Dünya Gənc Türk yazarlar Birliyinin “Türkün səsi” kitabına rəy verərkən mən “Türkün səsi”ni türk ruhunun ucalığında görmək arzumu çatdırmaq istəyirəm.
Dünyada ən böyük ərazisi olan türk, öz torpaqlarında, yüzillərlə türk millətini əsarətdə saxlayan yad qüvvələrə, onların dini və siyasi imperiyalarının mövcudluğuna dözür nədənsə.
“Dünya ağaları” türkün böyüklüyünü qəbul etmir, əksinə, türkü məhv etmək zoruyla yaşayırlar.
Atatürk möhtəşəmliyi bu zoru yendi. Atatürk formaca elə dövlət qurdu ki, imperialist qüvvələr onu tanımaq məcburiyyətində qaldılar. Atatürkün yaratdığı Cümhuriyyət tərkibcə Türk Dövləti oldu və türkü yenidən var etdi, böyük Türk Dünyasının reallaşmasına İnam yaratdı.
Türkün bu inamından daha da qorxuya düşən güclü dövlətlər “Türk məhv olmalıdır!” ideyasından doğan strateji xətlərini bir daha sərtləşdirdilər.
Biz türklər Batını, Rusiya da daxil olmaqla, türk problemlərinə ikili yanaşmada qınadığımız halda, Türk Birliyi məsələsinə özümüz də bir-birinə zidd təfəkkürlə yanaşırıq: bir tərəfdən milli, digər tərəfdən milliliyi rədd edən dini baxışla və Batı düşüncə tərziylə.
Belə yanaşmanın sonu daha dərin yenilmədir.
Türkün bu halı türkə düşmən mövqedə duran dini və siyasi dairələr tərəfindən alqışlanır. Bugün ABD başqanı Türkiyəni ziyarətə gəlir. Türkün daxilində baş qaldırmış ziddiyyətlərdən bəhrələnərək, türkə kürd və ermənilərə qucaq açmağı buyurur.
Bu buyuruğun mayasında Türk Cümhuriyyətini parçalamaq, türk ruhunu sarsıtmaq istəyi durur.
Türkiyə zəif dövlət olmadığı halda, Batının basqısına niyə təpki göstərmir? Türkü təpkisiz edən nədir?
Batı, Rusiya da daxil olmaqla, siyasi və hərbi gücü ilə arxasında durduğu bir ovuc tayfanı türkün üstünə qısqırdır ki, türkü parçalamaq niyyətini gizlətsin. Onlar türkü dünya xalqlarının dəstəyindən məhrum etmək məqsədilə böyük türk millətinin kiçik və “çox iztirablı” bir tayfa ilə savaşdığı təsəvvürü yaradır.
Erməni tayfası bu olaylardan faydalanmaq fürsətini əldən qaçırmır, zəbt etmiş olduğu türk torpaqlarında türkün dəyərlərinə ortaq çıxmaqla özünü dünyaya qədim mədəniyyətə malik millət kimi göstərir. Gündə bir türk abidəsini, türk qədimliyini özününkü elan edir.
Ancaq buna baxmayaraq, “Türkün səsi” özünü erməni məkrinə qarşı yaranan ifşaetmə kampaniyasına pərçimləməli deyil. O, bizə bu halı yaşadan sıxıntılara qarşı çıxışlar etmək səviyyəsinə qalxmalıdır.
Türkün başı üstünü tarixdə fars, ərəb, rus işğalı aldığı məqamlar olub. İşğalçılar bir-birini əvəz edib… Gələcəyimizi qorumaq gərək.
Dəyərlərimiz məhv olub, yandırılıb. Türkün dəyər yaratmaq əhvalı isə qalıb. Bu halı yaşatmaq gərək.
Türk inam yaratmaq imkanlarını əldən versə də, inam yaratmaq ruhunu saxlaya bilib. Bu ruhu Göylərə ucaltmaq gərək.
“Türkün səsi” mənim giriş sözümdəki siyasi məqamlara etiraz edərək deyə bilər ki, bu, bir ədəbiyyat toplusudur.
Mən də özümə məxsus bir əminliklə soraram: “Ədəbiyyat nə deməkdir? Türkün səsini soyuna çatdıran dramaturq, naşir kimdir? Kimi təmsil edir?
Onun özü, sözü, səsi, yaxud İnamı, İdrakı, Mənəviyyatı türkündürmü?
Türkünmü dəyərlərindən onun ruhu işıqlanıb?
O, türk İnamındanmı dünyanı dərk edir?
O, türkünmü mənəviyyatını dərk edir?
O, insanlara türkünmü mənəvi mahiyyətini çatdırır?
O, əsərlərində türkünmü iradəsini, idrakını incələyir?
O, obrazlarında türkünmü sifətinin cizgilərini cızır?
Mən bu suallara “hə” və ya “yox” cavabı almaq istəmirəm. Mən demək istəyirəm ki, yadlığı, yad ideyaları içimizə gətirməklə türkü məhv etməyə xidmət göstərən “dost” nəşrlər olduqca çoxdur. Mən “Türkün səsi”ndə yadlığı təbliğ edən “türk” yazarlarının yazısını görmək istəməzdim. Onların başqa nəşrlərdə çap olunma imkanları sonsuzdur.
Mən “Türkün səsi”ndə Türk kişisinin səsini, Türk Ruhunun gücünü duymaq istəyirəm. Türk İnamının müqəddəsliyini hiss etmək istəyirəm.
Almas İldırım, Hüseyn Cavid, Əhməd Cavad mövzusunu gündəmə gətirməyi “Türkün səsi”nin uğuru hesab edirəm. Onlar Türk ruhuyla yaşayan, Türk ruhunu yaşadan şəxsiyyətlərdir.
Aydın Həsənoğlunun yazısını oxuyarkən Almas İldırım mənim təsəvvürümdə sufi kimi canlandı: zəmanəsinin ədalətsizlik, mütilik, müqəddəssizlik, “Allahdan qorxu” kimi qeyri-ruhani hisslərlə əhatə olunmuş mühitə enməyən, endirməyən bir sufi kimi.
O da sufilər kimi, dövrünün ölüm saçan ədalətsizliyinə dözmür, tərki-cahan olaraq dağlara çəkilir, fəryad qoparır.
O, həqiqəti dağın insanlaşan obrazında – Vüqarında, qüdrətində, əzəmətində axtarır. Dağdan nicat diləyir və inanır ki, ən çətin anda dağ qüdrətli xilaskar yetirəcək.
“Türkün səsi”nin Almas İldırım, Hüseyn Cavid, Əhməd Cavad kimi aydınları daim yaşatmaq halı türk varlığını əbədiləşdirməyə xidmət deməkdir.
Almas İldırım, Hüseyn Cavid, Əhməd Cavad kimi yaşamaq isə insan olaraq yaşamaq, şəhid səviyyəli aydın olmaq anlamındadır.
***
Duyğu Karahasanoğlunun Hüseyn Cavid yaradıcılığına həsr etdiyi yazı məni təəssüfləndirdi. “Peyğəmbər” və “Şeyx Sənan” əsərlərinə istinad edərək H.Cavidi dini baxışlı dramaturq adlandırmaq böyük sənətkarın yaradıcılığına qərəzli baxış sərgiləməkdir, məncə.
Yazıdan aydın olur ki, Duyğu Karahasanoğlu qatı dindardır. O, yazısında mövzu ilə uzlaşmayan dini ayinlərə, moizələrə geniş yer ayırır.
Təbiidir ki, dini duyğuların basqısı altından çıxa bilməyənlərə Cavid səltənətini, Cavid ucalığını görmək nəsib olmur.
Hüseyn Cavid dini mövzuya toxunduğu əsərlərində hakim dini ideologiyanın insanların həyat tərzinə təsirini açmaqla bərabər, insanların daha dərin qatlarına daxil olur, insani duyğular qarşısında dinin sönüklüyünü üzə çıxarır.
Belə düşüncə sərgiləməklə Hüseyn Cavid yeni bir inanc icad etmirdi. Sadəcə bütün görkəmli mütəfəkkirlər kimi, o da həqiqəti dinin uydurmalarından ayıra bilib.
İslam dininə iman gətirən və dinin yüksək zirvəsinə qədər qalxmış sənətçilər belə, özlərini islamda deyil, sufilikdə (M.Həllac, C.Rumi və b.) və sufiliyin yüksək mərhələsi olan hürufilikdə təsdiq ediblər.
Hüseyn Cavidin “Peyğəmbər” əsərinin əsas qayəsi Peyğəmbərlik Hadisəsinin mahiyyətini açmaqdır. Peyğəmbərlik Hadisəsinin müqəddəsliyə, ülviliyə, həqiqətə vurğunluq, Mütləqə (Allaha) aşiqlik olduğunu anlatmaqdır.
“Peyğəmbərlik Hadisəsi Göy Müqəddəsliyinin Yerdə görünməsidir” – deyir Asif Ata. Əsərin ana xətti bu uca fikrə həsr olunub.
Hüseyn Cavid əsərdə Məhəmməd peyğəmbərin həyatını təsvir edir. Onun Peyğəmbərlik Hadisəsinə nə dərəcədə yaxın və uzaq olduğu məamları bütün incəlikləri ilə açır.
Əsərin əvvəlində Həzrəti Məhəmməd Peyğəmbərlik Hadisəsinin içində və ona yaxın olduğu halda, hadisələr inkişaf etdikcə ondan aralanır. Əsərdə bu fərq aydın nəzərə çarpır.
Hüseyn Cavid Peyğəmbərlik Hadisəsinin Müqəddəsliyini daha tutumlu etmək və orada Yer elementlərinin olmadığını göstərmək məqsədi ilə əsərdə Yer obrazı (İskelet) yaradır. Məhəmməd peyğəmbərin həyatında yer almış zor elementlərinin Göy müqəddəsliyindən gəlmədiyini, Göy çağırışı olmadığını təsdiq edən bu obraz cəlbedici boyalarla təsvir olunur: o, Yerin alt qatından zühur edir, onun belindən parıltısıyla gözləri qamaşdıran qılınc asılmışdır.
Göy çağırışı Mələk obrazında verilir. O, peyğəmbəri ədalətə, müqəddəsliyə səsləyir; Yer ədavətə və zora çağırır. Göy onu Allah sevgisinə səslədiyi vaxt Yer onu Allah xofuna çağırır.
Göy peyğəmbərə insanları ədalətə çağırmağın yeganə, düzgün yolunun kəlam (Uca Söz) yolu olduğunu anladır. Yer isə peyğəmbəri “inqilaba” çağırır, onu zorun, qan tökməyin vacibliyinə inandırır.
Haqq-təalanın buyuruğunu yerinə yetirmək üçün Mələk ona kitab verir. İskelet isə sıyrılmış qılınc…
Göylə Yeri barışdırmaq istəyir peyğəmbər…
Sonda ikiləşir, ziddiyyətləşir…
***
Hüseyn Cavid “Şeyx Sənan” dramında da Dini Həqiqətlə üz-üzə qoyur. Bu təzadda Həqiqət qalib çıxır.
“Şeyx Sənan” əsərinin baş qəhrəmanı müqəddəs ruhlu, pak qəlbli bir insandır. Şeyx Sənan ruhunda yaşatdığı həqiqəti, ədaləti, ülviyyəti ən gözəl cizgilərlə canlandırmağı bacaran, ruhunun saflığını mələk simasında görən ruhani şəxsdir.
Şeyxin röyaları onun ruhunun təzahürüdür. Röyada gördüyü mələk ona “gəl” deyir, onu haqqa, haqqın dərgahına çağırır.
Şeyx ölkələri ziyarət edərkən ruhuna doğma olan insana rast gəlir. Xumar Sənan ruhundakı mələyin bənzəri, həm də özüdür. Məsumluğu, saflığı, bakirəliyi üzünün cizgilərinə qonmuş nuranə, munis baxışlı bir mələkdir Xumar.
Sənan “naili-vüsalə” yetirkən müridlərinə “bən Nuri-Həqqi buldum. Gediniz başqa şeyxə iqtida ediniz” – deyir.
Haqqa çatan insan üçün din bir heçdir. “Şərab içmək, xaç taxmaq, Quranı yandırmaq, donuz otarmaq” belə insan üçün adiləşir. Haqq yolunda – Xumar yolunda atacağı hər bir addımı səadət sayır Sənan. Dərk olunmur Haqq yolu Yer əhli tərəfindən. Göyə Ucalanı daşlamaq, döyüb öldürmək, məhv etmək halı var yerdəkilərin.
“Sonda Sənan və Xumar əl-ələ tutaraq Yer uçurumundan adlayırlar, Göy ənginliyinə qalxırlar, Haqqa doğru uçurlar”… (Asif Ata “Yerdəkilərin Göy Həsrəti”).
Aşiqlərin Göyə ucalma halını ancaq Dərviş görür və Yerdəkiləri buna inandıra bilir. Dərviş əsərdə epizodik məqamlarda görsənsə də, əsərin fikir yükünü öz üzərində daşıyan personajlardandır.
Dərviş tərki-cahan olduğu qədər ilahidir. O, Göy həqiqətinin Yerdəki nümayəndəsidir. O, hər şeyi biləndir. Lakin Yer adamlarının Dərvişə münasibəti insanların haqq-ədalətə, müqəddəsliyə, Allaha olan İdraksız münasibəti kimidir.
***
Hüseyn Cavid təpədən-dırnağa qədər türkdür. O, türkçülüyün şəhidlik zirvəsinə yüksəlmiş aydınlarımızdandır. Bu ucalığa qalxmağa təkan verən amil böyük sənətkarın türk millətçiliyi ilə islam dininin bir araya sığmayan keyfiyyətlər olduğunu dərk etmə məqamıdır.
Bu dərketmə türkçülüyün şəhidlik zirvəsidir, qorxusuz, ürküsüz; dahiyanə, filosofanə.
Onları birləşdirmək cəhdi bütün zamanlarda türkü diz çökdürməklə sonuclanıb.
Söylənilən fikir Ziya Göyalp türkçülüyünün aşağılanması anlamına gəlmir. Ziya Göyalp “Türkçülüyün əsasları”nı qələmə alarkən “türk” sözü, demək olar ki, millət anlamı daşımırdı…
O vaxtlar türk millətçiliyinin işartıları islam tozanağı altında itib-batmaqda idi.
Ziya bəydə ümməti saxlamaq cəhdi türkün fiziki varlığını qorumaq amacından qaynaqlanırdı. Ziya Göyalpın istəyi türkü bu tozlu-tozanaqlı qatların altından zədələmədən çıxarmaq idi. Ziya Göyalp eyni zamanda elmi türkçülüyün toxumlarını da səpmişdi. Toxumun yetişəcəyi, boy verəcəyi zamana qədər isə türkçülüyün birinci mərhələsini həll etmək gərəkdi.
Ziya Göyalp ideologiyasında türkçülüyün ikinci mərhələsi – ideal türkçülük uzaq gələcəyin hadisəsi kimi təqdim olunurdu. O qədər uzaq ki, hətta onun ideoloji əsaslarını Ziya Göyalp qələmə alıb, müzakirəyə çıxarmamışdı. Bu, Göyalp türkçülüyünün yetərincə işlənilməmiş, zəif tərəfi idi.
Ziya Göyalp ən gözəl röyalarında belə, görə bilməzdi ki, səpdiyi toxumdan tez bir zamanda Göylərə qədər ucalan nəhəng Atatürk dühası yetişəcək. Türkçülük tarixində Atatürk elə bir inqilab edəcək ki, onun möhtəşəmliyi qarşısında dünya sarsılacaq. Türkçülüyün mərhələli həllinə ehtiyac qalmayacaq, İslamın türkün yolunda əngəl olduğu aydın görünəcək.
Atatürkün mübarizəsində türk İnamı hakim olmalı idi. Ancaq o böyük öndərin zamanında türk inamı ideologiya halında, müqəddəs kitab şəklində ortada yox idi.
O vaxt Atatürkün İnam Atası – Asif Ata yox idi.
Türkün İnam Atası hadisəsi bundan 50 il sonra baş tutacaqdı.
Əgər Türkün ruhaniyyat hadisəsi 50 il qabağa çəkilə bilsəydi, Atatürkün əlində Asif Atanın Qutsal Bitikləri (Müqəddəs Kitabları, Təlimi) olsaydı, bu gün biz Türk Birliyi reallığında yaşayardıq.
Bu gün ziddiyyətli mövqelərdən çıxış edərək, türkü məhvə aparan yolsuzluqlarda çabalamazdıq.
Bugün türk soyunun bir Yolu, bir Amalı, bir İnamı olardı.
Atatürk millət yaratdı, Asif Ata İnam.
Atatürk Türk Cümhuriyyəti qurdu, Asif Ata Türk Ruhaniyyatı – Mütləqə İnam Ocağı yaratdı. Yeni dünyabaxış yaratmaqla həm də Yeni Eranın başlanğıcını elan etdi.
Dinlər getməlidir, İnam gəlməlidir Bəşərə, insanların mənasına – dedi Ata.
Bugün Türkü qalibiyyətə aparan yol – Atatürk möhtəşəmliyi ilə Mütləqə İnam Atasının Amal yoludur.
Türk Cümhuriyyəti ilə Mütləqə İnam Ocağının birləşməsindən Böyük milli birlik yaranacaq Dünyada. “Türkün Səsi” bu carı səsləndirməlidir.
***
“Türkün səsi” toplusunun həm həcm, həm mövzu baxımından ən cəlbedici məqamı Namiq Hacıheydərlinin “Bizə necə şeir lazımdır” yazısında bəhs etdiyi mövzudur. Geniş, əhatəli mövzunun bir yarpaq həcmli yazıda tamamlamağı bacaran müəllif, “Bizə zamanın fövqündə dayanan şeirlər – Tanrıya və insanlığa ünvanlanan şeirlər lazımdır” qənaətinə gəlir.
Bizə nəyə görə zamanın fövqündə dayanan şeirlər lazımdır? Çünki zamanın gedişi insanlığa qarşıdır. Mənəviyyatsızlığa yuvarlanan dünyanı xilas etmək çətinləşir.
Hamıya məlumdur ki, çağdaş dünyanın halı insanlığı, həqiqəti lağa qoyur. Zoru, vəhşiliyi, dəhşəti, əxlaqsızlığı təhrik edir.
Millət, insan, Yurd müqəddəsliyi mövzusunda yazılar “dəbdə olmayan”, köhnəlik sayılır. Bu gün dil, yazı mədəniyyətlərinin rəngarəngliyinə qarşı güclü basqı mövcuddur.
Məsələn, Azərbaycanda rəsmi dövlət dili Azərbaycan dili, yəni Türk dili elan olunduğu halda, hakim mövqedə duran hələ də rus dilidir. KİV-lə təmasları çıxmaqla iqtidar da bu dildə danışır.
Azərbaycan “müstəqil Dövlət” olduqdan sonra da rus təsirindən çıxa bilmir. Bunun səbəbi ölkədə rus mədəniyyətinə meylin rus dili hesabına ayaqda saxlanılmasıdır.
Bu dilin yaratdığı ab-hava yalnız əsilliyini unutdurduğu insanlara deyil, yeni nəslə də milli kimliyini təsdiq etməkdə mane olur. Bu durum rus-sovet rejiminin 37-ci il soyqırımı dəhşətindən qopan qorxunu bugünə qədər yaşadır.
Bu qorxu dünən rusa yaradığı kimi, bugün də ingilisə yarayır. Bugün ingilis dilinin öyrənilməsinin kütləvi hal alması, xüsusən bunun ana dili hesabına edilməsi sonrakı faciəmizdən soraq verir. Bu gedişin istila ilə bitəcəyini bilə-bilə ölkənin sürətlə “ingilis dili öyrənmək” kampaniyasına qoşulması nədənsə dövlətimizin, iqtidarımızın, müxalifətimizin etirazına səbəb olmur. “Türkün səsi” dil məsələsində mübariz mövqedən çəkilməməlidir.
Dil özgələşməsi Ruhun özgələşməsi deməkdir həm də. Bu səbəbdən Azərbaycanda tolerantlıq adlandırılan anlaşma imzalandı. Azərbaycan bütün dinlərin, köhnə və yeni yaranmış təriqətlərin qarşılaşdığı poliqona çevrildi.
Anlaşmanın hansı faciələrə səbəb olacağını anlamaq ona imza atanlardan o qədər də böyük ağıl istəmirdi.
Çox keçmədən hər bir ailədə müxtəlif təriqətlərə üz tutan doğma insanların bir-birini didmək halına düşəcəyini də, bunun arxasınca gələsi böyük milli fəlakətlərimizi də görmək olardı (Neft Akademiyasında törədilmiş terror hadisəsi başlanğıcdır hələ).
Yad təfəkkürə cəlb olunan gənclərimizin aqibəti heç də dünyəvi biliklərin öyrənilməsindən, “mədəniyyətlərin qarşılılı təsirindən” xəbər vermir. Bu onu anladır ki, bizim gözəl görmək istədiyimiz dünyanın qəddarlıqla dolu başqa bir sifəti də var.
Bu anda “Türkün səsi” toplusunu türk dəyərlərinə yetərincə yer ayırmamaqda qınamaq da olar.
Yadların bizə yaşatdırdıqları faciələr ona görə baş tutur ki, biz dəyərlərimizə arxa çevirməyi bacarırıq: biz dəyər yaradıcısına, məsələn, Babəkə “O, Azadlıq peyğəmbəridir!” demirik; Babəkin düşmənə qarşı mücadiləsini yenilməz edən İnam (“Fərəh”) Təliminin mahiyyətini açmırıq; Babəkin azadlıq aşiqliyinin müqəddəs anlamını incələmirik; “Babək hadisəsi – Yenilməzliyin Dəyər səviyyəsinə yüksəlməsidir!” – kəlamının fəlsəfi açımını vermirik; “Babək türkün bənzərsizliyini qorumaq uğrunda vuruşurdu” – deyimində türk ölümsüzlüyünü aramırıq; Babəki dəyər hadisəsi kimi götürüb ondakı insani, milli və bəşəri keyfiyyətləri təhlil etmirik. Bu gözəllikləri ədəbiyyata gətirmirik, insanlarımızın duyğusuna, ağlına daxil etmirik.
Türkün milli-mənəvi dəyərləri tək Babəklə tamamlanmır. Türk dəyərləri türkün əzəli peyğəmbəri Zərdüştdən başlayaraq, türk ruhaniyyatının peyğəmbəri, çağdaşımız İnam Ataya qədər davam edir.
Bu, zəncir kimi bir-birinə bağlanan, bir xətt üzrə yüksələn dəyərlər sistemidir.
Hansı türk qövmünün ruhundan hasil olduğuna baxmadan bu dəyərlər bütünlükdə hər bir türk qəlbini eyni şövqlə titrətmək, hər kəsi öz içində türk ruhaniyyatına qovuşdurmaq, türkü öz İnamına – Mütləqə İnama çatdırmaq ucalığında olan bir sistemdir.
“Türkün səsi” bu kimi çağırışların kürsüsü, tribunası olmalıdır. Ona uğurlar diləyirik!