Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh” Ata Ailələrinin “Ailə Günü” tədbirində deyilmiş fikirlər

"Uluyol-Hünər" və "Ulufərəh"Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

“Uluyol-Hünər” və “Ulufərəh” Ata Ailələrinin
“Ailə Günü” tədbirində deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 1 Qar Ayı, 36-cı ildə (yanvar, 2015) “Uluyol-Hünər” və “Ulufərəh” Ata Ailələrinin X “Ailə Günü” tədbiri keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. Ocaq Quralları yerinə yetirildikdən sonra “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı. O, öncə Asif Atanın (illər öncə) Soylu Atalının təmsil etdiyi “Uluyol” Ailəsinin “Ailə Günü”nə verdiyi “Xeyir-Dua”nı oxudu.

Asif Ata

Soylunun təmsil etdiyi “Uluyol” ailəsinə

Xeyir-Dua

Evladlarıma Müqəddəslik Ucalığı tələbilə!

Dünyanın gedişatını meyar saymaq olmaz.

Dünyanın gedişatı ilə İnsaniliyi ölçmək olmaz.

Ocaq ona görə Ocaqdır ki, o, öz ölçüsünü, meyarını Gerçəklikdən almır, İnsanilikdən alır. Dünya İnsansızlığa yönəlib. Gündən-günə İnsansızlıq artır.  Ocaq isə İnsaniliyə yönəlib və İnsaniliyi Gerçəkliyə qarşı qoyur. Bu hadisələrə münasibətdən başlamış Ocaqçı həyatına qədər Ləyaqət, Ədalət, Həqiqət əməli tələb olunur – Gerçəklikdən üstün!

Gerçəklik hansı səviyyədə olursa olsun, Ocağın səviyyəsi ucadır. Ən alçaq Gerçəklikdə belə Ocaq ucadır. Bu, Ocağı dünyadan fərqləndirir. Ata hökm edir ki, bu fikirləri ömrünüzə çevirin. Ağlınıza və duyğularınıza həkk edin. Kim ki, bu duyğulara çata bilməyəcək, o, Ocağı tez tərk eləsə, özü üçün də yaxşı olar, Ocaq üçün də.

Biz dünyada mövcuduq, Amalda yaşayırıq. Dünya bizə dərs deyə bilməz. Dünya Mənadan aşağıdır. Gedişatı İnsanlığa İdrakçılıq yönəldir. Mənə elə gəlir ki, bəşəriyyət tarixinin, indiyə qədər, İdrakçılıq cəhəti bəlkə də heç olmayıb…

Hər gün bir şey baş verir. Yerə-göyə sığmayan qeyri-müəyyənlik. Ocaq İdrak əməlidir. Ona görə də Gerçəkliyin idrakını görür, bilir, amma ona uymur, uyğunlaşmır. Ocaq dünyadan üstün bir dünyadır. Ocaqçı özünü İdrak üstə kökləyir ki, İdraksızlığa enməsin.

Dünyanın gedişatı Mənəviyyatsızlıq yaradır. Heç bir dövrdə, bəlkə də, vicdansızlıq bu səviyyədə tüğyan eləməmişdi. İnsanlarda olan bütün pis cəhətlər hayqırır. Bu hal keçici olduğu üçün vicdan tək qalır bu dünyada. Onun bu dünyada Ocaqdan başqa yeri yoxdur. Onun dünyada yeri yoxdur, Ocaqda isə yeri var.

Təmənnaçılıq adamın ülvi duyğularını yoxa çıxarır. Fədakarlıq gözdən itib, çünki adamlar güclə özlərini çox cüzi bir səviyyədə yaşada bilirlər. İnsanlar yemək-içmək adlanan cəngəllikdə itib-batıblar. Özləri dolanırlar. Gərək dünyanın bu halına uymayasan. Biləsən ki, bu, dünyanın mənası deyil, mənasızlığıdır. Ocaq onu ötəcək, keçəcək, vaxtı var. Fil yerişimizlə ötəcəyik, dovşan yürüşü ilə yox.

Nəhayət, dünyanın gedişatı iradəsizlik yönündədir. İradəni fəndgirlik əvəz edib, fitnə əvəz edib. Ocaq isə İradə evidir. Bir daha özünüzün kimliyinizi dərk edin. Dünyaüstü ləyaqətinizi təsdiq eləyin, səhv eləməyin. Onda qaranlıqlar yarılacaq və dünyanın indiki fəlakətli, həm də mənasız halı aradan qalxacaq. Biz dünyaya uyğunlaşmırıq, istəyirik ki, dünya bizə uyğunlaşsın. Ocaqçı vüqarı bu deməkdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

–           Soylu Atalı: Ata Ruhunu ürəyimizdə aparırıq!

 "Uluyol-Hünər" və "Ulufərəh"

Nurtəkin Atalı: Yəqin ki, hər birimiz bu Xeyir-Duanı bir daha oxuyub, bir daha düşünəcəyik.

İndi ay içində yaşantılarımı ifadə edən halımı bölüşmək istəyirəm. Bu ayın içində mən Ocaqla bağlı çox işlər görmüşəm. Ancaq bu ay həm də sağlıq durumumda ortaya çıxan rahatsızlıqlar vaxtımı aldı. Mən fərəhimi Ocaq əməllərindən alıram. Təəssüf ki, Amallaşmaya vaxt ayıra bilmirəm, Xalqlaşmaya da vaxt ayıra bilmirəm, amma Ocaq işləri ki, Ocaq Yükümlüsü mənə tapşırır, əsas işlərimi o təşkil edir.

Sözümün davamı olaraq ayrı-ayrı yazılarımı oxumaq istəyirəm:

Adamın məmur olmaq istəyi var, varlı olmaq istəyi var, baxan (nazir) olmaq istəyi var – İdeal olmaq istəyi yoxdur. İdeal olmağa inamı da yoxdur. Olmadığına görə də faciəvidir. Həyatı böyük niyyətlər, arzular ucaldır. Adam arzuları ilə cəmiyyətdən yapışıb cəmiyyətdəki mövqeyini təsdiq etmək istəyir. Bu təsdiqdə isə Yoxluğa gedir Adam.

İdeal olmaq istəyi isə İnsanı Varlığa – Var olmağa yüksəldir.

Adam özünü aldatmasa, cəmiyyət onu aldada, azdıra bilməz.

xxx

Həyatın adama gətirdiyi bəlanı saymasaq, adamın inamsızlığı özü bəladır. İnamsızlıq özü bəla gətirir. İdraksızlığın özü bəla gətirir. Əslində həyatın da gətirdiyi bəla bəla mühitinə gəlir.

Adam İnsanlaşanda həyatın gətirdiyi bəla yenilir. Çünki İnsan İnamsızlığını yenir, İdraksız­lığını, Mənəviyyatsızlığını, İradəsizliyini yenir. Həyatın da gətirdiyi bəlanı yenir.

Yaşamaq budur.

Çünki yol gedəni – yolçunu heç nə saxlaya bilməz. Yol gedənin ağlı, düşüncəsi yolla məşğul­dur. Var olmaq – Həqiqət əsasında, Ədalət əsasında yaşamaqdır. İnsan deyir ki, mən varam, yəni İnamlıyam, İdraklıyam, Mənəviyyatlıyam, İradəliyəm.

xxx

İnsanın ruhani imkanı – ömrə sığmayandır.

Zamana sığmayan ömrə necə sığa bilər?

Tarixə sığmayan ömrə necə sığa bilər?

 Əbədilik – ömrə sığmamaqdır.

xxx

Biz İnamlı yaşayırıq. Biz İnamımızda, İdrakımızda, Mənəviyyatımızda, İradəmizdə yaşayırıq. Dinçi öz İnamında yaşamır. Çünki İnamı Allahadır. Bizim İnamımız Özümlüyümüzdə var olur. Mütləq içimizdədir. İçimizdəkini aşkarlayıb, özümlüyümüzü yaradırıq, onunla yaşayırıq.

“Hər mərasimimiz – Ata Hüzurudur” deyir Yükümlümüz. Hər mərasimdə ruhumuz bir addım da ucalır. Hər mərasimdə hünərimiz, əməlimiz, ruhumuzun halı qiymətlənir, dəyərlənir. Sadiqliyimiz – Ataya, Yola bağlılığımız daim fərəhlə doldurur içimizi. Hər mərasim sevgi ilə, doğma­­lıqla, ləyaqətlə, heyrətlə, həsrətlə dolur, bizi də dolğunlaşdırır. Hər mərasim ruhani sanbal gətirir ömrümüzə. Hər mərasimdə özümüzü daha aydın görürük, bir-birimizi daha yaxından görürük, Ocaq Yükümlüsünü daha dərindən anlayırıq. Hər mərasimdə Ataya bir addım da yaxın­la­şırıq.

Hər mərasimdə bu halları hər dəfə yenidən yaşayırıq, yenilənirik.

xxx

Atanı öyrəndikcə təməl tökülür adamın içində. O təməl həm möhkəmdir, həm də adamı bir yerdə dinc qoymayandır. Adamın içindəki haraydır o təməl.  (Soylu Atalıyala telefonda söhbət edirdik. Atanı oxuduqca düşündüklərini bölüşürdü. Onun səsində, halında o haray hiss olunurdu)

xxx

Cəmiyyətlə Ocaqçının arasındakı təzadın böyüməsindən görünür ruhun boyu. Təzad artdıqca ruh böyüyür, yetkinləşir. Təzad artdıqca, fərəh də artır. Bu təzadı artırmaq – Yolun davam etmə­sidir.

xxx

DSCN2178Yaş sanbal gətirmir, ruhun halı sanbal yaradır insanın üzündə, gözündə, davranışında, sözün­də, düşüncəsində. Adam sanbalı – cəmiyyət və həyat təcrübəsidir, İnsan sanbalı – İnamın, İdrakın, Mənəviyyatın, İradənin yetkinliyidir.

xxx

Biz yaşayırıq ki, yaradaq.

Adamlar yaşayırlar ki, ölsünlər, yox olsunlar.

xxx

Adam dinə inanır,  inamı ilə Allahlaşa bilmir.

İnsan Amala İnanır, İnamı ilə Mütləqləşə bilir.

xxx

Həyat Adamı mənimsəyir, olmayanı mənimsəmək olar. Olanı, var olmuşu mənimsəmək olmaz.

xxx

Allah-adam münasibəti – Yer-Göy təzadıdır.

Mütləq-İnsan münasibəti – Yerin Göyə yüksəlməsidir.

xxx

Özüylədöyüş hər an özünə inamın artmasıdır. Özünə inam artmırsa, bu, özüylədöyüşün dayanması deməkdir.

xxx

Müharibələr – dünyanın sivilizasiyaya yetmədiyinin göstəricidir.

xxx

Həyata alışmaq olmaz. Özünə alışmaq olmaz. Yenilənmək, yeniləmək gərəkdir ruhu. Səfər – yəni, içinə səfər, xalqa səfər – daim yenilənən, yeniləndirən halı yaşadır. Yenidən başlanan, yenilənən ömür yolunun davamıdır.

“Gedişat”da bir qonumuz var, saxta fərəhlə bağlı.

Ocaqçının saxta fərəhə ehtiyacı yoxdur.

Atanın “Mütləqə İnam”ında “İnsan sevinci” adında bölümü var. Orda “İnam sevinci, qorxunun ölümü, həsədin ölümü…” kimi ifadələr var. İnsanın özüylə döyüşündə yaranan hallar və Mütləqə yaxınlaşdıran hallar. Bütün bu hallar insanın fərəhini yaradır. Saxta fərəh odur ki, yəni həyatın verdiyi, həyatın gətirdiyi. Biz ömrümüzü Amal düşüncəsində qururuq. İnam fərəhi, İdrak fərəhi, Mənəviyyat fərəhi, İradə fərəhinə yetənin artıq cəmiyyətdəki saxta fərəhə ehtiyacı olmur. Bu keçici hallardır ki, adam onda var olmaq istəyir. Adama elə gəlir ki, onun varlığı elə bu hadisələrdədir, çünki onun ölçüsü yoxdur. Bizim Amal ölçümüz var və biz duyğumuzu da, fikrimizi də bu ölçüdə böyüdürük. Özüylə döyüşdükcə, o fərəhlərə yetdikcə saxta fərəhlərə ehti­yac yaranmır. Mənim içimi Ocaqçı ilə söhbət doldurur, həyat səviyyəsindəki söhbət doldurmur. O boşluğa düşmək istəmirəm, çünki yönüm, yolum bəllidir. Adamın isə yönü, yolu bəlli deyil, ona görə də hər cür hadisələrə gedir. Məsələn, dünənki hay-həşir. Adamın içində bayram eləmək istəyi var, gülmək istəyi var, bayramlaşmaq istəyi var. Amma o istək əsilliyə yetmir, çünki yön yoxdur. Bizim üstünlüyümüz ondadır ki, ölçümüz var, ömrümüzü bu yol üstə qurduğumuz üçün saxta fərəhə ehtiyac olmur.

"Uluyol-Hünər" və "Ulufərəh"

Güntay Atalı Ataya səcdə ilə sözünə başladı: Amallaşmam hələ də özümü qane eləmir. Başqa işlər vaxtımı aldı. Bu ay zəif oldum. Ancaq kamilləşmə əməlim pis olmayıb. Özümdə artım görürəm, yüksəlişlərim fərəhli anlar yaşadır mənə.

 Xalqlaşma işim əsasən iş yerimizdə olub. Yeni insanlar gəliblər, onlarla yaxşı söhbətlərim olub. Asif Atanın ideyalarını demişəm, ədəbiyyatlar vermişəm.

“Gedişat”ı yazanda Atadan oxuduğum saxta fərəh sözü yadıma düşdü. Onu nə yaradır? Gərək saxta ilə əsil fərəhi ayırd edə biləsən özün üçün. Bu da Nurtəkin bacının söylədiyi kimi, özümüzün ölçümüzə söykənir. Özümüzün Mütləqçilik ölçümüz var, bu ölçü ilə yaşadıqca saxta fərəh bizə yadlaşır. Amma mənə şəxsən təsir elədiyi hallar da olubdur. Bununla belə, o anda ağlıma çatıb ki, bu ölümlü bir şeydir, daim yaşanan bir şey deyil. Saxta fərəh idraksızlıq yaradır. Saxta fərəhin yaranmasının qaynağı nisbi mənəviyyatdır, iradəsizlikdir, idraksızlıqdır. Elə gündəmdə olmaq istəyirsən, amma özün hiss edirsən ki, bu alınmır. Əsil fərəhə yetmək üçün Atayla o dərəcədə dolmaq lazımdır ki, həqiqi fərəhəçata biləsən. Sənin əsil fərəhin onda örnək olacaq. Ona görə də Ata ilə dolmaq gərək.

"Uluyol-Hünər" və "Ulufərəh"

İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Son bir ay olar ki, mütaliəm yoxdur. İş yerimdə elə bir ortam yoxdur, özümə də nəzarət edirlər ki, arada boş vaxtım qalanda belə, oxu-yazı işlərimlə uğraşmayım. Arada işdən çıxdım, çünki yasaq qoydular yazmağı, oxumağı, az qala düşünməyi də. Əgər Ocağın içindəsənsə, Amalı yaşadırsansa, içindəkini gələndə boğa bilmirsən. Baxmayaraq ki, mənim hər an işdən çıxarılma ehtimalım var, iki gün öncə möhkəm mübahisə düşdü iş yerimdə. Hamı mənə qarşı idi. Bir yeni işçimiz var, həvəskar dinçidir. Münasibətimiz yaxşı idi. Bir gün dözdüm, iki gün, üç gün, axırda başa saldım ki, mən dinə qarşıyam. Əslində orda xalqlaşma işi apardım. Orda bir şeyin şahidi olursan ki,  həqiqətən də cəmiyyətdə Ocaqlaşmaq çətin məsələdir. Çünki Ocaq beş-üç nəfərdən ibarətdir, cəmiyyət milyondan. Hamı sənə qarşı yönəlir. Çünki təkin arxasında durmaq fədakarlıq istəyir. Cəmiyyət o fədakarlığa yetməyib.

Vicdançılıq istəyir, cəmiyyət o vicdançılığa yetməyib. Axına qarşı üzməkdir Ocaqçılıq. Hamı sənə dəli kimi baxır. Mənə ateist dedilər, mənə Allahsız dedilər. Ocaqçılar bilir ki, əslində Allahlı bizik, allahsızlar onlardır.

Mən “Ruhani Səfər Günü” mərasiminə gələ bilmədim, hətta ona köklənmişdim də, çünki mənim ən çox sevdiyim Ocaq mərasimidir. Onu həyata keçirmək də içimdən gəlir həmişə.

Bizim işə gələn oğlan deyir ki, mənim Babəkə və Şah İsmayıl Xətaiyə böyük nifrətim var. “Əsaslandırır” ki, Babək İslama qarşı döyüşüb, eyş-işrət düşkünü olub.  Mən ona başa salıram ki, Babək əgər dediyin xislətə malikdirsə, o necə 22 il döyüşə bilib?! Saxta qəhrəman 22 il necə döyüşə bilir? Xalqın gözündən öz dəyərini salıblar. Soruşuram ki, Şah İsmayıla nədəndir sənin nifrətin? Deyir şiə-sünni söhbətini yaradıb. Deyir ki, bu gün baş verənlərin hamısı Şah İsmayıla görə baş verib. Deyirəm bu qıraq qüvvələrin diqtəsidir ki, xalqın gözündən milli dəyərlərini salıb boşluğa yuvarlasın. Yadın dediyi şüur altına tez yeriyir. Ancaq Atanın dediyi söz şüur altına yerimir. İdrak əməli gərəkdir. Ayın 26-da işdən bir günlük izin aldım, dedim həm də “Ruhani Səfər Günü”­nə bir töhfəm olar. İncəsənət gimnaziyasında tanışım var idi, amma tapa bilmədim, deyəsən ya o mənə səhv demişdi, ya da mən səhv eşitmişdim. Ancaq yanlışlığım mənə xeyir gətirdi. Direktor məni müavini ilə görüşdürdü, görüş icazəsi aldım tətildən sonraya.

Orda Qızlar gimnaziyası adlı bir şey eşitdim. Bir taksi şoferindən soruşdum, dedi ki, Bayılda yoldan iki kilometr aralı bir yerdədir. Nəsə mənə maraq gəldi. Getdim ora. Avtobus dayanacağından iki kilometr evlərin arası ilə soruşa-soruşa gedib tapdım. Sanki bir cəza müəssisəsi idi. Hündür divarları vardı, tikanlı məftili çatışmırdı. İçində 4 mərtəbəli bir bina tikilib. Girdim içəri, qapıda duran adama dedim ki, mən buranın rəhbəri ilə görüşüb razılaşmaq və burda görüş keçirmək istəyirəm.  Dedi ki, bura qapalı yerdi, kənddən-kəsəkdən kimsəsiz qızlar gəlir, onlar burada yedizdirilib saxlanılır. “Şəbnəm tədris mərkəzi” adlanır, dövlət tərəfin­dən maliyyələşir. Mən mühafizəçi ilə söhbət etdim və qayıtdım. Yolboyu, inanın ki, hərfi mənada başım gicəlləndi. Gələcək üçün nə hazırlayırlar. Mən orda otaqların sayını vurdum 20 nəfər öyrənciyə gəldi 500-600 nəfər elədi. Bunlar sabahısı gün potensial düşməndirlər. Bu gün onların duyğuları, niyyətləri safdır, ora pis niyyətlə getməyiblər, onlar bilmirlər ki, onların öyrəndikləri bu xalqın təməlinə ziyandır. Əgər dövlət belə qayğıkeş idisə, millətin bu qədər acından ölənləri var, onlara sosial qayğı göstərsin. Ordan çıxan qızlar sabah anadırlar, gör neçə min insana təsir edir islam cəhaləti. Əvəzinə nə olur, Türk kimliyi yoxa çıxır.

Deyirəm millətimiz Azərbaycan Türküdür, deyir xahiş edirəm məni təhqir eləmə. Biz Türk deyilik, türk Türkiyəlilərdir, biz də ona nifrət edirik.

Millət öz kimliyini tanımır. Mən dünən 10-dan çox filosofların maraq doğuran həyat tərzini oxudum, Orda Sokratdan, Aristoteldən fikirlər də vardı. Onların ideala münasibəti ilə Atanın dediyini müqayisə edirəm, əmin oluram ki, Atadan çox azdır onlar.

İndi bir yazı oxumaq istəyirəm.

Özümü tanıyıb, yaşamı dərk edən gündən içimdə bir barışmazlıq əhvalı hiss etməyə başladım. Yaşamın gedişatına qarşı etiraz, insanın insana olan münasibətinə qarşı etiraz. İnsanın dünyaya bəslədiyi amansız mövqeyinə qarşı etiraz. Din adlı xurafata qarşı etiraz. Bu kimi etirazlar məni Ocaqlaşma aqibətini seçməyə gətirib çıxardı. Qısaca desək, dünyanın indiki halından küsüb, Ocaqçılığa üz tutdum. Ətrafda gördüyüm hər şey mənə cansıxıcı görünürdü. Hamı hər şeyə gerçəyin gözü ilə baxırdı. Mənasızlaşdırmışdılar dünyanı təqlidçi filosoflar, təqlidçi alimlər, din daşıyıcıları. Hər şey sonlu, keçici, bəsit görünürdü. İnsanı özündən, sabahından ümidini üzmüş duruma salmışdılar. Hər şeydə maddiyyat, hər şeydə umacaq – dostluqda, ailədə, sevgidə, hər şeydə umacaq. Umacaqsız həyatın olmadığına insanı inandırmaq cəhdləri. Beş günlük dünya, beş günlük ömür, qismətçilik, cənnətçilik, cəhənnəm qorxusu, axirət, qiyamət uydurmaçılığı. Dünyanı, həyatı, yaşamı insanın gözündən salırdılar. Elə indi də bu durumdayıq. Dinin sosial, ictimai yaşama, məişətə, toy-vay qurallarımıza soxularaq hər şeyi bayağılaşdırmağına qarşı etirazdan yarandı Ocaqçılıq. Ailəçiliyin, dostluğun, sevginin, qardaş-bacılığın, ata-övlad münasibətinin, insanlığın maddiyə bərabər tutulmasını təlqin edən cəmiyyətə qarşı etirazımdan yarandı Ocaqçılığım. Toyumuzun Avropalaşmasından, vayımızın ərəbləşməsindən, dilimizin əcnəbiləşməsindən, milli hisslərimizin, milli-mənəvi dəyərlərimizin təhqir olunmasından, aşağılanmasından yaranan etirazım Ocaqlaşmağıma səbəb oldu. Milli ziyalılarımızın da milli fikirləri olmadığından yadlığı, xüsusən də dini müdafiə etməsindən yarandı Ocaqçılığım. Əslində ziyalı harda dirənir?! Orda ki, başlayır dini əldə rəhbər tumağa. Yolsuzluq dərdi ilə üz-üzə qalmışdım. Olanlara qarşı çıxmağım, təklənməyim tənhalığa səbəb olmuşdu. Mənim kimi düşünənlərə çağdaş dünya ilə ayaqlaşa bilməyənlər kimi baxırdılar. Doğma yurdunda milli yurddaşı tapmamaq ağır gəlirdi insana. Evində yadlıq, cəmiyyətdə yadlıq, yurdda yadlıq. Yurd adlı qərib məmləkətdə yaşadığımı hiss edirdim. Bu, Avropalaşma, guya çağdaşlaçma, İslamlaşma idi. Milliliyə zidd olan, insanlığa, dünyalığa, həyatlığa qarşı olan dağıdıcı təmayülidi. Bunlar etnik kimliyimiz üzərində oturuşaraq, milli kimliyi məhv edərək inkişaf edən pozucu siyasət idi. Biri dünyanı Avropalaşdırmaq, o biri isə İslamlaşdırmaq həvəsində. Hər ikisində dünya uduzur. Millətlər sıradan çıxarılır. Dünyanın dağıdılması hədəf götürülür. “Bir gün qiyamət qopacaq, hər şey alt-üst olacaq, nəyə gərəkdir insanlıq, müqəddəslik, bir halda ki, dünya fanidir, bəs nədən insan inkişaf haqqında düşünməlidir, özünü yenidən yaratmalıdır. Şəxsiyyətlərin yaranması da önəmli deyil ötəri dünyada”. İslamın mahiyyəti insanı bu cür düşünməyə vadar edir. Avropaçılıq dünyanı maddiyə, pula bərabər tutur. Pul hörmətdir, ləyaqətdir, sevgidir, dostluqdur, yurddur, əxlaqdır, mənəviyyatdır, vicdandır.

Bunlara qarşı etirazımdan doğdu Ocaqçılığım. Əlimdən ancaq etiraz etmək gəlirdi. Dirəniş göstərəcək arqumentim, ideyam isə yox idi. İdeya yaratmaq üçün isə insanın özünü yaratması gərəkdir. Yaşam pisdir, dünya pisdir, dünya dağılır. Dostluq, doğmalıq yadlıqla əvəz olunur, səbəb nədir? Millət parçalanıb, torpaqlar işğal edilib, onu yaradan səbəblər və həlli yolları, milli kimliyimizin üstündən xətt çəkən, Türkçülük mahiyyətinin üstündən xətt çəkən islam pisdir, bəs yaxşısı nədir? Nəyə inanaq, kimə üz tutaq? Toyumuz-Vayımız özümüzü ifadə eləmir, bizi özümlüyümüzdən ayırır, qurallarımız varmı, varsa nədən ibarətdir? Bu kimi sualların qarşısında acız qalmağımdanməni xilas edən Ocaq oldu. Dünyayla, insanla, yaşamla, inanc məsələsi ilə bağlı bütün sorulara cavab tapdım. Anladım ki, biz Ataya qədər yalan içində yaşamışıq. Yalanı həqiqət kimi sunublar bizə. Xoşbəxtəm ki, Atanın həqiqət olduğunu anlaya bildim. Xoşbəxtəm ki, mənəmlik duyğularımı yenib, Atanı qəbul elədim, onun peyğəmbərliyinə səcdə elədim. Ondakı qüdrəti, möhtəşəmliyi görə bildim. Mütləqim, Müqəddəsim deməkdən çəkinmədim. Ağlımla, idrakımla bu yüksəkliyi Ocaqda görə bildim. Bu ucalığa tapınmağımla, səcdə etməyimlə  Ali həqiqəti gördüm və ali həqiqətə yetdikcə həmin ucalığa dartındım. Əsil mənada xoşbəxt olmağın yolunu anladım. Əsil xoşbəxtlik dünyada dünyalığı, həyatda həyatlığı, insanda insanlığı görməkdir. Özünü tanımaq və doğmalaşmaq, özündəki mahiyyətə bərabər yaşamaqdır. Vicdan, ləyaqət kimi ali keyfiyyətlərlə yaşamaq, yurdçuluq, millətçilik sevgisiylə yaşamaq, milli yüklə yüklənmək, bu yükə tab gətirmək, “kasıblıqdan utanmamaq, halallıqdan usanmamaq” (Asif Ata.). Cahillikdən qurtulmaq ləyaqəti. Bu kimi keyfiyyətlərlə yaşamaqdadır xoşbəxtlik. Dünyaya niyə gəldiyinin səbəbini bilməkdir xoşbəxtlik. Bilmək və bu tələbə cavab verəcək ömrü yaşamaqdır xoşbəxtlik. Bu xoşbəxtliyi mən Ocaqda anladım. Anladım ki, Atadan qıraqda, Ocaq­dan qıraqda xoşbəxtlik yoxdur, həqiqət yoxdur. Atanın timsalında insanı gördüm, peyğəmbəri gördüm, peyğəmbərliyi gördüm. Atanın timsalında özündən keçməyi gördüm. Özünə qalib gəlməyi gördüm, mənəviyyat, iradə, idrak gördüm. O şeylərə ki, etiraz edirdim, onların cavabını tapdım Ata dahiliyində, qudrətində.

Atamız Var olsun!

Nurtəkin Atalı: İnamlı lap “Evlad Günü”Mərasimi üçün yazıb bu mövzunu və bu yazıda öz fərəhini izahar edir.

Türkel Atalı Ataya səcdə ilə sözünə başladı: Ömrümün yarımçıq olduğunu görürəm. Ay ərzində ayrı-ayrı yaşantılarım, Amala həsr olunduğum məqamlar, bütövləşmək üçün, ikilikdən çıxmaq üçün yetərli olmur. Fiziki iş olmayanda içimdə oxumağa, Ocaqla bağlanmağa daha çox ehtiyacım olur. Daha doğrusu, daha çox həvəsiyirəm. Fiziki iş, yorğunluq, vaxt bəhanəsi isə məni təslim duruma salır. Ocaq Yükümlüsü Ailə Günlərinin birində, Ataya bağlı xatirəsindən danışmışdı. Deyir Ataya pul lazım idi, mən işləmirdim. İçimdə maddi qayğı göstərmək istəyi daha çox idi. O ki, getdim, işlədim, ondan sonra seçim qarşısında qaldım: “qazancımın çoxunumu verim, azınımı”.

TürkelMən də adi həyatın heç bir təsiri ilə üzləşməyəndə özümü Amala xərcləmək istəyirəm. Elə ki, bir balaca həyatın basqısını hiss edirəm, onda ömrümün çoxunu həyat alır. Gücsüzlüyümdən istifadə edib, tədbirlərə gəlməyimə də mane ola bilir. İçimdə həyata şərait yaradıb, sonra ondan ummaq ki, məni gözlə, Ocağın hansısa işinin dalınca gedim, bu özünü bədbinliyə sürükləməkdir. Nurtəkin bacı kitabında deyir ki: “həyatdan umduqca bədbinləşirsən. Amaldan umduqca nikbinləşirsən”. Nəyə görə bədbinləşirsən, çünki həyat səni qoymur yetəsən, yetəcəyin bir şey yoxdur. Lap ağıl işlədib var-dövlətə sahib ola bilərsən, elə bilərsən ki, yetməli olduğun ən vacib bir şeyə çatmısan, əslində var-dövlət nikbinlik gətirmir. Ona görə ki, ya var-dövlət, ya da həyatla bağlı hər şey həyatındır, həyatdadır. İçindəkinə, özündəkinə yetəndə nikbin olarsan. Bu ayda nikbin halım olmasa da, oxuduqlarım, mərasimimiz halımı müəyyən bir nizamda saxlayıb və bədbinlikdən xilas edib.

Özüylədöyüşlə bağlı bir məqam. Həyatdan ummaqla bağlı özümdə nə hiss etmişəm. Məsələn, biz işləyirik, işlədiyimiz yerdə ev yiyəsi, görürəm ki, yaxşı insana oxşayır, onda çalışıram ki, bacardığım qədər işi daha yaxşı getsin, özümdə can yandırıram, yoxsa o birilər necə gəldi, yola verirlər. Adamın başının üstündə olanda ciddi işləyirlər, başının üstündə olmayanda görürəm əyri eləyirlər, deyirəm insaflı olun.Məndə o hal ona görə yaranır ki, o insanın yaxşılığını görürəm, məndə o hal yaradır ki, buna pislik eləmək düzgün çıxmaz. Hansısa pis hərəkətini görəndə mən də onlara qoşuluram. Ziyan eləyirik-filan, işi qaydasında getmir. Bu mənim həyatdan ummağımdır ki, həyat mənə yaxşılıq eləyəndə mən ədalətli oluram, öz içimdə Mütləq ədalət deyilən şeyə yetməmişəm. Həyatdan umduğuma görə nisbi Ədalətliyəm.

Mənim üçün  “Ruhani Səfər Günü” mərasimi. Ay otuz gündən ibarətdir. Bu günlər, saatlar bir dəfə yaşanılır və itib gedir. Həyat ömrümü boşluqları ilə o qədər doldurur ki, bütün ayımı sadə bir cümlə ilə ifadə edərsən. Çünki ömür zaman çərçivəsindən qırağa çıxmayıb. Amalla bağlı elə bir məqam yaşayarsan ki, doğrudan da, onu sözlə ifadə etməkdə çətinlik çəkərsən. Çünki o məqamdan, zamandan, həyatdan qat-qat üstündür. Mərasimin hesabat hissəsi, hədiyyə təqdim olunan hissəsi  ilə birlikdə ömrümdə xüsusi günə çevrildi.

Atamız Var olsun!

Üstün

Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Ayım ümumilikdə, bayramla, mərasimlə, bir də Ocaqçılarla təmasdan yadımda qaldı. O biri günlərimi ititrilmiş hesab edirəm. Ona görə itirilmiş hesab edirəm ki, halımda durğunluq var. Əgər Ocaqçı Ocaq əməllərindən qıraqda qalırsa, bədbinlik insanın halına girir. Bizi əslində həyatda saxlayan Ocaqla nəfəs almaqdır. O əməllərdən uzaq düşən kimi halıma durğunluq gəlir.

Güntay qardaşımızın “Gedişat”da yazdığı “saxta fərəh” qonusu ilə bağlı bir iki kəlmə demək istəyirəm. Bu ay saxta fərəhlə çox qarşılaşdım. Bir nəfər yaxın adam təklif elədi, teatra getdik. Tamaşaların bəzilərini bəyəndim, amma elə səhnələr də vardı ki, adi həyatdan da qat-qat aşağı örnəklər idi. Mən də onlar kimi ola bilərdim.

Elə adi şeylərdən komediya düzəldirlər ki, baxanda gülmək yox, ağlamaq istəyirsən. Bunu  deyəndə sanki insanlar özlərini qoruyur. İki ailənin bütün eybəcərliklərini açıb göstərir və heç bir çıxış yolunu göstərmir. Mənim Ocaq adlı ölçüm var, bu həqiqəti görə bilirəm, təsirə düşmürəm, bəs başqası ondan nə götürəcək?! O hallar insanda nifrət hissi deyil, rəğbət hissi yaradır, onun kimi olmaq istəyir. Ortaya çıxan əsərdən sonda bir nəticə çıxmalıdır. Əgər yaxşı bir nəticə yoxdursa, onu heç ortaya çıxarmaq gərək deyil. Mən buna sərf etdiyim vaxtı itirilmiş hesab elədim, buna gəlib saatlarla baxan, zövq alan, onu səhnələşdirən insanların ağlı, düşüncəsinə haldadır. Bunu özünə fəxr bilir, elədiyi işi ləyaqətli əməl sayır. Başdan-ayağa saxtalıq. Mən sevinirə, nə yaxşı ki, mən bu təzadı görə bilirəm. Əyriliyə tay olmuram.

Bir də bir hal üstə düşündüm. Əlimdə Ocaq ədəbiyyatı olmasaydı, mən Atanı necə verərdim, necə deyərdim? Yəni beynimə nə qədər köçürə bilmişəm. Düşündüm və özümü yalın gördüm. Hünər odur ki, sən Ocağı içinə doldurasan və verə biləsən. Elə bir qudrəti görmək istədim ömrümdə.

İnamlı qardaşımız ki, deyir, qapalı şəraitdə şər təhlikə bəsləyir, bu özü də  yaxşı bir dərsdi. Şər hər məqamda sənə qarşı işləyir, sən hələ var-gəl edirsən. Yəni daim özünü artırmaq, Ocağı içinə çevirmək ki, sonra yalın qalmayasan.

Əgər için Ocaqla doğmalaşırsa, onda süni nəşəyə ehtiyac qalmayacaq. Mən həqiqət yolçusuyam axı, mənə saxta gülüş yaddır, saxta sənət yaddır, saxta musiqi yaddır, saxta doğmalıq yaddır. Yüzlərlə insanın güldüyünə gülmürəm, sevindiyinə sevinmirəm. İnsanların içində yadlaşıram, amma mən həqiqətlə doğmalaşıram. Çünki üzdə olanı deyil, içində olanı görürəm.

Bu ay həm də Nurtəkin bacımızın “Heyrətimin İnciləri” kitabı çıxdı. Bu da bu ayımızın bir özəlliyi. Kitabı vərəqlədikcə ağlımı açan fikirlər oldu.

Atanın yazdığı Ruhani sənəddə elə bir söz tapmadım ki, ona layiq olmayasan, onu ömründə yaşatmayasan. Həyat bütün eybəcərlikləri ilə üstünə gəlsə də, inamında sarsılmadın. Sənin ruhani inadında sənişərdən qorudu. Sən Ataya inanmaq üçün doğuldun sanki, heç bir qarşılıq gözləmədən, umacaqsız. O vaxtlar, 18-ci ildə Nurtəkin Ocağa təzə gəlmişdi. Hər dəfə Atanın yanından gələndən sonra halı yadımda qalıb, elə bil uçurdu. Ataya qulluğu özünə fəxr bilirdi. Bir gün gəldi evə, dedi ki, Atanın otağını yığışdırdım, səliqə yaratdım. Mən onda uşaq idim, fikirləşdim ki, insan necə başqa bir insana bu qədər bağlana bilər, öz atası kimi. 18 il bundan əvvəlki Nurtəkinin idrakı indiki idrakından fərqlənir deyə bilərik, amma inamı ilə indiki Nurtəkinin inamı arasında fərq yox idi. Onun Ataya inamı bağlılığı elə indiki kimidir. Aşiqlik səviyyəsi yüksək idi. Ondan yarandı əslində bu. Bütün varlığımla Ataya, Ocağa inanmaq və bağlanmaq, Ocağı yaşatmaq. Cənnət vəd etmədi, titullar vəd etmədi, vəzifə vəd etmədi, əksinə, çiyninə yük qoydu. İnsançılıq yükü, həqiqətçilik yükü, yurdçuluq yükü.

Atamız Var olsun!

Ulusəs

Ulusəs Atalı Ataya səcdə ilə sözünə başladı: İnamlı dedi ki, “Şəbnəm” məktəbi yaranıb. Bu məktəb hələ 92-93-cü  ildən fəaliyyət göstərir. O illərdə biz Bərdəyə gedirdik tez-tez, yardım aparırdıq köçkün ailələrinə. Bizi bir yerə buraxmadılar ki, xahiş edirik ora getməyin, onları yedirdib-içirdirlər, ərəblər onlarla məşğul olur. Dini dərs keçirlər, hələ 92-ci ildə artıq başlarını bağlayıblar. Bizə yardım etməyə imkan vermədilər. O vaxt yiyəsizlik idi, başsızlıq idi, başçısı yoxdur, başçısı varsa da, başı başqa şeylərə qarışıb. Orda belə söhbət var idi ki, yiyəsiz uşaqları götürüb aparırdılar başqa dövlətlərə. Belə bir şeyin olması artıq  siyasətin içində bir şeydir. Məqsədyönlü bir şeydir.

Nurtəkin Atalı: Qapalı bir məktəb yaradıblar, amma din açıq şəkildə də yayılır.

Ulusəs Atalı: Bu məqsədyönlü hakimiyyətin qoyduğu şəraitdir.

Yasin Türksoy: Ona görə qız seçirlər ki, ailə quranda artıq uşaq birbaşa ananın nəzarətində olur.

Ulusəs Atalı: Mənim deyəcəyim tamam başqa bir şeydir. Dünən Soylu Atalı mənə zəng vurdu, öz fikrini, istəyini mənə dedi. Mən yazı yazmalıyam, yəni mən yaşamım haqqında yazı yazmalıyam, iki ildir mən xəstə qulluğundayam, ali məqsəd yolunda olan insan necə yaşam tərzini dəyişir və bu yaşamla o yaşam tərzini nə bağlayır. Qorumaq və qulluq etmək. Sən nəyə ömrünü həsr eləmisən? Cismə həsr eləmisən, ölənə həsr eləmisən, sən üstün gəlməlisən. Sən qulluq eləməməlisən, qorumalısan, sənin qulluğun boş yerə gedir. Ən çətin məqamda da insan insan olaraq qala bilir. Yəni mənim iki illik həyat tərzim Ocaqdan qıraqdadır, formal iştirak edirəm Ocaq Evladı kimi. Ocaq Yükümlüsü mənə inanır və istəyir halımı düzəltsin. Yadıma bir məqam düşdü, Ocaqdan qopanların şərəfsizliyi ucbatından, Ocaqda yaşanan rahatsızlıq Göylünün ümidini sarsıtmışdı. Soylu onu o durumdan çıxardı, hünərini bərpa elədi. Göylünün Ocağa verdiyi ilə mənim Ocağa verdiyim arasında yerlə göy qədər fərq var.Mən həmişə demişəm ki, Ocaq üç nəfərin –  Soylu, Nurtəkin və Göylünün çiynində olub. Göylünün Ocaqda sarsılması təbii ki, onun fiziki məhvi demək olar. Ocaq onun aqibətinə çevrilib. Ona görə Soylu ruhani hünəri ilə Göylüyə sahib çıxdı, ümidini itirməyə qoymadı. “Ocaqda qalxıb-enmələr çox olacaq, ancaq Ocaq varlığını qoruyub yaşayacaq” dedi. Bu gün biz bu sözün təsdiqini görürük. İndi Soylu Atalı çalışır ki, mən yenə halımı bərpa edə bilim, belə getsə, Ocaqsız mənim də həyatım məhv olar. Mən bu barədə düşünəcəm, hesabat da verəcəm. Ümid edirəm ki, Soylu Atalı məndən əl çəkməyəcək. O, öz dediyinin üstündə durur, əməl sahibi olur və əməl sahibi edir  adamı.

Atamız Var olsun!

Nurtəkin Atalı: Mən bir şey qeyd edim. Həmişə tədbirdən bir-iki gün qabaq zəng edib Ulusəsə deyirdim ki, Ulusəs, tədbir var. Çünki o, qayğıdan günləri yadından çıxarırdı. Amma son günlərdə zəng edəndə deyir ki, bilirəm, mərasim var və s. İndi mən Soylu Atalı ilə bağlı bir şey deyim.Bizdən fərqli olaraq, Soylu Atalı hadisələri bir neçə il qabaq görür. Elə bil ona hazırlayır. Məsələn, görüş keçirəndə deyirdi ki, siz görüş keçirəcəksiniz, mən də deyirdim ki, auditoriya qarşısında çıxış edə bilmərəm, amma sonradan məngedib görüş keçirdim. O dedi ki, sənin kitabın çıxmalıdır, mənim bu gün kitabım var. Elə şeylər var ki, bəzən orda adamı itələmək lazımdır. Soylu Atalının inadı, inamı və kökləməsi, itələməsi istənilən hadisəni həyata keçirir.

 "Uluyol-Hünər" və "Ulufərəh"

Ocaq Yükümlüsü bizim “Ailə Günü”ndə iştirak edəndə, hər Ailə Gününün sonunda deyir ki, Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı lazımdır. Düzdür, İnamlı xalqlaşma hesabatı verdi, amma bizim hesabatların heç biri Ailə Gününün tələbinə tam uyğun deyil. Məhz Amallaşma, Xalqlaşma, Kamilləşmə hesabatını dolğun vermirik. Bir dəfə bir tədbirdən sonra mən həvəslən­dim ki, hər gün hazırlaşacam. Üç gün oxumağa, düşünməyə davam elədim, sonra başım yenə qarışdı qayğılara və mən ayın sonunda elə o üç gün yazdığımı oxudum. Yəni vaxt ayırmaq lazımdırAmallaşmaya, Kamilləşməyə, Xalqlaşmaya, yəni mən özümü də bura qatıram, ayırmıram, mənə də aiddır. Növbəti Ailə Gününü, təklif edirəm ki, ayın 20-si keçirək və hər birimiz özümüzü ona kökləyək ki, Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatını bütöv verək. Biz Ailə Günlərində Soylu Atalıya çox arxayın oluruq. Məsələn, mən qonaq dəvət edirəm və fikirləşirəm ki, mənim hesabatım zəif olsa da, Soylu Atalı çıxış edib, əhvalı kökləyəcək. Yəni mən özümü buna kökləyirəm və yeni axtarışlara cəhd etmirəm. İndi Soylu Atalı bizim Ailə Günlərimizə qatılmaqdan imtina edir, deyir tam müstəqilləşin. Biz də gərək Ailə Gününü öz məzmununa uyğun keçirək. Mərasimdə Soylu Atalı dedi ki, mənim “Üç oğluma məktub” əsərimi oxuyun. Bu ay gəlin, bu əsəri oxuyaq və şərh edək. Şərh eləmək qabiliyyətimiz də Ocağa layiq olmalıdır. Özümüzü buna kökləyək.

Ümumi hesabatla Ocağı məndən necə öyrənəcəklər? Məsuliyyətimizi artırmalıyıq.

Yasin Türksoy: İnamlı çıxışında deyir ki, Atadan qıraqda həqiqət yoxdu, mən bu fikirlə razı deyiləm, onda belə çıxır ki, həqiqət elə Atadan başlayır.

İnamlı Atalı: Ataya qədər insanla, dünyayla, həyatla bağlı həqiqət tam deyilməyib. O mənada yəni.

Nurtəkin Atalı: Bütöv şəkildə deyilməyib. Ayrı-ayrılıqda biz demirik ki, tapılmayıb, yəni bütöv şəkildə deyilməyib, məktəb kimi olmayıb. Bəzən o fikir tam ifadə olunmaya bilər, sən özün bilirsən ki, biz başqalarını inkar eləmirik, məgər bəşər Ataya qədər heç nə yaratmayıb, bəşər elə dəyərsizdir? Ölçüyə çevrilən dünyabaxış məsələsi var ortada.

Razıyam ki, biz gərək ifadələrimizə fikir verək.

(Müqəddəs Oxuma hissəsində Nurtəkin Atalı “Təməl” kitabından hissələr oxudu – Ü.A.)

Hünər tələbi istəyi ilə Ailə Günümüzü bitirək və özümüzün qarşısına tələb qoyaq ki, “özüylədöyüş” gündəliyi ilə birlikdə Ailə Gününə gələk. Biz özümüz öz qarşımıza tələb qoymalıyıq. Elə şeylər var ki, onu Soylu Atalı tələb edir deyir, onları artıq biz özümüz həyata keçirməliyik. Ata deyir ki, Ocaqçının səfər gündəliyi olmalıdır, iş gündəliyi olmalıdır, özüylədöyüş gündəliyi olmalıdır, Ocaqla bağlı hər bir şey yazılmalıdır. Məsələn, mən həmişə gündəlik tutmuşam və bütün gündəliklərim də yarımçıqdır. Bu ildə bircə dəftərimi axıra qədər doldura bildim. Mənim Soyluyla “ruhani urəkləşmə” dəftərim var idi. Onu oxuyursan, o ruhani söhbətlər adama necə yaxşı təsir edir. Güntay qardaşımız bir dəfə dedi ki, mən nə vaxt yazı yazmışam, Soylu Atalı deyəndən sonra yazmışam. Yazsaq, o qədər bölüşməli şeylər olacaq ayın sonunda. Ata bir dəfə tədbirdə deyirdi ki, özünüzü tənqid edin, yerdən-yerə vurun, onda Ailə Gününə qaça-qaça gələcəksiniz. Bunu hər birimizə arzulayıram ki, hər Ailə Gününə qaça-qaça gələk.

Ulusəs Atalı: Mən Ocağa gələndən hamının söhbətini yazmışam. Hamıya sual verirdim, sonra kitablar ələ gəldi, suallar azaldı, ancaq başlanğıcda çox maraqlı idi. Hamıyla söhbəti yazırdım.

Nurtəkin Atalı: Bu həm də bir tarixdi, Ocaq qarşısında bir borcumuzdu. Ata deyirdi ki, Ocaqla bağlı kiçik bir məqam itməməlidir. Mən özüm çox itirmişəm.

Biz “Səfər Günü” mərasimini Üstünlə birlikdə kitablaşdırdıq. Hər dəfə mərasimin sonunda nişanə təqdim eləyəndə Soylu Atalının dediyi sözləri yazmırdıq, bu dəfə yazanda mən gördüm ki, nə qədər itirmişik. Düşünürsən ki, indi kitablaşdırıb bitirəcəksən, bir dəqiqə qalıb, ancaq o bir  dəqiqədə necə gözəl fikirlər söylənilir. Kitablaşanda hər dəfə ona qayıdırsan axı. Onun da dəyərini vermək lazımdır, mən indi fikirləşirəm ki, indiyə qədər biz yazsaydıq, nə gözəl olardı.

Ulusəs Atalı:Mən əvəllər Soylu Atalıya nişanə təqdim edəndə əvvəlcədən hazırlaşırdım.  Nurtəkin “qanad olmaq istəyiylə” deməklə canını qurtarır. Hazırlaşmaq lazımdır, çünki Soylu Atalı haqqında deyiləsi çox söz var.

Nurtəkin Atalı: Hazırlaşacam mən də.

İnamlı Atalı: Nurtəkin bacımız deyir ki, bir dəqiqədə necə gözəl fikirlər tapmaq olar. Əslində Yasin bəy dedi ki, razı deyiləm ki, Atadan qıraqda həqiqət yoxdu. Axşam səs-küy idi, Avropa erasının 2015 ilə keçidi idi, dünyanın üçdə iki hissəsində çoxu bunu qeyd edir. Mənim İsa peyğəmbərə Məhəmməd peyğəmbərdən çox hörmətim var. Ancaq Avropa yalan bir tarixi qeyd edir. Əslində dünya iki yalan görüb, biri İsanın ölüb-dirilməsi, bir də Məhəmmədin yalançı Allah ideyası, ikisi də bu gün bəşərdə hakimdir. Mən bəzən Soylu Atalı ilə söhbət edərkən özümdən götürülüb gedirəm. Soylu Atalı mənə deyir ki, bu fikirləri götür yaz. Biz ona görə Atanın təlimində filosof ola bilmirik ki, bu ərincəklik, mən başda özümü götürmək şərtiylə deyirəm, bizə imkan vermir. Məhəmmədin surələri hamısı boşuna olan surələrdir, inək surəsi, daş surəsi. Atada bir dənə yalan söz yoxdu ki. Məgər bu gün tədbirdə deyilən sözlər Quranda ərəblərə deyilən sözlərdən bizim ulusumuz üçün az hikmətlidir? Biz nəyə görə Ataya həqiqət gözü ilə baxmayaq? Budur bizim sübutumuz. Bir dənə cümləsi belə adi deyil, hamısı həqiqətdir. Atayla tərəziyə gələcək ikinci bir şəxsiyyət yoxdur. Bəzən Soylu Atalı ilə elə gözəl söhbətlər olur ki, qısqanıram ki, bu söhbətləri saxlamaq imkanım olaydı.

Ulusəs Atalı:“Səfər Günü” mərasimi İnamlının Ocağa gəldiyi mərasimdir. Özü olmadı, mən istəyirdim ki, təbrik edəm, elə bunu da köhnə dəftərlərimi vərəqləyəndə gördüm. Təbrik edirəm.

Başqa Ocaqçılar da İnamlını qutladılar.

“Ata Ruhunu ürəyimizdə aparırıq!” səcdəsilə “Ailə Günü” toplantısı bitdi.

 

Qar Ayı, 36-cı il. Saray-Soylu.

(yanvar, 2015.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir