Müxbir: Asif Ata, radio dinləciyiləri Sizi yaxşı tanıyırlar. Sizin fəlsəfəniz mənə də çoxdan tanışdır. İstəyirəm söhbətimizi marksizmə münasibət üstündə quraq.
Asif ATA: Ürəyinizdə Günəş olsun!
Elə bilirəm ki, açıq söhbət edəcəyik. Yəni ki, təkcə söhbət olmayacaq, fikir olacaq və bunun bizim cənublulara xeyri olacaq.
Mən 1976-cı ildə Azərbaycan Dövlət Universitetində «Estetik və Etik tərbiyə klubu» adı altında indiki Ocağımızı qaladım. O zaman hansı zamandı – siz onu yaxşı bilirsiniz.Onda yarım cümlə də antimarksist söz demək olmazdı. O, ölüm məsələsi idi, ancaq mən elə o dövrdə də estetika dərsi deyə-deyə təsdiq eləyirdim ki, marksizm elm deyil, dindir, xurafatdır, ən yaxşı halda siyasi mifologiyadır. Nə üçün mən belə deyirdim? Hansı əsasım vardı mənim? Bunu mən ən çox bir millətçi kimi deyirdim. «Millətçi» sözünün başına nə oyun açdılar, bunu siz yaxşı bilirsiniz. Ondan necə də dəhşətli bir düşmən obrazı yaratdılar, bunu da yaxşı bilirsiniz. 1937-ci ildə «Millətçi» sözü «güllə» sözü idi! Bunu da yaxşı bilirsiniz. Onu necə bayağılaşdırdılar, karikaturalaşdırdılar, bu da aydındır. Amma əslində isə «millətçi» sözü özü «ləyaqət» sözü qədər qiymətli idi. O sözün başına oyun açdılar. Amma o sözün mahiyyətini onlar məhv edə bilmədilər. Millətçi – xalqı, Yurdu, Vətəni mütləq saymaqdır! Nə qədər sən talantlı adam olsan, nə qədər sənə dahilik verilsə belə, əgər sən öz Vətənini nisbi bir şey sayırsansa, əgər sən öz Vətənini dünyanın yalnız bir hissəsi sayırsansa, – sənə də ağıllı deyirlər: «hissə qapılmır, duyğuya qapılmır». Əgər sən Yurdunu nisbiləşdirirsənsə, sən ləyaqətindən keçirsən, Millət ləyaqətindən keçirsən, xalq ləyaqətindən keçirsən! Bundan sonra neyləyirsən elə, nə deyirsən de, sən əksilmisən!
O dövrdə bunu demək çətin idi. Orda mən sübut edirdim ki, millətlərin bir-birinə qovuşması adlanan zahiri konsepsiya əslində siyasi bir oyundur, bəşərin ölümüdür. Bəli, Ata deyirdi bunu! Çünki müxtəliflik olmayan yerdə Birlik yoxdur! Bağ ona görə bağdır ki, oradakı ağaclar bir-birindən fərqlənir. Bağı bağ edən müxtəliflikdir. Sən bütün bağda bir ağac ək; bu bağ yoxdur! İnsan da belədir, bəşər də belədir. Müxtəliflik olmayacaqsa, onda Qəbir olacaq! Qəbirdə də insan yenə fərqlənir biri-birindən. Amma marksizmin canı bu idi ki, gec-tez bütün millətlər birləşəcək, qovuşacaqlar biri-birinə və bir dövlət olacaq – hamısını birləşdirən. Bu mümkün olan bir şey deyildi, amma canı bu idi marksizmin. Bir tərəfdən də bunu yavaş-yavaş eləyirdilər, ona görə də millətlərin çiçəklənməsi haqqında Lenin, Stalin, o birisilər danışanda aldadırdılar camaatı! O dövrdə heç bir meydan-zad da yox idi! Heç bir hay-həşır də yox idi! Amma Moskva Ədəbiyyat İnstitutunu qurtarıb gəlmiş bir adamın, estetika müəlliminin hiddəti vardı: deyirdik ki, bu, fəlakətdir. Və qəribə bir məntiq yaranırdı: bütün millətlər onsuz da yox olacaq; bir tərəfdən də milli inkişaf, milli ədəbiyyat, milli dil!.. Tutmadı bunlar! Bu, oyun idi, siyasi oyun! Və mən bunu deyirdim: 1976-cı ildə biz artıq bunu əsaslandıra bildik – 1982-ci ilə qədər. Tək bunlar deyildi. Bütün indi deyilən nə varsa, türkçülük haqqında, müstəqillik haqqında elə bir söz olmadı ki, biz onu əvvəl deməyək; özü də yüksək fəlsəfi səviyyədə. Bilirdik ki, bu çox ağır işdi, adamın başına min cür iş gələcək. Bayaqkı söhbətimizə qayıdıram: İnsanda elə bir güc var ki, o, Şəraitdən artıqdır! Fikirləşmirdim ki, noolacaq! Nə olur-olsun! Özünüz yaxşı bilirsiniz ki, həyata qarşı münasibətdə iki yön var: biri var opportunizm, biri də var avantürizm. Opportunist – şəraitin arxasınca yüyürür, ayaqlayan uşaq kimi. Şərait dəyişir, o da o saat dəyişir, bizim ziyalılar kimi. Yaxşı bilirsiniz ki, bütün indiki dindarlar dünənki ateistlər idi! Ateizm kafedrası vardı, o kafedranın müdiri indi Dinçi olub! Utanıb ölmür! Mənimlə də döyüşürdü o vaxt. Qərəz, o dövrdə, artıq 1982-ci ildə Asif Ataya qarşı açıq hücum, təqib başlandı. Qətiyyən mən bunu xüsusi qeyd eləmək fikrində deyiləm. Bayaqkı söhbətin arxası kimi, məntiqi davamı kimi deyirəm. Və Asif Ataya damğalar vuruldu: Birinci damğa – antimarksist. İkinci damğa – antikommunist. Bunlar biri-birinə yaxın olsalar da, fərqləri var: o nəzəriyyədi, bu – əməldi… Ondan sonra millətçi, pantürkist. O dövrdə bu, çox böyük ittiham idi. İndi hamı pantürkist olub. Yalandan. O dövrdə bu çox ağır idi. Və hətta klerikalist. Bu da onların ağlının ucundan. Lakin mən heç zaman demirdim ki, antikommunizm mütləq gərək kapitalizm olsun. Mənim ağlım vardı, vicdanım vardı. Belə cəfəngiyyata çağırmazdım. Mən deyirdim ki, irəli getmək lazımdır kommunizm cəfəngiyyatından. Təzə bir ideya tapmaq lazımdır. Mən demirdim ki, təzədən biz XIV əsrə qayıdaq. Kapitalizmə qayıdaq. Kapitalizmə elə gözəl qayıdırlar, elə yüyürə-yüyürə qayıdırlar ki, indi!.. Peşman olacaqlar! Bəlkə elə indi də peşman olanlar var. Antikommunizm o zaman gözəldi ki, o həm də antikapitalizmdi. Geri qayıtmaq olmaz! Neçə əsrdir ki, bəşər kapitalizmə lənət oxuyur! Elə deyilmi? Sən mənə bir nəfər filosof tap, normal olsun – bizimkilər kimi yox; onlar filosof deyillər ki! Onların fikri yoxdur, onlar əzbər¬çidirlər. Bir nəfər şair tap – böyük şair, yazıçı tap ki, o, kapitalizmə lənət yağdırmasın! Şekspir, bizdə Hüseyn Cavid, böyükləri mən götürürəm. Balzak, Stendal, elə hamısı, hamısı! Folkner, mən Qərb ədəbiyyatından da dərs demişəm. Bütün bəşər dahiləri hamısı deyirdilər ki, pul gözəli çirkin, çirkini gözəl eləyir. Bunu Şekspir deyirdi və düz eləyirdi. İndi təzədən bu gedişat bizi gətirib çıxarır pulçuluğa! Adını nə qoyursan qoy, demokratiya-filan – onun canı birdir: dünyanın üzərində pul hakimiyyəti! Beş nəfər, on nəfər üçündü dünya! Özləri deyirlər. Məsələn, irəli getmiş ölkələrin sərvətinin iyirmi faizi camaata çatır, səksən faizi beş nəfərə! Budurmu sənin gözəlliyin? O ki qaldı başqa cəhətlər, tutalım ki, söz azadlığı-filan; onlar olmalıydı. Onlar üçün o, elə böyük bir şey deyil. Söz azadlığı normal və adi bir işdir. İndi məsələ budur: nə üçündür o söz azadlığı? Söz azadlığı ondan ötrüdür ki, kapitalizm yaşasın.
Bu sözümün sonu. Marksist kommunizminə heç zaman inanmamışam. Marksın kapitalizmi tənqidi düzdür. Marksı bir zaman göyə qaldırmışdılar, Allah eləmişdilər. İndi o, heç nədir. Marks hər halda Fuad Qasımzadə deyildi, talantlı adam idi. Ona görə də bu gedişat Atanın istədiyi gedişat deyil. Bu gedişatın bir tərəfi də Azərbaycanın taleyidir, Azərbaycanın vahidliyi məsələsidir. Çox narahatam. Və istəyirəm ki, bununla bağlı da öz fikirlərimi deyim. İndi hansı cəmiyyət lazımdır, nə lazımdır? Onu axırda deyəcəyəm.
Mən istəyirəm ki, Ata Evinə gələn adamda doğmalıq olsun: Mənə o lazım deyil ki, bura gəlsin, özünü göstərsin. Ataya şöhrətpərəst-zad lazım deyil. Mənə fikirlərimə şərik olan lazımdır.
Müxbir: Sizinlə söhbət etmək, Sizin kimi böyük, müdrik, fitri şəxsiyyətlə söhbət etmək xoşdur mənim üçün. İndi istəyirəm Ata Azərbaycanda millətçiliyin, müstəqilliyin səviyyəsi haqqında danışsın. Özünü bu torpağın oğlu sayan bir kəs millətini sevməlidir… Ata, bu çətin vəziyyətdən biz necə çıxa bilərik?
Asif ATA: Müasir Azərbaycanda məni təmin eləyən yeganə bir hal müstəqilliyimizin elan edilməsidir. Pisdir, yaxşıdır – bunun özü bir hadisədir. Bu, müəyyən mənada gözlənilməz hadisədir. Belə bir amansız əjdahadan can qurtardıq, özü də o qədər də dəhşətli qırğın olmadı. Mənim də arzum o idi ki, o birisilərin də arzusu o idi ki, bundan sonra millətçilik, yəni yurdçuluq yüksələcək, biz artıq görmədiyimizi görəcəyik, bilmədiyimizi biləcəyik, özümüzü ifadə eləyəcəyik. Və bütün dünyaya sübut edəcəyik ki, biz balaca xalq deyilik. Yalnız və yalnız sayca balacayıq, bizim mahiyyətimiz aşkara çıxmırdı, qoymurdular, imperiya vardı və sairə. Biz buyuq – bizim idrakımız heç bir Qərb aliminin idrakından aşağı deyil. Bizim iqtisadiyyatımız özümüzə məxsus olacaq, bizim siyasətimiz özümüzə məxsus olacaq, bizim mədəniyyətimiz özümləşəcək və millətçilik adlanan, qovulan, döyülən, söyülən, məhv olunan, güllələnən bir hadisə artıq təsdiq olunacaq. Bu, olmadı. Bizi kim necə başa düşür-düşsün, onun öz işidir.
Azərbaycan millətçilik dövrünü keçmədi.
Azərbaycan rusçuluqdan Qərbçiliyə addımladı. Əslində rus Beynəlmiləlçiliyi indi Qərb Beynəlmiləlçiliyi ilə əvəz olundu. Millətçilik adlanan hadisə bərqərar olmadı. Təxminən neçə il keçib, çoxlu şüarlar var, çoxlu mədhlər var, çoxlu vəsflər var, dahilik haqqında boş-boş danışıqlar var – dahi siyasətçilik haqqında. Amma Azərbaycan indiyə qədər olduğu dərəcədə də yenə özündən ayrı düşüb. Bir ziyalı, azərbaycanlı kimi bu, məni çox narahat eləyir. İndi də gəlin bizim müstəqilliyimizin reallığına açıq gözlə baxaq. Hələ Qarabağ problemini kənara qoyuram.
İqtisadi müstəqilliyimiz varmı?
İqtisadi müstəqilliyimiz neft müqaviləsində tamamilə itib. Çox¬ları fəxr eləyirlər ki, gör necə təntənəli surətdə konsorsium oldu. 30 il bizim neftimizin əsas hissəsi xariciləşdi. Ata isə deyir ki, bu, beş gün üçün yaxşı şeydi. Dərindən düşünəndə, bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin, eləcə də mədəni müstəqilliyimizin elan səviyyəsində qalmasıdır. Deməli, 30 il biz gözümüzü dikəcəyik öz neftimizdən alınan paya! Özümüz o paydan bir hissə alacağıq. Böyük-böyük şirkətlər, əjdahalar bundan sözsüz ki, böyük gəlir götürəcək. Lakin o gəlirin bir hissəsi bizə çatacaq, birtəhər çıxacağıq vəziyyətdən. Və 30 il ərzində biz neftimizi xariciləşdirəcəyik; gözümüzün qabağında xariciləşmiş sənaye müstəqilliyinə çatacağıq. O, bizim problemlərimizi cüzi həll eləyəcək. Lakin təntənə, hay-həşir… Heç bir dövrdə bizdəki bu dəhşətli vaxtla, zamanla bu təntənə arasında indiki qədər kontrast olmamışdı! Reklam səviyyəsində! Və son nəticədə biz İranın gününə düşəcəyik. Yadınızdadı, Müsəddiqin vaxtında; o gözünü açıb gördü ki, bütün neft hamısı xariciləşib. Gec başa düşdü.
Bu, bizim iqtisadi müstəqilliyimizin əsasıdır, yəni ki, bazisidir. İndi gəlin görək siyasi müstəqilliyimiz nə gündədir? Siyasi müstəqilliyimiz yalnız ondadır ki, ölkənin iqtidarına əvvəlki kimi açıq şəkildə Kremldən əmr verilmir. Vəssəlam! Siyasətin özündə nə müstəqillik var? Hansı məsələni özün həll eləyirsən? Camaatı o qə¬dər avam sayırlar ki, adi şeyləri qabardırlar, tutalım ki, bir ölkənin prezidenti ilə görüşəndə onu yaxşı qarşılayırlar. Burda heç bir qeyri-adilik yoxdur: Onun qarşısına ordu çıxır, yaxşı mənada. Bunu götürüb eləyirlər xüsusi, bizim üçün guya ki, təşkil eləyirlər. O təbiidir, orada heç nə yoxdur. Mən Azərbaycan xalqının belə avam gününə düşməsinə acıyıram! Guya ki, böyük bir qələbəmiz var, bizi əvvəl tanımırdılar. Bir tərəfdən yadınızdadırmı bir zamanlar deyirdilər ki, bizi gözəl tanıyırlar, çünki Qarayevin simfoniyalarını oxuyurlar.
İndi isə deyirlər ki, bizi heç kəs tanımırdı Biləcəridən o tərəfə. İndi bizi böyütdülər, hamı bizə əl çalır. Bir prezident başqa prezidentin əlini sıxanda bunu qəhrəmanlıq kimi təqdim edirlər. Belə səviyyə olmaz! Heç Afrikada belə səviyyə yoxdur! Gedir Amerikaya – amerikalı olur, Fransada fransız olur, Türkiyədə türk olur. Bilmirsən bu kimdir? Bəlkə mən də afrikalı olsaydım, bəlkə də mən bu xalqı belə sevməsəydim, azdan-çoxdan savadım olmasaydı, pərt olmazdım. Mənə pis təsir eləyir! Və vəziyyət çox pis olur. Axı Qərblə Rusiya arasında da intriqa var! Siyasətdi bu! Yalançı bir intriqa yaradırlar! Sən əgər Rusiyanı tərifləyirsənsə, haradasa Amerikanı pisləyirsən! Amerikanı tərifləyirsənsə, haradasa Fransanı pisləyirsən! Bu qardaşlıq deyil axı, bu, siyasətdir! Oyundur! Ona görə də heç bir siyasi müstəqillikdən də danışmaq olmaz. Mənim zənnimcə, bircə şeydən danışmaq olar ki, «bütün dünya ilə dost olaq ki, böyüklü-kiçikli hamı yeri gələndə kömək eləsin». Lakin adi bir məntiqdir ki, hamıyla dost olan heç kəslə dost olmur! Gec-tez olmur! Vaxtı var.
Sonra bu millət məsələsində bircə şeyi unudurlar. Guya ki, millətçilik – zəbtçilikdir, erməniçilikdir; guya ki, millətçiliyin bircə yolu var – başqa xalqları sevməmək… Bu, böhtandır! Millətçilik deyil bu! Ermənistanın heyvərəliyi! Bu, zəbtçilikdir, qəsdçilikdir, xəyanətdir! Özünü sevməyən adam heç kəsi sevməz! Əksinə, millətini sevən Dünyanı sevir! Mən öz həyatımdan bunu deyə bilirəm: oxuduqca, fəlsəfə ilə məşğul olduqca azərbaycanlaşdım. İnanın ki, çox müdrikcəsinə gördüm ki, Azərbaycanın da Zərdüştü var, Nəsimisi var!
İndi məsələni belə qoyurlar: ya millilik, ya da ümumbəşərilik. Yalan sözdür! Millilikdən kənarda ümumbəşərilik yoxdur! Ümumbəşərilik azadlıq ideyasıdır, elə deyilmi? Hansı xalqda o yoxdursa, deməli, dünyada da yoxdur! Millətdən kənarda ümumbəşərilik yoxdur! Bu antitezanı qəsdən düzəldirlər: millət bir şeydir, dünya bir şeydir; vahidlik bir şeydir, ümumbəşərilik bir şeydir… Və bütün bunlar hamısı göstərdi ki, millətçilik ideyası, yurdçuluq ideyası təhlükə qarşısındadır. Əvvəl biz rus imperiyasının hissəsiydik, indi bizi dünyaya qatırlar. Əslində isə bizi dünyaya qatmırlar, Qərbə qatırlar! Bizi Qərbləşdirirlər, Qəribləşdirirlər!
Müxbir: Ata, Cənubi Azərbaycan problemini, Sizcə, necə həll etmək olar?
Asif ATA: Çıxış yolu, Cənubi Azərbaycan problemi Ataya görə, Azərbaycançılığın bir nömrəli siyasi problemidir. Nə üçün?
Əgər biz Cənubi Azərbaycanla birləşsək, bu bizim kefimiz üçün deyil, bu, bizim zərurətimizdir. Bu bizim ümidimizdir. Onda biz Böyük Bir Ölkə Oluruq: təxminən bir 30 milyonluq ölkə oluruq. Hələ mən bunun zahiri tərəfindən başlayıram. Və indiki dövrdə böyük ölkələrin kiçik ölkələri yediyi bir vaxtda – incə şəkildə – böyük balıqların kiçik balıqları udduğu bir vaxtda Azərbaycan tamamilə başqa bir vəziyyətə, başqa bir hala gəlir. BÖYÜK ÖLKƏ OLUR.
Mənim üçün Azərbaycanın Böyüklüyü onda deyil. Mənim üçün Azərbaycanın Böyüklüyü Füzulidədir. Lakin siyasət dahi tanımır. Siyasət tanıyır ölkənin sayını, iqtisadiyyat və silah. Hətta bu nöqteyi-nəzərdən Cənubi Azərbaycanla Şimali Azərbaycanın, daha doğrusu, iki yerə bölünmüş Azərbaycanın vahid olması ideyası siyasətin ideyası olmalıdır. Ata bunu həmişə deyib, yenə də deyir. Birinci səbəb budur.
İkincisi. Azərbaycanda Səttarxanlıq ənənəsi var, bir də Nəsimilik ənənəsi var. Döyüşkənlik ənənəsi var, inqilabçılıq ənənəsi var. Yerə-Göyə sığmayan Səttarxan heç bir ölkədə yoxdur. Həm də ideya, fikir, duyğu, zəka «Məndə sığar iki cahan, mən bu cahana sığmazam!» Bunlar ikisi birləşməlidir!
Azərbaycanda iki böyük hadisə var: Böyük Səttarxanlıq Hadisəsi – Döyüşkənlik Hadisəsi, Üsyankarlıq, Azadsevərlik və Nəsimilik – Ruhanilik, İdrakilik, Mənəviyyatçılıq, Vicdançılıq! Bu ikisi Birləşməlidir! Onlar hər biri özlüyündə elə bil ki, yalqızdır. Onlar birləşməlidir. Bu da bunun Ruhani mənası.
Üçüncüsü, bizdə olan fəlakət – yavaş-yavaş özümüzdən ayrılmaq, özümsüzləşmək indi, mənim zənnimcə, İranda lap qabarıb. Farslaşma adlanan özgələşmə tüğyan eləyir! Və nə qədər ki, ayrılıq var, o artacaq! Elə adamlar var, deyir ki, mən iranlıyam. Və deyir ki, sənin Midiyan da İrandır! Sənin Zərdüştün də İrandır! Bunu biz birtəhər burada ləğv eləyirik, amma orda İran şovinizmi adlanan farsçılıq, eybəcərliyi elə vəziyyətə gətirib çıxara bilər ki, azərbaycanlılar öz Türk mahiyyətindən ayrılarlar. Bu bizə çox ağır başa gələ bilər.
Və dördüncü. Bu bizim Qafqaz regionunda da vəziyyətimizi tamam dəyişdirər. Heç kəsin belə şansı yoxdur! Nə gürcünün, nə erməninin, nə o birisinin! Birdən-birə sənin arxanda 30 milyonluq Azərbaycan durur! Gör hara gəlir çıxır! Təbiidir ki, bunu istəmirlər, bundan qorxurlar. Onsuz da türk məsələsi elə indi də problematikdir. Türkü sevən çox azdır, çünki türkçülükdən qorxurlar və sairə. Bax, bu 4 səbəbə görə, ən azı – Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşməlidir! ÇIXIŞ YOLU: necə etməli? Vaxtımız azdı, mən həmişə bu haqda fikirləşirəm. Lakin bəzi cəhətləri dilim deyə bilmir. Mən heç kəsin islam, ümumiyyətlə, din ruhuna toxunmuram. Bizim məqsədimiz kimisə təhqir eləmək deyil. Ancaq mənim zənnimcə, Azərbaycanın qarşısında, Cənubi Azərbaycanın qarşısında duran Birinci güc – islamdır. Xahiş edirəm, diqqətlə qulaq asın, çünki indi bizi düzgün başa düşməyən də olar. Məsələ bundadır ki, İslam indiki İranda Vicdan rolu oynamır, Mənəviyyat rolu oynamır, o, siyasət rolunu oynayır! Yəqin ki, bilirsiniz, təkrar eləyirəm, Xomeyninin arzusu nə idi? Ümumbəşəri İslam dövləti yaranmalıydı İranın başçılığıyla. Kommunizmin əvəzi olmaq istəyirdi İran. Əgər kommunistlərin yolu marksizm yolu idisə, bunun da yolu birdir – İslam. İslamı sevirsən, deməli, sən İranı sevirsən, farsı sevirsən. Əgər İslamı sevirsənsə, onda sən Türkü sevmirsən, hərçəndi Türk özü də İslamdı, ancaq o İslam deyil bu. Gec-tez bütün dünya islamlaşmalıdır. İndi daha kommunizm də yoxdur, bir ölkə olmalıdır, bir dövlət olmalıdır. Bax, buna görə də İslamla Döyüş Qəti olmalıdır! Çətindir bu, ağırdır bu, camaat da avamdır; özü də belə bir fikir yarana bilər ki, elə təzəcə biz öz dinimizə qayıtdıq… Amma bunun canı budur. İslam orda siyasi bir hərəkatdır. Eyni zamanda, lazım olanda onlar Qərbdən də istifadə eləyirlər. Eklektik bir şey düzəldiblər. Bir tərəfdə Xomeyni, yəni din rəhbəri, o tərəfdə Rəfsəncani – prezident, ondan sonra parlament var. Məğz də birdir – hakimiyyət! Dünyaya ağa olmaq! Belə olanda Azərbaycanlı məsələsi olmur. Azərbaycan da olur yalnız fars. Burda da içəridə başqa məsələ olmasın, çünki güc verilsin tədricən, addım-addım… Az qalmışdılar elə. Əvvəl lap inanırdılar. Beş ilə, on ilə vahid bir islam ölkəsi yaranacaqdır. Ona görə də İslamla Döyüş labüddür! Mən qəti buna əminəm! Bütün çətinliyi də bilirəm. Ona görə də mənim arzum odur ki, Azərbaycandan elə ziyalılar çıxsın ki, onlar xalqı təhqir eləmədən, ağıllı, güclü məntiqlə, savadla sübut eləsinlər ki, vahid İslam Dünyası nə deyən şeydir. Niyə Qərb özünü Vahid Xristian ölkəsi adlandırmır? Qərb bicdir! Qərb çox görmüşdür. Çünki o bilir ki, heç bir din ölkəni təmsil eləyə bilməz! Dinin öz yeri var. Ona görə Qərb özünü heç zaman Xristian ölkəsi adlandırmır. Amma bizi adlandırır! Çünki sübut eləmək istəyir ki, biz ikinci dərəcəliyik. Onu da deyim ki, bizim iqtidar yüyürdü Səudiyyə Ərəbistanına, yadınızdadırmı? Yarımlüt başladı namaz qılmağa. O da yenə siyasət üçün idi. Ona ehtiyac yox idi. Və ümumiyyətlə, müsəlmançılığın bu cür qabardılmasına ehtiyac yox idi. Bircə ehtiyac var: xalqı elə səviyyədə saxlasın ki, o desin: «Göydə Allah, yerdə İqtidar!» Mən bunu görürəm.
Ona görə də Siyasi əməldən əvvəl güclü, Ruhani Əməl lazımdır. Ziyalının çiyninə ağır yük düşür! Tez-tələsik, bu saat əlimə qılınc alım, öldürüm-filan, o dövr keçdi. Xalq özü imtinaya qalxmalıdır! Ona görə də Birinci İş İslamla Döyüş olmalıdır! Ağılla, Təmkinlə, Sevgiylə…
İkinci, fars şovinizmi. Fars şovinizmi əvvəlki bütün o şovinizmdən bircə şeydə fərqlidir ki, o, sözün əsil mənasında açıq şəkildə assimilyasiyasında heç bir biclik eləmir, açıq şəkildə Türkü rədd eləyir! Ona istehza eləyir! Elə günə salır ki, sən məcbursan deyəsən ki, mən Türk deyiləm, mən farsam. Bütün türkə aid nə varsa, hamısı rədd olunur; yalnız və yalnız bircə dünya var – o da farsdır, bircə həqiqət var – o da farsdır. Hətta Şəhriyardan da istifadə eləyirlər! Çünki Şəhriyar əvvəl belə deyildi axı. Sonra ağıllandı. O, bütün şeirləri fars dilində yazırdı. Elə deyilmi? İndi daha qanımızı qaraltmayaq da. Qərəz.
Üçüncüsü, bilsinlər və agah olsunlar ki, Şimali Azərbaycan təkcə iqtidardan ibarət deyil. İqtidara qalsa, açıq qapı siyasəti var: biz bütün ölkələrlə «dostuq». İranla dostuq. Və qəti əmin ola bilərsiniz ki, İranla yaxınlaşmaq naminə Cənubi Azərbaycan problemi silinibdi Azərbaycan siyasətindən! Yox dərəcəsindədir bu saat! Onda bütün ağrı düşür camaatın, xalqın və ziyalının üstə. Buna görə də mən fikirləşirəm ki, Uluyurd tipli bir Hərəkat yaranmalıdır: Həm fəlsəfi, həm siyasi, həm belə hərtərəfli – hamısını birləşdirən.
Və dördüncü, Qərb. Qərb bu saat gözləyir, harada imkan var, yüyürür. Deməli, dünya qalıb iki gücün arasında. İslam və Qərb. Orda qapalı, burda açıq! İkisi birləşir.
Mən sevindim ki, ayıldılar, camaat, azərbaycanlılar, amma mən istəyirəm ki, bu ayılma sönməsin, inkişaf eləsin və mən dediyim dörd düşmənlə Döyüş başlasın – İdeoloji Döyüş.
İndiyə qədər inqilablar ona görə məhv oldu ki, onda Ruhaniyyat sonradan əmələ gəldi. Əvvəl gərək yetişəsən, ağıllanasan, İnsan olasan; İnsan olmursan, tez-tələsik Oktyabr inqilabı elədilər: bir nəfər də İnsan olmadı! Dünya yaxşı İnsanlardan yaranacaq! Yaxşı İnsan olacaq, ağıllı, mənalı – bizim fəlsəfəmizin əsasında; onda yaxşıca Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşəcək. Mənim zənnimcə, bu proses bir vaxtda olacaq. Lakin qiyamlarla tez-tələsik camaatı qızışdırıb ikinci 20 Yanvar yaratmaq əleyhinəyəm. Beş ilmi olacaq, on ilmi olacaq, 15 ilmi olacaq – camaatı İmtinaya hazırlamaq lazımdır. Camaat deməlidir: Mən sənin İran hakimiyyətindən imtina eləyirəm! Özü də beş nəfər yox, on nəfər yox, bütün xalq!
Mən sənin islamçılığından imtina eləyirəm! Mən sənin farsçılığından imtina eləyirəm! Qəhrəman lazımdır, Ağıl Qəhrəmanları! Ondan sonra vaxt olacaq, mən qəti əminəm; indi mənim yaşım çoxdur, bəlkə mən görmədim, amma Evladlarım bəlkə bunu gördülər. Bəli, onda ayağa qalxacaq xalq. Əvvəl ruhani səviyyədə xalqı ayaq üstə qaldırmaq, sonra onu imtinaya Yetirmək! Mənim zənnimcə, siz Atanın fikrilə razılaşacaqsınız. Çünki başqaları hamısı oldu, gördük.
Təkrar edirəm, Uluyurd Hərəkatı yaranmalıdır. Bütün Azərbaycanla bağlı məsələlərə aid kitablar yazılmalıdır, görüşlər olmalıdır. Xalqla ünsiyyətdə olmaq lazımdır. Bir sözlə, ümidimizi bağlamayaq iqtidara. Söz böyük söhbətdir! Sözü balaca eləyiblər! Bütün İnamlar hamısı sözdür! Söz İnsanı qaldırır da, endirir də! Söz İnsanı bəsləyir! Söz İnsanın Anasıdır!
Zəifliyinizi rədd eləyin! Farsçılıq qəribliyini rədd eləyin. Bu, sizdən asılıdır. Güclə heç kəsi öldürə-öldürə farsçı eləyə bilməzlər. Elə şey var Sizdən asılı deyil, bu isə Sizdən asılıdır. Farsçılığı qəlbinizə qoymamaq sizdən asılıdır. Lap məktəblər azdır, institutlarda türk dili keçmirlər; tutalım deyirəm. Bunlar hamısı düzdür, amma bunlar rədd eləmir o imkanı, o imkan hamıda var. Biz də Sizin gününüzdəyik, rus dilində oxuyurduq, rusca danışırdıq; ruslaşırdıq. Çoxları qaldı Moskvada, yadımdadı. Amma mən elə Moskvada oxuyandan sonra millətçi oldum. Bir az yaxşı çıxmır, adamın özü haqqında danışmağı. Ayrı misal mən hələ görmürəm. Ona görə də bunu deyirəm. Qəribliyimizdən çıxaq!
İkinci. Türkçülüyümüzü zahiri cəhətlərinə görə yox, Azərbaycançılığın zahiri cəhətlərini bilirsiniz. Dərinliyinə gedin. Bilin və agah olun ki, bizim eradan əvvəl VI əsrdə hələ nə İsa peyğəmbər vardı, nə Musa peyğəmbər vardı, nə Platon vardı, nə də Aristotel vardı… Bizim eradan əvvəl VI əsrdə Zərdüşt vardı Midiyada, özü də midiyalıydı! Özü də sənin Cənubi Azərbaycanından – Şiz kəndindən idi! Öldürdülər onu! Vaxt yoxdur çox deməyə. Bax, bu Azərbaycanınız ayrı Azərbaycan olacaq: bu elə «Mən azərbaycanlıyam» – olmayacaq. Mən Zərdüştün azərbaycanlısıyam!
Heç bir şəxs, heç bir kəs xəlifətlə döyüşmədi Babəkdən başqa! Sənin o iranlıların qaçdılar birinci döyüşdə. Amma 23 il bu Babək döyüşdü ərəblərlə: Xəlifətlə – o xəlifət ki, onun başı Bağdaddaydı, ayağı Hindistanda. Busan sən! Bax, bu səviyyədə azərbaycanlı ol! Bil və agah ol ki, sənin Nəsiminin dediyini nə Platon deyib, nə də ki, Aristotel. Bunu fəlsəfə müəllimi deyir sizə. «İnsan Allahdır!» – bunu heç kəs deməyib! Ayrı-ayrı adamları Allah sayanlar olub. İnsan təbiətin nəticəsidir. Onda dağ da var, çay da var, dünya da var. Və sairə.
Müxbir: Ata, maraqlı söhbət üçün sizə ürəkdən təşəkkür edirəm! Çox sağ olun!
Asif ATA: Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Daxilinizdəki Mütləq sizə Yar olsun!
Söhbəti apardı: Firuz ZƏNGİLANLI,
Azərbaycan radiosunun «Cüney Azərbaycan»
şöbəsinin əməkdaşı
arxivdən