq mümkün deyil. Adamların bir-birinə yadlaşması cəmiyyəti yaşadıb, bir-biriylə yarışması, bir-birinə düşmən kəsilməsi, aldatması, satması cəmiyyəti yaşadıb. Cəmiyyət adamları bu dairəyə salıb və çıxmağa qoymayıb. Onlar da həyatın anlamını elə burada axtarıblar. Birinin varı artır, o birinin həsədi artır. Birinin zoru artır, o birinin qorxusu. Birinin vəzifəsi artır, o birinin kini. Ömür adiliyə həsr olunduqca münasibətlər adiliklər doğurur. Biz adətən örnək gətirəndə Soylu Atalıdan deyirik. Soylu Atalının mənən artması məndə heyrət doğurur. Həm də mənə örnək olur ki, özünə inamın yaranması nə deməkdir. Ruhani münasibətdə aliliyin artması alilik yaradır və  stimul olur, örnək olur. Cəmiyyət münasibətlərinin artımında insan uçuruma, boşluğa, həm də faciəyə gedir. Ruhani münasi­bətlərin artımında insan ucalığa, sonsuzluğa gedir.

Cəmiyyətə qarşı çıxanlar seçilib, qorxu yaradıb. Ona görə də təklənib, dışlanıb. Cəmiyyət fərqlənən­lərin, cəmiyyətlə döyüşənlərin axırı pisdir deyə qorxudub adamları. Cəmiyyət adama sahib olur, onun fərdiliyinin yaranmasına əngəl olur. Fərd özünəməxsusluğu, bənzərsizliyi cəmiy­­yətdə yox olur. Cəmiyyət Xalq anlamına yüksəlməlidir – kamil fərdlərin birliyi demək olmalı­dır.

Ailə adlanan hadisə cəmiyyətdə öz mənasına yetmir. Ailə cəmiyyət üçün övlad böyüdür sanki, xalq üçün böyütmür. Ata haqsızdır, çünki cəmiyyət haqlıdır. Ana haqsızdır, çünki cəmiyyət haqlıdır, övlad haqsızdır, çünki cəmiyyət haqlıdır. Cəmiyyət ölçüsü hakimdir düşüncələrə. Adamları belə tərbiyə edir cəmiyyət.

Heç birimizin valideyni Ocağa gəldiyimiz üçün uğurlamadı bizi. Tərsinə, millətin dərdi sənəmi qalıb dedi. Çünki hamı elə fikirləşir ki, umacaqsız, minimal məişətlə, var-dövlət yığmadan, vəzifə ehtirası, ehtiyacı olmadan yaşamaq – yaşamamaqdır. Bizə görə isə Amalsız yaşamaq yaşamamaqdır.

“Fərdi xüsusiyyətlərini itirmiş insan – insan deyil, əşyadır, əşyaların məcmuu isə insani cəmiyyət yaratmağa qadir deyil… İnsaniləşən cəmiyyət – müstəqilləşən Fərd, yaranan xalq, mülkiyyətləşən əməkçi və mütləqləşən başçı deməkdir” (Asif Ata).

Fərd özümləşməsə, müstəqilləşməsə hamının içində itər.

Xalq özümləşməsə, müstəqilləşməsə dünyanın içində itər.

Özümləşmək – öz ruhani varlığını, inamını, idrakını, mənəviyyatını, iradəsini yaratmaqdır.

Özümlü fərddən məhrum olan xalq xalq deyil, sürüdür.

Özümlü xalqlardan məhrum olan bəşər bəşər deyil, sürüdür.

 

xxx

Həyat adamın istəkləri qarşısında məhdudluğunu aşkarlayır. Var-dövlət hədsizliyində var-dövlət əsirliyi var. Şöhrətdə şöhrət əsirliyi var, vəzifədə vəzifə əsirliyi var. Azad olmur adam, mühitin, şəraitin, zamanın əsirinə, məhkumuna çevrilir və elə mühitdə, zamanda qalır.

Həyatı Ali həyata yetirməklə həyatın mənasının sonsuzluğu aşkarlanır. İnsanın özünə ruhani münasibətlərinin heyrətli, fərəhli, işıqlı üfüqləri açılır. Ruhani azadlıq fərəhinə yetir insan. Mühitin, şəraitin, zamanın, cəmiyyətin fövqünə qalxır, ölümsüzləşir.

 

xxx

Biz dünyanın hər üzünü görürük, ancaq yeni dünya, yeni həyat yaratmaq ideyamızdan, nikbinliyimizdən, inamımızdan çəkinmirik. Ata deyirdi ki, qaranlıq artdıqca işığa ehtiyac da artır.

IMG_1711

xxx

Nəylə qarşılaşıramsa qarşılaşım, mənim yolum, yönüm, ölçüm, üzüm bəllidir. Bu inamın özü artıq nikbinliyimə çevrilir.

Adam dünyaya gəlir, həyatlaşır, dünyalaşır. İnsan özünü yaradır, həyatı insanlaşdırır, dünyanı insanlaşdırır. Adam həyata uyğunlaşır, həyatla vəhdəti yaranmır. İnsan həyatı mənasına yetirir, həyatın mənasına qovuşur.

 

xxx

Bəzən təbiilik hərcayiliklə qarışdırılır. Adama elə gəlir ki, içindən necə gəlirsə, davranırsa, bu, təbiilikdir. Təbiilik – İnsanlığa dayanan əsillikdir. Əsil davranış, insani davranış təbiilikdir.

 

xxx

Ata fikri: Bəşər eyniləşə-eyniləşə – özgələşir; fərdiləşə-fərdiləşə – birləşir.

xxx

Dövlətin beynəlxalq konfranslarda, birliklərdə, görüşlərdə qatqısı, çıxışı ona verilən yeri və yönətimi haqq edib-etməməsinə əsaslanır. Çünki dövlət xalqı təmsil etmir, hakimiyyəti təmsil edir.

Dış siyasət – qəyyumların inamını doğrultmaq.

İç siyasət – qəyyumların siyasətini doğrultmaqdır.

Gələcək – qəyyumların planını həyata keçirməkdir.

 

 

 

 

xxx

Özünə inamsız olanda hər şeydən asılı olursan. Özünə inam insanı mənasız asılılıqlardan azad olmaq iradəsinə yetirir. Yalnız həqiqətdən asılı olmaq, ədalətdən asılı olmaq İnsanı ruhani azadlığa yetirir.

 

xxx

Bu gün bizim xalqın içinə nə gəlirsə, onun mahiyyətinə qarşı gəlir. Çünki gedişat milliliyə, bəşəriliyə söykənmir.

 

xxx

Yaz elə gəlir ki, adamın içini bürüyür. Yazın coşğunluğu, aşıb-daşması, işığı, ümidi adamın halına heç bir zor göstərmədən girir.

Yaz haqqında düşünəndə fikirləşdim ki, mənim də halım yaz kimi olmalıdır. İnamı verəndə yaz kimi verməliyəm. Necə ki, yaz gəlir və sevgisi, şəfqəti, işığı, istisi mühit yaradır. Mən də adamlarla ünsiyyətdə elə bir mühit yaratmalıyam. Gərək onlar, İnamın gəlişini ürəyinə yazın gəlişi kimi hiss eləsinlər. Atamız Var olsun!

 IMG_1717

Göylü Atalı Ataya səcdə ilə sözünə başladı: Səhhətimlə bağlı Ailə hesabatına hazırlaşa bilmədim. Əslində tədbirə hazır gəlmək nə deməkdir? Ya ruhani yaşamışam, ya da yaşamamışam. Yaşamışamsa, deməyə sözüm olur, ömrüm də qurulur. Yaşamamışamsa, söz yoxdur. Bu gün əslində “Ulufərəh” Ailəsi iki ayın hesabatını verməlidir, – həm bu ayın, həm də keçən ayın. İki aya göz yetirəndə utanc hissi keçirdim, doğrudanmı vaxtım ciddi şəkildə yaşama çevrilməyib ki, gəlib tədbirdə hesabat verəm.

Ayrı-ayrı əməllərim olubdur. “Uluyurd Aqibəti” haqqında film hazırladım. Atanın rusca kitabını bilgisayara köçürürəm. Saytla bağlı işlərim olur. Nurtəkin bacım demiş, elə bir gün olmur ki, əməllərim Ocaqsız olsun. Hər gün nəsə bir əməl var ortada. Ancaq mən görürəm ki, bu, məni qane eləmir. Yetərsizlik var. O yetərsizlik də hardan qaynaqlanır? Yaradıcılıq çox azdır. Məsələ çoxda, azda da deyil. Yaşamaqdadır hər şey. Ruhani yaşamaq davamlı olmalıdır. Əgər mənim fərəhim nəinki başqasına, öz ömrümə işıq sala bilmirsə, deməli, mən ruhani yetər­siz­li­yimi düşünməliyəm.

Bu günlərdə Soylu Atalı ilə söhbət elədik. Hünər və qüdrət tutuşdurması apardı o. Mən anladım ki, ömrümdə hünərə layiq əməllər çoxdur. Özündənkeçmə, umacaqsızlıq var əməllə­rimdə. Ancaq fərəhim bütöv deyil. Bu da ordan qaynaqlanır ki, içimin ruhani qüdrəti hələ bütöv deyil. Mənəviyyatla bilik bir-birinə tən deyil. Fərəhsizlik ordan qaynaqlanır. Bu yöndə Soylu Atalını özümə örnək görməkdəyəm. Onun ömrünü izləyən hər kəs görər ki, bu insanın əhvalsız vaxtı yoxdur, sözsüz, köksüz vaxtı yoxdur. Düşünürəm ki, hər kəs belə yaşaya bilərmi, yaşamalıdırmı? Bəli, Ata bizdən bunu istəyir. Özünə qarşı tələb olmayanda insan kökdən düşür. Kökdən düşəndə həyat gözdən düşür.

Fikirdən artq söz demək istəmirəm. İçimizdə Mütləq olmaq olanaqları var. Ata bizə ona yetmək ortamı yaradıb. Yetməyimiz gərəkdir. Atamız Var olsun!

 Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ayımız “Yeni İl” mərasimi ilə başladı. Mərasim halı hələ də mənim içimdədir. Mərasimin gedişat yazısında belə bir qonu qoyulmuşdu: Evlad öz içini açıb göstərməlidir hansı keyfiyyətləri var. Onu oxuyanda həyəcan keçirdim ki, mən özümü necə aça bilərəm? Özünü açıb göstərmək üçün buna hazır olmaq gərəkdir. Mən mərasimə gərgin əhvalla gəlmişdim. Mərasimin halı, Yeni il əhvalı içimə axdı. Ocaq Yüküm­lüsünün, Günev qardaşımızın və bütün Ocaqçıların halı yenilənmə gətirdi ömrümə.

Atanın səfərlə bağlı fikrini qeyd etmək istəyirəm: Səfərin iki yönü var. Birinci özüylədöyüş, bir də imtahan. Sənin orda qarşılaşdığın halların hər biri sənin üçün imtahandır, hər biri sənin içində bir imkanı aşkarlayır. Səfərdə qorxunu ötürsən, şərin üstünə yeriyirsən.

Göylü bacımız düz deyir, biz əslində bu gün iki ayın hesabatını verməliydik. Burda da Atanın sözü doğrulur ki, hər şeyi öz vaxtnda eləmək gərəkdir. Artmayan, doğrudan da, azalır. Keçən aykı tədbirin olmaması mənim halımda azalmaya səbəb oldu. Ocağa, Ocaq söhbətlərinə hər zaman ehtiyac var.

 Nurtəkin Atalı: Biz Ocaqda intizamlıyıq. Tədbirlərimiz eyni vaxtda başalyır. Əgər bir dəfə vaxtında başlamasaq, qırılır sistem. Yaxud tədbirlərin ardıcıllığı pozularsa, sistem qırılır. Davamlılığı qorumaq gərəkdir ki, hal bütövlüyü də qorunsun. Ona görə də Ailə Günlərinin davamlı olması gərəklidir.

Mən bir məqamı da vurğulamaq istəyirəm. Bizim tədbirə hədiyyəmiz var. Göylü bacımızın hazırladığı “Uluyurd Aqibəti” ilə bağlı film. Biz öncələrdə də özümüzü ifadə edə bilmirdik. İndi də tam özümüzü ifadə edə bilmirik. Həmişə Soylu Atalı yaxşı cəhətimizi də, çatışmayan cəhətimizi də özümüzə göstərir. Bizi bizdən daha yaxşı görür. Mən Göylüyə gətirirəm sözümü. Göylünün hünərinə həmişə heyrət eləmişəm. Mən “Uluyurd Aqibəti” görüntüsünə baxdım. Yarım saatlıq görüntüdə hər bir fikir, şəkil necə incəliklə, dəqiqliklə seçilib, düşünülüb. Çox böyük vaxtdır, əməkdir. Atanın fikirlərinin seçilməsi və Uluyurd Hərəkatı ilə  bağlı şəkillər. Burada o əməlin necə başa gəlməsini ifadə eləmək olar. Sadəcə əməli ifadə eləməkdə çətinliyimiz var. Bəlkə bu barədə ciddi düşünək. Göylü filmi təqdim edir sakitcə. Ancaq necə başladı, necə sona yetdi, onu ifadə eləməyin özü həm Göylünü özünə, həm də bizə göstərər. Biz həmişə sonuc görürük. Göylü danışanda da deyir ki, yaşamadım. Bəs onda bunlar nədir?! Bir şeylə razıyam ki, düşüncədə də yetkinləşmək gərəkdir. Ancaq onun gördüyü əməllər gerçək olaraq Ocağı göstərir.

IMG_1721

Türkel Atalı Ataya səcdə ilə sözünə başladı: Qeydlərimi yığcamlaşdırıb, ixitsarlaşdırıb yazmışam. Bir neçə gündür yanında işlədiyim oğlanla (həm də başqa işlə məşğul olur, məndən yaşda xeyli böyük, mədəniyyətli, özünə görə müəyyən savadı, dünyagörüşü olan birisi ilə) geniş söhbətlərimiz oldu. Din məsələsi başda olmaqla bir çox yöndən. Söhbətlər də təsadüfdən alınmır. Mən şərait yaradıram.

Ancaq onu deməliyəm ki, bu cür işləmək və həyatın bir sıra qayğıları məni xeyli dərəcədə gərginləşdirir. Əsəbi halımın artdığını hiss edirəm. İçimdə narazılıq əhvalı çoxalıb. Bu narazı­lıqlar əsasən gerçəkliklə bağlıdır.

“Atagün” Ailəsinin Ailə günlərinin bir neçəsini kitabdan oxudum. Belə qərara gəldim ki, bu əhvalsızlıqlarımı ya içimdə həll eləməliyəm, ya da Amaldaşlarımla (doğmalaşma yönündə) bölüşməliyəm. Ömrümün müəyyən məqamında düşüncəmə, içimə hakim kəsilən əhvalsızlıqlar hesabatıma girib yaşamımı ifadə eləməməlidir.

Son vaxtlar xalqlaşma yönündə apardığım söhbətlər əhvalımı balanslaşdırıb sanki. Ayrı-ayrı adamlarla elədiyim söhbətlərdə ömrümün hansı yola həsr olunduğu, dini nəyə görə qəbul etmədiyimi qətiyyətlə ifadə eləmişəm. Bu söhbətlərdən sonra elə bil fərəhlə doluram. Demək olar ki, 15 gündür evdə işləyirəm. Onun 10 gününü xalqlaşma əməlimdə özümü ifadə elədiyimi düşünüb yenilənirəm. İnsanların bəsit düşüncələri ilə tanış olduqca, həqiqətdən nə qədər uzaq olduqlarını gördükcə özümə güvənmək istəyirəm. İnsanların həqiqətdən bu qədər uzaq olmaları, özlərinə yadlaşmaları, onlarla daha çox söhbətlər etməyə ehtiyac yaradır. Atanın Amalından soraq vermək gərəkdir, insanları ayıltmaq gərəkdir.

IMG_1724

İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Atanı oxumadığım günüm yoxdur. Hazırda Atanın “Özüllər Özülü” Bitiyini oxuyuram. Nurtəkinin sözüylə desək, düşünə-düşünə oxuyuram, qaça-qaça oxumuram.

Sabir Yanardağın “İstibdad və istila” əsərini oxuyandan sonra kiçik bir yazı yazmışdım. Orda ən doğru sözlər özümə aid idi. Biz çox vaxt söz deyəndə çətinlik çəkirik, əsasən “Ailə Günü” tədbirlərində. Mən S.Yanardağın orda təhlil elədiyi əsərlərdən çox şey bəhrələndim. Ancaq orda elə ziddiyyətli məqamlar var ki, mən özümü onun yerinə qoydum. İnsan ziddiyyətli olanda hadisələrə həqiqi qiymət verə bilmir. Ziddiyyətin içindən çıxa bilmədiyinə görə ziddiyyətli qiymət verir. Mən düşünürəm ki, yazı yazmaqdır, söz deməkdir, bunun hamısı insan özünü qurandan sonra baş verir. Ömrümün yaranması vacibdir ki, səhvimə, elə adicə iş yerimdə olan haqsızlığa qiymət verə bilim.

İş yerimdə yanlışlara yol verirəm, onlarla ünsiyyətdə məni ittiham edirlər. Mən qarşılıqlı münasibət bildirəndə özümü itirirəm, onlara aqressiv cavab verdiyim üçün uduzuram. Deməli, özümü hələ yetirməmişəm. Yetirsəydim, həyatda qarşılaşdığım hadisələrdə səhvə yol verməzdim. Atanı oxuyuram, hər şey sadədir, başa düşdüm, keçirəm ikinci səhifəyə, birinci səhifədəki sözü təkrarlayıb cavabını verə bilmirəm. Belə baxanda çox sadədir. Ata orda deyir ki, dünya özündə Mütləqə çatmaq imkanı daşımır, həyat özündə Mütləqə çatmaq imkanı daşımır. Ancaq insan özündəki mənaya çatmaq imkanı daşıyır. Belə baxanda sadədir, gəl indi onu aç.

Bir gün mən Soylu Atalıya sual verdim ki, Asif Atanın məişətiylə bağlı davranışlarını “Ata səcdəsində” kitabından oxuyub öyrənirəm. Dedi ki, “sən ordan öyrənmə. Kiminsə ömrünü əzbər­lə­məzlər. Sən Mütləqə yetəndən sonra Atanı da anlayacaqsan, özünü də. Mütləqin ölçüsü birdir. Bu ölçüyə yetəndə biləcəksən ki, necə davranmaq gərəkdir”.

Həyatda min ölçü var. Hərənin bir ölçüsü, baxışı var. Mütəqə yetəndən sonra insan hadisəyə münasibətini bildirərkən qırağa çıxmaları olmur.

Xalqlaşma ilə bağlı yeni əməllərim yoxdur.

Qonu ilə bağlı: İnsan doğulur, bağçaya gedir, oxula gedir. Ancaq özündən qırağa çıxmır. İşdə mənimlə ünsiyyətdə hər təbəqənin adamları olur. Nazirlikdən gələnlər olur, aydınlardan, başqa yönün adamlarından qarşılaşdıqlarım olur. Hamısı cəmiyyətdən şikayət edir. Vaxt var idi, mən də elə idim. Mən də deyirdim ki, bu həyatdan, bu insandan heç nə çıxmaz. Özüm özümə sual vermir­dim ki, özümdən nə çıxar. Mən insanam axı. Özüm İnsanlığın, Mütləqin tələblərinə cavab verə bilirəmmi? Nə qədər xeyirliyəm, ədalətliyəm, vicdanlıyam. Nə dərəcədə mən  cəmiyyətdən üstünəm?!

 Mən də bir vaxtlar elə idim. Hamı elə bilir özü düz yaşayır, başqaları yanlış. Ata da deyir ki, zamandan asılı olmadığın dərəcədə azadsan. Mühitdən asılı olmadığın dərəcədə azadsan. İçindəki balacalıqdan azad olmalısan.

Mən demirəm ki, cəmiyyətdə hamı pisdir. Tərbiyəli insanlar da var, ancaq təbiətdən gələn xarakterlə yaşamaq azdır. Çünki istənilən halda, həmin insan yalan yaşamaq imkanı gəzdirir özündə. Cəmiyyət fərdi keyfiyyətlərini itirmiş insanların məcmuudur. Cəmiyyət adamlıq halını ifadə edir. İnsan olub cəmiyyət içində qalmaq çox çətindir. Bəzən əsəbləşirəm və deyirəm ki, mən də həyatdan biri olacam.  Çünki bu gün cəmiyyətdən ayrılıb insan kimi yaşamaq sorunlarla üzləşməkdir. Çünki şər xeyiri öldürməyə yönəlib. Cəmiyyət də özündə şəri yaşadır. Ona görə cəmiyyət mütləq ruhaniləşməlidir. Gedişat sübut edir ki, Ocaq ideyalarından qıraqda insani qurallar yaratmaq mümkün deyil.

Atamız Var olsun!

Nurtəkin Atalı: Bir neçə ay bundan qabaq, İnamlı ilə mən “Ailə Günü”ndə bir-birinə münasibətdə öz yanlışlarımızı boynumuza aldıq. O da özündən çıxmışdı, mən də. İkimiz də bunu öz yanlışımız kimi qiymətləndirdik. Məsələ burasındadır ki, boynuna almada dayanıb qalmamalıyıq, çıxmalıyıq. Atanı oxumaq bizi düşündürür, ağlımız nə dərəcədə işıqlanır, yetkinləşir, bunu ömrümüzə çevirmək gərəkdir. Yəni sən deyirsən ki, dünyanın dünyalıq adlı mənası var, insanın insanlıq adlı mənası var, bunu dərk eləmək çətindir. Bax, bilməyimiz gərəkən anlam odur ki, gərək halımızda özünü göstərən aqressiya ilə döyüşək, onda biz dünyalıq adlı mənaya, insanlıq adlı mənaya çatacağıq. Hər zaman özünə nəzarət gərəkdir, hər zaman özüylədöyüş gərəkdir. Hər zaman özünü görmək gərəkdir ki, ruhani halından enməyəsən.

Mənim işlədiyim yerlərdə, işimdə səhv ola bilirdi, ancaq xarakterimdə, münasibətimdə qüsur yox idi. Təbii  ki, işdə hamımız səhv edə bilərik, amma bizim xarakterimizi qurmaq bizi öz mühitmizi yaratmağa gətirib çıxarır ki, başqa bir hal ora təsir eləməsin.

Məsələ ondadır ki, hər bir yanlışımızın özü də bizim üçün bir təkandır. Bəzən çətinliyə düşə bilərik, ancaq yanlışın aşkarlanması belə önəmlidir. Qoy qıraqdakı desin ki, səndə kobudluq var. Çatışmayan cəhətlərin aşkarlanması belə bizim özümüzə inamımızı azaltma­malıdır.

Mənim tənqid daha yaxşı yadımda qalır, tərif yadımda qalmır. O da hər kəs tərəfindən yox. Əsasən Ocaq Yükümlüsü tərəfindən yanlışlarıma görə düzəldilməyim mənim indiyə qədər yadımda qalıb. Onunla hər bir şeyi bölüşürəm ki, o mənə desin ki, nədə səhv etmişəm. Ola bilər mən onu görə bilmirəm. Buna mənim ehtiyacım olur ki, bu Soylu Atalı tərəfindən deyilsin.  “Evlad Günü”  mərasimində Soylu Atalı dedi ki, özüylədöyüş gündəliyi yazılmalıdır, təqdim olunmalıdır. Məsələn, özüylədöyüş dəftərlərinə mən ayrı-ayrı epizodlar yazıram. Təbii, o, özüylədöyüş deyil, dəftərləri təqdim eləmək gərəkdir ki, Ocaq Yükümlüsü bizi özümüzə göstərə bilsin. Əgər mən o cəhətdən çıxmaq istəyirəmsə, özümü ifadə eləməliyəm, döyüşməliyəm, bu hər zaman mənim diqqətimdə olmalıdır. Əgər mən bunu bir daha təkrarlamaq istəmirəmsə, deməli, mən oxumalıyam, düşünməliyəm, yazmalıyam, öz üzərimdə işləməliyəm və bunu da bölüşməkdən çəkinməməliyəm.

Göylü Atalı: Nurtəkin deyir, tənqid daha çox yadımda qalır. Tənqid məsələsi belədir, bir var özünə qarşı, bir də var başqasına qarşı. Məsələn, Mövlananın belə bir sözü var ki, qüsuru görmək mənlik deyil, qüsuru örtmək mənlikdir. Bu da baxır nədə. Özünün qüsuruna qarşı kobudluq, əlbəttə, bu doğru deyil, ancaq qüsuru üzünə deməklə onu daha da qırır. Ona görə bu məsələdə maksimum diqqətli olmaq. Harda kor olmaq, harda göstərmək və kimin göstərməyi. Hər iki tərəf buna haqq eləməlidir.

Nurtəkin Atalı: Aşağılamaq yönündə deyil, böyütmək yönündə gərəklidir tənqid.

Göylü Atalı: Ümumiyyətlə, gözəl şeyləri qabartmaq insana daha yaxşı təsir edir, nəinki pis tərəfini qabartmaq. Bunu mən səndən öyrəndim ki, ilk qarşılaşdığın adamda gördüyün, birinci ağlına gələn yaxşı şeydirmi, pis şeydirmi? Onu mən özümdə qüsur görürəm ki, fərdə məhz tənqid gözüylə baxıram. Birinci yaxşı keyfiyyətlərini görüb üzə çıxarmaq yaxşı olar.

IMG_1730

Güntay Atalı Ataya səcdə ilə sözünə başladı: Mənim elə dolğun çıxışım yoxdu. Atanı hər gün oxuyuram, halıma çatan, ancaq ağlıma çatmayan məqamlar olur. Müəyyən mərhələlərlə özümə aydınlaşdırmağa çalışıram. Ancaq bir dəfə oxumaqla içimə çevrilmir.

Kamilləşməmdə mənə elə gəlir ki, hansısa uğurlara yetməkdəyəm. Hər insan özü özünü daha yaxşı tanıyır. Mən ömrümü tutuşdururam, nələrisə qazandığımı görürəm. O sarıdan deyirəm ki, mənim kamilləşmə yönündə müəyyən uğurlarım var.

Xalqlaşma işim. Ayrıca məqsədli olaraq xalq içinə çıxmamışam. Evdə, iş yerimdə, ailə mühitimizdə söhbətlərim olub. Amalımızla bağlı söz deyə bilirəm. Bu gün tədbirimizə iş yoldaşım Ceyhun bəy də qatılıb. Onunla tez-tez söhbətlərimiz olur.

Ata tələb qoyub qarşımızda, özünü yaratmalısan. Mən buna çalışıram. Özümü yaratmaq yönündə inamda bərkiməyi düşünürəm. Atamız Var olsun!

Nurtəkin Atalı: Güntay dediklərini həyata keçirir. Ocağımıza bu gün çap qurğusu hədiyyə edib. Son zamanlar Güntayla fikir bölüşmələrim olur. Onun halı artır. Onun içindəki həsrəti mən görürəm. Söhbətlərimizdə ikimiz üçün də doğma mühit yaradır.

IMG_1732

Ağşın Ağkəmərli: Mən sizin Oğuz bayramınızı təbrik edirəm, Xalqımız üçün xeyirli olsun.

Mən Tehranda olanda eşitdim ki, Ulusəs xanımın bacısı vəfat edibdir. Ona da başsağlığı verirəm.

Üstünün sözündən bir şey götürmək istəyirəm. Deyir ki, Asif Ata Evladlarına deyir ki, səfər insanlara iki şey verir, həm döyüş, həm də imtahan. Eyni zamanda mən görürəm ki, Ocaqçılarda bir şey var ki, özlərindən razı deyillər. Gördüyü işləri, aldığı düşüncələri, aldığı fikirləri az sayırlar. Mən fikirləşirəm ki, bu, təbiidir. Bunun özü də gözəldir. Eyni halda bunun bir səbəbi vardır, yenə Üstünün sözünə gəlirəm ki, biz hələ təlatümlü həyat sürmürük. Məsələn, səfərə çıxanda o insana çox şey verir. Üstünün sözlərinin içində böyük bir həqiqət var. Soylu bəyin səfərləri çox olur. Səfər insanda bir təlatüm yaradır. O hərəkətin nəticəsində sən öyrəndiklərinlə yaşayırsan, içində onu böyüdürsən. O istər-istəməz bir döyüş meydanına çevrilir.

Nəsiminin bir sözü var, “gövdədən yar ayrılır”. Mən burda olmayanda həqiqətən o hissi yaşayıram. Ocağın mənə verdiyi çox şeylər vardır. Ocağın gördüyü iş çox önəmlidir, bənzəri yoxdur. Bu fikirlər dörd divar arasında qalmır, öz təsirini göstərir.

Tehranda olanda çoxdan görüşmədiyim bir dostum mənə zəng elədi ki, görüşək.  Mən çox maraq­lanmırdım onu görüm. Onun başı ticarətə-zada qarışıb deyə, maraqlanmırdım görüşə. Axır ki, onun israrı ilə görüşdük. Gördüm ki, saytlardan Ocağın işləri ilə tanışlığı var. Söhbətdən hiss etdim ki, bu həqiqətən bir şeylər almaq istəyir. Ocaqdan azdan-çoxdan bilgisi var. Mən də sevindim. O yoldaşla görüşmək məndə xas bir sevinc oyatdı. O sevincin nəticəsində məndə də bir təsir buraxdı, bir daha anladım ki, buraya biz nə qədər bağlıyıq. Bu gün o məni Ocağa görə tanıyırdı. Bu meyara görə tanıyırdı və bu fikirlərlə maraqlanırdı. Orda “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabı vardı, söhbətlərdən disklər vardı, ona verdim. Apardı, iki gün sonra yenə görüşdük. Demək istəyirəm ki, burda böyük bir hərəkət gedir. Bu görüşlərin, ideyanın Güneydə əks-sədası genişlənir. İstər-istəməz biz buna inanırıq ki, həqiqət gec-tez öz yolunu tapacaq. Çünki burda gerçəklik var.

Tənqid haqqında söhbət getdi. Tənqid gözəl şeydir. Qüsuru demək yönətim məsələsinə aiddir. Ancaq tənqidi kim deyir, bunun da təsiri çoxdur.

Mən boşluğa gedəndə Ocağa söykənirəm. Düşüncəm də, fikirlərim də bu yolla gedir. Bizim düşüncəmiz xalqımızdan, millətimizdən ayrı məsələ deyil. Biz bu xoşbəxtliyə mənəvi mənada çatmışıqsa, bunu hamıyla paylaşmaq istəyirəm.

IMG_1744

Bu günlər tədbirlərdə yeni üzlər görürəm, eyni halda köhnə üzləri də görürəm. Bu Ocağın artırmaq, böyütmək gücünü göstərməkdədir, çox gözəldir.

Nurtəkin Atalı: Ata bizim içimizdəki imkanları aşkarladı. Həyatda o imkanlar heç vaxt aşkarlanmayacaqdı. Fitrət var, ancaq Ocaqda insan daha da kamilləşir, yetkinləşir.

Ağşın Ağkəmərli: Tamamilə razıyam. Ocaq insanların içindəki potensialı üzə çıxarır. Bunun çox böyük önəmi vardır.

Quzeydən ayrılanda özümdə həsrəti və buraya bağlılığı daha artıq hiss edirəm. Ayrılıqdan sonrakı vüsal və həsrət, birlik daha gözəl duyğular yaşadır.

Güneydə olarkən bir dostumun yas məclisində oldum. Xeyir-şər cəmiyyəti odasında kəndin camaatı yığılmışdı. Orda Ocağın quralları yönündən söhbət elədim. Sonradan bəlli oldu ki, çoxlarının ürəyindən imiş dediyim sözlər. Bu gün məni Ocağa bağlayan, Asif Atanı peyğəmbər kimi tanıdan Ocağın, Ocaq ideyalarının dolğunluğudur. Bu, bizim sözümüzdür, bizim tariximizin varlığıdır. Bizim gələcəyimizlə bağlıdır. Bu gün burda gedən söhbətlərimiz bir çoxlarının istəyidir, ürəyindən keçəndir. Bu gün Ocağı təqdim edəndə qarşıdakı özünü sənin dediklərində tapırsa, uğurdur. Yas məclisində çıxışımdan sonra çoxları məni yenidən söhbətlərə dəvət etdi. Bura söykənəndə, buranın sözünü onlara deyəndə onlara xoş gəlirdi.

Bu yaşımda, çox fəaliyyətlərdən sonra gəldiyim qənaət odur ki, şəxsi mənafelərdən və şəxsi istəklərdən uzaq, təmiz, milətini və insanlığı ifadə edən, təsdiq edən hadisə Ocaqdır. Buna inanıram, sizlərlə olduğuma görə də tək-tək fəxr edirəm. Ocaqla bağlı olduğuma görə qürur duyuram.

IMG_1740

Səbuhi: Bu gün mən vaxtından tez gəlmişdim. Soylu bəylə yarım saata qədər söhbət etdim. Razılaşdığım və razılaşmadığım məqamlar var, bu normaldır.

Atanı kitablardan oxuyuram. Ocaqçılar çıxışlarında Amallaşma, Kamilləşmədən hesabat verdilər. Mənə elə gəlir ki, Amallaşma kiçik bir vərəqə sığan hesabat deyil. Vaxt məhdudiyyətidir, ya nədir, az gəldi mənə.

Bizim Dədə Qorqudumuz var, Koroğlumuz var, bunu hamı bilir. Biz tarixə-dastanlara ilişib qalmamalıyıq. Bunlarla normal cəmiyyət qura bimərik. Doğulacaq körpəyə dastanlar deyil, öz beyninin məhsulu olan fikirlər deyilməlidir. Sonra da cəmiyyətə ötürməlidir.

Biz ilk tanış olduğumuz insanda dini məqamlar axtarırıq, insanlıq axtarmırıq. İnsana insan kimi yanaşmaq yoxdur. İdeoloji baxımdan yanaşırıq. Dastanlardakı, nağıllardakı insanları axtarırıq. Çünki biz o dastanlara ilişib qalmışıq.

Adət-ənənələri unutmaq, onların üzərindən xətt çəkmək də doğru deyil.  Bu, mənim subyektiv fikrimdir, ancaq yalnız adət-ənənəsinə bağlı olan millət heç vaxt inkişaf eləmir.

Ceyhun bəy: Bu millət köhnə adətlərin üstündə millətçiliyinə qayıtdı. Bu xalqı birləşdirmək istəyirənsə, gərək kökündən yapışasan. Bu millət dağılıb, güneyli, quzeyli. Onları birləşdirmək üçün kökünə qayıtmalıdır. Yoxsa bu millət birləşməyəcək. Bu millətin yaralı yerləri var. Vaxtilə öz dilində danışmağa qadağa qoymuşdular. Millətin keçmişi elə bir şeydir ki, onsuz bu xalqı bir yerə yığa bilməyəcəksən. Sönmüş ocaqdır, yandıran oğul olsa, çox tez alışar. Ocaq bu işi görür.

IMG_1752

Soylu Atalı: Mən birinci sözümü İnamlı ilə başlamaq istəyirəm. Böyük yolun başlanğıcına üz tutub. Özünü görmə və özünü yaratma böyük bir başlanğıcdır. İnsan adətən uzun bir yol keçir içində. Bu baxımdan mən qutlayıram İnamlını, axtarışlarında elə bir aşamaya gəlib çatıb. Rahatsızlığı da doğrudur. Bununla bağlı da bir məqama toxunum. Bir dəfə bizim keçmiş amaldaşlarımızdan biri Ataya dedi ki, mən iş yerimdə çox ciddi sorunlar yaşayıram, mən nə edim? Bənzəri şeylər dedi. Ata dedi ki, oğul, sən balaca gölməçələrdə böyük dalğalar yaratmaq istəyirsən. Gərək deyil.

Hər birimiz işləyirik. Əgər biz Ocağı yalnız iş yerimizdə ifadə eləyib vermək istəsək, onda biz uğurlar əldə edə bilməyəcəyik. İş yerindən qırağa çıxmaq zorundayıq. İş yerində yeri gələr ki, çox dərinə getmək gərək olmaz. Çox da balaca qüsurlarla öcəşməyin, gərək deyil. İşinizi işləyin, ayaqda saxlasın sizi. Siz də uzaq hədəflərə vura biləsiniz. Məqamı gələrsə, tini düşərsə, böyük mənada haqsızlıq görərsənsə, ona öcəşmədən etiraz edə bilərsən. Ancaq öcəşmək gərək deyil. Öcəşmək insanların gözündə demaqogiya yaradır. Gərək deyil. Əsəb xərcləyirsiniz, uğur əldə eləmirsiniz. Özünüzü böyük məsələlərə hazırlayın. Böyük mübarizələrə böyütmək, hazırlamaq gərəkdir özünü, xalqın içində. Mən iş yerimdə heç kimlə cırmaqlaşmırdım, ancaq kim əlimə keçirdi söhbət eləməyə çalışırdım. Zaman keçdikcə gördüm ki, hamı mənim istəklərimə cavab vermir, istəmir. Görürdüm ki, mən sallaşıram. Aşama-aşama mən o səviyyədən çıxdım qırağa. Xalqın içində görüşlərim başladıqca gördüm ki, mənim iş yerim balaca gölməçələrdir.

Bundan başqa, konkret İnamlının sözünə qayıdıram. İnamlı iş yeriylə  məhdudlaşmır. Bu da onun üstün cəhətidir. O, görüşlərə, səfərlərə çıxır. Son iki ildə İnamlının təşkil elədiyi görüşlərdən Ocaq çox böyük uğurla yararlanıbdır və topluma ciddi Ocaq sözü deyilib.

Qüsur məsələsinə gəlincə, tənqid məsələsinə vurğu elədiniz, tənqidi biz doğru saymırıq. Tənqid əvəzinə yönəltmək olar. Ağşın bəyin dediyi kimi, bəzi qüsurların üzərinə gedib onu çimdikləməmək gərəkdir. Məsələn, mən qüsurlara iradı nə vaxt bildirirəm? Şəxsi duyğunu sənin öz ixtiyarına buraxıram, sənin özün bilərsən. Ancaq Ocaqla bağlı atdığın yanlış addıma irad tuturam. Sənin atdığın addım Ocağa zərər gətirirsə, onda mən irad tuturam, haqq vermirəm. Ocaq sənin, mənim deyil, xalqındır. Ona görə orada qüsura yol vermək olmaz. Sən Ocaq olaraq davranışınla, sözünlə, yerişinlə, geyiminlə, hər şeyinlə bəllisən, hər şeyinlə örnəksən, öyrədirsən. Öyrətmənsən sən. Ruhani öyrətmən.

Biz Ocaq olaraq Azərbaycanda peyğəmbərlik hadisəsi yaradırıq. O peyğəmbərlik hadisəsi ki, İnsanlaşma-Millətləşmə-Bəşərləşmə dünyabaxışına əsaslanır. Belə bir hadisə təqdim edirik. Bu xalqın min ildir özünü qoruma sistemi sıradan çıxıb. Asif Ata bu xalqa özünü qoruma sistemi yaradıb. Min ilə bərabər özünü qoruma sistemi. Özünü qoruma sistemi nəylə sıradan çıxıb? Xalqı xalq kimi ayaqda tutan dildir, mədəniyyətdir, yazı və tarix sistemidir. Tarix nəyin əsasında oluşur, nəyin əsasında yaranır, hansı tarixdən söhbət edirik – Mədəniyyətimizin tarixi; ikinci, dövlətin tarixi; üçüncü, milli inkişafın tarixi. Bunlar çökdürülüb. Sənin danışdığın ana dilində içinə sırınan ərəb dünyabaxışını ifadə edirsən. Sənin bir millət olaraq özünü qoruma sistemin onda dağıldı. Babəkin edamıyla dağıldı sənin özünü qoruma sistemin. Asif Ata xalqa ruhani immunitet yaradıb. Bəzən bizə toplumda deyirlər, Asif Ataya o cür münasibət bəsləyirsiniz, bu, şəxsiyyətə pərəstişdir. O insanlar mənimlə üz-üzə oturmur, deyəm ki, sən şəxsiyyətə pərəstiş məsələsini dərk eləməmisən. Pərəstiş, yəni şəxsiyyət sevər. Şəxsiyyət böyük söhbətdir. Şəxsiyyəti sevmək gərəkdir. Şəxsiyyətə sevgiylə ağaya münasibəti qarışdırmaq olmaz. Asif Ata ağa deyil, peyğəmbərdir. Peyğəmbərə münasibət necə olmalıdır? Mən soruşuram toplumdan, peyğəmbərə münasibət necə olmalıdır? Sənin Məhəmmədə münasibətin nədir? Səni əyə-əyə sən onun ətəyində namaz qılırsan, sənin milli kimliyini sıradan çıxarıb, özünü qoruma sistemini dağıdıb, sən onun ətəyində namaz qılırsan. Ancaq Asif Ata sənin özünü qoruma sistemini yaradıb minillik. Sən deyirsən, ona səcdəli münasibət gərək deyil. Bilirsinizmi, nədir səcdə? 25 ildir mən ömrümü bu yola verirəm. Mənim Asif Ataya heyrət eləmədiyim gün yoxdur. Niyə heyrət eləyirəm? Heyrət mütilik deyil. Heyrəti kim eləyir? Bir anda həqiqət ağlına çatan, halına çatan insan heyrətə düşür. Eqoist heyrət eləyə bilmir. Xudbinin içində heyrət imkanı yoxdur. Heyrət həqiqət istəyənin içində yaranır. Ədalət istəyənin içində yaranır. Vicdanla yaşamaq istəyənin içində yaranır. Bir məqamda o heyrət sənə, heyrətə salanın əlini öpdürür. Səcdə qılırsan. Gözünü açır, şüurunu açır. Min ildir mənim şüurum qapanıb. Şüurumun alt yapısına Mütləqə İnam yerləşdirir. Mütləqə İnamla səni özgürlüyə çıxarmaq istəyir. Sən isə Asif Atanın Mütləqə İnamına inanmaq istəmirsən. Ancaq Məhəmmədin “göydən Allah yeri idarə edir” fikrinə inanırsan.

Asif Ata deyir ki, yalnız Mütləq olan həqiqidir. Nisbi olan yoxluqdur. Hər kəs yüyürür ki, necə Mütləq olmaq olar ey, hər şey nisbidir. Həyatda Mütləq olan şey yoxdur. Ancaq sadə bir adam həyatında, məişətində elə mütləq istəyir ki, qalırsan məəttəl. Gedir bazara, 5 kilo kartof alır, seçir, bir çürük kartof qoymur çantasına. Hər şeyin yaxşısını istəyirsən. Hər şeyin yetkinini, sağlamını istəyirsən. Ev tikirsən, tikəndə hər şeyi yaxşı eləmək istəyirsən. Bir balaca qüsur saxlamaq istəmirsən. Bəs niyə mənəviyyatında, ruhunda bütöv olmaq istəmirsən? Mütləq sənin ruhunu, mənəviyyatını bütövləşdirir.

Doğrudur, Mütləq olmaq çətindir, asan deyil. Mütləq olmaq Allah olmaqdır. Hürufilər deyir ki, insan Allahdır. Ancaq o demir ki, sürü Allahdır. Allahlıq tək-tək insanlarda olan bir şeydir. Gör nə qədər sənin içində yenilməzlik, qüdrət olmalıdır. Asif Ata deyir ki, olmalısan. Kimsə içindəki Mütləqə çata bilər, ya çata bilməz. Çata bilməsə də, hər kəs ona can atmalıdır. İdeala can atmalısan. Yoxsa həyat əyilib gedir. İdeala can atmırsansa, onda ağaya can atırsan. Asif Ata da deyir ki, Mütləqə can at. Mütləqə qovuş, çünki içində o var. Mən onu sənə qıraqdan aşılamıram ki. Sənin içindəkini sənə qaytarıram. Sənin içindəkini sənin ağlının gözünə göstərirəm.

Asif Ata xalqın Mütləqə İnam adlı özünü qoruma sistemini yaradır. Böyük  məsələdir. Sənin milli kimliyin sıradan çıxıb. Özünü qəlibin içindən çıxara bilmirsən. Asif Ata sənin əlindən tutur, qırağa çıxardır, deyir ki, burdan bax. Ordan baxanda görürsən ki, bu xalqın özünü qoruma sistemini bərpa eləməlisən, özü də sən eləməlisən. Başqası eləməli deyil. Nəyə dayanıb eləməlisən? Zəmin gərəkdir. O zəmin sənin xalqının yaratdığı, örnək verdiyi Babəkdir, Dədə Qorquddur, Zərdüştdür… Zərdüştü türkün saymırlar, farsın sayırlar. Farsa sayanlara üzümü tutub deyirəm, gəl gedək Borçalıya. Günəşə and içirlər, “axar su haqqı” deyirlər. Axar su, günəş, od nədir, – Tanrıçılıqdır. Türkün tanrıçılığıdır, ordan gəlib. Alt qatda o yaşayır. Ondan doğubdur oda münasibət, Zərdüşt. Zərdüşt Tanrıçılıqdan yol keçib. Ulu keçmişində həqiqətinin Ocağını qalayıblar, işığını yandırıblar, ona dayanmalısan. Quru yurdda dayana bilməzsən. Erməninin heç bir çöpü yoxdur. Özünü gözə soxur ki, qədim xalq kimi görünsün. Ona görə də oğurluq edir, sənin musiqini, məişətini oğurlayır. Sənin bu boyda qədimliyin var, sən ona arxa çevirirsən, o qədimliyə dayanıb qabağa gedə bilərsən. Sən təməlinin üzərində böyüyüb ucala bilərsən. Sən kökün üzərində inkişaf edib çiçəklənə bilərsən, məhsul verə bilərsən.

Asif Atanın sistemində hər şey yerindədir, hesablanıbdır. Mən dostlarımızdan, elə Səbuhi dostumuzdan da Ocağın tədbirinə tez-tez gəlməsini istəyirəm. Ocaqdan çox şey öyrənmək olar, Ocağı öyrətmək olmaz. Ocağı öyrətmək asan deyil. Ocaq Asif Atanın ruhunu daşıyır. Asif Atanın ruhunun dünyada bənzəri yoxdur. Yenə vurğu edirəm, 25 ildir mən bunu öyrənirəm, 25 il öncə, ya da ondan da 25 il öncə, bir kimsə sübut edə bilməz ki, Asif Atanın dediyinin bənzəri var. Keçən yüzildə, ya ondan öncəki yüzillərdə. Sübut edə bilməz. Çünki keçmişi mən bilirəm. Keçmişi öyrəndim, ona görə çox böyük qürurla, vüqarla dayanmışam Atanın yolunda.

Asif Ataya münasibət məsələsi Xomeyniyə, Stalinə münasibətin eyni deyil. Stalin ağa idi, o biri də ağadır. Asif Ata kimdir bəs? – Peyğəmbər. Peyğəmbərə səcdə qılarlar. Xilas yaradır, özgürlük yaradır. Nəyin hesabına yaradır? Sizlə mən top dalınca qaçıb futbol oynayanda, stadionlarda futbola tamaşa edəndə, kafelərdə pivə içəndə Asif Ata əzabın içinə girib bu xalqın özgürlüyünü hazırlayırdı. Deyin, ona münasibət necə olmalıdır? Ömrünü sənə fəda eləyən insana münasibət necə olmalıdır? Deyirik ata qutsaldır, ana qutsaldır, niyə qutsaldır? Ata, ana övladı üçün əzab çəkib. Ana yatmır gecə, əsəbləri də korlanır, acığı da tutur. Ancaq yenə durur övladının çığırtısına hay verir. Onu bələyir, təmizləyir, rahatlayır, laylasını çalır. Oynayır onunla, ona görə də qutsaldır. Anaya münasibət necə olmalıdır? Mən deyirəm ki, ana mühakimə olunmazdır, ata da mühakimə olunmazdır. Çünki onlar sənə əzab çəkib, əmək çəkib, sənə gələcək verib. Sənin atan, anan sənə zəhmət çəkib, səni o hala çatdırıb, sənə görə qutsaldır. Sən də xalqın bir nümayəndəsisən. Bir də var ömrünü bütünlüklə xalqa verəsən. Xalqın əzabını çəkəsən, nazınla oynayasan. Peyğəmbər odur. Xalqı mütiləşdirən deyil, sənin xalqının başında duranlar kimi. Başında duranlar insanları simasızlaşdırır, istedadları da bəzəyib ortaya çıxarırlar. Ortaya çıxartdığı istedadlar araçılığıyla (vasitəsilə) sənə, mənə ağalıq edir. O gözəl mahnı oxuyur, muğam oxuyur, gözəl idman göstərir, mən də ona pərəstiş edirəm. Nə gözəl oxuyur, nə gözəl idmançıdır bu.

IMG_1756

Onun  əliylə mənə basqı göstərir, deyir, görürsənmi sənin pərəstiş elədiyini mən göylərə qaldı­­rıram. Halbuki həqiqi istedadların çoxunu heç ortaya da çıxartmırlar. Xalqı simasız­laşdıranla xalqın simasını yaradanı fərqləndirə bilmirsənsə, sən nə xalqsan?! Sənin başına ayaq qoyanla, çiyninə dayaq verənin fərqini bilmirsən. Deyirlər şəxsiyətə pərəstişdir. Asan deyirlər. Heç bilmirlər şəxsiyyət nə deməkdir. Şəxsiyyəti sevməyən adamın içində mənəviyyat yoxdur, mənəmlik var, eqoizm var.

Ocağın öyrətdikləri var. Ocaqda insan bütün arılığı, duruluğuyla tanınır, dərk olunur. Ocaqda xalq bütün varlığıyla, keçmişiylə, gələcəyiylə arılır, durulur, ortaya çıxır, var olur. Ocaqda bəşər bütün arılığı, duruluğu ilə tanınır, var olur. Xalqlar var orda. Ona görə deyrik ki, İnsanlaşma-Millətləşmə-Bəşərləşmə yoludur Ocaq. Belə bir dünyabaxış ortaya çıxaran xalq qürur duymalıdır. Asif Ata göydən zənbillə sallanmayıb, yerin deşiyindən çıxmayıb. Xalqın doğduğudur, Babəkin davamıdır, Nəsiminin davamıdır, Nəiminin, Qorqudun, Zərdüştün davamıdır. Şəxsiyyətlərinin davamıdır. Xalq odur. Bağ odur. O bağla gəlib bu günə çıxıb, özünü yenidən ortaya çıxarıb.

Dostumuz Xaliq Bahadır deyir, çox maraqlıdır ki, bizim xalqımızda yüksəliş var və qəfil enmə var. Bunun səbəbi nədir görəsən? Xalqımız çox passionar xalqdır. İçində gözəllik, böyüklük daşıyan xalqdır. Ancaq xalqın yüksəliş mərhələsi ki, başlayır, məsələn, Babəki verir. Babəkin dalınca yeni Babək verə bilmir, üstündən yüz il keçəndən sonra kimisə verir. Davamlı olaraq verə və qoruya bilmir. Niyə qoruya bilmir? Xalqın şüuru sındırılıb. Xalqın özünüqoruma sistemi dağıdılıb. Şəxsiyyət yaranır. O şəxsiyyət gedəndən sonra toplum deyir, Allah özü bilər. Yenidən mütiliyə qayıdır. İçimiz enir, ruhumuz enir. Mədəniyyətimizdə, dövlətimizdə enişlər bizim içimizlə bağlıdır.

İndi biz, bir qom adam, çaba göstəririk, yalvarırıq, adamları çağırırıq, gəlin, olun, eləyin. Asif Atadan həqiqət öyrənin. Azadlığın yolunu öyrənin. Çağırırıq ki, gəl millət ol, xalq ol. Asif Atanın ünvanında sənin xalq olmaq olanağın (imkanın) yaşayır. Gəl sahib ol, gəl aşkarla onu. Gələ bilmirsən, həqiqəti görə bilmirsən, orada sən gələcəyi görə bilmirsən. Bəs harda görürsən, küçədə. Biznesdə görürsən, mitinqdə görürsən, daha nələrdə görürsən. Ola bilmirsən, sonra da başlayırsan danışıb xalqı qınamağa. Hər kəs danışır, hər kəs xalqı qınayır. Söyür elədən-elə, belədən-belə. Ancaq heç kəs xalq olmaq istəmir. Xalq olmaq istəməyən, xalq olmağa çalışmayan, xalqı xalq eləməyən adam, sənin  nə haqqın var, xalq haqqında danışırsan, xalqı tənqid edirsən. Sən ola bilmirsən, olmaq istəmirsən. Haqq görürsənmi özündə? Sən mənimlə mübahisə edə bilərsən, söz güləşdirə bilərsən. Ancaq sən öz vicdanın qarşısında hesabat ver, gör sən buna haqq edirsənmi, layiqsənmi?

Xalq məsələsi, şəxsiyyət məsələsi ciddi məsələdir. Söz ciddi məsələdir. Mən sözlə bağlı düşünəndə qorxuram, sorumluluq daşıyıram. Söz, bax o körpə uşaqları yönəldəndir (Arazı, Erolu göstərir – N.A.) Mən onun sorumluluğunu daşımalıyam, onu hara yönəldirəm. Dediyim söz onun beynində nə yaradacaq? Hara yönəldəcək onun içini? Nə verəcək? Verimlilik məsələsi var. Xalqın adını tutursansa, verimli olmalısan. Verimli olmaq üçün götürümlü olmalısan. Götürə bilməyən verə bilmir. Olmayanı verə bilməzsən. Xalqa verə bildikcə onda görəcəksən ki, xalq sənin üçün nə dərəcədə sevimli və qutsal bir hadisəymiş.

Ulusəs bacımızın evinə mənim bir yerlim xanım gəlib-gedir. Aşağıda söhbət elədiyimiz yerdə qayıtdı ki, bu millət nə bilim nədir. Mənə çox pis təsir elədi. Səsimi qaldırdım. Dedim sən nə danışırsan? Mən bütün şüurlu ömrümü bu xalqa vermişəm. Həyatımı verdiyimə sən söyürsən. Nə haqq edirsən? Nə vaxt bu xalqla bağlı 10 dəqiqə oturub düşünmüsən ki, sən onu söyürsən?! Nə vaxt bu xalqa bircə yarpaq uzadıb vermisən? Göstər onu mənə. Bu olmasın, başqası olsun. Ömründən bircə yarpaq vermisənmi bu xalqa? Beşcə dəqiqə zəhmət çəkmisənmi, başını ağrıtmısanmı? Ayağını yormusanmı? Qıraqdan durub nə haqqın var ki, söyürsən. Sən çoxmu ağıllısan, çoxmu mənəviyyatlısan? Sən xalqın bir ünsürü deyilsənmi? Hamı xalqı söyür, onda sən kimsən, nəsən? Xalq sənsən də elə. Adam özü-özünü söyməz. Adam özü özünü yaradar, özünün qarşısında sorumlu olar, şəxsiyyətə çevrilər. Onda görəcəksiniz.

Mən öz toplumumuzu, xalqımızı çox sevirəm. Xalqın hər bir fərdinə münasibətim ayrıdır. Demirəm ki, xalqın hər bir fərdini sevirəm. Hər bir fərd sevgiyə layiq olmalıdır. Mən bütövlükdə xalqı sevirəm, anlamına, mənasına görə sevirəm. Ən azı mənim kimi oğlu olduğuna görə sevirəm. Məni mən elədiyi üçün sevirəm. Bu xalqın mahiyyətindən gəlmişəm, doğmuşam mən. Onun qədrini bilirəm mən.

 Ona görə də xalq məsələsiylə bağlı, şəxsiyyət məsləsiylə bağlı, dəyər məsələsiylə bağlı, bəşər məsələsiylə bağlı asan danışmaq olmaz. Çətin danışmaq gərəkdir, məsuliyyətlə danışmaq gərəkdir.

Bir məqamı da qeyd edim. Ocaqda kimsə gələr, görər ki, burda ayrı-ayrı insanlar özüylə bağlı narazılıq ifadə edir. Özünü qınayır, danlayır və b.k. Bu, “Ailə Günü”nün tələbidir. Cavan dostumuz Ocaqdan aşırı hesabatlar istəyir. Mən də istəyərdim Amallaşma, Xalqlaşma, Kamilləşmə yönündə dolğun hesabatlar olsun. Ancaq Ailə Gününün öz tələbi var. Ailə Günündə Ocağı 1 saatın içində öyrənə bilmərik. 1-2 saat keçirilən tədbirdə Ocağı öyrənmək mümkün deyil. Ailə Günündə olanlar kitablarda olanların hamısını qapsaya bilməz. Burada özüylədöyüş, özünüqınama deyir Asif Ata. Bu boyda hünərlər göstərirlər, yenə də özlərini döyürlər. Özünü döyməkdən böyük ləyaqət yoxdur. Ocaqdan qıraqda başqasını döyürlər, başqası da qayıdıb onu döyür. Bu onu söyür, o da qayıdır bunu söyür. Ancaq Ocaqda özümü döyməklə soraq, mesaj verirəm, məni döyməyə ehtiyac yoxdur. Get özünü döy. Mən özümü görən və döyən adamam. Sən niyə məni döyürsən? Sən məni məndən yaxşı döyə bilməzsən axı. Mən öz qüsurlarımı daha gözəl görürəm. Öz içimi daha gözəl tanıyıram. Mən sənə görə döymürəm özümü, özümə görə döyürəm. Mən şəxsiyyət olmaq istəyirəm. Mən Asif Atanın tələblərinə uyğun yaşamaq istəyirəm. Ona görə özümü döyürəm. Ailə Günü özüylədöyüş hesabatıdır həm də. Yaşayırsan, qüsurlarını döyüb bircə-bircə hesabat verirsən. Çəkinmədən, utanmadan, qorxmadan, özünü gizləmədən mərasimə təqdim edirsən. Çəkinmək gərək deyil. Qorxmaq gərək deyil. Boynuma alıram (etiraf edirəm), adını çəkirəm, deyirəm ki, sən mənim içimdə gizlənmisən. Onu üzə çıxardıram ki, içimdən rədd olub getsin. Mən amaldaşlarım qarşısında hər hansı bir qüsurumu dilə gətirirəmsə, gələn dəfə ona qayıtmalı deyiləm. Mən məsuliyyət daşıyıram, axı mən bunu açıb göstərdim içimdə. Mən yenidən o qüsurla yaşasam, ayıb olar ki, yenə o qüsurla yaşayıram. Ancaq elə şeylər var, bir dəfə deməklə sənin içindən çıxmır. Gərək davamlı və səmimi olasan. Ona görə özüylə döyüşün çox böyük hikməti var. Bu, Asif Atanın yaratdığı hikmətdir. Bəşər tarixində özüylə döyüşən çox az şəxsiyyətlər olub. Özüylə döyüşüblər, tarixin yönünü dəyişiblər. Bütövlükdə bəşəriyyətin gedişini dəyişiblər. Özünü döyməyən adamlar onu eləyə bilməz axı! İçində qüsur daşıyan adam tarixə yön verə bilməz. Ona görə də özüylədöyüşdən çəkinmək olmaz. Özüylədöyüş hesabatı gözəl hikmətdir. O hikmətlə Ocaq yaşayır, yaşamalıdır. Mən özüylədöyüşüb bir yerə gəlib çata bilərəm. Biz deyirik ki, özüylədöyüş həmişəlik prosesdir. Əgər böyük məsələlərdə mən bəlli yetkin səviyyəyə gəlib çıxmışamsa, mənim geriyə yolum yoxdur. Ancaq mən fiziki bir şəxsəm, bədənəm. Bədənin tələbləri var, sinirin gücü var. Mən qüsur işlədə bilərəm, səhv edə bilərəm. Ona görə özüylədöyüş ayaqdadır ki, mənim özümə nəzarətim itməsin. Mən insanları bura, Asif Atanın hüzuruna çağırıram. Niyə çağırıram? Ona nə göstərməyə çağırıram? Mən özünü döyə bilmək ləyaqəti göstərirəm. İfadə eləmək ləyaqəti göstərirəm. Yaratmaq, qurmaq ləyaqəti göstərirəm. Burda olan yaxın dostlarımız bilirlər. Biz bir yerdə oturub dincələn adamlar deyilik. Azərbaycanı qarış-qarış gəzirik. İnamlı son iki ildə 50-dən çox görüş təşkil eləyib. O görüşlərdə mən çoxsaylı gənclərə söz demişəm. Onun ağlında Azərbaycan obrazı yaratmışam, onun ağlını Azərbaycana yönəltmişəm. Qədimliyə, gələcəyə yönəltmişəm. Haray çəkmişəm. Nəyin hesabına eləmişəm? Özüylədöyüşün. Özümü döyə bilməsəm, toplumun qarşısına gedə bilmərəm. Ora gedəndə heç adımı da demirəm. Atanın sözünü demişəm. Mənim hədəfim onların qarşısına dikilib özümə şöhrət dağarcağı yaratmaq deyil. Mənim hədəfim onların ağlında Azərbaycan yaratmaqdır. Mən Azərbaycanı sevirəm. Azərbaycanın gələcəyini düşünürəm. Asif Atanın ünvanı Azərbaycanın gələcəyidir. Hər kəs Asif Atanın ünvanından çox şeylər öyrənə bilər. Qardaşımız kimi gedib Tehranda sevə-sevə, qürur duya-duya ondan soraq verə bilər. Mən gedərəm Borçalıda soraq verərəm, bir başqası gedib başqa yerdə soraq verər və i.a. Uğurlar diləyirəm. Atamız Var olsun!

IMG_1761

“Ailə Günü” toplantısında qonaqlara ruhani hədiyyələr – Göylünün hazırladığı “Uluyurd Aqibəti” filminin diskləri, Ata kitabları, Nurtəkin və Günev Atalıların kitabları, Günsıra vizitləri hədiyyə edildi. Ağşın Ağkəmərliyə “Üçlük” söhbətlərindən hazırlanan və Türkel Araşdırma Qurumunun kitabları verildi.

IMG_1696

“Ailə Günü” “Ata Ruhunu üəryimizdə aparırıq!” səcdəsilə sona yetdi.

Çay süfrəsi ətrafında doğmalaşmalar, sorulara cavablar oldu.

 

Günəş Ayı, 37-ci il. Atakənd.

(mart, 2015. Bakı). 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir