Xəbərlər

“Yeni İl” Mərasimi keçirildi

1 Günəş Ayı, Asif Atanın Mütləqə İnam ocağı 34-cü ilə qədəm qoydu. Bu münasibətlə Ocaq ənənəvi“Yeni İl” Mərasimini keçirdi. Tədbir “Ata Ruhlu, Ata Günlü Yeni ilimiz – xoş gəldin!” carı ilə başladı. “Təbiətdəki Mütləqlə Gündüz Təmasını” Türkel Atalı, “Ataya Günorta Ricası”nı İnamlı Atalı, “Ruh üstə” izharını Üstün Atalı söylədi. Ocaq Yükümlüsü Ataya Səcdə ilə Mərasim izharına başladı və Yeni İl münasibətilə xalqımıza ünvanlanan müqəddəs söz söylədi. Ocağın 34 ildə çox yol getdiyini vurğuladı: “Çox yol gəldik, qəti  gəldik. Bu gün içimdə qürur var. Niyə yol gələ bildik, çünki dəyişmədik. Bütün aləm dəyişdi, biz dəyişmədik. Cəmiyyət də, quruluş da, hakimiyyət də dəyişdi, biz dəyişmədik. Bizim dəyişməyimiz dəyişməzlik tələbindən gəldi. Atanın dediyi kimi, dəyişirik ki, dəyişməyək. Bu, bizim üçün çox böyük meyardır. Asif Atanın ölümündən sonra heç kim inanmırdı ki, Ocaq yaşayacaq. Nə dururdu dəyişməzliyin arxasında – İnam. Ataya inam, qədimliyə inam, gələcəyə inam, özümüzə inam.

Gərək için Ocaqla elə dolsun ki, cəmiyyətdən, zamandan çox yüksəkdə qalasan. İnsanların bir-birinə münasibəti məişət əsasındadı, həyat tələbləri əsasındadır, ruhaniyyat əsasında deyil…

Ruhani niyyətlərin yerişinə saxlamaq lazımdır ürəyin gücünü. Biz istəyirik ki, xalqda itirilmiş və aşkarlanmayan keyfiyyətləri bərpa edək. Ancaq necə, – insana acıqlanmaqlamı, onu yamanlamaqlamı, onun adi səviyyəsində durub cəmiyyətləşməkləmi?! İnsan inamı, sevgini itirib, onun itirdiyini ona vermək lazımdır.

…Ocaq bizim özümlüyümüzdür. Özümlüyündən ayrılmış adamın gələcəkdən danışması mümkün deyil”.

Nurtəkin Atalı Ocaq əməlləri yönündən 33-cü ilin ruhani hesabatını verdi. 33-cü ildə Atanın “Yollaşan Aqibət (Muğam fəlsəfəsi) kitabının çap olunması, təqdimatının keçirilməsi, Quba rayonunda təqdimatın yerli televiziyada verilməsi, Şabran rayonunda keçirilən görüş, Beyləqan rayonunda Günev Atalının keçirdiyi görüşlərdən danışdı. Sərt Ayında Soylu, İnamlı, Göylü və Nurtəkin Atalıların Ağstafa, Qazax və Tovuz səfərlərindən, Soylu Atalının Ağstafa orta məktəbdə görüş keçirməsindən, Göylü Atalının Tovuz rayonunda orta məktəbdə görüş keçirməsini söylədi. Eyni zamanda Ocaq arxivinin yaradılması, Ocaq tədbirlərinin, görüşlərinin kitablaşdırılması və bu əməldə bütün Ocaqçıların iştirakını vurğuladı. Eləcə də Soylu Atalının öz evində, “İnam Evi”ndə çoxsaylı fərdi görüşlərinin önəmini izah etdi.

“Atagün” Ailəsinin yaranmasını Ocaq tarixində xüsusi hadisə kimi qeyd edən Nurtəkin Atalı Köçəri Ayında keçirilən “Ailə Günü”nün yüksək halını qeyd elədi. Ailənin yaranmasının Evlad Aqibətinin bütövləşməsi ilə bağlılığını vurğuladı.

Nurtəkin Atalı Ocağa yeni evlad qəbulu – İnamlı Atalının də gəlişini, onun ömrünün Ocağa bağlamasını vurğuladı. O, Ocaq Yükümlüsü Soylu Atalının 3-cü – “Amalımız – Yeni bəşər halı” kitabının ərsəyə gəlməsini Ata işində ciddi rol oynayacağını bildirdi. O, yazıların yayılmasını, Xalqlaşma əməllərini də öz hesabatında vurğuladı. Çoxsaylı, yazıya, sözə sığmayacaq dərəcədə zəngin olan Ocaq əməllərinin ruhani Aqibət bütövlüyündən yarandığını söylədi.

Sonra  Nurtəkin Atalı Yeni İl qarşısında öz halının yüksək olduğunu söylədi: “Həyatla görüşərkən niyə sarsılmıram? Çünki həyatın içində olsam da, həyatdan yüksəyəm. İnam ucalığında yaşamaq və inama sarılmaq – o zaman inam məni qoruyur. Çünki həyat istənilən yerdən daxil ola bilər ruhuma, əgər ruhum öz istəklərində həyata yenilərsə. Amma mən ömrümün qədrini, dəyərini anlamağa başlamışam. Mən həqiqətin çağırışını eşidirəm içimdə, həyatı dinləməyə enmirəm”.

Nurtəkin Atalı 33-cü ilin onun üçün həm sarsıntılı, həm də xüsusi mərhələ olduğunu vurğuladı. Və bu anlarda Ocağın onu qaranlıqdan çıxardığını, əhvaldan düşməyə qoymadığını dedi. Ocaq Yükümlüsü Soylu Atalı ilə söhbətlərin onu köklədiyini, yeni Ocaq əməllərinə hazırlaşdığını söylədi.

Nurtəkin Atalı 33-cü ildə Ocaqçılar arasında ruhani bağın, doğmalığın artmasını da vurğuladı: “Ocaq üstə köklənən ömürlər fərəhli doğmalıq, vəhdət yaradır.”

Ulusəs Atalı Ataya Səcdə edərək sözünə başladı. O, Atanın bir sözünü xatırlatdı: “Ata deyir ki, mərasimdə Ata haqqında söz deyilməlidir. Bu söz Atanın böyüklüyünü, Ucalığını ifadə etmək demək idi. Ata bunu ona görə  istəyirdi ki, Evladın görümü, böyüməsi aydınlaşsın. Bu gün “Yeni İl” mərasimində mən həm də Soylu Atalı haqqında söz demək istəyirəm. Biz “Soylu” deyərək ayaqda qalmışıq. Bizi Soylu tutub saxlayır, ruhani mənada böyüdür. Biz Soylunun cazibəsi ilə Ataya, Ocağa bağlıyıq. Atanın ölümündən sonra kim Ataya bağlı qala bildisə Soylu Atalının sayəsində oldu.

 …Soylu ilə yol getmək çətindir. Çətinlik Soylunun güzəştsiz davranışıdır. Soylu özünə sadiq, yoluna sadiq, münasibətdə fasiləsiz, ardıcıl şəxsiyyətdir. O, hər an, hər dəqiqə böyüyür, hər atdığı addımla ucalır. O, İnamın zirvəsinə mənimlə və ya mənsiz çatacaq. Söhbət ondadır ki, mən bir fərd kimi böyük olanı tanıya bilmişəm. Bu, həm Soylunun uğurudur (tanıda bildiyinə görə), həm də mənim uğurumdur (tanıya bildiyimə görə), həm də Bəşərin uğurudur. Bu, İnsanlaşmanın başlanğıcıdır”.

Türkel Atalı Səcdə etdikdən sonra öz halı ilə bağlı düşündüklərini bölüşdü. Onun düşüncələri ilə əks fikirli adamlarla görüşündən aldığı təəssüratlarını danışdı. Söhbətində, halında gördüyü çatışmayan cəhətlərindən və görmək istədiyi cəhətlərdən söz açdı. Ömrünə ciddi yanaşmaq gərəkliyini vurğuladı. O, Ocağın keçdiyi yola diqqət çəkərək, Ocağın bir ilinə bərabər olmayan indiki dünyanın yolunu müqayisə etdi. Həyat tələbləri nədir, Ocaq tələbləri nədir və buna yetmək nə demək olmalıdır tələbinə yönəlik düşüncələrini bölüşdü. Türkel Yeni ildə daha ciddi, kamil yaşamağın yetkin quruculuq əsasında olacağını vurğuladı.

Göylü Atalı, Üstün Atalı, İnamlı, Ulunur Atalılar yeni ili kutladılar, fərəhlərini bölüşdülər.

Ocaq dostu Nəsibə xanım da yeni il münasibətilə bir çox adamlari təbrik etməsindən, ədəbiyyat paylamasından danışdı, Ocağa, Ocaqçılara uğurlar dilədi.

Mərasimdə Ruhani hədiyyələr təqdim olundu: Soylu Atalının “İnamçı Harayı”, “İnam sorağında” kitablarının türk abesində hazırlanmış variantı və yeni kitabının latın qrafikalı Azərbaycan abesində ilkin variantı, habelə “Yeni İl”in böyük ölçüdə foto təqvimləri təqdim olundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” Səcdəsi ilə Mərasim başa çatdı.

Günəş Ayı, 34-cü il. Atakənd (İnam Evi).


AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir