Asif Ata ilə tanışlığım hələ yetkinlik yaşıma çatmamış, təxminən 14-15 yaşlarımda olmuşdu. Valideynlərim onun televiziya vasitəsilə yayımlanan müsahibələrini, çıxışlarını izləyidilər. Hərdən mən də baxıb qulaq asırdım. Əlbəttə, mən deyə bilmərəm ki, o zaman Asif Atanın dediklərini başa düşürdüm, anlayırdım. Yox! Amma məndə bu insana qarşı maraq yaranmışdı. Dedikləri ağlıma çatmasa da, halıma çatırdı. Bu insan başqaları kimi danışmır, düşünmür, nəsə fərqli şeylərdən – mənəviyyatdan, idrakdan, əqidədən, ruhaniyyatdan, insandan danışırdı. Təbii ki, bu sadaladığım sözlər gündəlik həyatda tez-tez rast gəldiyimiz, işlətdiyimiz sözlərdir. Amma Asif Ata bu sözləri çox fərqli danışırdı. Fikirlərinin, mülahizələrinin, yeni meyarla deyildiyini hər kəs duyurdu. Böyük filosofdur Asif Ata!..
Zaman keçdi. 1997-ci ildə Asif Ata vəfat elədi. Fikirlərinin, ideyalarının, görmək istədiklərinin özüylə qəbrə getdiyini düşündüm və onu da itirdiyimiz ziyalılardan biri hesab elədim. Təxminən bir il bundan öncə bir nəfərlə, tamam təsadüf nəticəsində, ünsiyyətimiz oldu, tanış olduq. Bu şəxs özünü İnamlı Atalı kimi təqdim etdi. Adının və soyadının qeyri-adi olduğunu bildirdim. Asif Ata Ocağının Evladıyam dedi. Nə qədər qəribə səslənsə də, halımda dəyişiklik hiss etdim. Sevincdən həyəcanlandım. Demək, məsələ heç də düşündüyüm kimi deyilmiş. Asif Ata haqqında xeyli söhbət etdik. Əlaqə saxlamaq üçün telefon nömrəsini aldım. Sonralar ara-sıra İnamlıya zəng edir, söhbətləşirdik. Bir gün vədələşib görüşdük. İnamlı məni Ocağın İnam Evinə gətirdi. Axşamüstü idi. Burada Ocaq Yükümlüsü Soylu Atalı hansısa qəzetə müsahibə verirdi. Sakitcə bir qıraqda əyləşib gedişatı izlədim. Arzularımın, istəklərimin aydınlıqla ifadəsini dinləyirdim. Heyrət varlığımı bürümüşdü. Müsahibə bitdikdən sonra çay süfrəsində xeyli söhbət etdik, – xalqımız, dəyərlərimiz, mədəniyyətimiz haqqında. Söhbət zamanı mən özüm üçün bilgilərimdə olan dağınıqlığı müəyyən etdim və idrakımın hələ durulmasına, inkişaf etməsinə ehtiyac olduğunu düşündüm. Həmin gündən sonra mənim Mütləqə İnam Ocağına gəlib-getməyim, belə desək, vərdiş halını aldı. Bütün dəvət aldığım tədbirlərə sevə-sevə qatılıram. İlk gəldiyim vaxtlarda Asif Atanın sıradan bir insan kimi ölmədiyini, onun fkirlərinin, ideyalarının, görmək istədiklərinin onunla getmədiyini anlamağa başladım. Ataya sevgi içimdə getdikcə böyüyürdü. Onu mən də Ocağın Evladları və başqa İnamçılar kimi Peyğəmbərim olaraq qəbul etdim. Nə idi məni buna cəlb edən? Asif Atanın Amalı. Bəs Atanın Amalı nədir? Asif Atanın Amalı ümumilikdə İnsanlaşma yolu, sivilizasiyası deməkdir. Asif Ata haqlı olaraq indiyə qədər yaradılmış bütün dini dünyabaxışları və ictimai-siyasi quruluşları insana gərəksiz hesab edir. İstər dinlərdə, istərsə də ictimai-siyasi quruluşlarda insan öz qiymətini almayıb. Bu üzdən Asif Ata yaratdığı Mütləqə İnam ruhaniyyatında və fəlsəfəsində insanı diqqətə gətirir. İnsanı qul, bəndə adıyla aşağılamağı rədd edir. Soylu Atalı demiş: “Asif Ata insana deyir ki, sən özünü zamanla müqayisə etmə, bəsit gerçəkliklə müqayisə etmə, Mütləqlə müqayisə et! Çünki sən daxilində Mütləq gəzdirirsən!” Bəli, bəşər tarixində ilk dəfədir ki, insana belə yüksək qiymət verilir. Ata Amalının əsas hədəfləri Dinin İnamla, Siyasətin Həqiqətlə, Maddiyyatçılığın Ruhaniyyatla əvəz olunmasıdır. İndiki həyatımızda mövcud olan hər şey, demək olar ki, köçürülmədir. Bu gün xalqımızın özünəməxsus heç nəyi qalmayıb. Bugünkü mədəniyyətimiz də hibrid bir şeydir. Avropa, rus, ingilis, ərəb, fars təsirlərinin qarışığından ibarətdir mədəniyyətimiz. Bunların hamısı ayrı-ayrılıqda həyatımıza öldürücü təsir göstərir. Bu səbəbdəndir ki, həyatımız dağınıqdır, heç nədə müəyyənlik yoxdur.
Artıq, demək olar ki, inkişaf dövrü kimi qəbul etdiyimiz son iyirmi ildə içimizə gələn yeniliklər, istər geyim, istər idarəetmə qaydaları, ruhumuzun işığını söndürür, özümüzə, gələcəyimizə ümidimizi də heçə çevirir. Gənclərimiz bu təsirlərdə vətən sevgisini itirir, millətləşmə yolunda fəal bir addım atmağa özlərində təpər tapmırlar. Təəssüf ki, dövlətimizin də bu problemləri həll etməyə gücü çatmır. Çünki dövlətimiz bəsit, cılız, hər biri xarici gücə bac verən, xalqın mənafeyini, ləyaqətini alçaldan, qurban verən və xalqı zor gücünə əsarətdə saxlayan məmurlarla idarə olunan bir dövlətdir. Dünyagörüşümüzə çevrilən ərəbçilik, farsçılıq, yurdumuzda insanın mənasından ayrılmasını, heyvan səviyyəsinə endirilməsini, layiq olduğu qiyməti almamasını, milli kimliyi əsasında özümləşməsinin qarşısını almağı təmin edir. Dinin uydurduğu qismətçilik məhdudiyyəti insana imkan vermir ki, özünü etnik mənliyi üzərində qursun…
İnsanın milli varlığını dərk eləməyə kömək edən məsələlərdən biri də ədəbiyyatdır. Ədəbiyyatımız bu gün bizi sevindirəcək durumda deyil. Təqlidçi, özgə yazarların baxışına əsaslanan bir səviyyədən ibarətdir. Yazarın sərbəst şəkildə təbiətlə, insani dünya ilə ünsiyyətindən, gerçək həyatla bağlılığından yaranmayan bir ədəbiyyat milli yönə çevrilə bilməz.
Bu əskiklərin hamısı əslində xalqın yoxluğunu ifadə edir. Xalqın xilasını xalqdan uzaqlaşdırır. Ona görə də Asif Atanın Amalı düşünürəm ki, insansızlığın, vətənsizliyin aradan qalxması deməkdir. Bu Amal ilə bəşəriyyətə yeni nizam gəlir. Bunun sayəsində Azərbaycanın mədəniyyəti basqı altından çıxar, başqa xalqların mədəniyyətinə doğmalaşar, onların mədəniyyətindəki qabaqcıl cəhətlərdən bəhrələnər, öz mədəniyyətinin gözəlliklərini başqa xalqlara təqdim edər. Adət-ənənələrimizin özümləşməsi, milli düşüncəmizin, milli şüurumuzun inkişafı əsasında hər bir problemimiz həllini tapa bilər. Böyük adət-ənənələrimizdən olan toyumuz Beşikbaşı Mərasimi ilə əvəz olunar, ailələrimiz ailəyə bənzəyər. Yasımız ərəbçilik təsirindən çıxar…
Ümumilikdə vətənimiz bütövləşər, bölünmüşlük aradan qalxar, insanımız millətləşər, Dövlətimiz milliləşər. Öz xalqını, öz varlığını qorumağa qadir olar…
Atamız var olsun!