Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh”Ailələrinin “Ailə Günü” toplantısındakı çıxışlar

Ocaq Günsırası ilə 27 Yağış Ayı, 38-ci ildə (noyabr, 2016) “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Son çağlarda tədbirlərə gələndə özümdən razı qalmıram. Bu gün də özümdən razı deyiləm. Keçən ay bəlli səbəblərdən Ailə Günündə ola bilmədim. İstədim hesabat yazam, gördüm ki, özümü tənqid, özümdən şikayət halı kimi alınır.
Bu aylar içində mən çoxsaylı Ocaq işləri görmüşəm, saytla bağlı, tədbir kitablaşdırmaqla bağlı, yazı düzəltmələr, Ata Bitiqinin düzəldilməsi və b. Bu əməllərdən fərəh almışam. Fərəh o zaman bütövləşir ki, həm düşüncə açısından özümü kökləyirəm, həm xalqlaşma işim olur. Bu açıdan baxanda fərəhim yarımçıq olur. Ona görə də özümdən razı qala bilmirəm. Son Ailə Günlərindən birində özümə söz verdim, özümü köklədim, növbəti Ailə Gününə daha yaxşı hazırlaşacam, fərqli gələcəm deyə. Ancaq yenə də istədiyim kimi alındıra bilmədim. Ata demişkən, imkansızlıqdan imkan yarada bilmədim.
Ocaq halını, Ocaq dünyasını hər zaman ömrümdə duyuram. Məişətə, həyata xərclənəndə isə həmin dünyadan ayrıldığımı duyuram. Hər şeyi anlayıram, dərk edirəm. Sadəcə mən o istədiyim əməllərin çox az hissəsini həyata keçirə bilirəm. Nə etməli? Yalnız özümü yenidən toparlamalı, imkansızlıqdan imkan yaratmağı yetirməliyəm. Düşünürəm ki, Ailə Günü, Amaldaşlarımın halı və düşüncələri mənə bu işdə güc verəcək. Ocaqçı halının üstünlüyünə, Ocaqçı düşüncəsinin gərəkliyinə çox ehtiyac var.

img_2468
Son zamanlarda internet üzərində söhbətlərimi genişləndirmişəm. Sonuc budur ki, onlardan bir neçəsini Soylu Atalı ilə görüşdürdüm. Bu da xalqlaşma işidir, bu da uğurdur. Ancaq daha geniş olmasına çalışıram. Bu anlarda Ocağın işləri uğurla genişlənməlidir, xalqlaşma işi artmalıdır. Bu açıdan özümdə Ocaqçılıq tələbini artırmaq və onu gerçəkləşdirmək istəyirəm.
Bu ay Ocağın bir olayının ildönümüdür. Göylünün Ocağa gəlişinin 18 ili tamam oldu. Göylünün Ocağa gəlişini özəl bir olay hesab edirəm. Göylü Ocağa gələn çağlarda gərgin hallar yaşandı, – kimsə ayrıldı, kimsə Ocaqdan çıxdı. Yəni Göylü Ocağın gərgin durumunda gəldi. Bütün bu hallardan uğursuzluğa düşmədik, daha da uğurlar yarandı. Mən özümün, Göylünün, eləcə də başqa Ocaqçıların ömürlərinin yaranmasında Soylu Atalının əməyini özəl olaraq vurğulamaq istəyirəm. Atadan sonra Soylu Atalının varlığı, onun Ocaqda hərəkətverici qüvvə olması bizi yetkinləşdirdi, ömrümüzü birləşdirdi. Ocaqda artıq elə bir dünya yaranıb ki, uğurlarımız da birdir, aqibətimiz də birləşib. Bundan qırağa çıxa bilmirik, heç bilmərik də. Bu gün geniş danışmaq istəməməyimin bir nədəni də özümə o tələblə yanaşmağımdır. Göylünün ömrü də özəl bir olaya çevrildi. Birimizin ömrü yarananda o birinin ömrünə birləşir. Göylünü Ocaqsız düşünmək mümkün deyil. 18 il ardıcıl Ocaq halıyla yaşamaq, Ocaqla nəfəs almaq, Ocaq üstə böyümək ciddi bir fərəhdir. Həm də Göylünün özünə inamıdır, bizim Göylüyə inamımızdır. Ona görə də bacımızı qutlayıram. Ocaqda daha neçə belə illərini qutlayaq.
Atamız Var olsun!

img_2474

Türkel Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Bu ay içində “İnam Evi Günü” törənimiz oldu. Bu törəndə ayılmaq kimi bir hal yaşadım.
Atanıın “Mütləqə İnam” kitabından “İnsanilik” bölməsini oxudum. Oxuduqca gördüm ki, adam necə ümidsizlikdən çıxır, necə aydınlaşır. Oxuduqca Ocaq – həyat anlamı daha da aydınlaşır. Atanın kitabı tamamilə ruha bağlıdır. Hər dəfə yeni səviyyədə yeni şeylər aşkarlayırsan.
Atanın “İnsanilik” əsərindən öyrəndiklərim, düşündüklərim.
Mexaniki insan, əsil insan. İnsanın əsil imkanı. İnsanın ikinci dünya, ruhsal dünya yaratması. Ocaqda yalnız mövcudluğumla bilinib özüylə döyüşməmək, içsəl olanaqlarını aşkarlamamaq… “İnam Evi Günü” törəninə gəldim. Ocaqçı kimi görünə bildimmi? Yoxsa iştirakçı kimi oturub, dinləyib bir neçə söz deyib getdimmi? Ocaqçı olub cəmiyyətdə hələ də icraçı kimi tanınmaq, mexaniki fəaliyyət göstərmək, mühitdən, şəraitdən qırağa çıxmamaq. Ocaqçılıq doğrudanmı belə asan imiş?! Ruhsal dünyanın içində olasan, ömrün hələ də cismani həyatın tələbləri ilə idarə oluna. Ömrün hansı aşamasındasa ayılacam. Ayılanda peşmançılıq duyğusu ilə yaşayıb gücdən, həvəsdən düşməyəcəm ki?!
Bir var Ocağı 40 yaşında tapasan, düşünürsən ki, kaş Ocağı öncə tapaydım, indiki səvviyyəmi çoxdan ötmüş olardım onda. Ocağı tapıb həyatdan yüksəyə qalxmaqla bəsitlikdən ayrılmaq. Bir də Ocaqçı olub cismani yaşamla məhdudlaşmaq. 40 yaşında günlərin birində artıq ölçü götürmək. Niyə bəri başdan yox ki?!..
Atanı oxuduqca artmağa, böyüməyə meyil yaranır içimdə. Özümə sığmamağa başlayıram. Balacalıqdan ayrılmaq istəyim məni silkələyir. Oxuduqca ağlımdan İnam Evi Günündəki halım keçdi. Tədbir bitdikdən sonra Üstün bacı tədbiri kitablaşdırmaq üçün tədbirin bir hissəsini öz yaddaş kartına köçürdü. Düşündüm ki, toplum, ortam o qədərmi məni idarə edir, vaxt ayırıb özümü Ocaq əməlinə həsr edə bilmirəm. Bu cür yaşamla hansı özünütəsdiqdən danışa bilərəm? Bu meylimin, istəyimin həmin anda yaranıb yox olmaması üçün tədbirlərin kitablaşdırıl­masın­dakı qatqımı bərpa etməyə qərar verdim.
Atamız Var olsun!
Nurtəkin Atalı: Biz sənin istəyini gerçəkləşdirə bilərik. Mən tədbiri kitablaşdıranda olduqca bəhrələnirəm. Bəhrələndikcə fərəh alıram. Tədbirdəki düşüncələrə bir də qayıdıram. Həm düşündürücü, həm də maraqlıdır. Ona görə də tədbiri kitablaşdırmaq əməli fərəhli və sorumlu əməldir.

img_2478
Üstün Atalı (Ataya səcdə edib bayrağı öpür): Bu ay insanlarla təmasım daha çox oldu. Bəzən toplumun içinə gedib bəsitliyi, adiliyi görəndə harda olduğumu bir daha dərk edirəm. Çıxış yolu haqqında, gələcək haqqında düşünürəm.
Bu ayda iki dəfə teatra getmək olanağım oldu. Qoyulan tamaşalarda bəsitlik və adamların bunu sevməsi dəhşətə gətirir. Hər iki tamaşada Allaha tabe olmaq, Allahı eşitmək vurğulanır. Kortəbii şəkildə elə dini vurğular var idi, elə bilirdim 7-ci yüzildəyəm. Heç bir məntiq, fikir yox. Bunu bilərəkdən edirlər. İnsanların beyninə, şüuruna yazırlar. Ölçü yoxdur, bunlar da alqışlanır, sevilir. Çünkü verilən tamaşa, ya veriliş adamların adi marağını və adi istəklərini təmin edir. Üzdən gəlişmə var, ancaq düşüncə açısından 7-ci yüzil düşüncəsiylə yaşayırlar. “Ölülər”də olan cahil insanlarla bugünkülərin heç bir fərqi yoxdur.
Atanın “Təməl” kitabını oxumuşam. Bu kitabı oxumaq da bu aykı müşahidələrimlə tam üst-üstə düşdü. İnsanı özülsüzləşdirmək – insanı özündən ayırmaqdan başlayır. Ata deyir: “İnsanı təməlsizləşdirirlər, mahiyyətsizləşdirirlər, mənasızlaşdırırlar”. Bu, çox ciddi və düşünülmüş şəkildə həyata keçirilir. Özülündən ayırmaqla insanı idarə eləmək olur. Mahiyyətinə bağlı insanı necə idarə eləmək olar?! İnsanı televiziya ilə, qəzetlə, həyat qayğıları ilə özülündən ayırırlar. Adam fiziki qayğılarından azad deyil. O qayğılara görə də azadlığı əldən gedir. Özü gedib tabe olur. İnsanın ağlına ondan xəbərsiz girirlər. Ölçü olmadığı üçün də bilinmir doğru nədir, yanlış nədir.
Bəzən gənclərin münasibətlərini müşahidə edirəm, primitiv bir şeyi elə doğru qəbul edirlər ki. Ölçü yoxdur ki, bilsin bu qəbul elədiyi bizim mədəniyyətimizə uyğun deyil. Söz də adiləşib, baxış da adiləşib, yanaşmalar da adiləşib.
Ata deyir: “İnsan İnsanlıq adlı özümlüyündən yaranıb. İnsanı İnsanlıq yaşadır. İnsan özündə İnsanlığı yaşadır”.
İnsanlıqdan yaranan insan bəs niyə adamlığa enir? Niyə zülm edir, niyə zəbt edir, dağıdır? Təkcə İnsanlığa qarşı deyil, həm də Həyatlığa qarşı, Dünyalığa qarşı yaşayır. İnsanla dünyanın birliyi pozulduqda insan dünyaya qarşı olur, dünya da insana qarşı. İnsan həyata qarşı olanda həyat da insana qarşı olur – bu birlik, uyum pozulanda.
Dünən tarixi bir verilişə baxırdım. Mayya tayfası haqqında idi. Öncə şad, xoşbəxt yaşayırlar, sonra döyüşlərə başlayırlar. Torpaq uğrunda savaşırlar, sonra başlayırlar meşələri qırmağa. Meşələri qırandan sonra artıq orda heç bir yağıntı olmur və həmin ərazi yaşamaq üçün yararsız olur. Adam ağalıqla, zəbt eləməklə təbiətə elədiyinin qarşılığını alır. Təbiət də adama qarşı olur. Təbiətlə adam arasında uyum itir.
Ata deyir: “Xalqın təməli fərddir, cəmiyyətin təməli ağalıq”.
Cəmiyyət nə üçün yaranır, cəmiyyət haqqında düşüncələrim məni Atanın “Ruhani cəmiyyət” ideyası haqqında düşünməyə apardı. Ata niyə burda elə deyir? Doğrudan da, ağalıq üstə qurulan cəmiyyət ruhaniləşməlidir, insanlaşmalıdır. Bu gün bizi ayaq üstə saxlayan, bizi özümüzə tanıdan xəlqilikdir. Fərd yetkinləşdikcə xalq da yetkinləşir. Fərd böyüdükcə xalq da böyüyür. Bireyin inamı bütövləşdikcə xalqın inamı da bütövləşir. Cəmiyyətsə kiminsə istəkləri üçün maraqlıdır. Cəmiyyətdə ədalət, həqiqət, xeyir görən yoxdur. Ancaq təbəqə var, əsarət var. Əslində cəmiyyət özülsüzlük üzərində qurulub. Elə qurulduğu üçün yaşamı baş-ayaq olur. Qurula-qurula dağılır. Biri o birini əvəz edir. Hər dəfə də yeni formayla yeni ağalıq meydana çıxır. Özülü olmadığı üçün də sonacan gedə bilmir.
Ata deyir: “Zor inama sahib olur. Zor inamı ilə İnsanilik yaratmaq olmaz. Zor mənəviyyatı ilə mənəviyyat da yaratmaq olmaz”.
Zorla sahib olduğun hər şey keçicidir. Zorla sahib olduğu üçün tarix elə zorun nisbiliyini, keçiciliyini göstərir.
Ata deyir, tarixdə dar ağacına çəkilənlər xeyir uğrunda savaşanlar olub. Dara çəkənlərın ömrü isə keçici, nisbi olub. Çünkü ömürləri özülsüzlük üzərində qurulub. Zorla inama, idraka, mənə­viyyata, iradəyə yiyələnirlər və bunun sonucu olmur.
Bir film izlədim. Adamların hökmdara sevgisi, bağlılığı vurğulanırdı. Elə bilirlər o, əbədidir. Onun uğrunda döyüşürlər. Döyüşdə hökmdar məğlub olanda hamısı sarsılır və qılıncı yerə qoyur. Düşünürsən, nəyə görə sən öz “əbədiliyini” adamlara inandırırsan. Əgər birlik uğrunda, vətən uğrunda adamları yönəldə bilsəydi, o bəlkə məğlub olmayacaqdı. Onun hakimiyyəti yalan üstə qurulduğu üşün bəhrə də vermədi, tərsinə, daha da insanları sındırdı.
Zorlular həqiqətçiləri dara çəkirlər, zülm edirlər, ancaq həqiqət öz həqiqiliyində qalır.
Ata deyir: “Ədalət – Həqiqətin tələbi, hökmü və təsdiqi”.
Bunu kim tələb edəcək – Həqiqəti bilənlər. Ədalətin təsdiqi üçün qalaq-qalaq kitablar, məcəllələr var. Ancaq cəmiyyətdə ədalətin yeri yoxdur. Çünkü adamların ömrü insaniliyə əsaslanmır.
Son aylarımda özümə qarşı yanaşmamda gərginliyim vardı, indi ondan çıxıram.
Son günlərdə işlədiyim oxula bir film gətirib öyrəncilərə izlədiblər. Anlam odur ki, qıraq qüvvələrə inanmayın, Vəhhabilik və başqa qüvvələrə, bizim dinimiz İslamdır. Filmdə Suriyada ölən gənclərin ata-analarını danışdırırlar, göstərmək istəyirlər ki, bu, cəhalətdir. Ancaq o filmin özündə heç nə deyə bilmədilər. Guya onların niyyətləri insanları birlik yörəsində toplamaqdır. Ancaq sunulan İslam birliyi mənə özgündürmü? İslamda mən özüm deyiləm axı. Ona görə də niyyətləri alınmır. Vəhhabiliyə, Nurçuluğa gedən uşaqların heç biri də o filmlə yolundan dönən deyil. Hacı, ilahiyyatçı danışdırmaqla yol göstərmək olmaz. Sanki plan doldururlar, film çəkilib, göstərmişik. Dinimiz var, toleyrantıq və s. Görüntü xarakterli bir şey. Vətənlə, millətçiliklə bağlı heç bir söz belə yox. Ölçü yoxdur, olmadığına görə də hər şeyi qəbul edirlər. Olan bizim gəncliyə olur. Çıxış yolu Ata yoludur.
Göylünün 18 ilində elə il olmadı ki, o il səfərsiz, təlatümsüz, sakit keçsin. Hər bir ili bəhrəli oldu. Düşünürəm ki, hər ili bundan sonra da zəngin olacaq. Göylü bənzərsiz bir ömür yolu yaratdı. Diləyirik davamlı olsun. Uğurlar diləyirəm.
Atamız Var olsun!
Nurtəkin Atalı: Verilişlərin, tamaşaların din üstə olması təəccüblü deyil. Çünkü ölkədə durum o səviyyədədir ki, alimi, akademiki, aydın sayılanı dindarlaşırsa, mollalaşırsa, hər bir şey də dinçiləşəcək. Gediş, təəssüf ki, ona doğru gedir. Yeganə dirəniş qüvvəsi Atadır ki, biyönlüdür, dəyişilməyəndir, həqiqəti deyir.

img_2484
Göylü Atalı (Ataya səcdə edib bayrağı öpür): Xoş sözlərinizə görə təşəkkür edirəm. Mən bilirəm ki, ömrüm fərəhlidir, zəngindir, dəyərlidir. Ömrümə zənginliyi gətirən Atadır. 18 ildə çox şeylər yaşadım. İstər hünər açısından, istər hünərsizlik açısından. Bəzən artdım, bəzən azaldım. Elə şeylər vardı ki, xarakterdən irəli gəlirdi, elə şeylər vard ki, tələbat gətirdi ora çıxartdı. Yəni qalxıb-enən bəlli şeylər yaşadım. Əmin olduğum bir yön isə – bütün hallarda Ocağa sevgim bütöv oldu, səcdəm bütöv oldu. Ocağın yiyələrindən biri olduğumu heç bir zaman unutmamışam, unutmuram. Bu yolda bütövəm. O ki qaldı, bu günlə bağlı. Əslində Ailə Gününə ciddi hazırlaşa bilməmişəm. Çünkü beynim çox məşğuldur. Düşüncələrimdə çox qarışıqlıq var.

img_2485
“Rəmzlər” kitabıyla bağll bir görüntü hazırlayıram. Hər gün, demək olar ki, onunla uğraşıram. Bu bir əməldir. Peşəkarlıq açısından zəif bir filmdir, ancaq orda sevgi var, Ocağı tanıtmaq, sevdirmək, anlatmaq tələbi, istəyi var. Gələcəkdə kiməsə stimul verə bilər. Bu açıdan gərəkli hesab edirəm. Açığı, çox fərəhləndirir məni. İnsan özünə yaramırsa, yörəsinə də yaraya bilməz. Özüm içdən azad olmayınca, Ocağa həsr olunmayınca, doğrudan, çətin olur. Özümə arzuladığım tək şey – nə olur olsun Ocağı tək qoymaq olmaz, Soylunu tək qoymaq olmaz. Əgər Ocağa yaramırsansa, ardıcıl əməllərin arxasında durmursansa, bu elə fərarilik deməkdir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq.
Atamız Var olsun!

img_2489
Ulusəs Atalı (Ataya səcdə edib bayrağı öpür): Göylünün 18 ili Ocaqçılığın ciddi 18 ili deməkdir. Mən ayırmıram, Göylüsüz Ocaq son 18 ilini çətin keçirə bilərdi. Mənim arzum, istəyim odur ki, Göylü öncə başladığı hünəri heç zaman azaltmasın. 18 yaş da cavandır. Ocaq yolunda, ruhaniyyat yolunda sənə güc arzulayıram. Qarşında heç nə dayanmasın. Heç nədə əziyyət çəkməyəsən. İnanıram ki, Göylü həmin əzmlə, həmin qeyrətlə, cəsarətlə Ocağın yükünü daşıyacaq. Sənə can sağlığı diləyirəm, var ol. Ocağımız var olsun. Atamız Var olsun!

img_2496
Elçin bəy: Məni bura gətirən hər zamankı duyğularımdır. Hər kəsin öz yeri var. Mən ayrı-ayrılıqda fərq qoymuram. Sizlər vicdan, saflıq tərənnümçüsüsünüz. Mən bura gələndə çox şeylər tapıram. Hal-hazırda çətin günlər yaşayıram. Bura gəlib güc alıb yenidən gedirəm. Elə çağ olur ki, hər şeyə nifrət edirəm, həyatdan da küsürəm, ancaq bura gəlib stimul alıb gedirəm.
Göylü xanımı ailəlikcə tanıyıram. Bacısı ilə bir oxumuşam. İnsanilik onların içindən gəlir. Elə gətirdi ki, internet araçılığı ilə Göylünü, sonra sizləri tanıdım. Sizlərin ömürləri, Göylünün ayrıca son günlərdəki çətinlikləri, polis idarəsinə düşmək, ailənin basqısı, yörənin basqısı, bunları anlayıram. Özüm də bunları keçmişəm, keçməkdəyəm. Ancaq bunların millət üçün bir xeyrini görəcəyik. Bizim də bəxtimizə belə çətin sınaqlardan keçmək düşüb. Sonuncu nəfəsimizə qədər, mən də, sizlər də davam edəcəyik. Mən siyasi fəaliyyətlə bunu görürəm, siz fərqli yolla görürsünüz. Basqılar çoxdur. Çətin zamandır. Özümü toparlamağa çalışıram. Əlimdən gəldiyi qədər də sizinlə olmağa çalışıram.

img_2499
Soylu Atalı (Ataya səcdə edib bayrağı öpür): İndi Yağış Ayının sonuncu günləridir. Ocağın da bu ayda ikinci və sonuncu tədbiridir. İki Ailənin birlikdə keçirdiyi Ailə Günü. Baxmayaraq ki, Ailəçilərinizdən Güntay burada yoxdur. Anlayırıq ki, iş məsələsi var. Ocaq da tutduğu yerdən kəsən deyil. Ancaq çalışırıq ki, qatılmamaq davamlı olmasın. Dalbadal Ocağın tədbirlərindən qalmaq doğru deyil. Bizdən asılı olmayan nədənlər var, onları da Ocaq anlayır və doğru olaraq qəbul edir.
Sizin çıxışlarınızla bağlı bir neçə kəlmə demək istəyirəm. Bu gün çıxışlarınız qismən uğurlu alındı. Özəllikcə Üstünün çıxışı hazırlıqlı idi. Düzdür, bu, mənim üçün tam deyil. Xalqlaşma məsələsi ilə bağlı addımlar çoxalmalıdır. Üstünün buna daha çox olanağı var. Xırda-xırda, 5-3 dəqiqə, xalqın dəyərlərini gənclərin beyninə yazmaq mümkündür. Hesabatın birinci aşaması məni qane edir. Atanı oxumaq və düşünmək. Nəyi öyrəndim? Onu demək gərəkdir. Öyrəndiyini demək – bu, hesabatın birinci yönüdür.
Elçin bəyin Ocağa dayanması, mənəvi güc alması, bu da mənə yaxşı etki göstərən bir haldır. Belə də olmalıdır. Adam ən gərgin anlarda belə mənəvi dayaq istəyir, maddi dayaq istəmir. Adamın içində sarsıntılar, təbəddülatlar olanda, o, mənəvi güc, dayaq istəyir. Adam ölməyə hazırdır, ancaq mənəvi iztirabların içərisində qovrulmağa hazır deyil. Bu açıdan bunu doğru qiymətləndirirəm, yaxşı hal sayıram…
Amallaşma məsələsi var. Ailə Günündə Evlad hesabatlarının özülündə dayanan məsələ. Ruhsal bilik əldə etmək, onu sunmaq. Bunun adına biz Amallaşma deyirik. Nəyi bilirəm, necə bilirəm, hansı kəlamı öyrəndim. Bu açıdan deyirəm ki, Üstünün bugünkü çıxışı uğurlu idi. Sadəcə Atanı “oxudum”la yetərlənməyib, onun ağlını etkiləyən məsələlərə də yanaşma sərgiləyir. Vurğu edir, “dünya insana qarşıdır. İnsan dünyaya qarşı olanda, dünya insana qarşı olur”. Məzmunu, məntiqi doğrudur. İnsan dünyaya qarşı olursa, o, özünün yaşam zəminini uçurur. Ayağının altını uçurur deməkdir. Biz görmüşük ki, şüurlu şəkildə heç kim ayağının altını söküb uçurmaz. Ancaq bəşər öz ayağının altından zəmini uçurur. Qətiyyən bu haqda düşünmür, düşünmək belə istəmir, dərk eləmək belə istəmir. Sən zəmini uçuracaqsan, məhv olacaqsan. Dünyanın sənə qarşı olması budur. Dünya sənə zəmin verib sən onu uçurursan. Dünya neyləməlidir?!
Ruhsal bilik hesabatı – Amallaşma. Bu, məsələnin bir cəhəti.
İkinci ömür hesabatı – Kamilləşmə. Özünü daha yaxşı öyrənmək gərəkdir. Atanı öyrəndikcə, Atanın kəlamını, hikmətini öyrəndikcə gərək özünü daha dərindən tanıyasan. Özünün yoxsulluğunu, zənginliyini, çatışmazlığını daha yaxşı görməlisən, daha yaxşı dilə gətirməlisən. Dilə gətirməkdən qorxmamalısan. Çünkü onu dilə gətirməsən, onun üstündən pərdəni götür­mürsən deməkdir. Onu dilə gəitrmək pərdəni üstündən qaldırmaq deməkdir. Həm özünə göstər­mək, həm də görənə göstərməkdir. Ona görə Atadan özünə (içinə) yol salmaq gərəkdir.
Bir də Atanı tutuşdurmalarla öyrənmək pis olmaz. Kimin olanağı varsa. Demirəm bu hökmən belə olmalıdır. Ancaq kimin olanağı varsa, ruhaniyyat sahəsinə özgün olan başqa bilgiləri də əldə eləməyə çalışsın. İrfan məsələsi ilə bağlı məsələləri araşdırmaq pis olmaz. Oxuyub, düşünmək pis olmaz. Çünkü oxşar məsələlər var. Adamlara söz deyirsən, o saat ağlı gedir ki, bu filan yerdə var. Qoy olsun. Ancaq Atanın özəllikləri var. O özəllikləri oxşar bilinənlərin içindən ayırıb göstərmək gərəkdir. Atada təkrar axtarmasınlar. Atada təkrar yoxdur.
Bu yaxınlarda bir Güneyli ilə görüşəndə deyir ki, filan şeylər İrfan elmində var. Deyirəm İrfan haçağ deyib ki, “Dünyanın Mənası dünyadan artıqdır”, “Dünya öz Dünyalıq mənasından yaranıb? Deməyib axı. “Dünyanı Allah yaradıb”la “Dünya Dünyalıqdan yaranıb” bir şey deyil axı!
Ata deyirdi ki, Hegeldə də Mütləq var. Ancaq Hegelin Mütləqi birdən-birə dönüb Gerçəklik olur. Platonda da Mütləq var. Atanın Mütləqi ilə Platonun Mütləqi bir deyil. Kimsə durub eyniləşdirirsə, bu onun yanlışı. Biz bunu izah edib göstərə bilərik ki, burada eynilik yoxdur. Əgər dünya ideyanın kölgəsi kimi sunulursa, qəbul olunursa, bu, Dünyalıqla bir deyil axı. İdeya ilə Dünyalıq bir şey deyil. Dünyalıq – Dünyanın Mənasıdır. İdeya isə insan idrakının məhsuludur. “Dünya İdeyadan yaranıb”la “Dünya Dünyalıqdan yaranıb” oxşar sözlər kimi gəlirsə, bu o demək deyil ki, anlamı birdir. Tamam ayrı bir şeydir. Ona görə Atanı tutuşdurma səviyyəsində öyrənmək pis olmaz.
Bir də əsilliyi tanıtmaq. Onun da adına biz “Xalqlaşma” deyirik. Ruhsal bilik hesabatı, ömür hesabatı, tanıtma hesabatı. Bunlar Amallaşma, Kamilləşmə, Xalqlaşma ölçüləridir. Biz özümüzə çox suallar verməliyik, o suallara cavab tapmalıyıq. Ocaqçılar nələrisə öyrənirlər, bilirlər. Gör­dükləri işlər öyrəndiklərindən qat-qat çoxdur. Ancaq bir daha vurğu eləmək isyəyirəm ki, adam Bildikcə gördüyü işin fərəhi daha da böyüyür. Bilməyəndə gördüyü işin fərəhinin ömrü az olur. Ancaq Biləndə gördüyü işin fərəhi əbədiyyətə doğru uzanır. Ona görə bu çox vacib, gərəkli məsələdir. Onda həyatın anlamıyla daha çox iç-içə olursan. Onda həyata nəyi vermək, həyatla necə davranmaq sənin üçün tamam aydınlığına yetir. Dərindən bilməyəndə, daim bilmək istəyiylə uğraşmayanda həyat sənin üçün gah mənafe olur, gah fayda qaynağı olur, gah bəsit, gərəksiz bir şey olur. Bu gah-gahdan çıxmaq üçün ruhsal Biliklərin zənginləşməlidir. Hər şeyi tanımalısan. Hər şeyi doğru bilməlisən, doğru qiymətləndirməlisən. Doğru qiymətləndirdikcə, hər şey nizam tapır, tərəzinin üstə oturur. Onda adam çaşmır, adamın içi qalxıb-enmir. Gah bir anda dönürsən cəmiyyət kimi düşünürsən, gah bir anda dönürsən ruhaniyyatçı kimi düşünürsən, bu gah-gahdan çıxmaq məsələsi var. Gah-gahdan çıxmağın da doğru yolu bilməkdir, inanmaqdır.

img_2505
Dini dışlayırsınız, Atanı qabağa çəkirsiniz düşüncələrinizdə, söhbətlərinizdə. Bunu ən çox yaşamda görünən məsələlərə bağlamağa çalışırsınız. O da gərəkdir. Ancaq təkcə görünən məsələlərə bağlayarsan, dediyin sözün kəsəri bir yerdə dayana bilər. Elə ki, üzünü tutursan özünə, orda bir çox aydınlıqlar gətirirsən, görürsən ki, üzünü özünə tutanda aldığın təəssürat, bilgi, yetdiyin səviyyə sonsuz olaraq artır, uzanır. Bir məsələnin üzərində o qədər anlamlı çalarlar tapırsan ki, düşüncən daim yenilənir. Yenilənmə odur.
Gəlin, əsas ideyamıza baxaq. “Dünyanın Mənası Dünyadan artıqdır”. Bunu dedin. Hələ onu nə dərəcədə dərindən dərk edib-etməməyi qoyuram qırağa. Gələn dəfə “Dünyanın Mənası Dünyadan artıqdır” – bunda başqa bir çalar tapırsan. Başqa çalar sənin içini fərəhləndirir. Sənin içini yönəldir, yenilənir düşüncən, duyğun, tapıntın. Yenilənmə gərəkdir daim. Müsəlman yenilənmir ki. Ona görə cəhalət aləmi basıb. Yenilənmək istəsə, cəhalətdən çıxar. Yenilənmək istəmir. Konservativ həyata bağlıdır, köhnəliyə bağlıdır. Ocaqçının haqqı yoxdur bir cümlənin üzərində deyə, dayana. Gəlişdirməyə düşüncələrini, yaşamını ona bağlamaya. Buna onun haqqı yoxdur.
Dində Allah var, bəndə var. Atada Mütləq var, Dünya var. Mütləq var, Həyat var. Mütləq var, İnsan var. Baxın, əgər bunun dərindən fərqinə varmasan, onda bu, İsanın “troitsa”sı kimi bir şey olar. Onda bu, Zərdüştün dualizmi kimi bir şey olar. Qıraqdakılar üçün ayrı bir şey olar. Dünya, Həyat, İnsan. Dünya da, Həyat da, İnsan da özündə Mütləq daşıyır. İnsan anlamca Mütləqdir. Din onu demir. Din deyir Allah var, bəndə var. Ancaq sən deyirsən, Mütləq var, İnsan var. Varlıqda bu amili önə çıxarırsan: İnsan, Mütləq. İnsan Mütləqdir anlamca. Biz də deyirik ki, Mütləq Dünyanın içsəl qüdrətidir. Yaxşı, əgər İnsan Mütləqdirsə, dünyanın içsəl qüdrətidirmi? Sözdən belə çıxır. İnsan dünyanın içsəl qüdrəti deyil. Bəs necə Mütləqdir? Necə o Allahdır? Bəs hürufilər niyə deyir Allahdır? – Dünyalıq adlı Məna var. İnsan Dünyalıq Mənasına özgündür. Ancaq İnsan Dünyalıq adlı Məna deyil. Dünyalıq Mənasının daşıyıcısıdr. Dünyalığın ifadəsi çoxdur – İnsanlıq, Həyatlıq. Niyə İnsanlıq, Həyatlıq? Dünyalıq, Həyatlıq, İnsanlıq – Mənanı üçləşdirirmi? Mənanı üçləşdirmir. İnsanlıq və Həyatlıq Dünyalıq demədir. O Dünyalıq ki, dünyanın içsəl qüdrətidir. Bütün dünyanın əsas sütunlarından biri İnsandır. İnsanın varlığını bəlli edən, dünyanın varlığını bəlli edən nədir – Həyat. Həyat Dünyalığın içindədir. Dünyalıqdan həyata Həyatlıq gəlir. Dünyalıqdan insana İnsanlıq gəlir. İnsanlıq Dünyalıqdır, Həyatlıq Dünyalıqdır. Dünyalıqdan gələn Dünyalığa qayıdır. Cövhər, nüvə, ölçü birdir – Dünyalıq. Ona görə də burda üçlük yoxdur. Birdir. İnsan bir olana özgündür. Həyat bir olana özgündür. Bu, Dünyalıqdır.
İslamın Allahında Mütləq yoxdur. Allah Mütləqliyini itirir. Çünkü nisbi keyfiyyətlərlə yüklənir. Mütləqə özgün olan keyfiyyətlərlə yüklənmir. Mütləqi xarakterizə edən, anladan söz nədir? – Əzəli, Əbədi, Kamil, Sonsuz. Yəni əvvəli olmayan, axırı olmayan, naqis olmayan və məhdud olmayan deməkdir. Bu, Asif Atanın İnamının cövhəridir. Buna inanır. Burada o, oyun tapmır, ya da oyun salmır bura. Bu, onun üstünlüyüdür. Ona görə bizim inamımızı Ata qaranlıqdan, gerilikdən, cəhalətdən təmizləyir. Tamam aydınlığa çıxarır. Burda sənin üz tutduğun nə varsa, hamısı gözəlliklərdir. Hamısı fəzilətlərdir. Burda oyun yoxdur. Oyunda fəzilət olmur, gözəllik olmur. Oyun antigözəllikdir.
Həyatı özünə sərfəli düşünmə. Özünün mənafeyinə uyğunlaşdırma. Özünün mənafeyinin adına qoyma. Onda insanın nə münasibətində qaranlıq olacaq, nə yaşamında qaranlıq olacaq, nə varlığında. İşığa çıxacaqsan. İşıqda ədaləti tanıyacaqsan, vicdanı tanıyacaqsan, həqiqəti tanıya­caqsan, bərabərliyi tanıyacaqsan. Adil olan gələcəyi tanıyacaqsan. Ölçüyə çevriləcək, qanunların əsasına çevriləcək. Varlığının əsasında duracaq. Ondan sonra nə qədər bunu inkar eləmək istəyən ayrı-ayrı adamlar olur-olsun, sənin qanunların insani ölçülər üzərində formalaşacaq, onu da həyata keçirən insanlar yetişəcək. Qoy idarəetmədə ləyaqətli insanlar olsun, kamil, vicdanlı insanlar olsun. Onda sənin həyatın işığa çıxacaq.
Sən idarəetmədə əyilirsənsə, səndən nə gözləyim? Sən daim əzəcəksən məni. Mən sıradan biriyəm. Kəndçiyəm, kamil deyiləm. Ancaq canlıyam, insanam, yaşamaq istəyirəm. Mən sənə inanmaq istəyirəm. Özümün elə gücüm yoxdur, ancaq sənə inanıram. Sən də basıb məni qarışqa kimi əzirsən. Niyə əzirsən? Çünkü insanlıq ölçüsünü itirmisən. Mənə onunla yanaşmırsan. Mənə özünün mənafeyindən yanaşırsan. Mənə Allahsızlıq ölçüsündən yanaşırsan. Ləyaqətsizlik ölçü­sün­dən yanaşırsan, ona görə də mən sənin üçün çıxdanc vasitə kimi görünürəm. Mən sənə – varlığa münasibətin xətti, yolu kimi görünmürəm.
Mən insanam, sənin məndən xoşun gəlməyə bilər. Çünkü mən kamil deyiləm. Bir az cılızlığım var, bir az ağlım azdır, bir az düşüncəm zəifdir. Bir az üzüm, gözüm qaradır. Xoşun gəlməyə bilər. Sevməyə də bilərsən. Ancaq içindəki ədaləti sev. İçindəki Mütləqi, insanı sev. Onda mənə qarşı, sevməsən belə, əzici davranmayacaqsan. Həyatın ölçüsü bu olmalıdır. Asif Ata bunu deyir. Bu da nağıl deyil, mücərrəd deyil ki. Söz yox, demir ki, mən bunu deyən kimi hər şey əla olacaq. Buna çalışmaq gərəkdir. Bunu oldurmaq gərəkdir. Zəhməti buna qoymaq, zaman-zaman bunu oturtmaq gərəkdir. Sənin mahiyyətindən, içində olandan çıxış edir. Sən niyə özünü heyvan yerinə qoyursan? İçindəkini niyə öldürürsən? İçindəkini öldürürsən deyə, məni əzirsən. İçindəkini öldürməsən, məni əzməyəcəksən. Sənin içində yoxdur məni qoruyan hikmət, məni qoruyan ölçü. Məni yıxan bir şeylər var sənin içində, mənəviyyatında. Məni talayan, öldürən bir şeylər var. Sənə o diktə edir hərəkəti, addımı.
Lap belə götürək. İnqilabı kim edir? Biz inqilabın yanlısı deyilik, intibahın yanlısıyıq. Bu ayrı məsələ. Ancaq lap inqilab elə. İnqilabı kim edir? İnqilabı səni əzənlərin bir tayı edir. Onun içində də o kamillik, yetkinlik yoxdur. Onun içində də ədalət yoxdur. Sadəcə olaraq, o başdakının əlindən təngə gələndir, onun yerinə göz dikəndir, onu qısqanandır. Odur inqilab eləyən. Zaman-zaman inqilabların qələbəsini kim təmin edib – burjuaziya. Bəs burjuaziya kimdir – bəlli bir mənafeyi, varı, pulu olandır. Onu qorumaq üçün eləyir. İnsanlığı yaşatmaq, qorumaq üçün eləmir ki, inqilabı. İnqilab eləmək istəyən üçün də Asif Atanın dediyi gərəkdir. Hara gedirsən get, nə edirsən et, Asif Atanın dediyi gərəkdir. Ancaq Asif Atanın dediyi olsan, görəcəksən ki, inqilaba-filana ehtiyac yoxdur.
Asif Ata demir ki, gəl stolun qırağında otur, səhərdən-axşama Amallaşma hesabatı ver. Amallaşma hesabatını ver, addım at. Ya Amallaşma hesabatından öyrən.
Bu, bizim öyrəndiyimiz və öyrətmək istədiyimiz məqamlardır. İfadə edə bilmirsənsə, onu gerçəkləşdirə də bilməyəcəksən. Bildiyin ifadəyə gəlməlidir. Sözə çevirməyi bacarmalısan. Sözə çevirə bilməyəcəksənsə, heç vaxt həyata keçirə bilməyəcəksən. Mən deyəndə sənin içində nələrsə oyanır, deyirsən ki, mən də bunu düşünrəm. Halbuki sən onu düşünmürsən, o sənin içində var, dərk eləmirsən onu. Sadəcə mən dedikcə görürsən ki, istədiyin budur. Ancaq sən onu ifadə edə bilmirsən. İfadə eləməyin özü də döyüşün hərəkətverici bir çalarıdır. Həryönlü insan formalaşmalıdır, yaranmalıdır.
Deyirsiz ki, kitablaşdırma əməli fərəhli əməldir. Bu, bayaqdan dediklərimi bilmək, öyrənmək üçün ruhsal bazadır. Bir var burda söhbət edirsən 5 adam eşidir, bir də var bunu sabah da kimlərsə oxuya, düşünə. Arxiv yaratmaq çox dərin bir şeydir. Bizim işimizin bir çaları da, yaşarılığı da arxiv, ədəbiyyatlar yaratmağımızdır. Ədəbiyyatlarsız, arxivlərsiz sözümüzün yeriyə­cəyinə bel bağlaya bilmərik. Dayanar, qırılar, qurtarar. Bu bir. İkinci, tədbir keçirirsən, tədbirə gəlirsən, tədbirə adam çağırırsan. Çağırdığın insanla oturub böyük dərdin içinə girməyi bacar­maq gərəkdir. Ona anlatmaq gərəkdir, onu dinləmək gərəkdir. Yoxsa biz tədbir xatirinə tədbir keçirmirik. Məqsəd qurulmaqdır, yetişməkdir və yetişdirməkdir.
Bu gün gözünüzün qabağın­dadır, çalışan insanlar az deyil. Ancaq çalışan insanların ölçüsü yoxdur. Hamısı çıxır ortaya. Ən qısa zamanda ümid boşa çıxır. Çünkü bizim dediklərmiz – İnsan kamilliyi yoxdur, güvənc duyğusu yaranmır adamda. İnsanlar qrup-qrup ortaya çıxırlar, onların biliyinin də gücü yoxdur, təfəkkürünün də gücü yoxdur, iradəsinin, cəsarətinin də gücü yoxdur. Sadəcə olaraq, qabiliyyəti, istedadı var. Qısa müddətdə ya bunlar ələ alınır, ya da gücdən düşüb dağılıb gedirlər. Yol tapa bilmirlər. Qorxurlar.
Doğru bilik, doğru yol, doğru düşünmək insanı Allaha çevirər, doğrudan da. Elə cəsarətliyə çevrilirsən ki, heç vaxt sən öz sözünü deyəndə, mübarizə aparanda qorxmursan, qorxmaya­caq­san. Sənin başını kəsə bilərlər. Ancaq səni susdura bilməzlər. Ancaq heç o birinin başını kəsmir­lər, biri ayağını yerə döyən kimi o susur. Çünkü bilmir, dərk eləmir, cəsarəti də yaranmır. Ona görə Ocağın ölçülərinin çox böyük üstünlükləri var. Bu üstünlüklərə həryönlü yiyələnmək, bilmək gərəkdir. Ocağın tədbirinə gərək Ocaqçılar da, Ocağı arzulayanlar da uça-uça gəlsin. Naz eləyə-eləyə gəlməsin. Ağzını sürüyə-sürüyə gəlməsin. Bunun üçün Atadan, Ocaqçılardan, tədbirdən, özündən, özüylə Ocaqçıların birliyindən ilham almalıdır, güc almalıdır. Təpər alma­lıdır, eşq almalıdır, doğrudan da. Ondan sonra görəcəksən ki, necə uça-uça gedirsən. Həyatın basırığından, sərtliyindən, amansızlığından ayrılıb Ocağın tədbirinə gəlməyə çalışırsan. Ata onu verib, biz onu yaratmalıyıq, yaşatmalıyıq.
Ocaqçıların əməyini azaltmamışam, yenə də azaltmıram. Ancaq Ocaqçlar daim özündən artığa can atmalı, olanla barışmamalıdır, daim yüksəkliyə. Fərəhli, eşqli, qanadlı hesabatlar olma­lı­dır. Bu mənim həm yaşadığımdır, həm sevdiyimdir, həm də istədiyimdir. Tələb elədiyim­dir. Ocaq Ailələrinin uğurlarını bilirəm, daha böyük uğurlar diləyirəm.
Göylü ilə bağlı dediyiniz çağırışlara da qoşuluram. Hər kəsinizin Göylüyə sunduğunuz sevgini doğru sayıram, mən də ona qoşuluram. Ancaq mən həm Göylünün qiymətini, həm də çatışmazqlıqlarını daha çox bilirəm. Bir insan ömründə ideyanın hansı tələbləri oturur? Məsələn, ideyanın tələblərinə öz iradən az cavab verə bilər, çox cavab verə bilər. Bu ayrı məsələdir. Ancaq ideyanın ömürdə, sevgidə oturuşması məsələsi var, ömrü yönətməsi məsələsi var. Ayrı-ayrı hallarda ağlın sağ-sol gedə bilər, ancaq ömrün daim o tələbin dalınca gedir. 18 il o deməkdir. Ayrı-ayrı çağlarda ağlın nə düşünr, harda əyilir, durur, düzəlir, güclənir, zəifləyir, bunlara baxmayaq, ömür daim, gücüylə, gücsüzlüyüylə, böyüklüyüylə, zəifliyiylə o tələbin dalınca gedir. 18 il o deməkdir. Mən demişəm, xatırlatma eləyirəm. Bir insanın ömründə Atanın tələbi yaşayırsa, o elə Mütləq deməkdir.

img_2497

 İnsanlar görün necə çalışır? Bir var hər şeyindən keçən İnsan. Mütləq fədakarlıq edir. Vətənini sevir, millətini sevir, insanı sevir. Bir də var, birisi vətəndən danışır, insandan, millət­dən danışır. Çalışır, çalışır özünə yaxşı həyat qurur, altına maşın alır, rütbələr alır, həm də çıxarılır tribunalara. Ordan da başlayır insanlara vətəndən danışmağa. Obrazlı desək, isti sobanın qırağında oturub çörək yeyə-yeyə gözəllikdən danışmağa nə var! Gərək ağzında dilin şaxtadan donduğu bir çağda gözəlliklərdən danışasan, biləsən ki, o ayrı şeydir. Onu hər adam bacara bilmir. Ortam yaradılan, gözəl olanaqları olan hər kəs birinci özünə çalışır. Sonra başlayır danışmağa. Belə də ölçü yaradıblar ki, filankəs özünə gün ağlaya bilmir, xalqa nə gün ağlayacaq? O başa düşmür ki, filankəs özünə maddi gün ağlaya bilməyib. Özünə maddi gün ona görə ağlaya bilməyib ki, xalqın dəlisi, divanəsi kimi yaşayır. Xalqa da maddi gün ağlamır. Xalqa mənəvi gələcək yaradır. Eldə, xalqda həm ölçülü, yaxşı sözlər yaranır, həm də ölçüsüz sözlər yaranır. Ölçüsüz sözlər o cür yaşayanların ortaya çıxardığı sözdür – “Özünə gün ağlaya bilmir, xalqa nə gün ağlayacaq?”. Ölçü söz: “Özünə ona görə gün ağlaya bilmir ki, xalqa gün ağlayır”. Yaxşı ortamı olan adam haqqında deyirlər vətənini sevir, burda özünü şəhid edən haqqında isə deyirlər ki, nə gün ağlayacaq. Bu ölçünü darmadağın eləmək gərəkdir. Bu ölçünü şüurlardan, ağıllardan silmək gərəkdir – əsillik səviyyəsindəki ömürlərlə. Əsillik səviyəsindəki mübarizə­lərlə.
Göylü həmin bu aqibəti yaşadı. Özünə gün ağlamayan, xalqa mənəvi gələcək düşünən ömür yaşadı. Bu ömür əbədiyyətin işığına qərq olur. Belə ömür yol göstərən olur. Belə ömür ölçü verən olur. Mən amaldaşlarıma belə ömür arzulayıram. Demirəm acından ölün, özünüzə heç nə eləməyin. Ancaq boğazdan yuxarı yaşamayın. Yaşamamısınız da, Asif Atanın Ocağını bu günə gətirib çıxartmısınız. Bundan sonra da aparacaqsınız. Göylüyə ömürdə fərəh işığı yandıran çətinliklər diləyirəm. Bu çətinliklərin altında dayana biləcək qüdrət diləyirəm. Ləyaqət diləyi­rəm. Asanlığa qaçıb kiçiklərin yanında durmamaq, çətinliklərdən uca olaraq böyüklərə qoşulmaq ömrü, işığı və gələcəyi diləyirəm.
Sözümü nikbin, fərəhli sonluqla bitirirəm. Gələcək yaşamımızda yeni düşüncə qapıları açmaq diləyirəm hər birinizə. Çalışmalarımızda dərin bilgilərə yetmək, bu bilgilərlə də böyüyüb, xalqa doğru böyük addımlar atmaq gücü, əzmi diləyirəm.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə tədbir sona yetdi.

 Yağış Ayı, 38-ci il. Atakənd.
(noyabr, 2016. Bakı).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir