Xəbərlər

Xəlqilik Bayramı

Ocaq Günsırası ilə 13 Şölə Ayında Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramı keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Günaydın deyirəm hər birinizə. Ölkədə sərt karantin rejimi olduğuna görə bu tədbirimizi konfrans proqramı üzərindən keçirmək zorundayıq. Bir sıra yaxınlarımız bu proqramı yükləyə bilmədiklərinə görə, bəzilərində alınmadığına görə qatıla bilmədilər. Bugünkü toplantımızın adı “Xəlqilik”dir. Əslində Xəlqiliklə Millilik bir sözdür. Asif Atanın fəlsəfi açısından bunu biz doğru sayırıq. Xalq ərəbcədir, millət farscadır. Türkcə ulus deyirik. Bunlar bir anlam daşıyır. Xəlqilik, yəni millilik. Biz Asif Atanın ölümündən sonra, Ocaq Günsırası ilə 19-cu ildən bu bayramları həyata keçirməyə başladıq. Bu bayramı Asif Ata, sadəcə olaraq, ideya kimi işləyib hazırlamışdı. Onu həyata keçirmək vaxtı, olanağı olmamışdı. Ancaq bu tədbirin bütöv şəkildə biçimini alındıra bildiyimizi deyə bilmərik. Çünkü bayramın adı bayramdır, mərasim hissəsindən başqa bədii hissə olmalıdır, yəni musiqi, rəqs, başqa çalarlar da olmalıdır. Biz bunları hər zaman edə bilmirik, özəllikcə konfrans proqramı ilə heç edə bilmirik. Bununla belə, biz mərasim hissəsini həyata keçirək, sözümüzü deyək. Heç nə Asif Atanın  işinə əngəl olmamalıdır. Ona görə hər birinizə qatıldığınız üçün təşəkkür edirəm.

Nədir Xəlqilik, niyə bayram edirik?! Xəlqilik – insanın var olmaq, İnsanlığın yaşamaq anlamıdır. İnsan xalqda yaşayır, var olur. Özünü ifadə edir, xalqla əbədiyyətə gedir. Buna görə çox böyük məsələdir, bu məsələni dərk gərəkdir. Bu məsələ ilə uğraşmaq da önəmli məsələdir. Dünyada xalqlar öz kimliyini tam olaraq tapmır, bu gün bizim xalqımız özünü daha çox itirib. Bizim, xalq olaraq, özümüzü ifadə eləməyimiz daha çox özgəliyə əsaslanır. İstər ruhani, istər ideoloji, mədəni anlamda, fərq etməz, bizim xalqımız özgəliyə dayanır. Biz bu gün ərəblərin dünyagörüşünün basqısı altındayıq. İdeoloji mənada Batının qırıb-çatan yalanları, basqısı altındayıq. Demokratiya sayırlar quruluşun yönətimini, biz bunun basqısı altındayıq. Biz millətimizi formalaşdıra bilmirik, mədəniyyətimizlə dünyaya doğruçu sözümüzü deyə bilmirik. Bu gün dünyada elə bir yönətim yaranıb, hər kəs bu yönətimin etkisi altında yaşayır.  Bu gün hər bir təşkilatın, qurumun mübarizəsi – ona tərtib olunan, onun üçün təşkil olunan, onun üçün icazə verilən bir çərçivədə həyata keçirilir. Bütün mübarizə eyni çərçivədə həyata keçirilir.

Mən bir az demokratik quruluşa münasibət bildirmək istəyirəm. Deyirlər, demokratiya söz azadlığıdır, vicdan azadlığıdır. Ancaq demokratiya kapitalizm quruluşunun ideoloji əsasıdır. Bu gün dünyanı yönətən quruluşun adı kapitalizmdir. Pulçuluq quruluşudur, kim nə edirsə, nə deyirsə, necə mübarizə aparırsa, bu quruluşun içində baş verir. Baxın, dünyada guya ruhaniyyat var, müsəlmanlıq, xristianlıq, fərq etməz. Ancaq bir yerdə mənə göstərin ki, dünyanın azğınlığına, kapitalizmə qarşı dini qurumlar, din insanları, din başçıları mübarizə aparsın. Belə bir şey yoxdur. Dinlərin heç biri siyasətə qarışmır. Sənə demirlər siyasi hakimiyyətə gəl. Siyasət dünyanı dağıdır, siyasət yol deyil. İdeologiyası düzgün deyil, xalqlar əzab çəkir. Millətlər dağılıb gedir, dünya ahəngini itirib. Bununla bağlı sən hansı sözü deyirsən? Hansı mübarizəni ortaya qoyursan? Elə bir şey yoxdur. İki min il, min beş yüz il bundan öncə yaranan, bəşəriyyətin böyük bir kəsiminin qəbul etdiyi dinlərin varlığı ilə yoxluğu arasında heç bir fərq yoxdur. Ən yaxşı halda deyirlər, insanlar Allahın yolundan çıxıb, Allah da onlara cəza verir. Bununla işi bitmiş sayırlar. Yəni dünya necədir özü bilər, bu Allahım qurduğudur. Allah bəşəriyyəti onun yolundan çıxdığı üçün cəzalandırır. Müsəlmanlığın yanaşdığı başlıca bu səviyyədir. Bu isə vecsizlikdir, ağılsızlıqdır, axmaqlıqdır. Necə yəni quruluşa heç bir söz demirsən, başlı-başına buraxırsan. Din özü bir təşkilatdır, qurumdur dinin özünü quruma çeviriblər. Bu qurumun başına elə insanlar qoyurlar ki, onlar siyasi yönətimin buyruğunda dururlar. Bu insanlar kapitalistdirlər, pulçudurlar. Onlar öz durumlarından çıxış edərək dünyanın pozulmuş gedişinə toxunmurlar. Asif Atanın ortaya qoyduğu ideya yeni bir sivilizasiyanın başlamalı olduğunu bildirir. Yeni quruluş başlamalıdır. Bu sözü deyərsən, çoxluq ağız büzər, bunlar nə danışırlar görəsən, necə yəni yeni sivilizasiya başlamalıdır. Sən bu sivilizasiyanı dəyişə bilərsən, sən bu dünyanı dəyişə bilərsən, sən yeni quruluş yarada bilərsən?! Özünü ağıllı sayan, sivil sayan, guya mübarizə aparan adamların yanında bunu deyərsən, sənə gülər. Çünkü bunların ağlı, düşüncəsi quruluşun içi qədərdir, çünkü bunların mübarizəsi quruluşun içində baş verir. Tutalım demokratik seçki keçirilir, hakimiyyət seçilir, iki nəfər aday var. Bunlardan biri xalqın səs çoxluğu ilə seçildi hakimiyyətə gəldi. Tutaq ki bu seçilmədi, o biri seçildi, nə dəyişəcəkdi? Biri gəlib əmək haqqını artıracaq, o biri gəlsəydi pensiyanı artıracaqdı, başqa əsaslı bir dəyişiklik olmayacaq. Axı bununla bəşəriyyətin dərdi sağalmır. Millətin, xalqın sorunları aradan qalxmır. Sən pensiyanı artırmaqla, əmək haqqını bir az artırmaqla, üzdə quru vədlər verməklə insanlıq qurtulmur. Ona görə Asif Ata deyir: “Bəşərin nicatı İnsanlaşmaqdadır. İnsanlaşın, İnsanlaşdırın”. Sivilizasiya insanla başlamalıdır. Quruluş dəyişməlidir, quruluş insana yaramır. Quruluş antiinsanidir. Feodalizm olsun, kapitalizm olsun, sosializm olsun, fərq etməz, antiinsanidir. Ona görə mübarizə aparan insanlar bilməlidir, deyək ki, hər birimiz dövlətdən çox şey umuruq. Azadlıq istəyirik,  mövcudolma şərtlərimizi təmin edə biləcək hər şey istəyirik. Ancaq bunu bizə kim təmin edəcək?! Deyək ki, dövlət borcludur, eləməlidir, bunu biz tələb eləməliyik, bu bizim (vətəndaşların) haqqımızdır. Ancaq bu dövlət hansı bazanın üzərində oturub, hansı sosial- iqtisadi, toplumsal quruluşun üzərində oturub?! Hansı quruluşun tələbi ilə şəkillənir, formalaşır dövlət?! Bura gəlib çatanda hər kəs yan keçir. Sən də yan keçirsənsə, bilməlisən, dövlətdən nə istəyirsənsə, sənin tələblərini çox səthi şəkildə ödəyəcək, əsasən ödəməyəcək, sən öz azadlığını bütöv şəkildə əldə edə bilməyəcəksən. Biz deyirik, millətçilik hakim olmalıdır. Biz milliliyi istəyirik, deyirlər, yox, demokratiya sizin istəklərinizi ödəyir. Axı bizə millilikmi önəmlidir, demokratiyamı?! Genel olaraq, bəşəriyyətə demokratiyamı önəmlidir, millilikmi?! Demokratiyanın vəd verdiyi azadlıq nədir?! Kimə azadlıq verir demokratiya? Demokratiya insanla, mənəviyyatla uğraşmır axı. Demokratiya vətəni, milləti, insanı tanımayanlara söz azadlığı verir. Demokratiya vecsizlərə söz azadlığı tanıyır. Başqa sözlə, demokratiya doğruçu sözün azadlığını təmin etmir, doğru olmayan sözün azadlığını təmin edir. Eyni halda, tutalım sənin də doğruçu sözün var, etiraz elə, quruluşun çərçivəsində nə deyirsən de, hansı mübarizəni aparırsan apar, durub deyərsən mən quruluşu istəmirəm, burda da sənin söz deməyin azaddır. Ancaq quruluşu devirməyə gücün, ideyan formalaşarsa, onda səni devirməyə çalışarlar. Azadlıq deyə bir şey oyundur. Nə azadlıq deyirsən?! insan özünü tapmayıb, insanlığına yetməyib, insanlıq ölçüləri ilə yaşamır, bu ölçüləri qoruyan heç nə yoxdur, bu ölçüləri saxlayan heç nə yoxdur. Bəs nədir bu azadlığın mənası?! Bu gün hamınız bilirsiniz, koronavirus oyunları gedir. İstəmirəm qonumuzu bunun üzərinə keçirək. Ancaq epizodik olaraq deyirəm. Bayaq mənə bir görüntü göndərmişdilər. Türkiyədə camaatı iki gün evə qapadıb 5 G stansiyaları quraşdırıblar. O stansiyalar ki, insanlara zərbədir, bu quruluşun tələblərində bunu edirlər. Kapitalizm quruluşunun içində edirlər bunu. İnsanı nəzarətə götürən, insanın ağlını söndürməyə çalışan, insanın mənəviyyatını söndürməyə çalışan bir quruluşdan mən hansı azadlığı ala bilərəm, hansı xoşbəxtliyi ala bilərəm?! Ona görə Asif Ata deyir: – demokratiya yerinə xəlqilik olmalıdır. Demokratiya deyilən yalançı azadlıq insanı oynadır. İki min ildən artıqdır demokratiya ideolojisi mövcuddur, ancaq hər şey üzdə olub, gəlişmə texnologiyalarla bağlı olub. İnsanlar mitinq keçirə bildiyi üçün özünü azad sayır. Sosializm quruluşunda insanlar mitinq keçirə bilmirdi, ancaq indi mitinq keçirir, polisi də söyür, birdən prezidenti də söyür. Söyüşün sənin tərbiyəsizliyini ifadə edir, ayrı nə dəyişir?! Çox bayağı bir gediş var, insanların gözünə kül üfürürlər. İnsanların gözünə kül üfürənlərə Asif Ata sözünü deyir: – siz insana qarşı quruluş yaradırsınız, insana qarşı gedişlər həyata keçirirsiniz, biz bunu dəyişə bilən ideya ortaya gətiririk…

Əgər Asif Atanın dedikləri olmayacaqsa, onda zamanı yola vermək xatirinə keçiriləcək hər şey. Biz bizi dinləyən, bizi izləyən, bizi anlayan-anlamayan hər kəsə üzümüzü tutub deyirik, biz milliliyin peşindəyik, hər bir millət öz içində sağlam bir ortam yaratmalıdır. Hər bir millət özünü yönətməlidir. Qıraqdan onu yönətməli deyillər.

Biz xəlqiliyi ona görə bayram edirik, biz böyük dəyərlər yaratmış xalqıq. Ancaq tarixdə yaratdığımız böyük dəyərlərlə yetərlənmirik, yeni dəyərlər yaranmalıdır, yeni yol yaranmalıdır. Dünəndən sabaha gedən bir yol başlamalıdır ki, xalqın keçmişi ilə gələcəyi arasında birlik yaransın. Biz tarixdə olan dəyərlərimizə dayanıb addım götürürük, ayağımızın altında zəmin olduğuna inanmaq istəyirik. Biz havada olan xalq deyilik. Biz minillər tarixi olan millətik. Biz qədimliyimizdən başlayan xəlqiliyimizi bayram edirik ki, xalq həm dünənində olan uca, yüksək nə varsa onları yaşatsın, həm də onun üzərində gələcəyə yön tutsun. Biz Dədə Qorquddan, Zərdüştdən, Nəsimidən, Füzulidən… başlayan, davam eləyən xalqıq, bu xalqın dəyər potensiyası var. Bu xalqın keçmişi boş deyil, bu xalq insanlığın özülündə duran bir xalqdır. Belə bir qonunu yaşadaraq bayram edirik…

Nurtəkin Atalı (Ataya səcdə edir – N.A.):  Bir düşüncəmi bölüşmək istəyirəm: bütün hallarda, istər xalqın özündə, istər ayrı-ayrı şəxsiyyətlərin, qəhrəmanların ömründə bizim gördüyümüz bir şey var – təslim olmamaq. Zamanın özünün qanunu, tələbi var, ortamın özünün qanunu, tələbi var. Ancaq qəhrəman o zaman qəhrəman olur ki, o təslim olmur.  Onun özünün özündən tələbi, istəyi, idealı olur. Təslim olmamaq duyğusu olmasaydı, qəhrəman qəhrəman olmazdı, başqa dəyərlərimiz yaranmazdı. Zərdüşt heç bir zamanın tələbində, gedişində yox idi, Babək yox idi.  Ocaq da təslim olmamaq duyğusundan yarandı. Ata deyir, imkansızlıqdan inkan yaratmaq gərəkdir, bu əslində təslim olmamaqdır. Bu gün bunu mən özümə deyirəm. Söz yox, yaşayırıq, qayğılarımız var, ancaq mən özümün yaxamdan yapışmalıyam, özümün ixtiyarım özümdə olmalıdır. Bu duyğu ilə yaranır həyatdan üstünlük, zamandan üstünlük. Genel olaraq həyatda adamların yaşamaq istəkləri, qayğıları var. Hamı bir-biriylə çəkişmədədir, yaşamaq uğurunda mübarizə var. Bu yöndə yaşayanda adamlar daha da bir-birinə yadlaşırlar. Ancaq adamların həyat tələblərindən üstün ideya tələbləri olanda, vətənlə, millətlə bağlı ideya, prinsip olanda adamlar dəyişirlər. Ocağın üstünlüyü nədir – insanlar arasında ulvi, mənəvi bağlılıq var, birlik var. Biz həyatda yaşayırıq, ancaq həyatdan üstün ideya ilə yaşayırıq. Bizim ömrümüzü birləşdirən xəlqilik mənası da bu ideyaya bağlıdır. Adamların ömründə yaşam tələbindən artıq, millətlə, vətənlə bağlı ideya üstünlük təşkil eləməlidir. Eləcə də insanlar arasında ülvi, mənəvi bir bağlılıq olmalıdır. Bu mənəvi bağlılığın artmasını arzulayıram. Millətimizə insanlıq, millətçilik birliyi arzulayıram.

Asif Ozan: Öncə bütün iştirakçıları xəlqilik bayramı münasibətilə təbrik edirəm. Sizi ürəkdən salamlayıram. Biz bu proqram araçılığı ilə də olsa bir araya gəliriksə, bu özü təqdir olunmalı bir haldır. Ona görə də mən sizi bu münasibətlə təbrik edirəm. Xəlqilik bayramına, inam fəlsəfəsi kontekstindən, xəlqiliyi aydınlaşdıran anlamlar vermək mümkündür. Ancaq xəlqilik deyəndə mən ilk növbədə belə qəbul edirəm ki, xəlqilik tarixən Azərbaycan adlı bu böyük coğrafiyada yaranan dəyərlər sisteminin toplusudur. Çünkü bu gün biz imtina eləmək istəsək belə, özümüzün tarixən formalaşmış tarixi dəyərlər sistemimizdən imtina edə bilmərik. Bu gün bizim sosial həyatımızda, bizim mənəvi dünyamızda bizdən asılı olmayaraq, Zərdüştlükdən üzü bəri bu günə qədər bu torpaqda formalaşmış dəyərlərin hamısı bu və ya digər formada ehtiva olunur. Ona görə də mən belə düşünürəm ki, xəlqilik əslində bizim bir millət olaraq söykəndiyimiz və bizi zamanın, dövrün keşməkeşlərindən, müsibətlərindən, sınaqlarından çıxararaq bu günə gətirən həmin dəyərlərdir. Təbii ki, Soylu bəyin çıxışı daha çox siyasi gedişə yönəlik çıxış idi. Ona görə də mən diqqətlə qulaq asdım, daha çox nəyi vurğulamaq istəyir. Təbii ki, mən Ocaqçıların tədbirində iştirak eləyirəm. Asif Atanın həm yaradıcılığına, həm ruhuna, həm də dünyagörüşünə bələd olan bir adam kimi mən özüm əminliklə deyə bilərəm ki, Asif Ata bütün hallarda xəlqilik deyəndə Zərdüştlükdən ta bu günümüzə qədər formalaşmış bütün milli dəyərlər sistemimizin məcmuunu nəzərdə tutur. O istəyirdi ki, Azərbaycan adlı bu toplum əslində Batıdan gələn stereotiplərin üzərində yox, məhz bu torpağın üzərində yetişən dəyərlər sisteminin üzərində formalaşsın. O zaman bu xalqın ruhu məğlubedilməz olacaq, bu xalqın milli şüuru məğlub olmayacaq. Baxmayaraq ki, dünyada qloballaşma adı altında Batı dəyərlər sistemi, Batı dünyagörüşü başqa xalqlara sırınır, həmin dövrdə bizim böyük düşünərlərimiz bu cür insanlarımız, o cümlədən Asif Ata Batıdan gələn yabançı dəyərlərə qarşı ideoloji cəbhənin qurulmasını istəyir. Mən bilirəm, bu cəbhədə vuruşan, düşünən yetərincə bizim ədiblərimiz, elm insanlarımız olub, biz onları da xatırlaya bilərik. Mən burda illərdir üzünü görmədiyim görüntü araçılığı ilə görüşdüyümüz bütün Ocaqçıları bir də ürəkdən salamlayıram, bu günkü bayramı təbrik edirəm. Atanın xəlqilik anlayışı üzərində çox danışmaq olar. Ancaq bizim bu tədbirimiz bu günkü bayrama həsr olunduğundan mən sözümü icmal formasında deyirəm.  Xəlqilik əslində tarixən bu torpaqda yaşamış, bu günə qədər bu torpağın sahibi olan bu toplumun yaratdığı bütün dəyərlərə sahib olmaq deməkdir. Çünkü biz bu dəyərlərin üzərində var olmuşuq. Bizim milli kimliyimizi bu dəyərlər qoruyub saxlayıb. Biz onlara yiyələnəcəyik. O zaman Batının kosmopolitləşdirmə, zombiləşdirmə siyasətinə qarşı çox uğurlu ideoloji bir cəbhə qurmuş olarıq. Ona görə mən istəyirəm ki, bizi bu cəbhə birləşdirsin. Hər birinizə təşəkkür edirəm.

Güntay Atalı (Ataya səcdə edir – N.A.): Hər birinizə “xoş gəldiniz” deyirəm. Ürəyinizdə Ata Günəşi olsun. Bayaq Soylu bəy geniş danışdı, insana əngəl olan yeni amilləri saydı. Özünü tanımayan insan varlığını sürdürə bilən millət yarada bilmir. Sıradan bir insan – var olan xalq yarada bilmir. Var olan xalqı yaratmaq üçün Atanın İnam dünyagörüşünün başlanması qaçılmazdır. Atanın buyurduğu yeni sivilizasiyanın başlanması qaçılmazdır. Yeni insan yaransın, xalq yaransın, Doğu yaransın, bəşər yaransın. Asif bəy bayaq vurğuladı, onunla razıyam. Batının kosmopolit ideyalarına qarşı yeni bir cəbhə oluşdurmaq gərəkdir ki, xalq ola bilək, tarix səhnəsindən çıxmayaq. Bəşər səhnəsində öz yerimizi qoruyub saxlaya bilək. Ancaq kosmopolit ideya təkcə Batıdan gəlmədi, eyni zamanda Doğudan gəldi. Doğudan gələn heç də ondan yumşaq deyildi, daha fəlakətli idi. Bizi bir xalq olaraq, öz cığırımızdan çıxarmağa qadir olan bir nəsnə idi. Nə yazıq ki, etkili oldu. Öz məqsədlərinə hardasa çatmış oldular. Asif Atanın Xəlqilik ideyasının, xəlqiliyin bayram olunması – bu gəlimli-gedimli, çək-çevirli dünyada cəbhə oluşdurmağımız, onlara qarşı mübarizə açmağımız, birinci növbədə, özümüzə qayıdışımızdan, öz dəyərlərimizi tanımağımızdan, öz dəyərlərimizi təqdim eləməyimizdən irəli gəlir. İlk növbədə, öz içimizdəki yağılığı qırağa qoymaqla özümüzü qorumağımız gərəkdir. Bizim qurtulmağımız ondan başlayır. Bu qurulmağı öz ömrümdə, aşamalı olsa da, başlanmasını yetirmək istəyirəm. Bu gün toplumda olmasa da, öz ömrümdə olmasını görmək istəyirəm. Bununla yaşayırıq, bunu yaşadırıq ömrümüzdə. Varlığımızla buna çalışırıq, bunu öz toplumumuzda görməyimizi arzulayıram. Yaxşı ki, Asif Ata var oldu. Asif Ata Azərbaycanın bağrında yarandı. Azərbaycana bir yol yaratdı. Həm insanın yolunu, həm də milli yolu. Bizim də boynumuzun borcudur, öz bağrımızdan çıxan, öz millətimizin içindən çıxan Atamıza qulaq asaq. Onun göstərdiyi yola üz tutaq. Asif Atanın göstərdiyi yoldadır varlığımız. Yaşasın Ata. Bir daha hər birinizi Xəlqilik bayramı münasibətilə qutlayıram. Atamız Var olsun!

Soylu Atalı: Bilgi üçün deyim ki, biz ayrı-ayrı çağlarda təbiət qoynunda olmuşuq, musiqili poeziyalı bayramlar keçirmişik: İsmayıllıda, Xaçmazda, Atagün Elində (Beyləqan), Ceyranbatan su anbarı meşəsində, Şəmkirdə, Tovuzda. Bu məsələlər getdikcə biçimini almalıdır.

Günev qardaşımız sizin hər birinizə sayğısını, qutlamasını çatdırır. İnam Evinin (Məbədin) işini başa çatdırır, tədbirlər zalını tam işləyib qurtarıb. Bölgələrarası yollar açılsın, gedib açılışını edəcəyik.

Finlandiyadan İlahə bacımız tədbirə qatılıb. Asif Atanı yaxından tanıyan, onu dinləyən, onu sevən ziyalı bacımızdır. Ocağın yaşamasında, ideyalarının yayılmasında maraqlı olan bacımızdır. Onu dinləyək.

İlahə Ucaruh: Yeni sivilizasiyanın yaranması ehtiyacı, mən özüm də görürəm, Avropada yaşayıram. Avropa insanları da həsrətindədirlər. Ağıllı kəslər, vicdanlı kəslər onu dərk edir, mən özüm bunu görürəm, çünkü fin dilində oxuya bilirəm. Axtarışlarında görürəm, ədəbiyyatlarında da, fəlsəfələrində də bu axtarışlar gedir. Ancaq Asif Ata onları qabaqlayıb. Oxuduqca, tutuşdurduqca görürəm, Asif Ata onları qabaqlamış, onlardan daha mükəmməl bir sistem qurmuş. Mən bunu dərk edəndən sonra düşündüm, bu haqda yazmaq gərəkdir. Kiçik-kiçik məqalələr artıq yetməz, böyük bir araşdırma kitabı araya gətirmək gərəkdir. İki ildir çalışıram, bəlkə bir-iki il də uzanacaqdır araşdırma. Ancaq mənim əlimdən bu gəlir ki, dünyada olan fəlsəfələrlə, ideologiyalarla Asif Atanın fəlsəfəsini tutuşdurmaq, qarşılaşdırmaq, hansının daha ağıllı, daha dərin olduğunu ortaya qoymaqdır. Asif Atanın bir sözü vardı: “Zorla dünya dəyişməz, zorla dünya dağılar”. Ona görə də biz heç kəsə zor göstərmirik.  Həyatda dolanıb yaşasaq da, həyatımızı səngərdə qurmalıyıq. Hər birimizin ailəmiz bizim səngərimizdir. Bu ailəmizin içindəki üzvlərimizi yetişdirməliyik. Bizdən sonra bu zəncir qırılmamalıdır. Öz övladlarımıza insanlığı örnək verməliyik. Sadəcə sözdə yox, əməldə. Bizim ömrümüz yetməyəcək  gələcəyi, yeni sivilizasiyanı görək, biz sadəcə toxum səpirik, bizim toxumlarımız uşaqlarımızdır. Asif Atanın kim olduğunu, nə dediyini anlatmalıyıq, onu sevdirməliyik. Mən qızımı göndərmişdim, Soylu qardaşın tədbirinə qatıldı, maraqlandı, düşünməyə başladı, indi “Mütləqə İnam” kitabını ingilis, fin dillərinə tərcümə etməyi öz boynuna götürür. Yaşadıqca, böyüdükcə axtardığını tapa bilmir, mən danışdıqca, onda maraq oyatdıqca deyir, mən Atada tapa bilərəm axtardıqlarımı, qatqısını da çevirmələrlə etməyə çalışır.

Mən də sizin hamınızı görməyimə şadam. Atamız Var olsun!

Soylu Atalı: Bacımız işin bir cəhətini vurğu edir, ailənin üzvləri məsələsi. Ailəni bu yöndə tərbiyə eləmək, söz yox, bu işin bir cəhətidir. İlahə bacımızın qızı, görünür, onun özünə çəkib. Ancaq bizim ayrı-ayrı insanlarımızın ailələrində bu özünü doğrultmaya da bilər. Ona görə Ocaqçıların işi həm evində, həm də xalqında, bütövlükdə İnsanlıqda getməlidir – tədbirlər, görüşlər, səfərlər şəklində, ruhani mübarizənin yönü belədir.

Bilən Atalı (Ataya səcdə edir – N.A.): Ürəyinizdə Ata Günəşi olsun! Bizim insanlar nəyisə deyəndə axıra kimi demirlər, elə bil nəyisə gizlədirlər. Mən demək istəyirəm ki, bizim bir millət olaraq, xalq olaraq acınacaqlı duruma düşməsinin başlıca səbəbi dindir, İslam dini. Mən ona görə Asif Atanı sevirəm, onun ideyalarını. O, heç nəyi gizlətmir. Ziyalılarımız var, bilən adamlarımız var, alimlərimiz var, ancaq Asif Ata kimi açıq, aydın, sağlam mövqeləri yoxdur. İçimizdə olan yalanları ortaya çıxartmağımız gərəkdir. Onları aradan qaldırmağımız gərəkdir. Bunun üçün Asif Ata yalansız İnam yaratdı. Dində yalan olduğu üçün insan məhvə doğru gedir. Ona görə Asif Atanın ideyalarını həyata keçirməliyik, yəni davam etdirməliyik. Atamız Var olsun!

Soylu Atalı: Qonuya qayıdıram. İlahə bacımız vurğuladı, biz örnək verməliyik, örnək olmalıyıq. Doğru yanaşmadır örnək vermək, örnək olmaq məsələsi. Biz Ocaq olaraq sözümüzlə, ideyamızla örnək oluruq, həm də yaşamımızla örnək oluruq. Asif Atanın dediyini nə qədər dərindən biləriksə, dərk edəriksə, bir o qədər səsimiz, sözümüz uzaqlara gedə bilər. İstəyirsən sayın on olsun, yüz olsun, min olsun. Sənin sayın min olar – səsin evindən qırağa çıxmaz, sənin sayın on olar, səsin dünyaya çatar. Doğrudan da, örnək olmaq məsələsi olduqca böyük bir məsələdir.

Atanın düşüncələri ümumbəşəri məna daşıyır, ona görə də bu düşüncələri Atanın istədiyi  kimi gerçəkləşdirmək gərəkdir.

İlahə Ucaruh: Həkim qardaşımız bayaq dedi, islam bizim millətə böyük zərbə vurub. Hələ qızım Bakıya gələndə Soylu ona çoxlu kitablar vermişdi. O kitabları indi oxuyuram, cavan vaxtımda diqqət etmədiyim şeyləri indi daha yaxşı dərk edirəm. Asif Ata deyir ki, türkün günahı qılıncla çox oynamağındaydı. Türkün özünün də günahı çox olubdur, təkcə islamın günahı deyil. Bizim xalqın da yaxşı olmayan tərəfləri var. Biz bunu dərk eləməliyik, hardasa aşırı acıqlı olmaq, mənəm-mənəmlik vardı, kin-küdurət vardı, onlarla da işləmək lazımdır. Özüylə döyüş ona görə gərəkdir. Ata deyirdi ki, insan fərqinə varmalıdır, dərk etməlidir məsələnin kökünü. Biz ancaq islamı günahlandırmamalıyıq, özümüzü də günahlandırmalıyıq. Bu da bizim qarşımızda duran böyük məsələlərdən biridir. O zaman biz islama da qalib gələrik, kapitalizmə də qalib gələrik.

Asif  Ozan: Bir məsələ var ki, hər bir xalqın, hər bir etnosun dövrün, zamanın keşməkeşlərindən keçmək üçün öz mənəvi dünyasına, bir sütuna söykənməlidir. Bunun üçün hər bir millət tarixi sütunlar yaratmalıdır. İndi biz islamdan öncəki dövrümüzdə Tanrıçılığa, şamanizmə müraciətlər eləmişik. İslama qədərki dünyagörüşümüzün təməlində bir sistem kimi araşdırırıq, təbii ki, islama qədər bu dünyagörüşü sistemlərinin bizim bir millət olaraq monolit cəmiyyətə çevrilməyimizdə böyük xidməti olubdur. Ancaq təbii ki, dünyada tarixən sivilizasiyalar yaranır ki, bu sivilizasiyaların bizə təsiri olur. Bir millət olaraq tarixin müxtəlif çağlarında istər iudaizmə, istər xristianlığa, istərsə islama müraciət eləmişik. Ancaq bir reallıq var, biz bundan imtina edə bilmərik. İudaizim bizi bir millət olaraq monolit bir topluma çevirə bilmədi, xristianlıq da bunu bacarmadı, ancaq islam bunu bacardı. Təbii ki, bu, xüsusi bir tədqiqat qonusudur, nəyə görə biz bir millət olaraq, bir türk olaraq, islamdan daha bərk yapışdıq. İslam ətrafında bizim birliyimiz daha uğurlu proses oldu. Təbii ki, burada Tanrıçılıq inancı ilə İslam inancının arasında bəlli elementlərin uzlaşması haqqında yetərincə tədqiqat əsərləri var. Soylu bəyin də, Ocaqçıların da bununla bağlı öz şəxsi mülahizələri var. Rassional izahlar vermək mümkündür. Ancaq bütün bunlara baxmayaraq, bəllidir ki, bizim də bir millət olaraq, dünya çapında, dünyada gedən qloballaşma prosesində milli kimliyimizi, milli özgürlüyümüzü qoruyub saxlamaq üçün özümüzün milli ideoloji cəbhəmiz olmalıdır. Bu milli ideoloji cəbhənin yaradılması uğrunda zaman-zaman, bayaq da dedim, yetərincə mütəfəkkirlərimiz mübarizə aparıbdır. Məgər M.F.Axundovun başladığı mübarizə bizim milli kimliyimiz uğrunda olan mübarizənin təməl sütunlarından biri deyilmi? Daha sonra Molla Nəsrəddinçilərin, artıq sovetlər dönəmində ədəbiyyatın milliləşmə prosesi fərqli bir müstəviyə keçdi. Biz etiraf eləməliyik ki, həmin dövrdə istər H.Cavidin, istər Ə.Cavadın, istər M.Müşfiqin, təbii S.Vurğuna yanaşmalar bir az təzadlıdır. Nəhayət Asif Ataya qədər Azərbaycan ədəbiyyatında daha çox humanist, ideoloji sferada mübarizə aparan Heydər Hüseynovun özünü əlavə eləməliyik. Bizim yetərincə insanlarımız oldu ki, bu mübarizə xronoloji açıdan dayanmadı. Yəni burada bir varislik yaşandı. Təbii hər bir mütəfəkkir öz dövrünə uyğun mübarizə metodu seçdi. Sovetlər dönəmində birbaşa sən Stalinin repressiya maşınına qarşı mübarizə apara bilməzdin. Bunu başqa bir müstəviyə keçirməliydin. H.Cavid yaradıcılığında fəlsəfənin ədəbiyyat müstəvisinə keçməsinin şahidi oluruq. Nəhayət gəlir 80-ci illər. 80-ci illər artıq mübarizənin yeni formasını diktə edirdi. Bu formanı tapanlardan biri Asif Atadır. O zaman Asif Ata istər Xəlqilik prinsipi olsun, istər Mütləqə İnam fəlsəfəsinin ideoloji sütunları… Bizim milli ideolojiliyimizə sütun olan həmin Xəlqilik birbaşa xalqın özünün ruhuna söykəndiyi üçün o daha etibarlı bir sütundur. Ona görə də bu gün bizim Xəlqilik deyə bu fəlsəfəni, bu dünyagörüşünü, bu sistemi xalqın ruhuna yaxınaşdıran bu bayramın xüsusi önəmi var. Ona görə mən bizim bir xalq olaraq bu günə qədər yaşadığımız sivilizasiya aşamalarını dibindən qazıb atmağın tərəfdarı deyiləm. Onların hər birinin bizim milliləşmə prosesində bəlli yeri və məqamları var. Belə deyək, M.Füzuli bir şair olaraq islam dininin tüğyan elədiyi bir dövrdə yaşayıb. Nəsimi eyni qaydada həmin dövrdə yaşayıb. Biz xilafətin və islam dininin hətta tüğyan elədiyi dönəmlərdə belə bizim mütəfəkkirlərin yaradıcılığında, dünyagörüşündə o Xəlqiliyi açıq-aydın görürük. Asif Ataya qədər olan varislər əslində varislik ənənəsi üzrə davam edirdi, mövcud idi, var idi. Atanın özü də etiraf edir, ona görə də o, qədim Şumerdən, Zərdüştdən, Dədə Qorquddan, Babəkdən, Xürrəmdinlikdən daha müasir dövrə gələnə qədər bütün dəyərlər sistemimizi sadalayır, onların hər birinin milli və özünüdərkimizdə sütun olduğunu xüsusi olaraq vurğulayır. Xoşbəxtdir bu millət ki, özünün ruhunu qloballaşmadan, yadlaşmadan, kosmopolitləşmədən, zombiləşmədən qoruyan bu dəyərləri zaman-zaman qoruyur. Biz bunu bütün dəyərlərimizin simasında aydın şəkildə görürük. Dədə Qorqudu oxuyanda necə hiss eləmirsən ki, Dədə Qorqud səni milliləşdirən, millilikdə saxlayan ən nəhəng bir fikir sistemidir. Bütün hallarda biz təbii ki, tarixi kontekstdə məsələyə yanaşmalıyıq. Tarixi kontekstdə hesab edirəm ki, Asif Atanın yaratdığı Mütləqə İnam Fəlsəfəsi bizim milli ruhumuzu qoruyan növbəti mənəvi bir sütundur, sistemdir. Bunun üzərində yeni milli ideyaların, milli dünyagörüşlərin, milli sistemlərin yaranması çox təbii, normal bir prosesdir. Bu, təkamül prosesinin bir hissəsidir. Mən inanıram ki, bizdən sonra Azərbaycan adlı bu məkanda, bu coğrafiyada, ya da Azərbaycan adlı bu xalqın ruhunda onun milliyini qoruyub saxlayan yeni-yeni sistemlər, dünyagörüşləri yaranacaq, formalaşacaq. Bu gün biz onun bir aşamasını yaşayırıq. Bir daha Xəlqilik bayramınız qutlu olsun.

Soylu Atalı: Hər birinizə sözünüzü dediyinizə görə, qatıldığınıza görə təşəkkürümü bildirirəm. Asif bəyin bəzi məsələlərlə bağlı dediyi məqamlara da toxunmaq istəyirəm. Çox önəmli məqamlara toxundu. Xalqımızın içində ənənələrin yaşaması, davam eləməsi, zaman-zaman yenilənməsi, zaman-zaman yeni aşamaları yaşamımızda ortaya gəlməsi. Bunun hamısı doğrudan da öyrənilməli məsələlərdir. Bununla bağlı bir neçə söz demək istəyirəm. Hansısa faktlar, yaşamımızda olan, keçmişdən üzü bu yana həyatımızda, milli varlığımızda olan, etki göstərən bir sıra dəyərlər olub, hansı ki, o dəyərlərin bu gün yalnız ədəbiyyatlarda, xatirələrdə faktları, qalıqları var. Ancaq elə faktlar da var, az-çox yaşamımızda, davranışımızda, mədəni varlığımızda özünü göstərir. Tarixi, keçmişi olan heç bir məsələni biz dana bilmərik. Biz tarixi faktların, tarixi yaşantıların üstündən xətt çəkmirik. Çəkməli deyilik. O şeylər ki, bizim tariximizə, hətta yaşamımıza müsbət, mənfi etkiləri olubdu, bu günümüzə qədər də gəlib çıxıb. Bu gün həytımıza nələrin etkiləri olubsa olubdu, ancaq bizim yaşamımızda onların etkisi necədir, nədir, ona baxırıq, ona baxmalıyıq. Deyək ki, həyatımıza  kimləri qaytarmaq, adət-ənənələrimizə nələri qaytarmaq sərf edir, bunları öyrənməliyik, araşdırmalıyıq. Deyək ki, xalqın bir aşamada maariflənməsinə yön verən, qatqı verən M.F.Axundovun adını Asif bəy çəkdi. Onu da mən bir neçə cümləylə vurğulamaq istəyirəm. Söz yox, Axundovun, öz çağında, xalqın maariflənməsində gərəkən etkiləri olmuşdur, danılmaz. Ancaq bu gün Axundovun maarifçilik məsələsi bizim üçün ölçü deyil. Nə də tarixi fakt olaraq ölçü deyil. O bir tarixdir, ancaq ölçü deyil. Niyə deyil? Axundov çar çinovniki idi. Onun çiyinlərində çarın paqonları var idi. O, bizi rus ideolojisi açısından maarifləndirirdi, Doğuda yaranmış islam cəhalətinə qarşı maarifləndirsə də. Ancaq o, bizi milli kimlik xəttində maarifləndirmirdi. Ya da onun kimi bir başqası. Ya da bu gün elə bizim həyatımızda islam dininin etkilərini götürək. Söz yox, tarixdə islamın xalqın həyatında mənfi, müsbət çalarları, etkiləri olub. Bu gün bizim həyatımızda onun etkisi, rolu necədir, bir də bunu araşdırıb deməliyik. Bu gün həyatımızda onun zərərə işləyir. Bir var tarixdən nəyisə silmək, bir var, ruhumuzdan uzaqlaşdırmaq. O şey ki, bizim millət olaraq ruhumuzun qurulmasına əngəl olur, o şey ki, bizim millət olaraq özümüzü tapmağımıza əngəl olur, onu biz rədd edirik. Onun yerinə deyirik, yalansız İnam olmalıdır. Bunu Asif Ata yaradıb ortaya çıxarıb. Bunu hər biriniz də deyirsiniz ki, Asif Atanın gərəklidir, uğurludur. Ona görə də Asif Atanı təsdiq eləmək gərəkdir.

Tarixdə Osmanlı imperiyası vardı. Osmanlı imperiyasının əsas ideolojisi islam idi. Bunu heç kim dana bilməz, imperiya 600 il nə qədər ərazilərə hökm edib. Bu bir faktdır. Ancaq dərinə gedəndə mən bu faktla qürurlana bilmirəm. Türkün bu fakta, tarixin hansısa dönəmində, yenidən qayıtmasını da istəmirəm. Burada millət sıradan çıxır. Osmanlıda hakim dil fars dili idi. Türk dili, türk kimliyi, türk mənəviyyatı, türk mədəniyyəti, türk ölçüsü yox idi. Ona görə Osmanlının yerində yaranan Türkiyə Cümhuriyyəti mənim üçün daha önəmlidir, nəinki Osmanlı İmperiyası. Bu həqiqətləri anlamaq üçün xalqa zaman gərək olacaq. Bir çox şeyləri biz öz yaşımızda görməyəcəyik. Ancaq biz mübarizəmizi aparırıq, aparmalıyıq…

 

“Xəlqilik” Şərqisini Soylu Atalı oxudu. “Xəlqilik Bayramı üstə Mütləqlə Təması” Nurtəkin Atalı dedi.

“Ata Ruhu Ürəyimizdədir!”, “Atamız Var olsun!” Səcdəsilə Bayram sona yetdi.

Şölə Ayı, 42-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir