Fəlsəfə! Fəlsəfənin nə olduğunu, bəlkə də, daha çox filosofların bioqrafiyasından, yaşam yolundan öyrənmək olar. Bir var filosofun yaradıcılığı, bir də var filosofun yaşam yolu. Gerçək fəlsəfəni gerçək filosoflar yaradırlar. Yaradıcılıqla yaşam üst-üstə düşəndə ortaya gerçək filosof faktı çıxır. Asif Ata bizim yaradıcılığı ilə yaşam yolu üst-üstə düşən filosoflarımızdandır.
Filosof bir partiyaya, bir ölkəyə, bir dövlətə sığmaz. Bir partiyaya sığan, filosof deyil. Bir ölkəyə sığan filosof deyil. Bir dövlətə sığan filosof deyil. Filosof özü bir partiya, özü bir ölkə, özü bir dövlətdir. Filosof sınırları aşan düşüncəsilə filosof olur. Bizdə administrator-filosof da var. Sözsüz, bu, avsurddur, ancaq ən böyük absurd korrupsioner dövlət hakimiyəti sistemində administrator-filosof olmaqdır. Bu, fəlsəfənin, bütünlükdə fəlsəfə dünyasının – fəlsəfə kosmosunun ayaqlar altına atılması, tapdanması faktıdır. Burası olduqca ilginc görsənişdir: korrupsioner ortamda fəlsəfə anlamını itirir, anlamsız nəsnəyə çevrilir. Bu isə fəlsəfənin gücsüzlüyü deyil, gücüdür, gerçək güc görsənişidir; fəlsəfə, gerçək fəlsəfənin daşıyıcısı olan filosof bulaşığa batıb-qarışmır, korrupsiyaya inteqrasiya olunmur. Bulaşığa batan, korrupsiyaya inteqrasiya olunan filosof ola bilməz.
Bulaşıq ortam – ideya-mənəvi dəyərlərin ucuzlaşdığı, ayaqlar altına atıldığı ortam – fəlsəfəlik-filosofluq deyil. Asif Ata gerçək filosof – yüksək ideyalar daşıyıcısı olaraq yaşı boyu belə bir ortama qarşı oldu. Pozucu-yıxıcı ortamdan qurtuluş yollarını aradı, tapdı, göstərdi. Bax elə fəlsəfənin – filosofluğun dəyəri də bundadır. Sən hər hahsı sistemdən, sistem klişe-düşüncəsindən yüksəkdə dayanaraq gerşəkçi dəyərləndirmələrlə çağdaş düşüncə axarı yaratmaqla filosofluğun başlıca missiyasını – yönəldicilik missiyasını yerinə yetirərək Çağa yön verir, ən azı, yönverici rolunu oynayırsan. Asif Ata gerçək fəlsəfə daşıyıcısı, gerçək filosof olaraq bunu sonadək etdi.
Etdi, ancaq gərəyincə dəyərləndirilmədi: nə hakimiyət, nə müxalifət sarıdan. Bu isə onun suçu deyil; onu dəyərləndirə biməyən kimsələrin, başlıcası da liderlərin suçudur. Onu da, onu dəyərləndirə bilməyən kimsələri, liderləri də hərəsi özlüyündə öz görəvini gərəyincə yerinə yetirib-yetirməməklə bağlı qınayıb-suçlamaq olar: birinci uduşludur, ikincilər uduşsuz! Çağsa geriyə dönmür. Elə çağın geriyə dönməzliyi üzündən də o, dünənki kimi bu gün də uduşludur. Başqaları… yox. Başqaları, uzaqbaşı, başqa yolların uduşçuları ola bildilər, ola bilərlər. Böyük gerçəklik yolunun uduşçusu tək odur!
Azərbaycanın dünyadakı yeri, bu yerə uyğun düzgün-uğurlu yönətilməsi: ulusal strategiya baxımından onun göstərdiyi yol bu gün olduğu kimi yüz illər sonra da önəmli-uduşlu olaraq qalacaq. Onun Birlik, Bütövlük, Özgürlük fəlsəfəsi ölməzdir. O fəlsəfəni yetərincə öyrənmək, öyrənib mənimsəmək, mənimsəyib ölməz-yenilməz ulusal ideya örnəyi olaraq yönətim sisteminə çevirmək Azərbaycanın uğurlu gələcəyinə aparan, bu gələcəyi qarantiyalayan yolda yürümək deməkdir.
Filosof Dekart deyirdi: “düşünürəm, demək, varam”. Bizdə düşünmək nə olduğunu bilməyən filosoflar var. Bunlar korrupsiya rejimi ilə uyuşqanlıqda olan, korrupsiya koordinatları sistemində yer almaqla insanı, insanlığı alçaldıb ucuzlaşdıran, yalan-yaltaqlıq kimi yaramazlıqlarla barış içində yaşayan fəlsəfə oyunçularıdır. Belələrinin filosofluğu korrupsiyaya bulaşmış “Ali attestasiya komissiyası” adlanan qurumun verdiyi pullu-tapşırıqlı “lisenziya”dan uzağa getmir. Yalançı-qondarma filosof adı haram kolbasaya pulla “halal” lisenziyası almaq kimidir. Belələrinin filosofluğu, ideya-düşüncəsi də pulla alınan lisenziya xarakterlidir.
Asif Ata gerçəkdən filosof olduğu üçün istər totalitar Sovet dönəmində, istərsə də sonrakı “milli” diktatura dönəmində bütöv bir filosof yaşamı yaşadı. Başqa cür desək, dissident-filosof yaşamı. Bu, dar dünyagörüşlü, özgüdükçü – cılız duyğulara bürünmüş qondarma filosofların dözüb dayanamayacağı bir yaşamdır. Yaşı boyunca belə yaşamaq çətinliyinə qatlaşmaq yalnız Asif Ata kimi böyük amaclar-ideallar yükümlüsünün sevərək, sevinərək tapındığı bitməz yaradıcılıq yaşantısı ola bilərdi. Gerçək fəlsəfə kişisi, gerçək filosof olaraq ondan ötrü başqa bir yaşam yaşantısı yox idi, ola bilməzdi. Elə bu “ola bilməzlik, olamazlıq” axarında da o, Babəkdən, Nəimi – Nəsimidən, Məhəmməd Əmin Rəsulzadədən keçib gələn yolun yolbaylarından – yolgöstərənlərindən oldu: çağının, biliyinin-bacarığının koordinatlar sistemi içində!
Asif Ata özünün bənzərsiz baxışları, stili, intonasiyası ilə birlikdə yaradıcı filosof idi. Onun yaradıcılığı da, yaşam yolu da bir ideal, bir model olaraq yolgöstərici görəvini yerinə yetirməkdədir. Rus-Türk filosofu N.Berdiyayev deyir: “İnsan gerçəyi anlamasa özgür ola bilməz”. Asif Ata özgür idi – anladığıyca özgür. Berdiyayevə görə, “xalq gerçəyi anlayıb ona qulluq edəndə elliklə özgür olur”. Asif Ata filosof olaraq gerçəyi anladı, sonadək gerçəyə qulluq etməklə xalqının böyük, ölümsüz qulluqçularından birinə çevrildi. Yüz illər boyu öyrəniləcək, güvəniləcək bir qulluqçu! Ocaqçılar demiş: Atamız var olsun!