Xəbərlər

“Yeni İl” mərasimində deyilmiş fikirlər

IMG_9171Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 “Yeni İl” mərasimində deyilmiş fikirlər

Ocaq Günsırası ilə 1 Günəş Ayı, 38-ci ildə (mart, 2016) İnam Evində Qutsal “Yeni İl” mərasimi keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Ataya səcdə ilə sözünə başladı:  Müqəddəs “Yeni İl” mərasimimizə başlayırıq. Söz deməzdən öncə Bayrağımızı öpür, Ataya səcdə qılıram.
Ocaqda ölənlərimizi, Ocaq qədimliyinə çevrilənlərimizi anırıq – Sabahlı, Bağban, Amaltay bizimlədir. Onları Yeni İl mərasimimizdə Ocağımızın sevgisinə, yaddaşına bir daha qaytarırıq.
İlimiz aydın, işıqlı, uğurlu və aqibətimizə çevrilən olsun. Ocağımızın Yeni ili hələ ki, Ocağın 3-5 Evladının yeni ilidir. Ancaq mahiyyətcə bütövlükdə İnsanlığın yeni ilidir. İnsanlığın tələblərilə Mütləqə İnam açısından yaşamağa başlayan hər bir insan, hər bir toplum, hər bir xalq üçün bugünkü gün Yeni İl olacaq.

İl dəyişir, ömrümüzə yeni əhvallar gəlir, yeni düşüncələr, yeni sevinclər gəlir, eyni halda yeni zəhmətlər, yeni çalışmalar gəlir. Yenidən özünü görmək, dərk eləmək gəlir. Yenidən Ataya qovuşmaq sevgisi gəlir. Yenidən İnsanlığın ömrümüzdə yeni səhifələr açması gəlir. Bu münasibətlə hər bir amaldaşımı qutlayıram. İnsanlığın hər bir soyunu qutlayıram. Bütövlükdə hər bir kəsə Yeni il uğurları diləyirəm. Bu, mənim Asif Atanın qarşısında, Onun Ocağının odu başında sevincim, sevgim və haqqımdır. Bunu bu cür ucadan demək, həryönlü demək mənim haqqımdır.

Ocağımızın bütün mərasimləri, tədbirləri eyni dərəcədə sorumluluq qoyur bizim qarşımıza, eyni dərəcədə anlamlıdır, eyni dərəcədə gələcəklidir. Heç biri o birindən artıq deyil, əskik də deyil. Sadəcə olaraq, hesab eləyirəm, 4 tədbir var ki, o tədbirdə, yaxşı olar, bütün Ocaqçılar özünü səfərbər eləyə bilsin və qatılsın. Onlardan biri “Yeni İl” mərasimidir. İlə başlanğıc götürürük. İlə başlanğıc götürəndə hər bir həyat qayğısını qırağa qoymağı bacarmalıyıq. Köklənmək, ilin özünü kökləmək, əhvala gətirmək, əhval içrə düşünmək gərəkdir. Bu, istəyirəm burda olan Ocaqçıların yadında qalsın, burda olmayanlara da deyin.

IMG_9161

Atamızın adından Yeni İlimizdə Ocaqçı əməllərini qiymətləndirmək, Ocağa, ilimizə sunmaq istəyirəm:

Üstünün fədakar çalışması, mən il içrə demirəm, ay içrə deyirəm, o cümlədən Anım Törənini təşkil eləməsi, onu səliqəylə, yanlışsız başa vurması təqdir olunur.

Nurtəkinin fədakar çalışmaları, o cümlədən Ocaq yayımlarını nəzarətdə saxlamaq əməli təqdir olunur. Atanın ruhani hüzuruna sunulur.

Göylünün yayın işimizə qatqısı və təşkilatçılığı, fədakarlığı, o cümlədən Özəl Buraxılışımızın ortaya gəlməsi üçün çalışmaları təqdir olunur.

Türkelin Ocaq işinə qatılması, Ocaq arxivinin yaradılmasına qoyduğu zəhməti təqdir olunur.

Ulusəsin Ocaq ünvanını qoruyan Ocaqgüzarlığı qəbul olunur.

Güntayın fədakar çalışmaları, o cümlədən Ocağın maddi qayğılarının davamlı ödənilməsi əməli təqdir olunur.

Günevin bölgəsəl xalqlaşma işləri təqdir olunur.

Elananın Günevlə birgəliyi, səfər əməlçiliyi qəbul olunur.

Bu, Ocaqçıların son ayda özünəxas Ocaq işlərində fədakarlığı və çalışmaları. Bundan başqa il içində İnamlının əməyi, fədakarlığı, eləcə də ayrı-ayrı Ocaqsevər adamların zəhmətləri, fədakarlıqları qəbul olunur. O cümlədən Yasin, İlqar Türkoğlu, İlahə, aradabir İlham, Ocaqdan qıraqda Ocağın işlərinə qatqı göstərirlər. Heç nə diqqətdən qıraqda qalmır. Bu işlər, kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, Ocağın yaşamasında, yaşadılmasında bir etkidir. Kimin qatqısı böyükdür, fədakarlığı böyükdürsə, onun fərəhi də böyükdür. Onun gələcəyi də böyükdür. Onun Ocaq ilsırasında (tarixində) açdığı səhifələr də böyükdür. Bu ayrı. Ancaq heç bir əməl unudulmur.

Ocaqdan qıraqda həyat sanki getdikcə geri gedir. Özəllikcə insana münasibət ötən yüz illərə dönür. Son çağlar bu özünü xüsusi göstərir. Sosial sorunların çoxalmasını insan sayının çoxalmasına bağlayırlar. Yalan söhbətdir. İnsan insanlaşmağa yox, bioloji həyata daha çox üz tutur. Hamısı ondandır. Acgözlük, ağalıq, mənəmlik, xudbinlik insanın əlində çox pis bir yaraqdır. Bu yaraqla o tutduğu mövqedən istifadə eləyir. Özünü topluma qarşı qoyur. Özünü xəlqi, milli anlama, gələcəyə qarşı qoyur. Getdikcə bu, sanki təbiiləşir, getdikcə hər kəs bununla barışır, Ocaqdan başqa. Ocaq iki cəhətiylə bununla barışmır. Birinci, Ocağın davamlı çalışmaları, əməyi, fədakarlığı onun bu gedişlə barışmadığının əsas şərti və göstəricisidir.  İkinci, Ocaqçı Ocaq tədbirləri dışında da heç bir eybəcərliyə bulaşmağa, hamı olmağa getmir. Özünün ruhani ləyaqətini, arılığını qoruyub saxlayır. Bu da Atanın yaratdığı ruhani tərbiyədən qaynaqlanır.

Dünya çox pis şəkildə bulanır, dağıdılır. Bunun içində ayrı-ayrı etirazlar var. Bir də ruhsal dirəniş var. Ayrı-ayrı etirazlar bizdən qıraqda da çoxdur. Ancaq ruhsal dirəniş yalnız Ocaqdadır. Ocaqdan qıraqda ruhsal dirəniş yoxdur. Sosial etirazlar var, fərdi etirazlar var. Mitinq şəklində, özünə qəsd şəklində, oğurluq şəklində, sosial şəbəkələrdə fikir yazma şəklində etirazlar var. Bizə deyirlər ki, indi heç kim böyük yazılar oxumur. Siz də internetə böyük yazılar qoyursuz. Mən də deyirəm ki, biz internetdəki yazını yüz minə sunmuruq, yüz nəfərə sunuruq. Düşünənə sunuruq ki, ağlı bərkisin, möhkəmlənsin və o, çalışdığı ortamda deməyə sözü olsun, göstərməyə təpkisi olsun.

Ruhsal dirənişimiz nə verir? Qıraqdan bizi izləyən adamlar, dərinə getməsələr, fərqinə varmasalar elə bilərlər ki, biz yerimizdə sayırıq. Niyə belə görünə bilər? Çünkü cəmiyyətin üzdəki yaşamında heç bir dəyişiklik gözə dəymir. Ona görə hesab eləyirlər ki, biz yerimizdə sayırıq. Biz cəmiyyəti bu gün bu eybəcərliyin içində birdən-birə bir anda, bir zamanda dəyişməyi ağlımıza gətirmirik. Onu mümkün saymırıq. Eyni halda biz əlimizdən gələni eləyirik. Cəmiyyət bu gün dəyişsə də, dəyişməsə də, sabah dəyişsə də, dəyişməsə də, biz əlimizdən gələni eləyirik. Doğrudur ki, biz ayrı-ayrı fərdlər şəklində bütün gərəkənləri eləməsək də, bütövlükdə Ocaq olaraq, gərəkənləri maksimum dərəcədə eləyirik. Ona görə heç kimin yanında susqun deyilik. Heç kimin Ocağın üzərində dili yoxdur. Söz yox ki, qabağa düşəndən umacaq çox olur. Biz ruhsal anlamda önə çıxmışıq. Bizdən də umacaqlar var. Bu umacaqlar umud səviyyəsində də var, ağıl nümayiş etdirmə səviyyəsində qiymətləndirmələr də var. Bunlar Ocağa özgün deyil. Ocaq əlindən gələni eləyir. Ocaq heç kimin tələbinə, umacağına görə yaşamır, umacaqlara görə addım atmır. Ocaq gələcəyin ruhsal qurulması üçün addım atır. Özünün içində insanlığın tələblərini yaşatmaq üçün addım atır. Cəmiyyət bu gün zəif dəyişildi, ya dəyişilmədi, o demək deyil ki, mən insanlaşmalı deyiləm, bioloji yaşamalıyam. Cəmiyyət bu gün dəyişilmir, özü bilər. Mən insan kimi yaşayıram, o haqda düşünürəm. Biz göstərgə üçün yaşamırıq, addım atmırıq.

Ocaqdan qıraqda bütöv toplumumuz yeni sayda, yeni adamlarla dinçiləşməyə üz tutur. Bunun bir çoxu ənənəyə uyur, bəlli bir kəsmi də dinə meyil eləməklə umud gözləyir. Bugünkü bataqlığın içində boğulan adamlar dindən umud gözləyir. Elə bilirlər ki, onlar Allahın yoluna qayıtsa, hər şey düzələcək. Ocaq isə öz İnamını yayır, öz İnamında bərkiyir, İnamlaşır.

Azərbaycan, bizim düşüncəmizə görə, Türk Dünyasında çox önəmli yer tutur – tarixi sorumluluğuna görə, tarixi yaradıcılığına görə, dəyər keyfiyyətlərinə görə. Ancaq Ocaqla o, yeni bir aşamaya keçir. Həm də ruhsal inam, ruhsal idrak mərkəzinə çevrilir. Ocaq, oturduğumuz bu ünvanda, mahiyyətcə ruhsal inam, ruhsal idrak mərkəzidir. Burada dəyərin qiyməti ən yüksək səviyyədə tanınır, qorunur, dərk olunur, öyrədilir. İnsanlığın tələbləri burada öyrənilir, qorunur, öyrədilir. Əgər Ocaqçılarımız bunun dərindən fərqinə varmırsa, çox istəyərəm varsın. Mən sizə bu gün, bütünlüklə, gəldiyim və yaşadığım həqiqətləri söyləyirəm, Mərasim xatirinə Ocağın durumunu qiymətlən­dirmirəm. Yetdiyim həqiqətləri deyirəm. Bizdən qıraqdakı həyat səfalətin içinə gedir hər mənada. Maddi səfalət aydındır. Biz də cəmiyyətin yaşadığı həyatı yaşayırıq. Fiziki, sosial həyatı. Ancaq biz mənəvi səfalətin içinə nəinki girmirik, bayaq dediyim kimi, mənəvi səfalətə qarşı döyüşürük. Bizdən qıraqda nə baş verirsə, insanlıqdan uzaqlaşmağa meyillidir daim. Əgər ağıllı adamlar araşdırsalar, öyrənsələr görərlər ki, Ocağa meyil, milli-insani baxımından, mərkəzəqaçma anlamına gələr. Ocaq hər kəsin üz tutmalı olduğu ruhsal bir ortadır.

Atanın dedikləri zaman-zaman özünü göstərdi, çatışmazlıqlar, filanlar. Biz bunu hamıdan yaxşı görürük. Bütün dünyada insanlığın qədri, qiyməti, anlamı, fiziki mənada, balaca bir mühitdədir. Bununla fəxr eləməmək, fərəhlənməmək, qürur duymamaq qəbahət olar.

Mən başqa yerdə yoxdur deyəndə bütün dünyanı götürürəm. Niyə? Əgər Ocaqdan qıraqda elə bir davamlı addım, dirəniş varsa, siz onu görə bilərsiniz. Sosial şəbəkədə işartılarını, ayrı-ayrı detallarını görə bilərsiniz. Tərki-dünyaları demirəm. Tutalım hansısa bir krişnaist var. Onun içində hansısa bir bölüm var. Tərki-dünya yaşayır. Bir balaca da özlərinin arılığını qoruyur. Azdır o. İdrak yoxdur, döyüş yoxdur. Fərdin ruhsal döyüşü, idrak döyüşü, mənəviyyat döyüşü yoxdur ayrı yerdə. Ocaqda var. Bununla fəxr eləmək, həqiqətən qürur duymaq gərək. O qürur ki, o qürur insanın əlindən tutub hər bir çətinlikdən çıxarda bilər. Hər birimiz evimizlə bağlı çətinliklər yaşaya bilərik. Yaxınımızla, uzağımızla sorunlar yaşaya bilərik. Ancaq dünyaya baxış baxımından, insanlığın bayrağının altında möhkəm dayanmaq baxımından onlar ruhsal etkiyə xas deyil. Əgər mənim içimdə bu qədər zəngin fərəh olmasaydı, fiziki cəhətdən çoxdan qurtarardım. Mənə fiziki etki göstərən qayğılar bəs qədərdir. Ocaq fərəhi yaşadır məni.

Gecə iş yoldaşıma deyirəm ki, az yatmışam. Evdə də beləyəm. Ancaq boş dayana bilmirəm, dincələ bilmirəm. Nə qədər gərgin çalşıram, bir o qədər fərəh dalğasının içində yaşayıram. Ocaq mənim üçün bu demək olub. Fərəh bolluğu, umud bolluğu – İnam işığında və idrak işığında. Bu səviyyədə düşünmək, yaşamaq gərəkdir. Bu səviyyədə düşünməsən, bu səviyyədə yaşamayacaqsan. Tədbirdən çıxan kimi bu düşüncədən ayrılmayasan gərək. Hər zaman demişəm, bir də deyirəm, əlin nə iş görür-görsün, ayağın hara gedir-getsin, qəlbində Ocağın verdiyi umud, fərəh döyünməlidir. Mən sözümü tamamlayıram. Yenə Bayrağımızı öpürəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!

IMG_9163

Nurtəkin Atalı (Ataya səcdə ilə sözünə başladı – T.A.): Mən ötən ilin hesabatını vermək istəyirəm.

37-ci ilimiz ruhsal əməllər və görüşlərlə zəngin oldu.

Günəş Ayında Günevin kitabı – “İnamlı illərimin harayı”, Çiçək Ayında Ulusəs Atalının “Sabahlı inamım” adlı kitabı çap edilmişdir.

12 Çiçək Ayında Elçin bəy və Gülnarə xanıma Beşikbaşı Törəni keçirilmişdir. Onlara Atanın Bitiyi və beşik bağışlanmış, bütövlükdə Ocaq quralları yerinə yetirilmişdir.

Od Ayında mən (Nurtəkin Atalı) Quba bölgəsinə səfərlər etmiş – ordakı Mədəniyyət şöbəsinə, Kitab evinə, Quba soyqırım Abidə kompleksinə, Qubanın yerli televiziyasına getmiş, söhbətlər aparmış, Ocaq ədəbiyyatları bağışlamışdım.

Üstün Atalı Qürub Ayında Xaçmaz və Şabran bölgələrinə səfər etmiş, orda Kitab Evinə, Diyarşünaslıq muzeyinə, Rəsm Qalareyasına, Gənclər Kitb Evinə, Mədəniyyət evinə getmiş, söhbətlər aparmış, Ocaq ədəbiyyatları bağışlamışdır.

Qürub Ayında Göylü Atalı ata-anası ilə Təbrizə getmişdir. Getdiyi ailə ilə söhbətlər etmişdir.

Yağış Ayında Nəiminin 675 illiyi ilə bağlı, İnam Evində, tədbirin keçirilməsi də ruhsal əməldir, xalqlaşma uğurudur. Bu tədbirin kitablaşması, saytlarda yayımlanması Ocaq fikrini, mövqeyini ifadə edir.

Yağış Ayında “İnam Evi” dərgisinin çıxması xalqlaşma əməyi və fərəhidir.

Yağış Ayında Ocaqdostu Vaqif Ucatayın təşkilatçılığı ilə Rəssamlıq oxulunda Soylu Atalının 40-a qədər öyrənci ilə görüşü keçirilmişdir. Görüş heyrətlə qarşılanmş, ordakılara Ocaq ədəbiyyatları hədiyyə edilmişdir.

“Ata Günü” Törəni, Asif Atanın 80 illiyi ilə bağlı olaraq, Ocaqdostlarının qatqısı ilə keçirilmişdir. Törənin təşkilat işlərində Soylu, Güntay, Göylü və İnamlı Atalıların əməyi xüsusidir. Bu törən internet qəzetlərdə və saytlarda yayımlanmışdır.

Bu ilimizdə Ocaq quralları ilə Yas törənləri də keçirilmişdir:

10 Xəzan Ayında Güntay Atalının nənəsinin ölümü ilə bağlı Ocaq Yükümlüsü amaldaşları İnamlı və Güntay Atalılarla və Ocaqdostu Vaqif Ucatayla birgə Ucara getmiş, Yas Törəni keçirmişdir.

Köçəri Ayında Elmira xanımın Anım Törəni keçirilmişdir. Ocaqdostlarının da qatqısı ilə keçən tədbirdə söz deyilmiş, Ocaq quralları yerinə yetirilmişdir.  Bu tədbirlərin hər biri yazılmış, səsdən yazıya çevrilmiş, saytlarda yayımlanmışdır.

Bundan başqa Ocaq Yükümlüsünün çoxsaylı fərdi söhbətləri, görüşləri olmuşdur.

Günev Atalının kənddə və yaxın bölgələrdə  ayrı-ayrı adamlarla, eləcə də yas yerlərində geniş şəkildə söhbətləri olmuşdur.

Ocağın Beşikbaşı və Yas quralları kitabları yenidən basılmışdır. Bu əməllərdə Soylu Atalının, Göylünün, Nurtəkinin əməyi, Güntay Atalının maddi fədakarlığı vardır.

Ailə Günlərinin, mərasim və bayramların kitablaşdırılmasında Göylü, Nurtəkin, Üstün və Türkel Atalıların əməyi xüsusidir. Hər bir tədbir kitablaşıb Soylu Atalının redaktəsindən keçdikdən sonra saytlarda yayımlanıb.

36-cı ilin tədbirlərnin yazılarını Nurtəkin Atalı kitab şəklində hazırlayıb, Ocaqçılara paylanıb.

Ocaq Günsırasını Göylü Atalı hazırlayıb, Güntay Atalının maddi yatırımı ilə basılıb.

İlin son əməli də Özəl Buraxılışın çıxmasıdır. Buraxılışın çıxmasında Soylu, Göylü, Güntay və Nurtəkin Atalıların əməyi vardır.

Hər başlanan gün – yenidən başlamaq olanağıdır. Hər keçən gün yetdiyimizin, yaşadığımızın ifadəsidir. Hər keçən gün bizi, nələrə yetdim, nələrə yetməliyəm deyə düşündürür. Ocaqçı kimi yaşamaq – keçən günü dəyərləndirmək, gələn günə hazırlaşmaqdır. Bizim ömrümüz yüksək niyyətə qulluq edir. Ona görə də günümüzün, ayımızın, ilimizin Ocaq əməllərinə həsr olunacağı aydındır. Hansı səviyyədə həsr olunması isə özüylə döyüşümüzdən, aqibətimizi necə qurmağımızdan asılıdır. Yeni ilimizin uğurlu olacağı keçən ilin uğurlarından bəllidir. İldən-ilə əməllərimiz zənginləşir, yetkinləşir, artır. Bu da təbiidir. Çünkü ömrümüz Ocaq üstə qurulur. Düşüncələrimiz Ocaq üstə böyüyür. Doğmalığımız Ocaq üstə artır. Belə bir dünyaya özgün olmaq, belə bir dünyanın həm də qurucusu olmaq xoşbəxtlikdir.

38-ci ilə ayaq qoyuruq. Soylu Atalı demişdi: Ata 19 il Ocağı gətirdi, biz də 19-cu ildir ki, bunu davam edirik. Doğrudan da, böyük xoşbəxtlikdir ki, davam var. Hər birimiz bu davam etməyin sorumluluğunu və fərəhini yaşayırıq.

Gediş yazısındakı qonularla bağlı bir şeyi xüsusi qeyd eləmək istəyirəm ki, hər bir Ocaq əməlindən fərəh almışam. Mənim ömrüm Amala köklənib, fərəhim də Amala bağlıdır. Özümün əməllərim, düşüncələrim bir yana, hər bir Ocaq tədbirində edilən söhbətlərdən, doğmalığımızdan çox bəhrələnmişəm. Hər bir tədbir mənə güc verib. Əhvalımda qalxıb-enmələr də olub, ancaq hər bir tədbirdə, tədbirdən sonrakı yaşamım əhvalımı yenməyə qoymayıb.

38-ci ildə ömrümdə hansı dəyişiklikləri eləməyə hazırlaşıram? – Bu ilimizdə evin içində də az iş görməmişəm. Uluyol (balaca oğlunu deyir – T.A.) böyüyür, artıq 38-ci ildə evdən eşiyə çıxmaq ehtiyacımı gerçəkləşdirməliyəm. Buna hazırlaşıram. Yeni ilimizə fərəhliyəm, özümü Ata qarşısında, Ocaq qarşısında sorumlu hiss edirəm, çünkü düşünürəm, ömrümdə yeni bir aşama başlamalıyam. Yeni İlimiz qutlu olsun.

Göylü Atalı: 37-ci il mənim 18 illik Ocaq həyatımda bəlkə də ən gərgin ilim oldu. Səbəbləri bəllidir. Öz üzərimdə ciddi işləmədim. Bunu xüsusi açmağa gərək görmürəm. Ancaq məni düşündürən, daha çox, səbəbin özünü yaradan məsələdir. Yəni, niyə bu nöqtəyə gəldim? Sırf işin mənəvi tərəfi. İçəridə hansı duyğular əngəl olur, onlardan arınmalıyam. Artıq ona başlamışam. 38-ci il Amallaşma ilimizdir. Bir aydır ki, oxumağa, öyrənməyə – Amallaşmamın yeni aşamasına başlamışam. Ata qarşısında tam dik dura bilmirəm hələ ki. 38-ci ildə yetkinliyim, yetdiklərim artacaq.

Soylu Atalı: Mənə elə gəlir ki, “Yeni il” mərasimi özünü tənqid mərasimi deyil. Gediş yazısında yazılıb ki, 37-ci ildə ruhsal fərəhlərim nədən qaynaqlandı. Sənin fərəhlərin var axı. Nə üçün sən özünü tənqid üstə köklənmisən? Özünü öz gözündə çox döymək gərək deyil. Sənin Amaldaşların elə düşünmür. Ailə günlərində özünü görmə baxımından nələrisə deyə bilərsən. 37-ci ildə isə sənin fərəhlərin az deyil axı. Onları vurğu eləmirsən. Eləmək gərəkdir.

IMG_9184

Üstün Atalı (Ataya səcdə ilə sözünə başladı – N.A.): 37-ci ildə fərəhlərim çox oldu. Xüsusən də İnam Evinə dəvət elədiyim qonaqlarla elədiyim söhbətlər, tanış olduğum insanları Soylu Atalıyla görüşdürmək əməllərim, Türkiyədən gələn insanlarla həm Soylu Atalının, həm mənim söhbətlərim oldu. Bu ildə xüsusən fərəh aldığım Şabran səfərim olub. Orda Kitab Evində işçilərlə Atanın ömrü, işi, Ocaq ideyaları haqqında söhbət elədim.

İl haqqında düşünəndə ancaq Ocaq tədbirləri, səfərlər, görüşlər, söhbətlər, əməllər gözümün önünə gəlir. Ömrümdən hansı hissəni Ocağa vermişəmsə, ömrümdə qalan da odur. Məişətə, həyata xərclədiyim hər hansı bir iş yadımda da qalmır. Amala bağlı olmayan vaxtı boşa getmiş sayıram. 38-ci ildə bundan daha artıq əməllər görmək, o cümlədən görüşləri artırmaq niyyətindəyəm. Biz artıq elə bir aşamadayıq ki, Ocağın nə demək olduğunu, necə çatdırmaq gərəkliyini bilirik. Bildiyimi vermək, geniş xalqlaşmaq yönündə özümü kökləmək istəyirəm.

Atagün Elinə səfərlərim də olub Amaldaşlarımla birlikdə. Hər dəfə ora gedəndə böyüyürəm. Hər gediş hansı yükün altında olduğumu mənə bir daha deyirdi. İçdən silkələyirdi. Ailə günündə iştirak eləmək, söz demək, Günev qardaşın ordakı əməllərini, ömrünü, qətiliyini, şərlə necə döyüşdüyünü görmək, eşitmək özü bir tarixdir. Hər səfər – bunları canlı yaşayıb gəlməkdir. Bu səfərləri də artırmaq istəyindəyəm. Hər birimizin İli aydın olsun.

Soylu Atalı: Mən bir şeylə razıyam ki, özünün elədiyinlə barışmamaq gərəkdir, az saymaq gərəkdir, ancaq heç saymaq gərək deyil. Göylüdə bəzən öz əməlini heç saymaq halı görürəm. Hər şeyi qırağa qoysaq, Üstünün vurğuladığı kimi, Atagün Elinə səfər Göylünün yaradıcılığından biri kimidir. 33-cü ildən Atagün Ailəsi yaratmışıq. Demək olar ki, Atagün Ailəsinin bütün tədbirlərinin 5-6-sına Göylü qatılmayıb. Qalan hamısına qatılıb. Hamısına da həryönlü qatılıb. Həm Ailə Gününün təşkilatçısı olub, hazırlayıb, görüntüyə alıb, tədbiri kitablaşdırıb, söz deyib. Amal bağında tədbirlər aparmışıq, ziyarət sözü demişik, onları çəkib, arxivləşməsini, tarixləşməsini həyata keçirib. Bunlar böyük fərəhdir.

IMG_9188

Ulusəs Atalı (Ataya səcdə ilə sözünə başladı): Yeni İlimiz qutlu olsun. Ömrümüzə bir il də gəldi. Bu, hər adamın bəxtinə yazılmır. Ocaq anlayışıyla desək, cəmiyyət yeni ilə adam kimi girir, biz isə insan əməli görmək üçün başlayırıq. 37-ci ildə mənim Ocaq əməllərim olmasa da, ruhdan düşməmişəm. Soylu Atalı daim mənimlə bağlantı qurur. Üstəgəl burdakı tədbirlər, gələn qonaqlar, edilən söhbətlər məni Ocağa kökləyir. Soylu Atalı daim Ocaq əməlləri haqqında məni sevindirir. Mən bu əməllərə bilavasitə qatılmasam da, Ocaq işləri ilə fərəhlənməyim məni ayaqda saxlayır. Bəzən çatdıra bilmirəm bir yazını oxuyum. Deyək ki, kitab çıxır, onu oxuyub başa çıxmamış, başqa işlər ortaya gəlib, bunlar məni çox fərəhləndirir, əhvalımı yeniləyir.

Soylu Atalı da qeyd elədi ki, mən İnam Evinin Odqoruyanı idim. Mən bu görəvi bəlli dövrə qədər fərəhlə yaşadım. Ancaq indi bu ada layiq ola bilmirəm. Buna baxmayaraq, Ocağın İnam Evinin, tədbirlərin qoruyucusu kimi mən bu işi davam etdirirəm. 38-ci ildə üzərimə düşən sorumluluğu daha çox yaşamağa çalışacam. Mən əməllərim üçün darıxmışam.

Hamını ötən ildə gördüyü işlərlə qutlayıram. Hərçənd Göylü bir az təvazökar danışır. Mən bilirəm ki, Göylü nə qədər işlər görür. Göylünün bünövrəsi var, o, iş görməyə bilməz. Onun gördüyü iş ona az gəlirsə, o, tamam başqa şeydir. Ocağın ruhasal quruculuğuna qatılan bir Ocaqçıdır Göylü. Mən Göylünü keçən ildəki əməllərinə görə qutlayıram. 38-ci il, qabaqcadan bilirəm ki, mənim də, Göylünün də ürəyincə olacaq.

Soylu Atalı: Ocaq çox böyük gücdür. Dinin yanlışlarından biri odur ki, Tanrını insandan ayırır və Tanrını insandan güclü görür. Əslində Tanrı insandan güclü deyil, Tanrı insanın gücüdür.

Ocaq bizim gücümüz, qüdrətimizdir. Böyük bir ruhsal ortamdır: Hünər göstərmək üçün, özünü ən yüksək səviyyələrə çatdırmaq üçün, idrak örnəkləri ortaya qoymaq üçün, yaradıcılıq üçün, səfər üçün, öyrətmənlik eləmək üçün. Çox böyük ortamdır Ocaq. Həmişə onunla birləşmək, bir olmaq, o birlikdə fərəhlə yaşamaq gərəkdir.

İndi Ruhsal hədiyyələrimizi sunuruq. Birinci Günsıra vizitimiz. İki variantda elədik. Hər iki variant yaxşıdır.

İlimizi “Amallaşma İli” elan edirəm. Hər bir Ocaqçının ömründə yeni Amallaşma səhifəsi açılsın. Ocağı öyrənin, dünyanı da öyrənin, özünüzü də öyrənin. Gücünüz birə beş artsın. Mən bunu sizə üzümü tutub deyirəm. Eləyin deyirəm. Eləyək demirəm. Çünkü mən bunu eləmişəm. Eləyirəm, haqqım da var ki, sizə deyim. Mənim gücüm çox artıb. Ruhsal gücüm düşündüyümdən də çoxdur. Amallaşma ilimiz Atanın ideyalarını yenidən öyrənmə ili olacaq. Ailə günlərində Ocaqçılardan tələb eləyəcəyik, Asif Atanın 6 ideyasını yenidən öyrənib açacaqlar. Özünün baxışında, düşüncəsində. Atanın dediklərini əzbərləyib təkrar eləməyəcək. Onun içinə girmək gərək olacaq. Necə anlayıram? Tutuşdura-tutuşdura, həyatla, dünyayla, insanla, təbiətlə. Altı ideyanı yenidən öyrənmək. Onun dışında da nə öyrənilsə onun üstünə gələcək.

IMG_9198 IMG_9201

Günsıra vizitlərini Ocağımıza sunuram. Bunların işlənib ortaya gəlməsində Güntayın, Göylünün, Nurtəkinin, bir az da mənim zəhmətim var.

İkinci, “Ata Yolu” Özəl Buraxılışımız. Çox uğurlu Buraxılışdır, öncəkilər kimi. Zəngin də əmək çəkildi. Qonular da dərindir, hər yönlüdür və etkilidir. Hər birinizin oxumanızı diləyirəm. Hər kəs oxuyandan sonra desin nə öyrəndi.

Yeni İl törənimizin yığcam, məzmunca dolu bir sonuna gəldik. 37-ci ildə çox böyük işlər gördük. Böyük addımlar atdıq, böyük uğurlar əldə elədik. Bundan sonra çalışmaq gərəkdir ki, onun etkisi azalmasın, daha da qabağa getsin. Bu, hər birimizdən asılıdır. Məncə, köklənən adam, yetişən adam heç vaxt gücdən düşmür. Heç vaxt yorulmur və tükənmir. O kəs tükənir ki, o, üzdə edir. Üzdə edən, yalnız icra edən adam tükənə bilər, yorula bilər. Ancaq böyük işləri varlığının bir hissəsi sayan, onu ləyaqətlə yaşayan Ocaqçı və ya başqası heç vaxt tükənməz. Mən sizə Ocağın ləyaqətini, tükənməzliyini yaşamaq diləyirəm. Özünüzü tükənməzlik üstündə daim qurun, qoruyun. Bununla da mərasimimiz başa çatır.

IMG_9204
Ocaq Yükümlüsü Yol Sözü ilə Evladlıq Nişanələrini sunur (N.A.):

Ulusəs, Yeni İlin qutlu olsun. Səndən yeni ilimizdə Ocağımızın fərəhinə, ciddi duyulacaq bir səviyyədə, təkan verməyini arzulayıram.

IMG_9208

Nurtəkin, Yeni İlin qutlu olsun. Yeni ildə yeni uğurlarla tam müstəqilləşməyini gözləyirəm, özünü təsdiq et.

Üstün, Yeni İlin qutlu olsun. Səndən yeni ildə davamlılıq gözləyirəm.

Göylü, Yeni İlin qutlu olsun. Yeni ildə yeni hünərlər gözləyirəm. Sənin də müstəqilləşməyini istəyirəm. Çiçək Ayı başlamadan səndən oxulda görüş keçirmək tələb edirəm. Eləcə də Nurtəkindən, Üstündən və Güntaydan. Ya təşkil edin, ya keçirin.

Bu qutlamaları Günevə, Güntaya, Elanaya da sunuram.

IMG_9212

Türkel, Yeni İlin qutlu olsun. Özünü təsdiq yönündə düşüncələrini də, əməllərini də artır. Müstəqilləşməyə çalış. Ocağımızın buna böyük ehtiyacı var. Gəncsən, ömrünün böyük bir hissəsi əsasən Ocaqda keçib. Bu az bir şey deyil. Onun qədrini bil. Onu böyüt, artır.

Ulunur, Vətənin qulluğunda durur, ləyaqətlə başa çatdırıb Ocağa qayıtsın, özünü təsdiq eləsin.

IMG_9214

Ulusəs Soylu Atalıya Evladlıq Nişanəsini sunur (N.A.):

Soylu, Yeni İlin qutlu olsun. Sənə demək ki, ruhsal əməllərin artsın, bu, artıqdır. Sən bunları yaşayırsan. Bir şeyi xahiş eləmək istəyriəm. Can sağlığını qoru, Ocağımız həmişə yansın, yaşasın.

Soylu Atalı: Ruhsal məsələlərdə söz verməkdə qətiyik. Sənin dediyinə də çalışaram.

Qutsal Günümüz başa çatır. Atamızın ruhsal qarşısında 37-ci ilimizi başa vurduq, 38-ci ilimizə ləyaqətlə, sevgi ilə, hünərlə, fərəhlə başlayırıq.

IMG_9150

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun” səcdəsilə Mərasim sona yetir.

 

Günəş Ayı, 38-ci il.

(mart, 2016.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir